Məhkəmə qərarları › İş №1(017)-68/2024

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-68/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-68/2024 29.05.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iştirakları ilə Təqsirləndirilən şəxs – (xx.xx.1995-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Ağcabədi rayonunun Hacıbədəlli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyətilə, qanunsuz olaraq özgə əmlakını talamaq məqsədilə 26 dekabr 2023-cü il tarixdə gecə saat 03 radələrində X1 məxsus Ağcabədi rayonu, Hacıbədəlli kəndində yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq həmin evin həyətində yerləşən saxlanc yeri hesab edilən tövləyə qəsdən, tamah niyyətilə, qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs2 məxsus hər biri 220 manat olmaqla ümumilikdə 1320 manat dəyərində altı baş qoyunu oğurlayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1320 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, qəsdən, tamah niyyətilə, qanunsuz olaraq özgə əmlakını talamaq məqsədilə 31 dekabr 2023-cü il tarixdə gecə saat 01 radələrində Zərərçəkmiş şəxs3 məxsus Ağcabədi rayonu, Hacıbədəlli kəndində yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq həmin evin həyətində yerləşən saxlanc yeri hesab edilən tövləyə qəsdən, tamah niyyətilə, qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs3 məxsus 350 manat dəyərində bir baş qoyunu oğurlamış, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, qanunsuz olaraq özgə əmlakını talamaq məqsədilə 07 yanvar 2024-cü il tarixdə gecə saat 01 radələrində Zərərçəkmiş şəxs3 məxsus Ağcabədi rayonu, Hacıbədəlli kəndində yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq həmin evin həyətində yerləşən saxlanc yeri hesab edilən tövləyə qəsdən, tamah niyyətilə, qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs3 məxsus hər biri 350 manat olmaqla ümumilikdə 700 manat dəyərində iki baş qoyunu oğurlayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 1050 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, qəsdən, tamah niyyətilə, qanunsuz olaraq özgə əmlakını talamaq məqsədilə 13 yanvar 2024-cü il tarixdə gecə saat 03 radələrində X1 məxsus Ağcabədi rayonu, Hacıbədəlli kəndində yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq həmin evin həyətində yerləşən saxlanc yeri hesab edilən tövləyə qəsdən, tamah niyyətilə, qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs2 məxsus hər biri 220 manat olmaqla ümumilikdə 440 manat dəyərində iki baş qoyunu oğurlayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 440 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq özgə əmlakını talamaq məqsədi olmadan 13 yanvar 2024-cü il tarixdə gecə saat 03:15 radələrində oğurladığı Zərərçəkmiş şəxs2 məxsus iki baş qoyunu aparmaq məqsədilə Zərərçəkmiş şəxs1 yaşadığı Ağcabədi rayonu, Hacıbədəlli kəndində yerləşən fərdi yaşayış evinin qarşısından sonuncuya məxsus VAZ-2106 markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobili sürüb getməklə həmin avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir (qaçırmışdır). Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi rayonunun Hacıbədəlli kəndində yaşayır. şəxsi təsərrüfatla məşğul olur, Zərərçəkmiş şəxs2 atasının əmisi oğludur, aralarında ədavəti olmamışdır. Rəhbər ilə qonşuluqda yaşadığına görə Rəhbərin qoyunu olduğunu və əmisi Savalanın yaşadığı evin həyətindəki tövlədə saxladığını bilmişdir. Onun da pula ehtiyacı olmuş, ona görə də fikirləşmiş ki, həmin tövlədən Rəhbərin qoyununu oğurlaya bilər, ona görə də oradan qoyun oğurluq etmək qərarına gəlmişdir. 26 dekabr 2023-cü il tarixdə gecə saat 03 radələrində Savalanın evinin qarşısına gəlmiş, hasardan adlayıb həyətə daxil olmuşdur. Tövlənin giriş qapısında olan qıfılı yerdən götürdüyü daşla qırmış, tövləyə daxil olub tövlədən 6 baş qoyunu tutub tövlədən bayıra çıxartmış, qoyunları kəndin aralıq yolu ilə asfalt yola gətirmişdir. Aradan bir az keçdikdən sonra yoldan arxa tərəfi xüsusi hazırlanmış avtomobilin keçdiyini görmüş, əl edib avtomobili saxlatmışdır. Həmin gün İmişli rayonunda yerləşən mal-qara bazarının günü olmuş, sürücü ilə danışıb qoyunları bazara aparmağı bildirmiş, sürücü də aparacağını demiş və onlar 40 manata razılaşmışlar. Bazarda qoyunları tanımadığı şəxsə hər birini 120 manata satmış və həmin şəxsdən 720 manat pul alıb sonra geri qayıtmışdır. Həmin 720 manat pulu bir neçə gün ərzində şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa pulu qurtardığı üçün yenidən pula ehtiyacı olmuş, ona görə də Rəhbərin qoyununu oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə 13 yanvar 2024-cü il tarixdə gecə saat 03 radələrində Rəhbərin qoyunlarının olduğu Savalanın evinin qarşısına gəlmiş, hasardan adlayıb tövləyə daxil olmuş, iki baş qoyunu tövlədən bayıra çıxarmışdır. Əmisi Oktaya məxsus VAZ-2106 markalı avtomobilin də öz darvazasının qarşısında dayandığını görmüşdür. Avtomobilə yaxınlaşmış, qapısı açıq halda olmuş, avtomobilin mühərrikini işə salan açar yeri də genişləndiyi üçün üzərində kiçik ölçülü cib bıçağı ilə avtomobili işə salmış, oğurladığı qoyunları da birini avtomobilin salonunda qabaq tərəfə, digərini isə arxa tərəfə qoymuşdur. Həmin vaxt heç kim görməsin deyə avtomobilin işığını yandırmamışdır. Təxminən 200 metr getdikdən sonra avtomobili yolun kənarında olan beton hissəyə vurmuş və avtomobil dayanmışdır. Həmin zərbədən avtomobilin qabaq və mühərrikin alt hissəsi zədələndiyi üçün avtomobili işə sala bilməmişdir. Qoyunları yaxınlıqda yaşayan əmisi Şahid2 həyətinə salmış və avtomobili də orada qoyub getmişdir. Bundan başqa Zərərçəkmiş şəxs3 tanıyır, həmkəndlisidir, aralarında qohumluq və ədavəti olmamışdır. Təbriz onun qohumu Rəhbər ilə qonşuluqda yaşayır, Rəhbərin evinə gələn zaman Təbrizin həyətində qoyunu olduğunu görmüşdür. Onun pula ehtiyacı olmuş, ona görə də oradan qoyun oğurluq etmək qərarına gəlmişdir. 31 dekabr 2023-cü il tarixdə gecə saat 01 radələrində Təbrizin evinin qarşısına gəlmiş, hasardan adlayıb həyətə daxil olmuş, tövlədən bir baş qoyun tutub həyətdən bayıra çıxartmışdır. Həmin gün Ağcabədi rayonunda yerləşən mal-qara bazarının günü olmuş, ona görə də qoyunu piyada Ağcabədi bazarına aparmış və bazarda olan zaman tanımadığı şəxsə 240 manata satmışdır. Həmin 240 manat pulu bir neçə gün ərzində şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra pulu qurtardığı üçün yenidən Təbrizin qoyununu oğurlamaq qərarına gəlmişdir. 07 yanvar 2024cü il tarixdə gecə saat 01 radələrində Təbrizin evinin qarşısına gəlmiş, hasardan adlayıb həyətə daxil olmuş, qoyunlar saxlanılan tövləyə gəlmiş və bu dəfə oradan iki baş qoyun tutub həmin yerdən çıxartmış və qoyunları kəndin aralıq yolu ilə asfalt yola çıxartmış, həmin gün Ağcabədi rayonunda yerləşən mal-qara bazarının günü olmuşdur. Ona görə də qoyunları Ağcabədi bazarına aparmış və bazarda olan zaman tanımadığı şəxsə birini 230 manata satmış və həmin şəxsdən 460 manat pul almış və şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxslərlə barışmış, onlara vurduğu ziyanı ödəmişdir. Zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Hazırda törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, şəxsi təsərrüfatla məşğul olur, onun 18 baş qoyunu olmuş, təxminən 2023-cü ilin dekabr ayının ortalarında Ağcabədi rayon mal-qara bazarından əlavə olaraq hər biri 220 manata 24 baş qoyun almış, cəmi 42 baş qoyunu olmuşdur. Onun tövləsi olmadığı üçün həmin qoyunları əmisi X1 məxsus evin həyətində yerləşən tövlədə saxlamışdır. O adətən gündüzlər qoyunları otlaq sahəsində otarmış, axşamlar isə həmin tövləyə salmışdır. Həmin tövlədə həmçinin əmisi qızı X2 da özünə məxsus 3 baş iri buynuzlu heyvanlarını saxlamış, lakin tövləni iki yerə bölüb Kəmalə ilə heyvanları ayrı yerdə saxlamışlar. Həmin tövlənin giriş qapısının üzərində olan kilidin açarının biri onda, digəri isə Kəmalədə olmuşdur. 25 dekabr 2023-cü il tarixdə axşam saatlarında heyvanları adəti üzrə tövləyə salıb qapısını kilidlə bağlamışdır. 26 dekabr 2023-cü il tarixdə səhər saatlarında tövləyə gələn zaman giriş qapısının üzərindəki kilidin yerində olmadığını və qapının kəndirlə bağlandığını görmüşdür. Tövləyə daxil olub qoyunları sayan zaman 6 baş qoyunun yerində olmadığını aşkar etmişdir. Hər ehtimala qarşı qoyunları ətrafda axtarmağa başlamış, lakin heç bir yerdən tapa bilməmişdir. Artıq qoyunların oğurlandığından əmin olmuş, ona görə də Ağcabədi rayon polis şöbəsinə şikayət etmişdir. Bundan başqa 12 yanvar 2024-cü il tarixdə adəti üzrə səhər saatlarında qoyunları sahəyə aparıb otarmış və həmin gün axşam saatlarında qoyunları gətirib tövləyə salıb evə getmişdir. 13 yanvar 2024-cü il tarixdə səhər saatlarında qoyunları otarmaq üçün tövləyə gəlmiş və qoyunlardan tanıdığı birinin olmadığını hiss etmiş, sonra qoyunları sayanda iki baş qoyunun yerində olmadığını görmüş, qoyunlarla maraqlanmaq üçün kəndin aralığına getmiş, lakin qoyunları tapa bilməmişdir. Kəndin aralıq yolu ilə gedən zaman məktəbin yaxınlığında əmisi oğlu Oktayın avtomobilini görmüş, həmin avtomobil yolun kənarında olan beton parçasına dəyib dayanmışdır. Sonra evə tərəf gələndə Oktayın evinin qarşısında onunla qarşılaşmış, Oktay ona avtomobilinin yerində olmadığını demişdir. Avtomobilin yolun kənarında dayandığını demişdir. Sonra onlar birlikdə yenidən avtomobilin yanına getmişlər, avtomobil betona dəydiyi üçün qabaq hissəsi əyilmiş və mühərrik hissəsi dağılmışdır. Onlar avtomobilə baxan zaman avtomobilin salonunda qoyun tükləri və nəcisi görmüşlər, artıq başa düşmüşlər ki, kimsə onun qoyunlarını oğurlayıb və Oktayın avtomobili ilə aparırmış, yolda da avtomobili betona vurduğu üçün orada saxlayıb getmişdir. Sonra bu barədə Ağcabədi rayon polis şöbəsinə məlumat vermişdir. Aradan bir az keçdikdən sonra polis əməkdaşları ona qoyunları tapdığını bildirmişlər, onlar gedib qoyunları əmisi oğlu Şahid2 evinin həyətindən tapmışlar. Qoyunları özünə qaytarılmış, həmçinin qoyunların əmisi nəvəsi Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını bilmişdir. Ona vurulmuş ziyan ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, təqaüdçüdür, onun özünə məxsus VAZ-2106 markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobili var, adətən avtomobili yaşadığı evin həyət darvazasının qarşısında saxlamış, avtomobil köhnə olduğu üçün qapısı bağlanmamış, həmçinin kənddə hamı tanıdığı üçün avtomobilin qapısını bağlamağa da ehtiyac olmamış, avtomobilin mühərrikini işə salan kilid hissəsi də nasaz olduğu üçün istənilən əşya ilə mühərriki işə salmaq olmuşdur. 12 yanvar 2024-cü il tarixdə adəti üzrə gün ərzində lazımı işlərimi görmək üçün avtomobilindən istifadə etmiş və darvazanın qarşısında saxlayıb evə getmişdir. 13 yanvar 2024-cü il tarixdə səhər saatlarında yaşadığı evdən çıxmış və darvazanın qarşısına çıxanda avtomobilinin yerində olmadığını görmüşdür. Aradan bir az keçdikdən sonra onunla qonşuluqda yaşayan əmisi oğlu Zərərçəkmiş şəxs2 da onun yanına gəlmişdir. Rəhbərə axşam avtomobili burada saxladığını, indidə yerində olmadığını demişdir. Rəhbər də ona avtomobilin kəndin aralıq yolunda dayandığını, ona məxsus iki baş qoyunun tövlədən oğurlandığını da demişdir. Onlar birlikdə avtomobilin olduğu yerə getmişlər. Avtomobili kəndin aralıq yolunda evindən təxminən 200 metr aralıda yolun kənarında olan beton parçasına dəyib dayanmışdır. Ona məxsus avtomobil betona dəydiyi üçün qabaq hissəsi əyilmiş və mühərrik hissəsi dağılmışdır. Sonra isə bu barədə Ağcabədi rayon polis şöbəsinə məlumat vermişdir. Sonradan isə onun avtomobilini qaçıran və Rəhbərin qoyunlarını oğurlayanın qardaşı oğlu Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Ona məxsus VAZ-2106 markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil 13 yanvar 2024-cü il tarixdə gecə saatlarında həyət darvazamın qarşısından qaçırılmış, avtomobildə heç bir dəyərli əşya olmamış, avtomobilin zədələnməsi nəticəsində ona 669 manat maddi ziyan dəymişdir. Ona görə də Ağcabədi rayon polis şöbəsinə şikayət etmişdir. Təqsirləndirilən şəxs onun qardaşı oğludur. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona vurulmuş ziyan tam ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, şəxsi təsərrüfatla məşğul olur, özünə məxsus qoyunları yaşadığı evin həyətində yerləşən tövlədə saxlamış, adətən gündüzlər qoyunları otlaq sahəsində otarmış, axşamlar isə həmin tövləyə salmışdır. 30 dekabr 2023-cü il tarixdə axşam saatlarında adəti üzrə heyvanları sayıb tövləyə salmışdır. 31 dekabr 2023-cü il tarixdə bayram günü olduğu üçün barışı qarışıq olmuş, heyvanları saya bilməmişdir. 01 yanvar 2024-cü il tarixdə səhər saatlarında heyvanları sayarkən qoyunların 73 baş olduğunu və bir baş qoyunun yerində olmadığını görmüşdür. Bundan sonra 07 yanvar 2024-cü il tarixdə adəti üzrə səhər saatlarında qoyunları otarmaq üçün tövləyə gəlmiş, qoyunları sayan zaman bu dəfə 71 baş qaldığını görmüşdür. Bu dəfə isə iki baş qoyunu yerində olmamışdır. Qoyunları axtarmağa başlamış, lakin heç bir yerdə qoyunların hər hansı bir izinə rast gəlməmiş, artıq əmin olmuş ki, qoyunları oğurlanmışdır. Ona görə də Ağcabədi rayon polis şöbəsinə məlumat vermişdir. Sonradan isə qoyunların həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını bilmişdir. Ona vurulmuş ziyan ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, şəxsi təsərrüfatla məşğul olur, onun evi Ağcabədi rayonu, Hacıbədəlli kəndində yerləşir, ferması isə kəndin kənarında yerləşir. Ailə üzvləri ilə birlikdə daima fermada olur, hərdən gəlib kənddəki evinə baş çəkmişdir. Təqsirləndirilən şəxs onun qardaşı oğludur. 13 yanvar 2024-cü il tarixdə səhər saatlarında oğlu Şahid3 baş çəkmək üçün evə getmiş, Səxavət yaşadığı evin həyətinə daxil olanda orada iki baş qoyun görmüş, Səxavət ona zəng edib bu barədə məlumat vermişdir. Səxavətdən soruşmuş ki, kimin qoyunudur, lakin Səxavət qoyunları tanımadığını və sahibinin kim olduğunu bilmədiyini demişdir. Dərhal bu barədə Ağcabədi rayon polis şöbəsinə məlumat vermişdir. Sonradan məlum olmuşdur ki, həmin qoyunlar əmisi oğlu Zərərçəkmiş şəxs2 məxsusdur, Həmin qoyunları Elgün oğurlamış, sonra qardaşı Oqtayın avtomobili ilə aparmaq istəmiş, lakin yolda avtomobili betona vurduğu üçün apara bilməmiş və ona görə də qoyunları onun həyətinə salmışdır. Sonra Rəhbər gəlib qoyunlarını tanımış və qoyunları təhvil almışdır. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə ona CM-nin 185.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə CM-nin 73-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək, işin icraatına həmin hissədə xitam verilmişdir. İş materiallarında olan əşyanın maddi sübut hesab edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, VAZ-2106 markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobili iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, saxlanması üçün sahibi Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. İş materiallarında olan əşyanın maddi sübut hesab edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iki baş qoyun iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, saxlanması üçün sahibi Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 vurulmuş ziyan ödənilmişdir. Onlar Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində “Oliqofreniya debillik dərəcəsində” ruhi-əsəb kabinetində qeydiyyatda durur və narkoloji kabinetində dispanser qeydiyyatında durmur. İş materiallarında olan “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi X4 şöbəsinin 06 mart 2024-cü il tarixli, 164 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs “yüngül dərəcəli əqli gerilik (yüngül debillik səviyyəsində), davranış pozuntuları ilə XBT 10 F 70.1 xəstəliyi keçirməsinə baxmayaq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21 və 22-ci maddəsinin təsiri altına düşmür və onun hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda “yüngül dərəcəli əqli gerilik (yüngül debillik səviyyəsində), davranış pozuntuları ilə XBT 10 F 70.1 xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan Ağcabədi rayon mal-qara alqı-satqı bazarının 05 mart 2024-cü il tarixli məktubundan görünür ki, 31 dekabr 2023-cü il tarixdən 07 yanvar 2024-cü il tarixə olan müddət ərzində 9 aylıq, dişi cinsli, boğaz olan, diri çəkiləri 35 kiloqram olan 3 (üç) baş qoyun 1050 manat, 26 dekabr 2023-cü il tarixdən 13 yanvar 2024-cü il tarixə olan müddət ərzində 9 aylıq, erkək cinsli, diri çəkiləri 26 kiloqram olan 8 (səkkiz) baş qoyun 1760 manat olmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə, azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59 və 61-ci maddələrinin tələblərini, o cümlədən törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, hal-hazırda “yüngül dərəcəli əqli gerilik (yüngül debillik səviyyəsində), davranış pozuntuları ilə XBT 10 F 70.1 xəstəliyindən əziyyət çəkməsini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar sayır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və o, məhkəmə iclası zalında dərhal həbsdən azad olunmuşdur. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 02 gün müddət, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət nəzərə alınaraq ona təyin olunan azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalıdır. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, hal-hazırda “yüngül dərəcəli əqli gerilik (yüngül debillik səviyyəsində), davranış pozuntuları ilə XBT 10 F 70.1 xəstəliyindən əziyyət çəkməsini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmaması kimi şəxsiyyətini xarakterizə edən halları, humanizm və ədalət prinsiplərini, habelə onun cəmiyyətdən təcrid olunmadan cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona azadlığın məhdudlaşdırması cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan 02 gün müddəti nəzərə alaraq, bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunan azadlığın məhdudlaşdırması cəzasından çıxılaraq ona qəti azadlığın məhdudlaşdırması cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası - Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə iş üzrə maddi sübut kimi tanınmış VAZ-2106 markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobiliin sahibi Zərərçəkmiş şəxs1, iki baş qoyunun sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsini nəzərə alır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 1 (bir) il 4 (dörd) ay müddətə azadlığın məhdudlaşdırması cəzası təyin edilsin; Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan 02 gün müddəti nəzərə alaraq, bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunan azadlığın məhdudlaşdırması cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırması cəzası saxlanılsın; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası - Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar