Məhkəmə qərarları › İş №1(017)-67/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-67/2023

16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-67/2023 16.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, Təqsirləndirilən şəxs, onun qanunu nümayəndəsi X1, müdafiəçi Ağcabədi rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 və Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 05 fevral 2023-cü il tarixdə saat 22 radələrində ünvan 2 ünvanda yaşayan Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən fərdi yaşayış evinə pəncərədən qanunsuz olaraq daxil olub, evin yataq otağında yerləşən saxlanc yeri hesab edilən sandığın içərisindən 2.700 manat pul, 220 və 230 manat dəyərində iki ədəd qızıl üzüklər, 20 manat dəyərində gümüş saat, evin digər yataq otağında saxlanc yeri hesab edilən döşəklərin arasından 100 manat pul və 20 manat dəyərində bir ədəd “KGTEL” markalı mobil telefonu gizli olaraq oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə 3.290 (üç min iki yüz doxsan) manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını gizli olaraq oğurlayıb talamışdır. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, xalası X2 ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, Ağcabədi rayon peşə məktəbində oxuyur, atası Talıb və anası Qumru 2019-cu il tarixdə rəhmətə getdiklərinə görə o, xalası X1 hümayəsindədir. O, Ağcabədi şəhəri ərazisində iki ayrı-ayrı yerə oğurluq məqsədi ilə girmişdir. 05 fevral 2023-cü il tarixdə saat 17 radələrində o, əmisi oğlu Zərərçəkmiş şəxs Ağcabədi şəhəri, Z.Adıgözəlov küçəsi, ev 102-də yerləşən evlərinə getmişdir. Həmin gün əmisi qızı Talıbova Səfiyyənin toy məclisi Ağcabədi şəhərində yerləşən “Mahir” şadlıq sarayında keçirilirdi. O, qonaqlarla birlikdə şadlıq sarayına getmiş, orda bir qədər spirtli içki qəbul etmişdir. Təxminən saat 22 radələrində şadlıq sarayından çıxıb evə getməyə hazırlaşıb. Şadlıq sarayının qarşısında duran zaman Səxavətlə qonşuluqda yaşayan Rahibi görmüş. Siqareti qurtardığı üçün o, Rahibdən siqaret istəmişdir. Rahib ona siqaretinin qurtardığını yolda marketdən siqaret alacağını demişdir. Oda Rahiblə birlikdə yolda gedən zaman Rahib “Alı” marketə girib bir paçka siqaret alıb çıxmışdır. Aldığı siqaretdən bir neçə dənəsini ona vermişdir. Rahib öz yaşadığı evə getmiş, o, isə Səxavətin giriş darvazasının açıq olduğunu görüb orada yerləşən əmisi İlhamın evindən oğurluq etmək qərarına gəlmişdir. O, Səxavətin yaşadığı evin həyətinə daxil olub, həmin evin həyətində yerləşən əmisi İlhama məxsus evin həyətinə daxil olmuşdur. Evin həyətində yerləşən fərdi yaşayış evinin taxta giriş qapısının yanına yaxınlaşmış, əli ilə qapını itələmiş və qapı köhnə olduğundan açılmış, evə daxil olmuş, sol tərəfdə yerləşən yataq otağına daxil olub həmin otaqda yataq döşəyinin altından bir ədəd “nokia” markalı mobil telefonu götürmüşdür. Bundan sonra evin içərisində yerləşən əşyaları axtarmış, lakin başqa heç bir dəyərli əşya tapmayıb oradan çıxmışdır. O, bayıra çıxan zaman əmisi oğlu Səxavətin evindən də oğurluq etmək qərarına gəlmiş və bunun üçün evin pəncərəsini əli ilə itələyib pəncərəni açıb evin yataq otağına daxil olmuşdur. Özünə məxsus mobil telefonun işığı ilə evi axtarmağa başlamışdır. O, həmin otaqda yerləşən yatağın üzərində olan döşəyin altında bir ədəd “KGTEL” markalı mobil telefonu və həmin otaqda döşəklərin arasında 100 manat məbləğində pulu götürmüşdür. Bundan sonra qonaq otağına keçmiş, qonaq otağında stolun üzərində xonçaların olduğunu görmüş, qonaq otağının baş tərəfində yerləşən digər yataq otağına girmişdir. Yataq otağının girişində sol tərəfdə yerləşən sandığı açmış və sandığın içərisindən bir ədəd qırmızı qutunun içərisindən iki ədəd qızıl üzük, bir ədəd saat və 2700 manat məbləğində pul götürmüşdür. Sonra o, daxil olduğu qaydada evdən çölə çıxmışdır. Bundan sonra o, oğurladığı əşyalarla birlikdə evin həyətindən küçəyə çıxmışdır. O, mobil telefonla tanışı Cavidə zəng edib onu Ağcabədi şəhərində yerləşən “Bulvar” parkının yanına çağırmışdır. Cavidlə görüşmüş, evdən oğurladığı mobil telefonlardan birini, iki ədəd üzüyü və bir ədəd saatı Cavidə verib saxlamasını xahiş etmişdir. Cavid isə əvvəllər götürmək istəmədiyini demiş, daha sonra onun israr etdiyini görüb həmin əşyaları götürmüşdür. Götürməmişdən əvvəl Cavid ondan həmin əşyaların oğurluq olub-olmadığını soruşmuş, o, isə həmin əşyaların özünə məxsus olduğunu demişdir. Bundan sonra o, tanışı Günelə zəng edib onu şəhərdəki bulvara çağırmışdır. Bir neçə dəqiqə sonra Günel bulvara gəlmiş, Günələ evdən oğurladığı bir ədəd telefonu vermişdir ki, istifadə etsin. Bundan sonra o, Cavidin yaşadığı evə getmiş, Cavidə verdiyi iki ədəd üzük, saat və bir ədəd telefonu götürüb Günelin yanına gəlmişdir. O, həmin əşyaları Günelə verib saxlamasını xahiş etmişdir. Günel ondan həmin əşyaların oğurluq olub-olmamasını soruşmuş, o, isə həmin əşyaların özünə məxsus olduğunu demişdir. Bundan sonra Günel çıxıb getmişdir. Törətdiyi cinayət əməlindən peşmandır, oğurluq edən zaman onu heç kim görməmiş, o, hər iki oğurluğu tək etmişdir. Zərərçəkmiş şəxsə vurulmuş ziyan tam ödənilmişdir. Hazırda tutduğu əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, gənc olmasını bildirib, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, Ağcabədi şəhərində ailəsi ilə birlikdə yaşayır. 05 fevral 2023-cü il tarixdə bacısı Səfiyyənin toy məclisi üçün evdə hazırlıq işləri görmüşlər. Toyu Ağcabədi şəhərində yerləşən «Mahir» şadlıq sarayında keçirəcəklərini danışmışdır. Təxminən saat 18 radələrində o, ailə üzvləri ilə birlikdə yaşadığı evdən çıxmışlar və «Mahir» şadlıq sarayına getmişlər. Həmin vaxt evlərinin giriş darvazasını açıq qoymuşlar. Toy bitdikdən sonra o, evə gəlmiş, evə gələn zaman evin dağınıq vəziyyətdə yataq otağının pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra o, evin yataq otağında yerləşən sandığın içərisinə baxmış, həmin sandıqda saxladığı bir ədəd qırmızı qutunun içərisindən 220 və 230 manat dəyərində iki ədəd qızıl üzüklər, 20 manat dəyərində gümüş saat, sandığın içərisində olan qırmızı rəngli pul qabının içərisindən isə 2700 manat pulun oğurlandığını aşkar etmişdir. Sonra digər yataq otağına keçmiş, orada döşəklərin arasında saxladığı 100 manat məbləğində pul və yatağın üzərində olan bir ədəd 20 manat dəyərində “KGTEL” marklı mobil telefonun oğurlandığını aşkar etmişdir. Bundan sonra o, mobil telefonla DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 3290 manat maddi ziyan dəymişdir. Sandığın içərəsində olan 2700 manat 27 ədəd 100 manatlıq əskinaslarda olmuş, digər yataq otağında isə döşəklərin arasında olan 100 manat pul isə 10, 20 manatlıq əskinaslarda olmuşdur. Qeyd etdiyi əşyalardan başqa evdən və evin həyətindən heç nə oğurlanmamşdır. Hazırda ona vurulmuş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadə verərək göstərdi ki, o, Ağcabədi şəhəri, R.Tağıyev küçəsində nənəsi Sara ilə birlikdə yaşayır, fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs tanıyır, onunla yaxın dostluq münasibətləri vardır. 06 fevral 2023-cü il tarixdə təxminən saat 00:15 radələrində Murad onun istifadəsində olan mobil nömrəsinə zəng edib onu Ağcabədi şəhərində yerləşən “Bulvar”ın yaxınlığına çağırmışdır. Həmin Bulvarla onun yaşadığı evin arasında təxminən 100 metr məsafə olduğundan o, paltarını geyinib Bulvara çıxmışdır. Bulvarda Muradla görüşmüş, Murad ona bir ədəd qara rəngli sadə mobil telefon, iki ədəd üzük və bir ədəd qol saatını verib saxlamağını xahiş etmişdir. O, əvvəl həmin əşyaların oğurluq olduğunu fikirləşib götürmək istəməmiş, Murad ona həmin əşyaların ona məxsus olduğunu, həmin əşyaları növbəti gün gəlib götürəcəyini demişdir. Bundan sonra o, həmin əşyaları götürmüş və evə getmişdir.. Təxminən 15 dəqiqə sonra Murad ona zəng edib, evin qarşısına gəldiyini,həmin əşyaları götürmək istədiyini demişdir. O, isə Murada həmin əşyaları qaytarıb vermişdir. Muradın ona verdiyi əşyaların oğurluq olduğunu bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadə verərək göstərdi ki, ailə üzvləri ilə birlikdə Ağcabədi şəhəri, H.Əliyev prospektində yerləşən keçmiş xəstəxananın inzibati binasında yaşayır. Təqsirləndirilən şəxs onun oğlu Sadıq ilə dostluq münasibətlərində olduğundan onu tanımışdır. 06 fevral 2023-cü il tarixdə təxminən saat 01 radələrində Murad onun istifadəsində olan mobil nömrəsinə zəng edib onu Ağcabədi şəhərində yerləşən “Bulvar”ın yaxınlığına çağırmış və onunla işi olduğunu demişdir. Həmin vaxt o, Bulvarın yaxınlığında olduğu üçün oraya getmişdir. Həmin vaxt Murad ona hədiyyə olaraq 01 ədəd “Nokia” markalı mobil telefonu vermişdir. O, Muraddan həmin telefonu haradan əldə etdiyini soruşmiş, Murad isə telefonun özünə məxsus olduğunu demişdir. Bundan sonra Murad Cavidin evinə doğru getmiş və bir neçə dəqiqə sonra yenə onun yanına gəlib ona 01 ədəd “KGTEL” markalı mobil telefon, bir ədəd qızıl rəngli saat və iki ədəd qızıl üzüklər vermiş və ondan həmin əşyaları bir müddət özündə saxlamağını xahiş etmişdir. O, Muraddan həmin əşyaları haradan əldə etməsini soruşmuş, Murad isə həmin əşyaların özünə məxsus olduğunu demişdir. O, həmin əşyaların oğurluq olduğunu bilməmişdir. O, bir neçə gün əvvəl Murada telefonunun nasaz vəziyyətdə olduğunu, telefon satan olsa ona xəbər verməsini demişdir. Bu səbəbdən Murad ona həmin telefonu istifadə üçün vermişdir. İş materiallarında olan 06 fevral 2023-cü il tarixli götürmə aparılması haqqında qərardan və protokoldan görünür ki, Şahid2 könüllü olaraq istintaqa təqdim etdiyi 01 ədəd “nokia”markalı mobil telefon, 01 ədəd “KGTEL” markalı mobil telefon, 01 ədəd qızıl rəngli saat və 2 ədəd üzüklər götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Ağcabədi rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 369 nömrəli tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs «Ağcabədi rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsin poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetdə dispanser qeydiyyatda durmur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 06 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 fevral 2023-cü il tarixdən 08 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Ağcabədi rayon PŞ-si tərəfindən verilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə və MSY-dən azad edilməsi haqqında 08 fevral 2023-cü il tarixli qərardan görünür ki, xx xxxx 2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmayan, Ağcabədi şəhəri, Soltan bəy küçəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşamış, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 mart 2023-cü il tarixli, 6/1479-9/1770 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş; 1) 1,93 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, qırmızımtıl sarı rəngli 1 ədəd üzük 583/585 əyarlı qızıldan hazırlanmışdır. Üzüyün üzərində olan qaşlar qiymətli qaşlara aid deyil. 2) 2,31 qram kütləli, üzərində kürəciklər olan, sarı rəngli 1 ədəd üzük 583/585 əyarlı qızıldan hazırlanmışdır. 3) 61,04 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 ədəd qol saatı mis və sink əsaslı ərintidən hazırlanmışdır. Qol saatının üzərində olan qaşlar qiymətli qaşlara aid deyil. Tədqiqata təqdim edilən əşyaların modeli və digər göstəriciləri nəzərə alınmaqla 2023-cü ilin fevral ayına orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 1) 1,93 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, üzərində rəngsiz, şəffaf qaşlar olan, qırmızımtıl sarı rəngli 1 ədəd üzük – 164 manat; 2) 2,31 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, üzərində kürəciklər olan, sarı rəngli 1 ədəd üzük – 196 manat; 3) 61,04 qram kütləli, mis və sink əsaslı ərintidən hazırlanmış, üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 ədəd qol saatı – 2 manat; 4) 01 ədəd Çin istehsalı olan, qara rəngli “KGTEL” markalı N110 modelli, **********80157 İMEİ kodlu, mobil telefon (qidalandırıcı element üzərində aşkar edilmədi) – 20 manat; 01 ədəd Vyetnam istehsalı olan, qara rəngli “Nokia” markalı TA-1174 modelli, **********88263 İMEİ kodlu, mobil telefon – 25 manat. İş materiallarında olan Ağcabədi RİHB-nın Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 07 mart 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, xx xxxx 2005-ci il təvəllüdlü Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə mövcud sübutları araşdırıb hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilir. İstintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli, 06 saylı Qərarının 11-ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının 20 noyabr 1989-cu il tarixli konvensiyasının 40-cı maddəsinin 3-cü bəndində göstərilir ki, iştirakçı dövlətlər cinayət qanunvericiliyini pozmuş hesab edilən, onu pozmaqda təqsirləndirilən və ya təqsirli sayılan uşaqlara bilavasitə aidiyyəti olan qanunlar, prosedurlar, orqanlar və müəssisələr yaradılmasına, o cümlədən zəruri və arzu olunan hallarda, belə uşaqlara, insan hüquqlarını və hüquqi təminatları tam gözləmək şərti ilə, məhkəmə təhqiqatından istifadə etmədən rəftar edilməsi üçün tədbirlər görülməsinə çalışırlar. Həmin Konvensiyanın 40-cı maddəsinin 4-cü bəndində göstərilir ki, uşağa qulluq, qəyyumluğa və nəzarətə dair əsasnamə, məsləhət xidmətləri, sınaq müddəti təyin edilməsi, tərbiyə verilməsi, təlim və peşə hazırlığı proqramları və müəssisələrdə uşağa qulluğu əvəz edən qulluğun digər formaları kimi müxtəlif tədbirlərin olması zəruridir. Bunlarda məqsəd uşaqla elə rəftarı təmin etməkdir ki, onun rifahına, habelə vəziyyətinə və cinayətin xarakterinə uyğun olsun. Birləşmiş Millətlər Təşkilatının yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin icrasına aid minimal standart qaydalarının (Pekin qaydaları) 3-cü hissəsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə təhqiqatı yetkinlik yaşına çatmayanın mənafeyinə cavab verməli və yetkinlik yaşına çatmayanın iştirak etməsinə və öz nöqteyi-nəzərini ifadə etməsinə imkan verən anlaşma şəraitində həyata keçirilməlidir. Həmin Qaydaların 5.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin məqsədləri ilk növbədə yetkinlik yaşına çatmayanın əminamanlığının təmin edilməsinə, yetkinlik yaşına çatmayan qanun pozucularına hər-hansı təsir tədbirlərinin həmişə qanun pozucusunun şəxsiyyətinə, həm də qanun pozuntusuna şəraitinə uyğun olmasına yönəldilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58 və 59-cu maddəsinin tələblərini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarın 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və dəymiş zərərin tam ödənilməsini barəsində cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, 08 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “ yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi, yaşadığı ərazidə müsbət xarakterizə olunması, vurulmuş ziyanın ödənilməsi, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmaması kimi şəxsiyyətini xarakterizə edən halları, humanizm və ədalət prinsiplərini, habelə onun cəmiyyətdən təcrid olunmadan cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 06 fevral 2023-cü il tarixdən 08 fevral 2023-cü il tarixədək olan iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəzasının 4 günü, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə vurulmuş maddi ziyanı Zərərçəkmiş şəxs ödənilməsini nəzərə alır. Həmçinin məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatın dəyərini təşkil edən 140 (bir yüz qırx) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356 və 384-cü maddəsini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən altı ay müddətə azadlığın məhdudlaşdırması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 fevral 2023-cü il tarixdən 08 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının 4 günü, təyin edilmiş cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. İş üzrə ekspertiza xərcini təşkil edən 140 (bir yüz qırx) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar