Məhkəmə qərarları › İş №1(017)-72/2025

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-72/2025

16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-72/2025 16.07.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X1 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X1 Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs – (xx.xx.1999-cu il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 10 ay 09 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, cəzasını çəkib qurtarmış, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Ağcabədi şəhəri E.İsmayılov küçəsi ev 76da qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyətilə, qanunsuz olaraq ictimai əhəmiyyətli rabitə xətləri olan özgə əmlakını talamaq məqsədilə 28 yanvar 2025-ci il tarixdə saat 02:00 radələrində Ağcabədi şəhəri, N.Abdullayev küçəsi ərazisində quraşdırılmış Zərərçəkmiş şəxs MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə məxsus həmin ərazidə yaşayan sakinlərinə rabitə xidməti göstərilməsi üçün hava xətti ilə çəkilmiş, 1 metri 3 manat 96 qəpik olmaqla 1821 manat 60 qəpik dəyərində 460 metr uzunluğunda TPP50x2 markalı ictimai əhəmiyyətli rabitə xətlərini, 1 metri 1 manat 01 qəpik olmaqla 90 manat 72 qəpik dəyərində 90 metr uzunluğunda 10x2 markalı ictimai əhəmiyyətli rabitə xətlərini özü ilə gətirdiyi mətbəx bıçağı ilə kəsərək, Zərərçəkmiş şəxs MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə 18 faiz əlavə dəyər vergisi ilə birlikdə, ümumilikdə 2256 manat 54 qəpik maddi zərər vuraraq özgənin əmlakını gizli yolla oğurlayıb talamışdır. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyətilə, qanunsuz olaraq ictimai əhəmiyyətli rabitə xətləri olan özgə əmlakını talamaq məqsədilə 30 yanvar 2025-ci il tarixdə saat 02:00 radələrində Ağcabədi şəhəri, E.İsmayılov küçəsi ərazisində quraşdırılmış Zərərçəkmiş şəxs MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə məxsus həmin ərazidə yaşayan sakinlərinə rabitə xidməti göstərilməsi üçün hava xətti ilə çəkilmiş, 1metri 3 manat 96 qəpik olmaqla 435 manat 60 qəpik dəyərində 110 metr uzunluğunda TPP50x2 markalı ictimai əhəmiyyətli rabitə xətlərini, 1metri 1 manat 82 qəpik olmaqla 182 manat 40 qəpik dəyərində 100 metr uzunluğunda 20x2 markalı ictimai əhəmiyyətli rabitə xətlərini özü ilə gətirdiyi mətbəx bıçağı ilə kəsərək, Zərərçəkmiş şəxs MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə 18 faiz əlavə dəyər vergisi də daxil olmaqla, ümumilikdə 729 manat 24 qəpik maddi zərər vuraraq özgənin əmlakını təkrar olaraq gizli yolla oğurlayıb talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş, təxminən 1 ildir ki, cəzaçəkmə müəssisəsindən azad edilmişdir. Əvvəllər elektrik işləmiş və gündəlik dolanışığını bununla təmin etmişdir. Təxminən bir neçə ay bundan əvvəl ehtiyyatsızlıqdan xəsarət aldığı üçün iş qüvvəsini itirmişdir. Onun maddi vəziyyəti çox aşağı olduğu və pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Onun yaşadığı Ağcabədi rayonu, N.Abdullayev küçəsi ərazisindən internet naqilləri hava xətti ilə keçmiş və onun həmin naqillərinin içərisində mis məmulatı olduğundan və yaxşı pula getdiyindən məlumatı olmuşdur. Bu səbəbdən 28 yanvar 2025-ci il tarixdə gecə saat 02 radələrində özü ilə bir ədəd mətbəx bıçağı və bir ədəd də kəlbətin alətini götürüb yaşadığı Ağcabədi şəhər, N.Abdullayev küçəsi ərazisinə quraşdırılmış hava xətti ilə keçən internet naqillərinin yaxınlığına getmiş, internet şalbanına çıxıb təxminən 550 metr uzunluğunda internet naqilini kəsib şalbandan ayıraraq yerə atmışdır. Sonra bıçaq aləti ilə naqili kəsmiş və kəlbətin aləti ilə də həmin rezinləri misdən ayırmış, kəsdiyi naqilləri doğramış və bir neçə hissəyə bölərək yaşadığı evə aparmışdır. Onun ailə üzvləri Bakı şəhərində yaşadığı üçün evdə tək olmuş, naqilləri evin künc hissəsində əridərək misini çıxarıb kilolara ayırmış, misi tanımadığı motosikletçilərə kilosunu 9-10 manatdan satmışdır. Bundan sonra, 30 yanvar 2025-ci il tarixdə gecə saat 02 radələrində özü ilə əvvəlki oğurluq əməlində istifadə etdiyi bir ədəd mətbəx bıçağı və bir ədəd də kəlbətin alətini götürüb Ağcabədi şəhər E.İsmayılov küçəsi ərazisinə getmiş, həmin küçə ilə yaşadığı evin arasında qısa məsafə olmuşdur. İnternet şalbanına çıxmış və təxminən 210 metr uzunluğunda internet naqilini kəsib şalbandan ayıraraq yerə atmışdır. Kəsdiyi naqilləri doğramış və bir neçə hissəyə bölərək yaşadığı evə aparmışdır. Naqilləri əritmiş və misini çıxararaq kilolara ayırmışdır. Sonra tanımadığı motosikletçilərə kilosunu 9-10 manatdan satmışdır. Bu yolla əldə etdiyi bütün pulları öz ehtiyaclarına xərcləmişdir. Hazırda törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə Əbdurəhman oğlu ifadəsində göstərmişdir ki “Aztelekom MMC-nin X4” 28 yanvar 2025-ci il tarixdə saat 02:00 radələrində Ağcabədi şəhəri, N.Abdullayev küçəsi ərazisində quraşdırılmış Zərərçəkmiş şəxs MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə məxsus həmin ərazidə yaşayan sakinlərinə rabitə xidməti göstərilməsi üçün hava xətti ilə çəkilmiş ümumi dəyəri 2256 manat 54 qəpik olan 460 metr uzunluğunda TPP50x2 markalı, 90 metr uzunluğunda 10x2 markalı ictimai əhəmiyyətli kabelinin oğurlanması ilə bağlı məlumat daxil olmuş, həmin internet naqillərinin ümumi dəyəri 2256 manat 54 qəpik olmuşdur. Bundan başqa, 30 yanvar 2025ci il tarixdə saat 02:00 radələrində Ağcabədi şəhəri, E.İsmayılov küçəsi ərazisində quraşdırılmış Zərərçəkmiş şəxs MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə məxsus həmin ərazidə yaşayan sakinlərinə rabitə xidməti göstərilməsi üçün hava xətti ilə çəkilmiş ümumi dəyəri 729 manat 24 qəpik olan 110 metr uzunluğunda TPP50x2 markalı, 100 metr uzunluğunda 20x2 markalı ictimai əhəmiyyətli kabelinin oğurlanması ilə bağlı məlumat daxil olmuş, həmin naqillərin də ümumi qiyməti 729 manat 24 qəpik hesablanmışdır. Hər iki oğurluq faktı nəticəsində Zərərçəkmiş şəxs MMC-nin X4 ümumilikdə 2985 manat 78 qəpik maddi zərər dəymişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ağcabədi şəhəri, E.Sadıqov küçəsində yaşayır. Aztelekom MMC-də XQİS-də mühəndis vəzifəsində çalışır. Aztelekom MMC-nin balansında olan və sakinlərin istifadəsində olan internet naqillərinin keçdiyi Ağcabədi şəhər, N.Abdullayev küçəsi və E.İsmayılov küçəsi ərazisindən keçən internet naqilləri üzrə mühəndis odur. 28 yanvar 2025-ci il tarixdə saat təxminən 10 radələrində idarənin montyoru Şahid2 telefonla ona məlumat verərək, Aztelekom MMC-nin balansında olan, Ağcabədi şəhəri, N.Abdullayev küçəsindən keçən və sakinlərin internet xidməti göstərən, hava xətti ilə keçən naqillərin kəsilərək oğurlandığını bildirmişdir. Həmin əraziyə getmiş və əraziyə vizual baxış keçirən zaman həmin ərazidən 460 metr uzunluğunda TPP50x2 markalı, 90 metr uzunluğunda 10x2 markalı ictimai əhəmiyyətli kabellərin kəsilərək oğurlandığını müəyyən etmişdir. 28 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-in 102 zəng xidmətinə və Ağcabədi RPŞyə rəsmi məlumat vermişdir. Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən onun iştirakı ilə həmin naqillərin oğurlandığı əraziyə baxış keçirilmiş, naqillərin kəsilərək oğurlandığı sahəni göstərmişdir. 30 yanvar 2025-ci il tarixdə saat təxminən 10 radələrində idarənin mantyoru Şahid2 yenə də ona telefonla məlumat verərək Aztelekom MMC-nin balansında olan, Ağcabədi şəhəri, E.İsmayılov küçəsindən keçən və sakinlərən internet xidməti göstərən, hava xətti ilə keçən naqillərin kəsilərək oğurlandığını bildirmişdir. Həmin əraziyə gəlmiş və əraziyə vizual baxış keçirən zaman həmin ərazidən TPP 50x2 markalı, 110 metr uzunluğunda internet naqili və TPP 20x2 markalı, 100 metr uzunluğunda internet naqillərinin kəsilərək oğurlandığını müəyyən etmişdir. Bununla bağlı 30 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-in 102 zəng xidmətinə və Ağcabədi RPŞ-yə rəsmi məlumat vermiş, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən onun iştirakı ilə həmin naqillərin oğurlandığı əraziyə baxış keçirilmiş, naqillərin kəsilərək oğurlandığı sahəni göstərmişdir. Sonradan məlum olmuşdur ki, həmin naqilləri Təqsirləndirilən şəxs kəsərək oğurlamış və müəssisəyə ziyan vurmuşdur. Həmin ziyan ödənilməmişdir. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verdi. İş materiallarına əlavə olunmuş zərərçəkmiş hüquqi şəxs Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə göndərilmiş məlumatdan görünür ki, xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasını iştirakları olmadan keçirilməsini və mülki iddianın təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamənin, hökm və qərarın surətindən görünür ki, Səfərov X2 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 10 ay 09 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, cəzasını çəkib qurtarmış, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl üzrə məhkumluğu vardır. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi isə cinayətin residivini yaradır (CM, mad. 18.1). Baxmayaraq ki, həmin məhkumluq ödənilməmiş və ya götürülməmişdirsə də cinayətin residivini yaratmır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Onun barəsində Ağcabədi şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinə ərizə və şikayət xarakterli müraciət daxil olmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cəmiyyətdə hökm sürən sosialmənəvi normalara qarşı zidd davranış forması seçərək cinayət qanununu pozmuş, qəsdən cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 10 ay 09 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, cəzasını çəkib qurtarmış, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmiş, yenidən CM-nin 177.2.2 və 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bu da onun kriminogen xüsusiyyətlərdən azad olmadığını, davamlı şəkildə anti-cəmiyyət davranış formasına meylli olduğunu göstərir. Bunlar da Təqsirləndirilən şəxs şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59 və 61-ci maddələrinin tələbini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunması kimi şəxsiyyətini xarakterizə edən halları, ədalət və humanizm prinsiplərini, cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinib ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli; cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azadlıqdan məhrum etmə növündə cəzanın Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edildiyindən Təqsirləndirilən şəxs təyin olunacaq cəza da ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə olunmuş iddia ərizəsindən görünür ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs MMC Təqsirləndirilən şəxs qarşı vurulmuş zərərə görə 2985,78 manat məbləğində pulun və dövlət rüsumuna görə ödənilmiş 50 manat pulun Təqsirləndirilən şəxs alınaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs MMC-nin hesabına ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-179.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. Həmin Məcəllənin 187.1 və 187.2-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması. İş materiallarında olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs MMC-nin Aran Regional filialının xx.xx.2025-ci il tarixli 3-27-108/54/2-1-21/2025 nömrəli məktubundan və rabitə qurğularına dəymiş zərərin qiymətləndirilməsinə dair 07/25 nömrəli smetadan görünür ki, 28 yanvar 2025-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-nin Aran Regional filialının xidməti ərazisi olan Ağcabədi rayonu, E.İsmayılov küçəsi ərazisində hava xətti ilə gedən TPP 50x2 və TPP 10x2 kabellərinin oğurlanması nəticəsində rabitə qurğularına dəymiş zərər: kabel TPP 10x2x0,4 90 metr 90,72 manat, kabel TPP 50x2x0,4 460 metr 1821,60 manat olmaqla ƏDV ilə birlikdə ümumi məbləğ 2256,54 manat təşkil etmişdir. İş materiallarında olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs MMC-nin Aran Regional filialının xx.xx.2025-ci il tarixli 3-27-108/54/2-1-22/2025 nömrəli məktubundan və rabitə qurğularına dəymiş zərərin qiymətləndirilməsinə dair 08/25 nömrəli smetadan görünür ki, 30 yanvar 2025-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-nin Aran Regional filialının xidməti ərazisi olan Ağcabədi rayonu, E.İsmayılov küçəsi ərazisində hava xətti ilə gedən TPP 50x2 və TPP 20x2 kabellərinin oğurlanması nəticəsində rabitə qurğularına dəymiş zərər: kabel TPP 20x2x0,4 100 metr 182,40 manat, kabel TPP 50x2x0,4 110 metr 435,60 manat olmaqla ƏDV ilə birlikdə ümumi məbləğ 729,24 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, mülki iddia təmin edilərək Təqsirləndirilən şəxs 2985,78 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 50 manat məbləğində pul alınaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs MMC-nin hesabına ödənilməlidir. İş üzrə maddi sübut və ekspertiza xərcləri yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçilərə (vəkillərə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 iş saatı üçün 165 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinib ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs maddi zərərə görə 2985,78 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 50 manat məbləğində pul alınaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs MMC-nin hesabına ödənilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə 15 iş saatı üçün 165 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar