Məhkəmə qərarları › İş №1(017)-63/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-63/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-63/2023 19.04.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X6 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X6 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakları ilə Təqsirləndirilən şəxs - (xx.xx.1970-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi şəhəri, H.Əliyev küçəsi ev 46-da qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayının sonlarında Ağcabədi şəhərində köhnə “Üzeyir Hacıbəyli” təsərrüfatı adlanan ərazidə yerləşən özünün və ailə üzvlərinin birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində “Yaşıllıqların mühafizəsi haqqında” 02 may 2014-cü il tarixli 957-İVQ nömrəli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və həmin Qanunun icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 17 mart 2016-cı il tarixli 841 nömrəli Fərmanının 1ci bəndinə uyğun olaraq yaşıllıqların götürülməsinə yol verilən qanuni əsaslar, yəni yaşıllıqların götürülməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi və yerli icra hakimiyyəti orqanının qərarı olmadan, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın tələblərini qəsdən yerinə yetirmədən qanunsuz olaraq 2022-ci ilin sentyabr ayında vahid niyyətlə həmin torpaq sahəsində meşə fonduna daxil olmayan Ağcabədi 9 saylı RETSİ-in 03 oktyabr 2022-ci il tarixli tərtib edilmiş aktına və həmin akta əlavə edilmiş hesabata əsasən bir ədədinin qiyməti 180 manat olmaqla qiyməti cəmi 360 manat dəyərində 18 sm diametrli 2 ədəd, bir ədədinin qiyməti 180 manat olmaqla cəmi 1620 manat dəyərində 20 sm diametrli 9 ədəd, bir ədədinin qiyməti 200 manat olmaqla cəmi 3400 manat dəyərində 22 sm diametrli 17 ədəd, bir ədədinin qiyməti 200 manat olmaqla cəmi 4400 manat dəyərində 24 sm diametrində 22 ədəd, bir ədədinin qiyməti 2100 manat olmaqla cəmi 32100 manat dəyərində 26 sm diametrli 13 ədəd, bir ədədinin qiyməti 2100 manat olmaqla cəmi 1500 manat dəyərində 27 sm diametrli 6 ədəd, bir ədədinin qiyməti 2100 manat olmaqla cəmi 2000 manat dəyərində 28 sm diametrli 8 ədəd, bir ədədinin qiyməti 300 manat olmaqla cəmi 600 manat dəyərində 29 sm diametrli 2 ədəd, bir ədədinin qiyməti 300 manat olmaqla cəmi 900 manat dəyərində 30 sm diametrli 3 ədəd, 300 manat dəyərində 32 sm diametrli bir ədəd, ümumilikdə 18330 (on səkkiz min üç yüz otuz) manat dəyərində 83 ədəd qovaq cinsindən ağacı külli miqdarda ziyan vurmaqla kəsmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi şəhəri, H.Əliyev küçəsi ev 46-da yaşayır. Ağcabədi rayonu ərazisində keçmiş “Üzeyir Hacıbəyli təsərrüfatı” adlanan ərazidə ona və həyat yoldaşının adına olan 1,19 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi vardır. Həmin torpaq sahəsində hər il müxtəlif kənd təsərrüfatı bitkiləri əkib məhsul götürürmüşdür. Uzun illər bundan əvvəl əkin sahəsində mərhum atası Nərman təxminən 200-300 ədəd qovaq cinsindən tinglər əkmiş, həmin tinglər cücərib ağac olmuşlar. Həmin ağaclar artıq son 5 ildir ki, özünün və qonşunun əkin sahəsinə kölgə salırdı. Bu səbəbdən də məhsul yığımında ziyana düşürdü. 2022-ci ilin avqust ayının sonları, sentyabr ayının əvvəllərində torpaq sahəsində qonşu olan Asəf onunla görüşüb bu ağacların ziyan vurmasına görə ona narazılığını bildirmişdir. Onlar bir qədər söhbət etdikdən sonra ağacların kəsilməsinə qərar vermişdir. Bu məqsədlə tanışı taxta ustası Sahiblə əlaqə saxlamış və Sahibə demişdir ki, onun pay torpaq sahəsində əkilmiş qovaq ağaclarını kəssin. Bu danışıqlardan təxminən 20 gün sonra Sahibə təkrar zəng vurmuş və ağacları gəlib kəsməyi üçün çağırmışdır. Sahib köməkçisi Ədalətlə birlikdə gəlib ağacların olduğu yerə baxmışdır. Sahibə demişdir ki, “ağaclarla bağlı icazə məsələsi onluqdur, siz rahat işinizi görün”. Onlar ağaclara baxan zaman yanlarına Asəf də gəlmiş və ağacların kölgəsinə görə narazılıq etmişdir. Sahibə ağacları kəsib qurtardıqdan sonra zəhmət haqqı verəcəyini demişdir. Sahiblə danışığı qurtardıqdan sonra onlar çıxıb getmişlər və aradan bir neçə gün keçdikdən sonra Sahib Ədalətlə birlikdə gəlib 83 ədəd qovaq ağacını kəsmişdir. Həmin vaxtı özü su suvarırmışdır. Günortaya yaxın Sahibgil yemək yeməyə getmişlər. Günorta vaxtı kəsilən ağacların yanına ekologiyanın əməkdaşları gəlmiş, ondan ağacların kimin torpağında bitməsini və kim tərəfindən kəsilməsini soruşmuşlar. Ağacların onun pay torpaq sahəsində əkilməsi və həmin ağacların onun göstərişi ilə kəsildiyini demişdir. Ekologiya işçiləri ağacların kəsilməsi ilə bağlı akt tərtib etmişlər. Səhəri gün ekologiya idarəsinə getmiş və orada ağacları kəsmək üçün icazə alacağını demiş, lakin orada ona izah etmişlər ki, “artıq gecdir, icazəni əvvəlcədən almaq lazımdır”. Ağacları kəsmək üçün icazə almaq lazım olduğunu bilsə də səhhəti ilə bağlı vaxtında icazə ala bilməmişdir. Hazırda törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Ağcabədi şəhəri, H.Əliyev prospektində ailəsi ilə birlikdə yaşayır və Ağcabədi şəhəri, 9 saylı RETSİ-in hüquq məsələləri üzrə baş məsləhətçisi işləyir. Çalışdığı idarənin əməkdaşları olan Həsən Əliyev və Sahil Şərifov 03 oktyabr 2022-ci il tarixində idarəyə daxil olan məlumat əsasında rəhbərliyin göstərişi əsasında Ağcabədi şəhər ərazisində yerləşən köhnə “Üzeyir Hacıbəyli təsərrüfatında” monitorinq apardıqları zaman həmin ərazidə 83 ədəd qovaq cinsindən ağacın kəsilərək 48 ədədinin götürülməsini, qalan 35 ədədinin isə hələ də həmin ərazidə olmalarını aşkar etmişlər. Monitorinq zamanı ağacların kəsildiyi ərazinin sahibi kimi özünü təqdim etmiş Təqsirləndirilən şəxs ilə şifahi sorğu-sual aparılmış və Təqsirləndirilən şəxs tərəfindən həmin 83 ədəd ağacın kəsilməsi məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs idarə əməkdaşları tərəfindən araşdırma üzrə izahat verməsi üçün dəvət edilmiş, lakin Təqsirləndirilən şəxs idarəyə gəlsə də ağacların kəsilməsi ilə bağlı aparılan araşdırma üzrə izahat verməmiş, lazımi sənədləri təqdim etməkdən imtina etmişdir. Bundan başqa onlar tərəfindən Sahiblə də əlaqə saxlanılmış, telefon əlaqəsi zamanı həmin 83 ədəd ağacı kəsdiyini demişdir. Bundan başqa idarədə həmin ərazidə yerləşən 83 ədəd ağacın kəsilməsi ilə bağlı heç bir icazə və ya müraciətin olmaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs pay torpaq sahəsində yerləşən 83 ədəd ağacın kəsilməsinin qanunsuz olması öz təsdiqini tapmış və əmələ hüquqi qiymət verilməsindən ötrü toplanmış araşdırma materialı ETSN-in xətti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. 9 saylı RRETSİ-in əməkdaşları tərəfindən tərtib edilmiş 76202 nömrəli akta və ona əlavə edilmiş hesabata əsasən dövlətə və təmsil etdiyi ETSN-nə 18330 manat məbləğdə olmaqla külli miqdarda ziyan dəymişdir. Həmin ziyandan 1000 manat məbləğində pul idarənin bank hesabına ödənilmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi şəhərində 556 saylı qaçqın şəhərciyində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Ramazanla əvvəllər bir neçə dəfə görüşmüşdür. Ramazanın Ağcabədi şəhəri “X10” adlanan ərazidə əkin sahəsi və ferması vardır. 2022-ci ilin sentyabr ayında Ramazan özü onun işlədiyi yerə gəlib pay torpaq sahəsində olan ağacların kəsilməsi barədə onunla danışmışdır. Ramazan ona demişdir ki, “mənim yerimdə çoxlu sayda ağaclar vardır, gəl bu ağacları kəs, həmin ağaclar mənim də, Asəfin də yerinə kölgə salaraq problem yaradır”. Ağacların kəsilməsi ilə bağlı icazə lazım olduğunu dedikdə , Ramazan “mən icazə alacam, sən gəl kəs” demişdir. Bundan təxminən 20 gün sonra köməkçisi Ədalətlə birlikdə Ramazanın pay torpaq sahəsinə getmiş və kəsilməsi nəzərdə tutulmuş ağaclara baxmışdır. Həmin vaxtı Ramazanın yanında Asəf də olmuşdur. Asəf ağacların kölgəsindən şikayətlənmişdir. Ramazan ona yenə demişdir ki, “icazə məsələsi mənlikdi, sən rahat gəl kəs, bu ağacları atam əkib, yer də mənimdir”. Ədalətlə birlikdə ağacların yanına getmiş və ağacları kəsməyə başlamışdır. Ədalət isə kəsdiyi ağacların budaqlarını budayıb kənara yığmışdır. Həmin gün təxminən 48 ədəd ağac kəsmişdir. Sonra isə axşam oradan çıxıb evə qayıtmışdır. Bundan təxminən bir həftə sonra yenidən ikinci dəfə həmin əraziyə getmiş və Ramazanla görüşmüşdür. Ramazan həmin vaxtı əkinin sahəsini suvarırmış, onlar isə həmin gün günortaya qədər təxminən 35 ədəd ağac kəsdikdən sonra nahara çıxmışlar. Nahardan geri qayıtdıqdan sonra Ramazan onlara ekologiyanın əməkdaşlarının gəlib akt yazdıqlarını və bu səbəbdən ağacların kəsilməsini dayandırmağı demişdir. Bundan sonra həmin yerdən çıxıb getmişlər. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verdi. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 03 oktyabr 2022-ci il tarixli 76202 nömrəli aktdan görünür ki, Ağcabədi rayonunun inzibati ərazisində, “X11 təsərrüfatı” adlanan ərazidə torpaq sahəsinə baxış aparılması zamanı yaş kök üstə olmaqla bioloji inkişafda olan 18 sm diametrli 2 ədəd, 20 sm diametrli 9 ədəd, 22 sm diametrli 17 ədəd, 24 sm diametrində 22 ədəd, 26 sm diametrli 13 ədəd, 27 sm diametrli 6 ədəd, 28 sm diametrli 8 ədəd, 29 sm diametrli 2 ədəd, 30 sm diametrli 3 ədəd, 32 sm diametrli bir ədəd, ümumilikdə 83 ədəd sayda qovaq cinsindən olan ağacın kök boğazdan kəsilərək məhv edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən aparılmış 03 oktyabr 2022-ci il tarixli hesabatdan görünür ki, bir ədəd 18 sm diametrli qovaq ağacının qiyməti 180 manat, bir ədəd 20 sm diametrli qovaq ağacının qiyməti 180 manat, bir ədəd 22 sm diametrli qovaq ağacının qiyməti 200 manat, bir ədəd 24 sm diametrli qovaq ağacının qiyməti 200 manat, bir ədəd 26 sm diametrli qovaq ağacının qiyməti 250 manat, bir ədəd 27 sm diametrli qovaq ağacının qiyməti 250 manat, bir ədəd 28 sm diametrli qovaq ağacının qiyməti 250 manat, bir ədəd 29 sm diametrli qovaq ağacının qiyməti 300 manat, bir ədəd 30 sm diametrli qovaq ağacının qiyməti 300 manat, bir ədəd 32 sm diametrli qovaq ağacının qiyməti 300 manat olmaqla, ümumilikdə isə Təqsirləndirilən şəxs məxsus olan pay torpağında yerləşən 83 ədəd qovaq cinsindən ağacın qanunsuz kəsilməsi nəticəsində dövlətə dəymiş ziyanın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 nömrəli Qərarına əsasən 18330 (on səkkiz min üç yüz otuz) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2023-cü il tarixli 7/220-9/1131 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş xx.xx.2023-cü il tarixli qərara əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 76202 nömrəli aktına əsasən Ağcabədi rayonu, “Üzeyir Hacıbəyli təsərrüfatı” ərazisində əkin sahələrinin arasından keçən suvarma arxının kənar hissəsindən 18 sm diametrli 2 ədəd, 20 sm diametrli 9 ədəd, 22 sm diametrli 17 ədəd, 24 sm diametrli 22 ədəd, 26 sm diametrli 13 ədəd, 27 sm diametrli 6 ədəd, 28 sm diametrli 8 ədəd, 29 sm diametrli 2 ədəd, 30 sm diametrli 3 ədəd, 32 sm diametrli 1 ədəd, ümumilikdə 83 ədəd yaş halda qovaq cinsinə mənsub olan ağaclar kök boğazdan kəsilərək məhv edilmişdir. Ağaclardan 48 ədədi 11 gün əvvəl kəsilərək götürülmüş, qalan 35 ədədi isə yeni kəsilmiş və yerindən götürülməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 76202 nömrəli akt və ona əlavə edilmiş hesabata əsasən Ağcabədi rayonu, “Üzeyir Hacıbəyli təsərrüfatı” adlanan ərazidə pay torpağından, ümumilikdə 83 ədəd qovaq cinsli ağacların kök boğazdan köküstə yaş olmaqla qanunsuz kəsilərək (tikinti və quraşdırma istisna olmaqla) təbiətə dəymiş ziyanın ümumi məbləği 18330 manat müəyyən edilir. İş materiallarında olan ekspertiza xərclərinə dair 17 fevral 2023-cü il tarixli 7/220- 9/1131 nömrəli bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Ağcabədi rayon İcra hakimiyyəti başçısının Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, yaşadığı ərazidə müsbət xarakterizə olunur. İş materiallarında olan Ağcabədi rayon İcra hakimiyyəti başçısının Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 879 nömrəli arayışdan və AZE 15785615 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Elməddin Məmmədov atası Təqsirləndirilən şəxs yanında yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair məlumatından görünür ki, X2 müddətsiz birinci dərəcəli əlildir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 12998 nömrəli qəbzdən görünür ki, Mamedov X5 9 saylı RETSİ-nin bank hesabına 1000 (bir min) manat məbləğində pul ödəmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə şahidlərin ifadələrini, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ona inkriminə olunan əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməlidir. Bu zəmində məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar X1rşı işi ilə bağlı qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə həmçinin hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) külli miqdarda ziyan vurmaqla törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59 və 61-ci maddələrinin tələblərini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, yaşadığı ərazidə müsbət xarakterizə olunmasını, oğlu Elməddin Məmmədovun müddətsiz birinci dərəcəli əlil olmaqla onun himayəsində olmasını və vurulmuş ziyandan qismən ödəniş etməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında qeyd edilir ki, məhkum edilənin əmək haqqının və ya başqa gəlirinin aşağı olması ona əsas cəza kimi cərimə cəzası əvəzinə sanksiyada nəzərdə tutulan başqa daha ağır cəza növü təyin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutması, peşə və digər fəaliyyətlə məşğul olması müəyyən edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saxlandığı Ağcabədi rayon MSY-dən dərhal azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulduğu müddəti, yəni 01 günü nəzərə alaraq, Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən ona təyin olunmuş cərimə cəzası yüngülləşdirilməlidir. Məhkəmə ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, yaşadığı ərazidə müsbət xarakterizə olunması, oğlu Elməddin Məmmədovun müddətsiz birinci dərəcəli əlil olmaqla onun himayəsində olması və vurulmuş ziyandan qismən ödəniş etməsi kimi şəxsiyyətini xarakterizə edən halları, humanizm və ədalət prinsiplərini, habelə onun cəmiyyətdən təcrid olunmadan cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasına məhkum edilməli, Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən onun xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulduğu müddəti, yəni 01 günü nəzərə alaraq, təyin olunmuş cərimə cəzası yüngülləşdirilərək, ona qəti olaraq cərimə cəzası təyin edilməlidir. Cərimə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha məqsədə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərci olan 100 manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələri rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 7500 manat miqdarda cərimə cəzası təyin edilsin; Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən onun xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulduğu müddəti, yəni 01 günü nəzərə alaraq, təyin olunmuş cərimə cəzası yüngülləşdirilərək, üzərində qəti olaraq 7300 (yeddi min üç yüz) manat miqdarda cərimə cəzası saxlanılsın; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ekspertiza xərcini təşkil edən 100 (yüz) manat Təqsirləndirilən şəxs alınaraq Az.MEM,VÖİN **********, hesab AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944, SWİFT Bik CTREAZ 22 saylı hesaba ödənilsin. Hökmün icrası - Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar