Məhkəmə qərarları › İş №1(017)-75/2024

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-75/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-75/2024 23.05.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1988-ci il tarixdə Ağcabədi rayonunun Sarıcalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki nəfər azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Ağcabədi rayonunun Sarıcalı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 04 noyabr 2023-cü il tarixdə əvvəllər tanıdığı Ağcabədi rayonunun Qiyamadınlı kənd sakini Şahid3 ilə görüşüb qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuana alaraq istifadə etmələri barədə razılığa gəlib, özü 20 manat, Şahid3 20 manat pulu cəmləşdirməklə, Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanuna dəyişikliklər edilməsi barədə 21 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikasının qanununda göstərilən xeyli miqdarda, yəni təmiz çəkisi 9,85 qram narkotik vasitə olan qurudulmuş marixuananı qəsdən satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxda və mənbədən 40 manata əldə edərək daşımaqla üzərində saxlamış, 04 noyabr 2023-cü il tarixdə axşam saatlarında həmin narkotik vasitədən 1,82 qramını Şahid3 vermiş, təmiz çəkisi 8,03 qram narkotik vasitə olan qurudulmuş marixuananı isə polietilen kəsiyi bükümdə və 1 ədəd kibrit qutusunda istifadə etmək üçün əynində olan gödəkçənin sağ yan cibində daşımaqla saxlamış, 05 noyabr 2023-cü il tarixdə saat 12:00 radələrində Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində yaşadığı Ağcabədi rayonunun Sarıcalı kəndindəki evin qarşısında saxlanılaraq Ağcabədi rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,58 qram və 1 ədəd polietilen kəsiyi bükümdə 1,45 qram, ümumilikdə 8,03 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əynində olan gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir müddət narkotik vasitələrdən istifadə etmişdir. Hazırda isə istifadə etmir. 2023-cü ilin noyabr ayının əvvəllərində Ağcabədi rayon Qiyaməddinli kənd sakini Şahid3 narkotik vasitə olan marixuana alıb birlikdə istifadə etməsini ona demiş və Natiqlə hər biri 20 manat pul qoyaraq adını xatırlamadığı şəxsdən 40 manatlıq qurudulmuş marixuana almışdır. Həmin marixuananı Natiqlı aralarında bölmüşlər və ona düşən marixuananın bir hissəsini istifadə etmək üçün siqaretin salafanına bükmüşdür. 05 noyabr 2023-cü il tarixdə günorta saatlarında küçələrində olarkən bir neçə mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərini təqdim edib ony Ağcabədi rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə vardırsa da təqdim etməsi təklif olunmuş, o, da əynində olan gödəkçənin sağ yan cibində sağladığı 1 ədəd kibrit qutusunda və 1 ədəd polietilen bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları üzərinə axtarış keçirmişlər və üzərindən başqa heç nə aşkar edilməmişdir. Törətdiyi əmələ görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin CABın əməliyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, 05 noyabr 2023-cü il tarixdə Ağcabədi rayonunun Sarıcalı kəndi sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs cinayətkar əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat tədbirləri keçirməyə başlanmışdır. Təqsirləndirilən şəxs həmin gün yaşadığı kənddə saxlanılaraq RPŞ-yə gətirilmiş, Ağcabədi RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə vəkilinin iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulmuş və Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən 1 ədəd kibrit qutusu və 1 ədəd polietilen bükülü təqdim etmişdir. Həmin kibrit qutusuna və bükülüyə baxış keçirilən zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, üzərində cinayət xarakterli əşya, o cümlədən digər narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Həmin aşkar edilərək götürülmüş kütlə çəkildikdən sonra iştirakçıların və müdafiəçinin iştirakları ilə qablaşdırılaraq möhürlənmiş, bütün bunlardan sonra protokol tərtib edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu və özü istifadə etmək üçün saxladığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Ağcabədi rayon Qiyaməddinli kəndində yaşayır və 3 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. Hazırda isə istifadə etmir. Təqsirləndirilən şəxs tanıyır və Elnurla bir yerdə narkotik vasitə istifadə etmişlər. 2023-cü ilin noyabr ayının əvvəlində Elnura 20 manat vermiş, Elnurda 20 manat üstünə qoyaraq narkotik vasitə qurudulmuş marixuana almışlar. Həmin marixuananı Elnur bölüb ona vermiş, o bir hissəsini istifadə etmiş, qalan hissəsini cibində saxlamışdır. 05 noyabr 2023-cü il tarixdə səhər saatlarında yaşadığı evin küçəsində olarkən bir neçə mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərini Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları kimi təqdim etmiş, onu Ağcabədi rayon Polis şöbəsinə gətirmişlər. Ağcabədi rayon Polis şöbəsində ona üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə vardırsa, təqdim etməsi təklif olunmuş, o da əynində olan şalvarın sağ yan cibində sağladığı 1 ədəd polietilen bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir. Marixuananın çəkisi az olduğundan barəsində inzibati qaydada tədbir görülmüşdür. Təqsirləndirilən şəxs marixuananı kimdən və haradan almasını bilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 18 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid3 barəsində əməldə cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Ağcabədi RPŞ-nin İTB-nə göndərilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 06 noyabr 2023-cü il tarixli, 18/1040 saylı rəyində görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şahid3 üzərindən..” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd sellofan kəsiyi bükümdə təmiz çəkisi 1,82 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulumuş marixuanadır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 06 noyabr 2023-cü il tarixli, 18/1041 saylı rəyində görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,58 qram, 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,45 qram, ümumi çəkisi 8,03 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulumuş marixuanadır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən və Şahid3 üzərindən götürülmüş marixuanalar orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eynidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Narkoloji Dispanserin 18 dekabr 2024-cü il tarixli, 2081 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə iclasında elan edilmiş 23 dekabr 2023-cü il tarixli 526 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2017-ci il təvəllüdlü X4 və 2020-ci il təvəllüdlü X5 adlı iki nəfər azyaşlı uşaqları vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 25 dekabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək 04 noyabr 2023-cü il tarixdə əvvəllər tanıdığı Ağcabədi rayonunun Qiyamadınlı kənd sakini Şahid3 ilə görüşüb qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuana alaraq istifadə etmələri barədə razılığa gəlib, özü 20 manat, Şahid3 20 manat pulu cəmləşdirməklə, Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanuna dəyişikliklər edilməsi barədə 21 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikasının qanununda göstərilən xeyli miqdarda, yəni təmiz çəkisi 9,85 qram narkotik vasitə olan qurudulmuş marixuananı qəsdən satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxda və mənbədən 40 manata əldə edərək daşımaqla üzərində saxlaması, 04 noyabr 2023-cü il tarixdə axşam saatlarında həmin narkotik vasitədən 1,82 qramını Şahid3 vermiş, təmiz çəkisi 8,03 qram narkotik vasitə olan qurudulmuş marixuananı isə polietilen kəsiyi bükümdə və 1 ədəd kibrit qutusunda istifadə etmək üçün əynində olan gödəkçənin sağ yan cibində daşımaqla saxlaması, 05 noyabr 2023-cü il tarixdə saat 12:00 radələrində Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində yaşadığı Ağcabədi rayonunun Sarıcalı kəndindəki evin qarşısında saxlanılaraq Ağcabədi rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,58 qram və 1 ədəd polietilen kəsiyi bükümdə 1,45 qram, ümumilikdə 8,03 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əynində olan gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, “Ensefalopatiya” xəstəliyindən əziyyət çəkməsini, Xocavənd rayonundan məcburi köçkün olmasını, İİİ qrup əlil olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 05 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 07 noyabr 2023-cü il tarixədə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 05 noyabr 2023-cü il tarixdən 07 noyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı iki gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılıb üzərində qəti cəza saxlanılmalıdır. Bundan başqa, məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji dispanserinin 18 dekabr 2023-cü il tarixli, 2081 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Ağcabədi rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 7,99 qram (ilkin xalis çəkisi 8,03 qram) narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 49 manat 74 qəpik təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və hökmün icrası Ağcabədi rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 iş saatı üçün hər iş saatına görə 6 manat hesab edilməklə 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İşdə mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və həmin maddə ilə ona bir il səkkiz ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 noyabr 2023-cü il tarixdən 07 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş bir il səkkiz ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq bir il yeddi ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ağcabədi rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 7,99 qram (ilkin xalis çəkisi 8,03 qram) narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı göstərilmiş 10 (on) saat iş saatı müddətində hüquqi yardım üçün hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 60 (altımış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi verilməsi üçün Ağcabədi rayon Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsiə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar