Məhkəmə qərarları › İş №1(017)-66/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-66/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-66/2023 24.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X1 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X1 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs – (xx.xx.1970-ci il tarixdə Masallı rayonunun Gəyəçöl kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonunun Gəyəçöl kəndində qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Əlibəyov qardaşları küçəsi ev 16, mənzil 5-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən tamah niyyətilə özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə, Ağcabədi rayonu Hacılar kənd sakini Zərərçəkmiş şəxs 1710 (bir min yeddi yüz on) manat müqabilində pensiya düzəltdirəcəyi barədə yalan vəd verməklə vahid niyyətlə onun etibarından sui-istifadə edib aldatma yolu ilə 15 iyun 2022-ci il tarixdə saat 15:51 radələrində Ağcabədi rayonu, Hindarx qəsəbəsində yerləşən “Planet” marketdə quraşdırılmış “eManat” terminalı vasitəsi ilə övladı Şahid məxsus **********514355 nömrəli kart hesabına 1010 manat məbləğində, 19 iyun 2022-ci il tarixdə saat 12:47 radələrində Ağcabədi rayonu, Boyat kəndində yerləşən “Boyat” marketdə quraşdırılmış “eManat” terminalı vasitəsi ilə həmin kart hesabına 700 manat məbləğində pul köçürtməklə, ümumilikdə 1710 manat məbləğində pul alaraq verdiyi vədi yerinə yetirməyib həmin pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs 1710 (bir min yeddi yüz on) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona istinad edilən əməlin törədilməsində özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Masallı rayonunun Gəyəçöl kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Əlibəyov qardaşları küçəsi ev 16, mənzil 5-də yaşayır, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs telefon vasitəsi ilə tanımış, aralarında ədavət və düşmənçilik olmamışdır. 2022-ci ilin iyun ayında onun istifadəsində olan ********** mobil nömrəsinə ********** saylı mobil nömrədən Simran zəng edib onun nömrəsini Xəyalə adlı qadından aldığını demişdir. Daha sonra isə özünün ikinci Qarabağ müharibəsi qazisi olduğunu və ona pensiya təyin edilməsində köməklik etməyini xahiş etmişdir. Həmin vaxt maddi imkanı aşağı olduğundan Simranı aldadıb pul əldə etmək qərarına gəlmişdir. Simrana geniş əlaqələrinin olduğunu, ona pensiyanın təyinatı işində köməklik göstərə biləcəyini bilərəkdən yalan demişdir. Bundan sonra onlar bir neçə dəfə Simran və onun atası Sədrəddin ilə mobil telefonla danışmışlar. Simrana 5 il müddətinə pensiyanı 1010 manat müqabilində təyin etdirə biləcəyini demişdir. Simran razılaşdıqdan sonra ömürlük pensiya təyin edə biləcəyini deyib əlavə olaraq 700 manat da verməsini istəmişdir. Onun niyyəti Simrana məxsus 1710 manat məbləğində pulun ələ keçirməsi olmuşdur. Buna görə də o, “vatsap”ani mesajlaşma proqramı vasitəsi ilə Simranın istifadəsində olan mobil nömrəyə oğlu Şahid adına olan, lakin faktiki olaraq onun istifadəsində olan **********514355 nömrəli bank kartının şəklini atmış və pensiyasını təyin edilməsi üçün razılaşdıqları 1710 manat məbləğində pulu həmin kart hesabına köçürməsini bildirmişdir. Simran 15 iyun 2022-ci il tarixdə həmin kart hesabına 1010 manat məbləğində, 19 iyun 2022-ci il tarixdə isə həmin kart hesabına 700 manat məbləğində pul köçürmüşdür. Ümumilikdə 1710 manat məbləğində pulu Bakı şəhərində dəqiq xatırlamadığı yerdə bankomatdan məxaric eləmiş, lakin Simranın pensiyasının təyinatı ilə bağlı hər hansı iş görməmişdir. Bundan sonra Simran bir neçə dəfə onunla mobil telefonla əlaqə saxlayıb işinin necə olduğunu maraqlanmışdır. Hər dəfə narahat olmamasını, yaxın günlərində pensiyasının təyin etdirəcəyini ona bilərəkdən yalan demişdir. Hazırda törətdiyi əmələ görə peşmandır. Sonradan Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışmışdır. Ona vurduğu ziyanı tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də işin icraatına xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi rayonunun Hacılar kəndində yaşayır. 2-ci Qarabağ müharibəsi iştirakçısıdır. Müharibədə yaralansa da, bu günədək özünə pensiya düzəltdirə, əlillik ala bilməmişdir. 2022-ci ilin may ayının sonlarında Ağcabədi rayonu Hindarx qəsəbəsində şəhidlər və qazilərlə bağlı çəkilişlər getmiş, qazilərin problemləri ilə bağlı maraqlanırmışlar. Həmin vaxt elə orda pensiya ilə bağlı problemlərini bir nəfər Xəyalə adlı xanım jurnalistə deyəndə həmin xanım ona ********** saylı mobil nömrəni vermiş və Rəşadətin ona köməklik edə biləcəyini demişdir. Həmin nömrəni götürmüş və evə getdikdən sonra öz istifadəsində olan ********** saylı mobil nömrə ilə ********** saylı mobil nömrəyə zəng edib problemlərini Rəşadətə danışmış və pensiya düzəltmək istədiyini demişdir. Rəşadət pensiya işinin düzəlməsində əlaqələri vasitəsi ilə ona köməklik göstərə biləcəyini demişdir. Bundan sonra atası Sədrəddin də bir neçə dəfə Rəşadətlə mobil telefonla danışmışdır. Rəşadət ona 5 il müddətinə pensiyanı 1010 manat müqabilində təyin etdirə biləcəyini demişdir. Razılaşdıqdan sonra Rəşadət ona həmin pensiyanı ömürlük, yəni müddətsiz təyin edə biləcəyini deyib əlavə olaraq 700 manat da verməyini demişdir. Yenə də Rəşadətlə razılaşmışdır. Bundan sonra Rəşadət ona “vatsap”ani mesajlaşma proqramı vasitəsi ilə **********514355 nömrəli bank kartının şəklini atmış və pulu həmin kart hesabına köçürməyini bildirmişdir. 15 iyun 2022-ci il tarixdə Ağcabədi rayonu Hindarx qəsəbəsində yerləşən “Planet” marketdə həmin kart hesabına 1010 manat məbləğində, 19 iyun 2022-ci il tarixdə isə Boyat kəndində yerləşən Boyat marketdə həmin kart hesabına 700 manat məbləğində pul köçürmüşdür. Bundan sonra bir neçə dəfə Rəşadətlə mobil telefonla əlaqə saxlayıb işinin necə olduğunu maraqlanmış, Rəşadət isə hər dəfə narahat olmamağını, yaxın günlərində pensiyanı təyin etdirəcəyini ona demişdir. Buna baxmayaraq yenə bir neçə dəfə ********** saylı mobil nömrəsi ilə əlaqə saxlamaq istəsə də Rəşadətlə əlaqə saxlaya bilməmişdir. Başa düşmüşdür ki, Rəşadət ona olan etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onun 1710 manat pulunu ələ keçirmişdir. Bundan sonra Ağcabədi rayon polis şöbəsinə şikayət ərizəsi yazılmışdır. Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tam olaraq ödəmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də işin icraatına xitam verilməsini xahiş edir. İşdə olan istintaq zamanı "xxxx" MMC-nin 572 saylı “eManat” terminalından çıxarılmış xx.xx.2022-ci il tarixli 47801 nömrəli qəbzdə göstərilmişdir ki, Ə***** T***** R***** oğlunun adına olan 510307******6891 nömrəli kart hesabına xx.xx.2022-ci il tarixdə saat 15:51 dəqiqədə 1010 (bir min on) manat, 1674 saylı “eManat” terminalından çıxarılmış xx.xx.2022-ci il tarixli 159259 nömrəli qəbzdə göstərilmişdir ki, Ə***** T***** R***** oğlunun adına olan 416974******4355 nömrəli kart hesabına xx.xx.2022-ci il tarixdə saat 12:47 dəqiqədə 700 (yeddi yüz) manat “eManat” terminalı vasitəsi ilə köçürülmüşdür. Bundan başqa "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “ödəniş kartı üzrə çıxarış” da göstərilmişdir ki, Şahid adına olan 416974******4355 nömrə kart hesabına 2022-ci ilin iyun ayında 1010 və 700 manat məbləğində mədaxil əməliyyatları həyata keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Masallı rayonunun İHB-nın Göyəçöl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə prosesinin gedişində Zərərçəkmiş şəxs tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilən xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, vurulmuş ziyanın ödənilməsini, heç bir şikayət və tələbinin olmamsını bildirmiş və işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilən ərizədən görünür ki, o, özünü təqsirli bilir, törətdiyi əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, vurulmuş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayəti və tələbi yoxdur, işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyib, onların ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsini və onunla barışmasını, törətdiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayət əməli olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73-cü maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmişlə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə görə bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqeyi baxımından da Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Hazırkı işin materiallarından həmçinin görünür ki, iş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73, 73-1.1 və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2, 43.3, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar