Məhkəmə qərarları › İş №1(017)-64/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-64/2023

26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-64/2023 26.04.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, qanunu nümayəndəsi Şahid2 və müdafiəçisi Ağcabədi rayon Vəkil bürosunun vəkili X1 iştirakı ilə, xx xxx 2007-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, məhkum olunmamış, hazırda ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyətilə, qanunsuz olaraq özgə əmlakını talamaq məqsədilə 2022-ci ilin dekabr ayının əvvəllərindən başlayaraq 16 fevral 2023-cü il tarixədək olan müddət ərzində babası Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yataq otağından hər dəfə 100 manat olmaqla hissə-hissə 3.600 manat məbləğində pul vəsaiti vahid niyyətlə qəsdən, tamah niyyətilə, qanunsuz olaraq oğurlayıb Zərərçəkmiş şəxs ümumilikdə 3.600 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs qeyd edilən əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra AR CM-nin) 177.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, 2022-ci ildə Ağcabədi şəhər 3 saylı tam orta məktəbin 9-cu sinifini bitirmiş, kollecə daxil olmaq üçün məktəbdən çıxmış, lakin qəbul ola bilməmiş, ona görə də hazırda heç bir yerdə oxumur. O, evdə atası Anar, nənəsi Şahid1, babası Zərərçəkmiş şəxs və bibisi X2 ilə birlikdə yaşayır. Anası atasından ayrıldığı üçün onlarla birlikdə yaşamır. Onun nənəsi və babası təqaüdçüdür, aldıqları təqaüdü nənəsinin yığdığını bilmişdir. Nənəsi pulunu öz otaqlarındakı şkafın üstündə sellofana yığılmış halda olan sintifon yorğanların arasında saxlamış, o, pulun sayını dəqiq bilməmiş, lakin çox miqdarda olduğunu bilmiş, çünki pulların hamısı 100 manatlıq əskinazlardan ibarət olmuşdur. Təxminən 2022-ci ilin dekabr ayının əvvəllərində onların qohumu vəfat etmiş, evdəkilərin hamısı yas yerinə getmiş, ona görə də evdə heç kim olmamışdır. O, həmin puldan oğurlamaq qərarına gəlmişdir. O, bu məqsədlə pul olan yerə gəlmiş, həmin puldan 100 manat götürmüş, həmin 100 manatı əvvəlcə özündə saxlamış, düşünmüşdür ki, evdən pulu bilsələr deyər ki, pulu o, götürmüş, indi də yerinə qoyur, lakin heç kim bilməmişdir. Ona görə də həmin 100 manatı xərcləməyə başlamışdır. O, bir həftə ərzində həmin 100 manatı özünə xərcləmişdir. Artıq evdən də heç kim bilmədiyi üçün o, yenə də 100 manat götürmüş, həmin pulu da bir neçə günə xərcləmişdir. Bundan sonra o, pul qurtardıqca hər dəfə gəlib oradan 100 manat götürmüş, həmin pulu da özünə xərcləmişdir. Bəzən də həmin pullardan bibisi oğlu Kənan Hacıyev, dostu Nahid Hacıyev, qonşusu Talıb Talıbov ilə də birlikdə xərcləmiş, yəni o kafedə yemək yemiş, hər kəs öz hesabını ödəmişdir. O, həmin puldan 600 manat PubG oyununa açdığı hesaba da yükləmiş, enerji suları və şirələr alıb evə yığmış, axşamlar telefonda oynayan zaman içmiş və s. yerlərə pulu xərcləmişdir. O, 100 manat da atasına məxsus birkarta yükləmiş, həmin pulu da kart vasitəsilə xərcləmişdir. Sonuncu dəfə 16 fevral 2023-cü il tarixdə həmin puldan 100 manat götürmüş, həmin pulu da xərcləmişdir. O ümumilikdə oradan 3600 manat pul götürmüşdür. O, təxminən 2022-ci ilin dekabr ayının əvvəllərində başlayaraq 16 fevral 2023-cü il tarixədək oğurluq etmiş, evdən hər dəfə 100 manat olmaqla ümumilikdə 3600 manat pul oğurlamışdır. Həmin pullar babası və nənəsinə məxsus pullar olmuş, evdən pul oğurlayan zaman tək olmuş, evdən pul oğurladığını heç kimə deməmişdir. Hazırda 3.600 manat atası Anar tərəfindən tam ödənildiyini, törətdiyi əmələ görə çox peşman olduğunu bildırib, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, təqaüdçüdür və 40 saylı yol idarəsində sürücü işləyir. O, evdə arvadı Şahid1, qızı X2, oğlu Şahid2 və nəvəsi Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. O, aldığı 390 manat təqaüd, 330 manat əmək haqqını və Bəyazın aldığı 220 manat təqaüdü evdə yığıb saxlamışdır. Anar da santexnik ustası işləyir, qazancını evə xərcləyir. Bəyaz ilə o, pulu yığıb qızı Gülnarəyə ev tikdirmək istəmişlər. Onların evdə 4500 manat pulu olmuşdur. Bəyaz həmin pulu öz otağındakı şkafın üstündə sellofana yığılmış halda olan sintifon yorğanların arasında saxlamışdır. Onlar həmin puldan istifadə etmədiyi üçün pul daima orada olmuş, aylıq gəliri də oraya əlavə etmişdir. 23 fevral 2023-cü il tarixdə səhər saatlarında o, işə gedən zaman Bəyaz ona zəng edib evdəki pulun yerində olmadığını bildirmişdir. O, dərhal geri qayıtmş, Bəyazdan nə olduğunu soruşmuş, Bəyaz demişdir ki, yığılan pulların bir hissəsi yoxdur. O, Bəyazdan nə qədər məbləğdə pul olmadığını soruşmuş, Bəyaz da ona demişdir ki, sonuncu dəfə sayanda orada 4.500 manat pul olmuş, hazırda da 900 manat qalmış, onların 3.600 manat pulu olmamışdır. Onlar evdə bir-birindən soraqlaşmış, heç kim götürmədiyini dəqiqləşdirmiş, artıq əmin olmuşdur ki, evdən 3600 manat pul oğurlanıb. Ona görə rayon polis şöbəsinə gəlib şikayət etmişdir. Polis tərəfindən araşdırma aparılarkən evdən pulun nəvəsi Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını bilmişdir. Hazırda o, məhkəməyə ərizə verərək göstərmişdir ki, ona dəymiş ziyan tam ödənilmiş və onun Xəyala qarşı heç bir şikayəti yoxdur, Xəyalın yetkinlik yaşına çatmamasını nəzərə alaraq işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qisində dindirilən Şahid1 eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadə verərək göstərdi ki, o, ev təmiri ilə məşğul olur, Təqsirləndirilən şəxs onun doğma oğludur. O, evdə atası Zərərçəkmiş şəxs, anası Şahid1, bacısı X2, oğlu Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır.Onun valideynləri aldıqları əmək haqqını və təqaüdlərini yığmış və bacısı Gülnarəyə ev tikdirmək istəmişlər. Atasıgilin evdə 4.500 manat pulu olmuş, anası həmin pulu öz otaqlarındakı şkafın üstündə sellofana yığılmış halda olan sintifon yorğanların arasında saxlamışdır. Onlar həmin puldan istifadə etmədiyi üçün pul daima orada olmuşdur. 23 fevral 2023-cü il tarixdə səhər saatlarında onlar evdəki pulun yerində olmadığını bilmişlər. O, anasından nə qədər məbləğdə pul olmadığını soruşmuş, anası da ona demişdir ki, sonuncu dəfə sayanda orada 4500 manat pul olmuş, hazırda da 900 manat qalmış, 3600 manat pulu yoxdur. Onlar evdə bir-birindən soraqlamış, heç kim götürmədiyini dəqiqləşdirmişdir. Artıq əmin olmuşlar ki, evdən 3600 manat pul oğurlanıb, ona görə atası rayon polis şöbəsinə gəlib şikayət etmişdir. Polis araşdırarkən həmin pulun oğlu Xəyal tərəfindən oğurlandığını bilmişlər. Xəyal həmin pulu da özünə xərcləmişdir. Xəyalın oğurluq etməsindən xəbəri olmamış, sonradan polis şöbəsindən evdən oğurluğun Xəyal tərəfindən edildiyini öyrənmişdir. Hazırda Xəyalın vurduğu zərərə görə 3.600 manat məbləğində pulu zərərçəkmiş şəxsə tam ödədiyini nəzərə alaraq Xəyala yüngül cəza verilməsini xahiş etdi. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Ağcabədi rayon Mərkəzi xəstəxanasının publik hüquqi şəxsin tibbi arayışından görünür ki, Cəfərov X3 RMX-nin poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda durmur. İş materiallarında olan Ağcabədi RİHB-nın Ağcabədi şəhər üzrə İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 13 mart 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, xx xxx 2007-ci il təvəllüdlü Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs AR CM-nin 177.1-ci maddəsi ilə törətdiyi cinayət əməli özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş və şahid ifadələri, eləcə də məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə sübuta yetirildi. Ona görə də məhkəmə hesab edir ki, onun əməli AR CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, bu maddənin sanksiyası həddində cəzalanmalıdır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli, 06 saylı Qərarının 11-ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının 20 noyabr 1989-cu il tarixli konvensiyasının 40-cı maddəsinin 3-cü bəndində göstərilir ki, iştirakçı dövlətlər cinayət qanunvericiliyini pozmuş hesab edilən, onu pozmaqda təqsirləndirilən və ya təqsirli sayılan uşaqlara bilavasitə aidiyyəti olan qanunlar, prosedurlar, orqanlar və müəssisələr yaradılmasına, o cümlədən zəruri və arzu olunan hallarda, belə uşaqlara, insan hüquqlarını və hüquqi təminatları tam gözləmək şərti ilə, məhkəmə təhqiqatından istifadə etmədən rəftar edilməsi üçün tədbirlər görülməsinə çalışırlar. Həmin Konvensiyanın 40-cı maddəsinin 4-cü bəndində göstərilir ki, uşağa qulluq, qəyyumluğa və nəzarətə dair əsasnamə, məsləhət xidmətləri, sınaq müddəti təyin edilməsi, tərbiyə verilməsi, təlim və peşə hazırlığı proqramları və müəssisələrdə uşağa qulluğu əvəz edən qulluğun digər formaları kimi müxtəlif tədbirlərin olması zəruridir. Bunlarda məqsəd uşaqla elə rəftarı təmin etməkdir ki, onun rifahına, habelə vəziyyətinə və cinayətin xarakterinə uyğun olsun. Birləşmiş Millətlər Təşkilatının yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin icrasına aid minimal standart qaydalarının (Pekin qaydaları) 3-cü hissəsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə təhqiqatı yetkinlik yaşına çatmayanın mənafeyinə cavab verməli və yetkinlik yaşına çatmayanın iştirak etməsinə və öz nöqteyi-nəzərini ifadə etməsinə imkan verən anlaşma şəraitində həyata keçirilməlidir. Həmin Qaydaların 5.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin məqsədləri ilk növbədə yetkinlik yaşına çatmayanın əminamanlığının təmin edilməsinə, yetkinlik yaşına çatmayan qanun pozucularına hər-hansı təsir tədbirlərinin həmişə qanun pozucusunun şəxsiyyətinə, həm də qanun pozuntusuna şəraitinə uyğun olmasına yönəldilmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəüs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tariüli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkə yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamasını, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və dəymiş zərərin tam ödənilməsini barəsində cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törədilən əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, onun şəxsiyyətini, barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə aldı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzasını yüngülləşdirən halları nəzərə alıb, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayıb, cəza təyini ilə bağlı məsələni müzakirə edib, ona ictimai işlər cəzasının tətbiqini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.3-cü maddəsinə əsasən ictimai işlər səksən saatdan üç yüz iyirmi satadək müddətə təyin olunur və yetkinlik yaşına çatmayan məhkumun bacardığı, onun təhsildən və əsas işindən asudə vaxtlarda yerinə yetirdiyi işlərdən ibarətdir. Bu cəza növünün icra müddəti on beş yaşınadək şəxslər üçün gündə iki saatdan, on beş yaşından on altı yaşınadək şəxslər üçün isə gündə üç saatdan çox ola bilməz. Təqsirləndirilən şəxs ona təyin olunan ictimai işlər növündə cəzasını yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə çəkməlidir. Onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli ictimai işlərin yerinə yetirilməsinə cəlb olunduğu vaxtdan hesablanmalıdır. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən ictimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Həmin Məcəllənin 47.2-1-c maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektro nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlaılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrəı mülki iddia, maddi ziyan və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 300 (üç yüz) saat müddətə ictimai işlər cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan ictimai işlər növündə cəzasını yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə çəksin. Onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli ictimai işlərin yerinə yetirilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Hökmün icrası yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar