Məhkəmə qərarları › İş №1(017)-66/2024

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-66/2024

14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-66/2024 14.05.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1977-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Yeni Qaradolaq kəndində qeydiyyatda olmaqla hazırda həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən xeyli miqdarda, yəni təmiz çəkisi 5,45 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib bir ədəd kibrit qutusunda əynindəki göy rəngli cins şalvarın sağ yan cibində daşıyaraq saxlamış, 01 mart 2024-cü il tarixdə Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamasında və istifadə etməsində şübhəli bilinərək yaşadığı Ağcabədi şəhəri, H.Əliyev prospektində yerləşən “Megastar” adlı mağazanın yaxınlığında saxlanılaraq saat 15:00 radələrində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi RPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 15:30-dan başlayaraq üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edib daşıyaraq saxladığı bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,45 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, Ağcabədi rayonu, Yeni Qaradolaq kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Özünə məxsus VAZ-21099 markalı, **-BN- *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Təxminən 4 il narkotik vasitə olan marixuanadan istifadə edir. 01 mart 2024-cü il tarixdə səhər saatlarında Ağcabədi rayon mərkəzi bazarında dayanıb müştəri gözləyən zaman yerdə əzilməmiş halda kibrit qutusu görmüşdür. Həmin qutu əzilməmiş halda olduğu üçün diqqətini cəlb etmiş, ona görə də kibrit qutusunu yerdən götürüb baxanda içərisində marixuana olduğunu görmüşdür. Əvvəllər marixuanadan istifadə etdiyi üçün tanımış və həmin marixuananı gələcəkdə ürəyi istəsə qəbul etmək üçün özündə saxlamışdır. 01 mart 2024-cü il tarixdə saat 15:00 radələrində ona Ağcabədi şəhəri, H.Əliyev prospektində yerləşən Megastar adlı mağazanın yanında olan zaman tanımadığı şəxslər yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşları olduğunu bildirmişlər. Həmin vaxt polis əməkdaşları ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olmasını deyib, rayon polis şöbəsinə getməyi təklif etmişlər. Etiraz etmədən polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmiş, həmin vaxt tapdığı bir ədəd kibrit qutusundakı marixuana əynində olan qara rəngli cins şalvarın sağ yan cibində olmuşdur. Polis şöbəsində olarkən ona müdafiəçidən istifadə etmək və qanunla müəyyən edilmiş qaydada digər hüquqları izah olunmuşdur. Bundan sonra polis əməkdaşları ondan üzərində cinayət xarakterli əşya, o cümlədən narkotik vasitə olub-olmadığını soruşmuş, həmin vaxt əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı içərisində marixuana olan kibrit qutusunu çıxarıb təqdim etmişdir. Sonra polis əməkdaşları video çəkilişlə onun üzərinə axtarış keçirmiş və üzərindən başqa heç nə aşkar edilməmişdir. Üzərindən götürülmüş marixuana aşkar olunduğu vəziyyətdə, yəni kibrit qutusu ilə birlikdə əczaçılıq tərəzisində çəkilmiş və 8,42 qram çəkidə olmuşdur. Bundan sonra üzərindən aşkar edilib götürülmüş bir ədəd kibrit qutusu iştirakı ilə qablaşdırıb möhürlənmişdir. Sonra protokol tərtib olunmuş və orada iştirak edənlərin hamısı və o cümlədən özü həmin protokola imza etmişlər. Sonradan üzərindən aşkar edilmiş marixuana ilə bağlı təyin edilmiş ekspert rəyi ilə tanış olmuş və həmin marixuananın təmiz çəkisinin 5,45 qram olduğunu bilib rəylə razı olduğunu demişdir. Aşkar edilmiş marixuana özünə məxsusdur və həmin marixuananı tapmışdır. Əvvəllər narkotik tərkibli bitkilər əkib becərməmiş, hər hansı şəxs və ya şəxslərə narkotik və psixotrop maddələr satmamışdır. Tapdığı marixuananı ürəyi istəyəndə ancaq özü qəbul etməsi üçün saxlamış və marixuananı kiməsə satmaq məqsədi olmamışdır. Hazırda törətdiyi əmələ görə çox peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alınaraq ona həbslə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Ağcabədi RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 ifadə verərək göstərdi ki, Ağcabədi rayon X10 rayonu, Yeni Qaradolaq kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs 01 mart 2024-cü il tarixdə saat 15 radələrində Ağcabədi şəhəri, H.Əliyev prospektində tərəflərindən saxlanılmış və rayon polis şöbəsinə gətirilmişdir. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində əlavə olaraq şəxsi axtarış və müayinə aparılmış və onun üzərindən başqa cinayət xarakterli əşya, o cümlədən digər narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Həmin kibrit qutusu iştirakçıların və müdafiəçinin iştirakı ilə açılıb baxıldıqda içərisində yaşıl rəngli, spesifik qoxuya malik narkotik qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Aşkar edilən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə kibrit qutusu ilə birlikdə elektron tərəzisində çəkilmiş və çəkisi 8,42 qram olmuşdur. Həmin aşkar edilərək götürülmüş kütlə çəkildikdən sonra iştirakçıların və müdafiəçinin iştirakları ilə qablaşdırılaraq üzəri möhürlənmişdir. Bütün bunlardan sonra protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu, Ağcabədi rayon mərkəzi bazarı ərazisindən tapdığını bildirmişdir. İş materiallarında olan 01 mart 2024-cü il tarixli qərardan görünür ki, Ağcabədi rayonu, Yeni Qaradolaq kəndində yaşayan Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin aparılması məqsədi ilə Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və PPXB-nün polis nəfəri, polis serjantı Şahid2 ibarət əməlliyyat qrupu yaradılmışdır. İş materiallarında olan 01 mart 2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, həmin gün saat 15:30-dan 15:55-dək Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, PPXB-nün polis nəfəri, polis serjantı Şahid2 və Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi edilməsi məqsədilə müdafiçi təyin edilmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili X3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda 8,42 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan diskə baxış keçirilməsinə dair protokoldan aydın olur ki, diskdə olan görüntülərdə 01 mart 2024-cü il tarixdə saat 15:30-dan 15:55-dək Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, PPXB-nün polis nəfəri, polis serjantı Şahid2 və Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə müdafiçi təyin edilmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili X3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi, şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda 8,42 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülməsi müşahidə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 02 mart 2024-cü il tarixli, 3-16-16/2-18/231 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzaları olan kağız paketdəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,45 qram olan bitki mənşəli kütlə tərkinində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir.(İ siyahı) Aşkar edilmiş marixuananın təmiz çəkisi 5,45 qram, tədqiqata sərf olundu 0,02 qram, qalıq 5,43 qramdır. İş materiallarında olan X7 12 mart 2024-cü il tarixli, 423 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Ağcabədi rayon mərkəzi Xəstəxanası X15 xx.xx.2024cü il tarixli, 18-1-23/2-310/2024 nömrəli verdiyi tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi RMX-nın poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetində qeydiyyatda durmur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən alınan xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Ağcabədi RİHB Yeni Qaradolaq kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, 1977-ci il təvəllüdlü Ağcabədi rayonunun Yeni Qaradolaq kənd sakini Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş portal çıxarışıdan görünür ki, Ağcabədi rayonunun Yeni Qaradolaq kənd sakini Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı X9 (xx.xx.2010-cu il təvəllüdlü) və X5 (xx.xx.2011-ci il təvəllüdlü) adlı övladları var. Məhkəmə toplanmış və araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 5,45 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlaması, özünün etiraf etməsi, şahid ifadələri, məhkəmə-narkoloji ekspertizasının rəyi ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Odur ki, təqsirə görə məsuliyyət prinsipi baxımından o, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, Gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.) təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X2 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini və himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla onun islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək (narkomaniyadan məcburi mualicə olunması ilə bağlı hal nəzərə alınmaqla), cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə kursu keçmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuna müvafiq hesab edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 01 mart 2024-cü il tarixdən 03 mart 2024-cü il tarixədək olan iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəzasının 4 günü, təyin edilmiş cəzasından çıxılmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alıb hesab edir ki, ona Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X15 poliklinikasının narkoloji kabinetində qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan Ağcabədi rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalan 5,43 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22) keçirilməlidir. İş üzrə mülki iddianını və xüsusi müsadirənin olmaması nəzərə alınmalıdır. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 20 iş saatı üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344- 349, 351-356, 358 və 383-385-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 mart 2024-cü il tarixdən 03 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının dörd günü, təyin edilmiş cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq bir il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli Ağcabədi rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X15 poliklinikasının narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübut olan – tədqiqatdan sonra qalıq qalan 5,43 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – (AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22) keçirilsin. İş üzrə mülki iddianını və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 20 iş saatı üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu gündən 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar