Məhkəmə qərarları › İş №1(017)-69/2023

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-69/2023

16.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-69/2023 16.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X2 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X2 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1967-ci il tarixdə Lənkəran rayonunun Nərimanabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, məhkumluğu olmayan, təqaüdçü, Lənkəran rayonunun Nərimanabad qəsəbəsində qeydiyyatda olan və hazırda Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 9A, mənzil 41-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə X3 təqaüd düzəldəcəyini vəd edərək 2021-ci ilin may ayında Zərərçəkmiş şəxs 3030 manat məbləğində pul vəsaitini onun cinayətkar niyyətindən xəbəri olmayan tanışı Şahid3 adına olan **********325655 nömrəli Kapital Bank kartına köçürülməsinə nail olmaqla həmin pul vəsaitini qəsdən, tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs 3030 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, aralarında qohumluğu və ədavəti olmamışdır. O, Şahini 2021-ci ilin aprel-may ayında tanışı Məhəmməd vasitəsilə tanımışdır. Məhəmməd ona Şahin adlı tanışı olduğunu, Şahinin oğlunun hərbçi olduğunu və onu təqaüdə çıxarmaq istədiyini bildirmiş, o da maraqlanacağını demişdir. Şahin özü də Bakı şəhərinə gəlmiş və Məhəmmədlə birlikdə görüşüb bu barədə söhbət etmişdir. Şahin oğlunun 2-ci Qarabağ müharibəsi iştirakçısı olduğunu, müharibə zamanı yaralandığını, ona görə də oğlunu təqaüdə çıxarmaq istədiyini demişdir. Oda Şahinə oğlunu təqaüdə çıxaracağını bildirmiş, Şahindən bu iş üçün 3000 manat pul istəmiş, Şahin də razılaşmışdır. Aradan bir müddət keçdikdən sonra Şahin onunla danışıb həmin pulun hazır olduğunu və göndərmək istədiyini demiş, o, da pulu Məhəmmədin kartına göndərməyi demişdir. Şahin də Məhəmmədin kartına 3030 manat pul göndərmiş, bundan sonra oda həmin pulu kartdan çıxarmışdır. O, Şahinin oğluna ilkin olaraq müəyyən köməklik etmiş, onu bir neçə dəfə məzuniyyətə gətirmiş, xidmətində də yüngül işlərə ayrılmışdır. Lakin yekunda o, Şahinin oğlunu təqaüdə çıxarda bilməmişdir. Aradan bir neçə ay keçmiş, Şahinə vəd verdiyi vaxt tamam olmuşdur. Şahin də tez-tez zəng edib maraqlanmış, Bakı şəhərinə gəlib görüşmüşdür. Artıq bir neçə vaxt keçdikdən sonra o, işi düzəldə bilməmiş, Şahin də ondan pulunu geri tələb etməyə başlamışdır. O, həmin puldan 2.600 manat düzəldib Şahinə göndərmiş, lakin yerdə qalan pulu düzəldə bilməmişdir. O, Şahindən təxminən 2021-ci ilin may ayında oğlunu təqaüdə çıxarmaq üçün 3030 manat pul almışdır. O, həmin pulun hamısını özünə götürmüş, Məhəmmədə verməmiş, Məhəmmədin bu işdə heç bir rolu olmamışdır, Məhəmməd təkcə Şahinlə onu tanış etmişdir. O, həmin pulun hamısını özünə götürmüş, Elxana verməmiş, Elxanın bu işdə heç bir rolu olmamış, Elxan ilə Məhəmməd təkcə Şahinlə onu tanış etmişdir. Nizami rayon Polis idarəsində başqa cinayət işi olduğu üçün barəsində həbs qətimkan tədbiri seçilib, ona görə həbsdədir. Hazırda məhkəməyə ərizə təqdim edərək göstərdi ki, tutduğu əməlindən peşmandır, cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsini nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Onun oğlu X4 N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu işləmişdir. Elmidar 2-ci Qarabağ müharibəsində aktiv iştirak etmiş, Prezidentin fərmanları ilə Cəsur döyüşçü, Laçın rayonunun azad edilməsi medalları ilə təltif olunmuşdur. Elmidar müharibə zamanı kürək nahiyəsindən snayper yarası almış, ona görə də bir çox yerlərdə müalicə almışdır. Elmidar evin tək oğlu olduğu üçün Elmidarı xəbəri olmadan təqaüdə çıxarmaq və öz yanına gətirmək istəmişdir. O, bu məqsədlə Elmidarı təqaüdə çıxarmaq üçün adam axtarmış və tanışlarına bu barədə demişdir. 05 yanvar 2021-ci il tarixdə əsgərlik yoldaşı və dostu olan Şahid1 nəvəsinin ad günü olmuşdur. Oda Elxana zəng edib təbrik etmişdir. Onlar telefonla danışan zaman Elxan Elmidarı soruşmuş, oda Elxana Elmidarı təqaüdə çıxarmaq üçün tanış adamı olubolmadığını soruşmuşdur. Həmin vaxt Elxan ona demişdir ki, onun baldızı oğlu X1 tanışı olduğunu və bu işdə köməklik edə biləcəyini demişdir. O, Elxandan Məhəmmədin telefon nömrəsini almış və Məhəmmədlə telefonla danışmışdır. Məhəmməd ona demişdir ki, onun Təqsirləndirilən şəxs adlı tanışı var, Şahid təqaüd düzəldə bilər. Onlar bir neçə vaxt bu barədə danışıqlar aparmış və o Məhəmmədin telefonu ilə Şahidlə də danışmışdır. Sonradan onlar yenidən danışanda Şahid demişdir ki, Elmidarı yoxlatmış, məxfiçilik üçün 970 manat təqaüd alacaq və əlavə olaraq 350 manat prezident təqaüdü alacaq, Şahid bu iş üçün ondan 3000 manat pul istəmişdir. O, da həmin pulu düzəltmiş və təxminən 2021-ci ilin may ayında onlar danışan zaman Məhəmmədin göndərdiyi nömrəsini və sahibini xatırlmadığı karta 3030 manat pul göndərmişdir. Karta göndərilən pula görə hər 100 manata 1 manat çıxıldığı üçün 30 manat əlavə göndərmişdir ki, Şahid bütöv 3000 manat pul çıxarsın. Şahid təqaüdü iki ay müddətinə düzəldəcəyinə söz vermişdir. Aradan bir neçə gün keçdikdən sonra o, Bakı şəhərinə getmiş, orada Elxan və Şahidlə görüşmüş, Şahiddən təqaüd barədə maraqlanmış, Şahid ona demişdir ki, Elmidarın təqaüd sənədləri hazırlanıb, yaxın günlərdə çağırılıb tibbi komisiyadan keçiriləcəkdir. O, gözləmiş, lakin Elmidar komisiyyaya çağırılmamışdır. O, Şahidlədə danışmış və təqaüd barədə maraqlanmış, Elmidar komisiyaya çağırılmamış, Şahidin vəd etdiyi vaxt tamam olmuşdur. Şahid yenə təqaüdün yaxın günlərdə düzələcəyini demişdir. O, bir neçə gün də gözləmiş, lakin Elmidarın təqaüdü düzəlməyincə yenidən Şahidlə danışmışdır. Şahid ona gözləməyini və təqaüdün düzələcəyini bildirmişdir. Artıq Şahidin verdiyi vaxtdan çox müddət keçmiş, o görmüşdür ki, Şahid onu aldadır, təqaüdü düzəltmir. O, Şahidə pulunu geri qaytamasını, yoxsa şikayət edəcəyini demiş, Şahid də pulu qaytaracağına söz vermişdir. O, Şahidlə dəfələrlə telefonla danışıb pulu tələb etdikdən sonra Şahid ona 900 manat pul göndərmişdir. O, sonradan Şahiddən qalan pulu tələb etmiş, Şahid onun qalan pulundan 1.700 manat ödəmiş, 430 manatı geri qaytarmamışdır. Onun Şahidə pul göndərməyini ailə üzvləri, yəni Gülbəniz, Elxan və Məhəmməd bilmişdir. Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahidlər Şahid1 və Şahid2 məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirib, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sücayət oğlu Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-203/2022 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 177.2.4 və 320.1-ci maddələri ilə təqsirli bilinib 8000 manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs X5 vurulmuş 3.030 manat məbləğində maddi ziyandan 2.600 manat hissəsi ödənilmiş və 430 manat ödənilməmiş qalmışdır. İş materiallarında olan 21 fevral 2023-cü il tarixli qərarlardan görünür ki, Qurbanov Şahid Sucayət oğlu barəsində axtarış elan edilməklə iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan 08 mart 2023-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulub istintaqa təqdim edildiyi üçün cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. İş materiallarında olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 mart 2023-cü il tarixdə əməliyyat axtarış tədbirləri zamanı tutularaq aidiyyəti üzrə Ağcabədi rayon PŞ-nin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan 10 mart 2023-c il tarixli qətimkan tədbiri seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saxlandığı müvəqqəti saxlama yerindən azad edilşmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 aprel 2023-cü il tarixli, 4(007)-184/2023 saylı qərarından görünür ki, AR CM-nin 178.3.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 14 aprel 2023-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Kapital banka məxsus qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs Sücayət oğlu xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs 900 manat ödəmişdir. İş materiallarında olan Lənkəran şəhər Psixiatriya Xəstəxanasının arayışından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda dayanmır. İş materiallarında olan Lənkəran Şəhər Narkoliji Xəstəxanasının arayışından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər Narkoloji Xəstəxanasında qeydiyyatda dayanmır. Məhkəmə, iş üzrə şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə araşdırılmış mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-nin 178.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilən 16 iyun 2023-cü il tarixli ərizəsindən görünür ki, o, özünü təqsirli bilərək törətdiyi əməlindən peşmandır və cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsini nəzərə alaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadələrini dinləyib, onların ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə zərərlə bağlı qarşılıqlı razılığa gəldiklərini, həmçinin cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 75-ci maddəsi tətbiq olunmaqla, onun CM-nin 178.1-ci maddəsi üzrə cinayət təqibinə xitam verilməsi, cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs qəsdən tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə 2021-ci ilin may ayında Zərərçəkmiş şəxs ilə görüşüb oğluna xəstəliyi ilə bağlı təqaüdə çıxaracağını yalandan vəd verib inandırmaqla əldə etdikləri razılaşmaya əsasən X6 3.030 (üç min otuz) manat nəğd pulunu tanışı Şahid3 adına olan **********325655 nömrəli Kapital Bank kartına köçürülməsi ilə bağlı əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə qəsdən ələ keçirərək ona qarşı dələduzluq cinayət əməlini törətmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Eyni zamanda cinayətin törədildiyi gündən hazırkı tarixə iki ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası CM-nin 15.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 75.1-ci maddəsinə əsasən cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: 75.1.1. böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; 75.1.2. az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; 75.1.3. ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; 75.1.4. xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə. 75.2. Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Məhkəmə hesab edir ki, yuxarıda şərh olunanlara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi tətbiq edilməklə CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 40, 43.3, 321, 384.1.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Quranov Şahid Sucayət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi tətbiq edilməklə CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia yoxdur. Qərardan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar