Məhkəmə qərarları › İş №1(017)-70/2025

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-70/2025

03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-70/2025 03.07.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1982-ci il tarixdə Qaradağ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Ağdam rayonunun Muradbəyli kəndində qeydiyyatda olan, Ağcabədi şəhəri, E.Sadıqov küçəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 19 fevral 2025-ci il tarixdə axşam saatlarında Ağcabədi rayonunun Hüsülü kəndində digər şəxsdən 50 manata qanunsuz olaraq 01 ədəd kibrit qutusunda aldığı xeyli miqdarda, yəni 5,04 qram çəkidə narkotik vasitə qurudulmüş marixuananı əynindəki böz rəngli cins şalvarının sağ yan cibində daşıyaraq saxlamış, 20 fevral 2025-ci il tarixdə saat 12 radələrində Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi şəhəri, N.Nərimanov küçəsində yerləşən “Seyidoğlu” marketin yaxınlığında saxlanılaraq üzərinə baxış keçirilərkən əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edib daşıyaraq saxladığı 01 ədəd kibrit qutusunda 5,04 qram kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 19 fevral 2025-ci il tarixdə axşam saatlarında əvvəllər tanıdığı Şahid4 ilə telefon əlaqəsi saxlayaraq ondan narkotik vasitə olan qurudulmuş marixuana almaq istədiyini bildirmiş, Şahid4 qurudulmuş marixuana bir ədəd kibrit qutusunu 50 manata satdığını ona demişdir. O, Şahid4la razılaşmış və onlar danışdığı kimi Şahid4 yaşadığı Ağcabədi rayonunun Hüsülü kəndindəki evin qarşısına getmiş, Şahid4la görüşərək ona 50 manat verib bir ədəd kibrit qutusunda olan qurudulmuş marixuana almışdır. Həmin kibrit qutusunu özü istifadə etmək üçün əynində olan cins şalvarın sağ yan cibində saxlamışdır. 20 fevral 2025-ci il tarixdə saat 12 radələrində Ağcabədi şəhəri, N.Nərimanov küçəsində olarkən mülki geyimdə olan tanımadığı şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını və üzərində narkotik vasitə olmağına şübhələr olduğunu, üzərinə videoçəkilişlə baxış keçirəcəklərini bildirmişlər. Üzərinə videoçəkilişlə baxış keçirilən zaman polis əməkdaşı tərəfindən üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmadığı soruşulmuş, o da üzərində narlotik vasitə olduğunu bildirib əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları üzərinə axtarış keçirmişlər və üzərindən başqa heç nə aşkar edilməmişdir. Törətdiyi əmələ görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Ağcabədi rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, Ağcabədi şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, üzərində gəzdirməsi və saxlaması barədə əməliyyat məlumatlı daxil olmuş və bununla əlaqədar əməliyyat-axtarış qrupu yaradılmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs 20 fevral 2025-ci il tarixdə saat 12 radələrində Ağcabədi şəhəri, N.Nərimanov küçəsində yerləşən “Seyidoğlu” marketin yaxınlığında saxlanılaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində və istifadəsində şübhəli olduğununu bildirilib üzəri videoçəkiliş vasitəsi ilə yoxlanılacağı bildirmişlər. Təqsirləndirilən şəxs buna etirazının olmadığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində qanunda qadağan olunmuş əşya və ya predmetin olub-olmadığı soruşulduqda Vüqar üzərində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş və həmin kibrit qutusu açılaraq baxıldıqda içərilərində narkotik vasitə qurusulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Həmin kütlələr zərfə qoyularaq qablaşdırıldıqdan sonra üzəri möhürlə möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər kütləni Ağcabədi rayonunun Hüsülü kəndində yaşayan Şahid4 50 manata aldığını bildirmişdir. Bundan sonra, Ağcabədi rayonunun Hüsülü kəndində yaşayan Şahid4 narkotik vasitələrdən istifadə etməsi və satışı ilə məşqul olması barədə olan əməliyyat məlumatı əsasına əmaliyyat keçirilmiş və Şahid4 da saxlanılmışdır. Lakin, o Şahid4 saxlanılmasında iştirak etməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin əməkdaşı Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə verdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmədə iştirak etməsələr də, şahidlər Şahid3 və Şahid4 ibtidai istintaq zamanı vermiş olduqları və məhkəmə iclasında elan edilmiş ifadələri ilə də təsdiq olunduğundan məhkəmə onların ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 12 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan hazırki cinayət işi ********* nömrəli (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə Şahid4 barəsində olan) cinayət işində ayrılaraq iptidai istintaq aparılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 21 fevral 2025-ci il tarixli, 3-16-16/2-18/160 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi-5,04 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurusulmuş marixuanadır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 11 aprel 2025-ci il tarixli, 569 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş “Ağdam rayon Mərkəzi Xəstəxanası” X5 11 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Ağdam rayon Mərkəzi Xəstəxanası” PHŞ Poliklinika şöbəsinin narkoloji kabinetdə qeydiyyatda deyildir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 25 fevral 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2012-ci il təvəllüdlü X3 adlı bir nəfər azyaşlı uşağı vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 27 fevral 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək 19 fevral 2025-ci il tarixdə axşam saatlarında Ağcabədi rayonunun Hüsülü kəndində digər şəxsdən 50 manata qanunsuz olaraq 01 ədəd kibrit qutusunda aldığı xeyli miqdarda, yəni 5,04 qram çəkidə narkotik vasitə qurudulmüş marixuananı əynindəki böz rəngli cins şalvarının sağ yan cibində daşıyaraq saxlaması və 20 fevral 2025-ci il tarixdə saat 12 radələrində Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində Ağcabədi şəhəri, N.Nərimanov küçəsində yerləşən “Seyidoğlu” marketin yaxınlığında saxlanılaraq üzərinə baxış keçirilərkən əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edib daşıyaraq saxladığı 01 ədəd kibrit qutusunda 5,04 qram kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 27-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 20 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 22 fevral 2025-ci il tarixədə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 20 fevral 2025-ci il tarixdən 22 fevral 2025-ci il tarixədək həbsdə saxlanıldığı iki gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılıb üzərində qəti cəza saxlanılmalıdır. Bundan başqa, məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Narkoloji Dispanserin 11 aprel 2025-ci il tarixli, 569 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Ağcabədi rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 5,02 qram (ilkin xalis çəkisi 5,04 qram) narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 31 manat 95 qəpik təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və hökmün icrası Ağcabədi rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 iş saatı üçün hər iş saatına görə 11 manat hesab edilməklə 110 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İşdə mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və həmin maddə ilə ona 01 (bir) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 fevral 2025-ci il tarixdən 22 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş 01 (bir) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ağcabədi rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 5,02 qram (ilkin xalis çəkisi 5,04 qram) narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı göstərilmiş 10 (on) saat iş saatı müddətində hüquqi yardım üçün hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 110 (bir yüz on) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi verilməsi üçün Ağcabədi rayon Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar