Məhkəmə qərarları › İş №1(017)-59/2025

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-59/2025

04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-59/2025 04.06.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X1 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X1 Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs – (xx.xx.1991-ci il tarixdə Laçın rayonunun Vağazin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 2 azyaşlı uşağı olan, Laçın rayonu, Vağazin kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında məskunlaşıb yaşamış, Laçın Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən xx.xx.2022-ci il tarixli hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Laçın Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib Salyan Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmasına baxmayaraq törətdiyi həmin cinayətə görə qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq bir ədəd odlu silah hesab edilən 9 mm kalibrli Makarov konstruksiyalı tapançanı, onun komplekt hissəsi olan bir ədəd darağı və döyüş sursatı hesab edilən 03 ədəd 9x18 mm kalibrli patronu əldə edib üzərində saxlamaqla gəzdirərək Ağcabədi şəhəri, Füzuli küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsinə daşımış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 02 mart 2025-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 17.05-də Ağcabədi şəhəri, Füzuli küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində saxlanılaraq üstünün yoxlanılması zamanı əynindəki qara rəngli şalvarın bel nahiyəsindən 01 ədəd AU-8739 №-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1974-cü ildə istehsal olunmuş, 9 mm kalibrli, yivli odlu silah hesab edilən, texniki cəhətdən saz və atəş üçün yararlı Makarov konstruksiyalı PM modelli tapança, 03 ədəd döyüş sursatı hesab edilən, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, təyinatı üzrə istifadəyə və atəş üçün yararlı, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları və zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı 01 ədəd darağ aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2024-cü ilin yay aylarında Laçın rayonu, Vağazin kəndi ərazisində, yolun kənarında bir ədəd Makarov tapançası tapmışdır. Silahın içərisində 3 ədəd patron olmuşdur. Silahdan heç vaxt istifadə etməmişdir, üzərində saxlamış və gəzdirmişdir. Heç kimə bu barədə məlumat verməmişdir. 02 mart 2025-ci il tarixdə, saat 17:05-də Ağcabədi şəhəri, Füzuli küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində, 3 nəfər mülki geyimdə polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişdir. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, eləcə də silah gəzdirməkdə şübhəli olduğunu bildirərək, üzərində narkotik vasitə və ya silah olub-olmadığını, varsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra əynində olan qara rəngli şalvarın bel nahiyəsində saxladığı bir ədəd Makarov tipli silahı, bir ədəd silah darağını və üç ədəd gülləni təqdim etmişdir. Daha sonra həmin əşyalar qablaşdırılaraq götürülmüşdür. Sonra onun üzərində yoxlama aparılmışdır. Yoxlama zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd alışqan, sağ yan cibindəki pul kisəsindən iki manat 30 qəpik pul, plastik bank kartları aşkar olunmuşdur. Həmçinin, əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd siqaret qutusu, arxa sol cibindən isə bir ədəd Poco markalı, üzərində ***-***-**-** nömrəsi olan mobil telefon tapılmışdır. Başqa hər hansı bir predmet və ya maddə aşkar edilməmişdir. Hazırda törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında Şahid ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Ağcabədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin üzərində qanunsuz olaraq odlu silah və komplekt hissələrini gəzdirməsi, barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 02 mart 2025-ci il tarixdə Ağcabədi şəhəri, Füzuli küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində piyada hərəkətdə olan zaman saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Onun saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, odlu silahın qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan həmin yerdə yoxlamağa başlanmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, odlu silahı və komplekt hissələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində qara rəngli şalvarın bel nahiyəsində saxladığı bir ədəd makarov tipli “AY8739 1974” nömrəli silaha bənzər əşyanı, bir ədəd silah darağına bənzər əşyanı və üç ədəd gülləyə bənzər əşyanı təqdim etdi. Sonra həmin əşyalar qablaşdırıldı, imzalandı və götürüldü. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı sonuncunun əynində olan qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd alışqanı, əynində olan həmin gödəkcənin sağ yan cibindən bir ədəd pul kisəsinin içərisindən iki manat 30 qəpik pulu, üç ədəd plastik bank kartı, əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd siqaret qutusu, həmin şalvarın arxa sol cibindən bir ədəd Poco markalı üzərində ***-***-**-** nömrəsi olan mobil telefon aşkar olununmuşdur. Başqa hər hansı bir predmet, maddə aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd mobil telefon və dörd ədəd bank kartı sonuncundan götürülmüş, digər əşyalar sonuncuya geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş silahı Laçın rayonu, Vağazin kəndindən 2024-cü ilin yay aylarında əldə etdiyini, üzərində səbəbsiz yerə gəzdirdiyini bildirmişdir. Üstünü yoxlama Ağcabədi şəhəri, Füzuli küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində keçirilmişdir. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən iştirakçılar Baş İdarəyə dəvət edilmiş və Baş İdarədə müvafiq protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası daxili İşlər Nazirliyi kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2025-ci il tarixli, 25/333 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd AY-8739 №-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1974cü ildə istehsal olunmuş 9 mm Kalibrli Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə-mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 03 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9x18 mm Kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd darağ zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Eyni zamanda həmin rəydən görünür ki, təqdim edilmiş 03 ədəd 9x18 mm kalibirli patronlardan 01 ədədi eksperimental atəşlər zamanı istifadə edilmişdir. İş materiallarında olan maddi sübut hesab edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan və arayışdan görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış bir ədəd kağız paketdə qablaşdırılan bir ədəd odlu silah hesab edilən 9 mm kalibrli Makarov konstruksiyalı tapança, onun komplekt hissəsi olan bir ədəd darağ və döyüş sursatı hesab edilən 02 ədəd 9x18 mm kalibrli patron cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2025ci il tarixli tələbnaməsindən və hökmün surətindən görünür ki Təqsirləndirilən şəxs Laçın Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən xx.xx.2022-ci il tarixli hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəzasını çəkib qurtarmış, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl üzrə məhkumluğu ödənilməmişdir. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi isə cinayətin residivini yaradır (CM, mad. 18.1) İş materiallarına əlavə olunmuş Ağcabədi rayon İcra və Probasiya şöbəsinin məktubundan görünür ki Təqsirləndirilən şəxs Laçın Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən çəkilməmiş qalan 10 ay 09 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəzasını xx.xx.2024-cü il tarixdə çəkib qurtarmış və üzərində çəkilməmiş cəzası qalmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən, residivə görə cəzanın təyin edilməsinə dair CM-nin 65.2-ci maddəsinin də tələblərini nəzərə alır. Belə ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. İş materiallarında olan Laçın rayon İHB-nın Vağazin kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyin Təqsirləndirilən şəxs barəsində verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məcburi köçkün kimi Ağcabədi rayonu Taxta Körpü ərazisi 256 ailəlik qəsəbəsi, ev 83-də məskunlaşmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı (xx.xx.2018-ci il və xx.xx.2024-cü il təvəllüdlü) vardır. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir. Məhkəmə həmçinin hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59 və 61-ci maddələrinin tələblərini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, himayəsində 2 azyaşlı uşağının olmasını, məcburi köçkün olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar sayır. Məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinin tələblərinə əsasən cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, himayəsində 2 azyaşlı uşağının olması, məcburi köçkün olması və yaşadığı yer üzrə müsbət xarakterizə olunması kimi şəxsiyyətini xarakterizə edən halları, humanizm və ədalət prinsiplərini, habelə onun cəmiyyətdən təcrid olunmaqla cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablanaraq barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Belə ki, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətin residivi zamanı təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğuna görə Təqsirləndirilən şəxs təyin olunacaq cəza da ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan bir ədəd odlu silah hesab edilən 9 mm kalibrli Makarov konstruksiyalı tapança, onun komplekt hissəsi olan bir ədəd daraq və döyüş sursatı hesab edilən 02 ədəd 9x18 mm kalibrli patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçilərə (vəkillərə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 iş saatı üçün 220 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356.358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş bir ədəd odlu silah hesab edilən 9 mm kalibrli Makarov konstruksiyalı tapança, onun komplekt hissəsi olan bir ədəd daraq və döyüş sursatı hesab edilən 02 ədəd 9x18 mm kalibrli patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 20 iş saatı üçün 220 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar