Məhkəmə qərarları › İş №1(017)-76/2025

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-76/2025

04.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-76/2025 04.09.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1980-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Ağcabədi Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli hökmü ilə Azərbycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli qərarı ilə 01 (bir) ay 13 (on üç) gün vaxtından əvvəl şərti azad olunmuş, 02 fevral 2024-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, Ağcabədi şəhəri, H.Hacıyev küçəsində qeydiyyatda olan, Ağcabədi şəhəri, İ.Qayıbov küçəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs xeyli miqdarda, yəni təmiz çəkisi 0,403 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib 01 ədəd gümüşü rəngli kağız bükümdə əynində olan qara rəngli idman şalvarının sol yan cibində daşıyaraq saxlamış, 25 aprel 2025-ci il tarixdə saat 02 radələrində Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı Ağcabədi şəhəri, İ.Qayıbov küçəsində saxlanılaraq üzərində şəxsi axtarış aparılarkən həmin kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əynində olan qara rəngli idman şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 25 aprel 2025-ci il tarixdə gecə saatlarında Murad adlı dostu ilə görüşmüş və Murada narkotik vasitə alaraq istifadə etmələrini təklif etmişdir. Murad onunla razılaşmış və narkotik vasitə almaq üçün Murada 20 manat pul vermişdir. Murad marixuana almaq üçün Ramil adlı tanışı ilə əlaqə saxlamaq istəsə də, Ramil telefona cavab verməmişdir. Bundan sonra, Muradla birlikdə su almaq üçün Ağcabədi Rayon Mərkəzi Xəstəxanın qarşısında yerləşən marketə getmişlər. Həmin vaxt Ramil Muradla telefon əlaqəsi saxlayaraq harada olmalarını soruşmuş və onların yanına gələcəyini demişdir. Murad su almaq üçün marketə getmiş və bu zaman polis əməkdaşları Şahid1 və digərləri ona yaxınlaşaraq onu Ağcabədi RPŞ-yə aparmışlar. Polis şöbəsində onu döymüşlər və ona bir ədəd gümüşü rəgli bükümdə olan narkotin vasitə metavitamin vermişlər. Narkotik vasitə ona məxsus olmamış, lakin onu döydükləri üçün narkotik vasitənin ona məxsus olmasını demişdir. Bundan sonra, onu tanımadığı yerə apararaq video çəkiliş aparmışlar və o, video çəkiliş zamanı narkotik vasitənin ona məxsus olduğunu bildirib polis əməkdaşlarına təqdim etmişdir. Ramillə əvvəllər də telefon danışıqları olmuş və Ramildən narkotik vasitə aldığı üçün Ramilin narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilmişdir. Narkotik vasitənin ona məxsus olmaması və döyülməsi barədə heç bir orqana məlumat verməmişdir. Onun heç bir təqsiri yoxdur və ona köməklik olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə özünü təqsirli bilməsə də, onun törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin CABnin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında 25 aprel 2025ci il tarixdə saat 01-02 radələrində Cəfərov X3 şəhərində, yaşadığı evə yaxın ərazidə saxlanılmışdır. Ərazidə digər şəxslərin olması səbəbində təxminən 50-100 metr kənara çəkilərək Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində və istifadəsində şübhəli olduğunu və üstünə video çəkiliş aparmaqla baxış keçiriləcəyini bildirmişlər. Həmçinin Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulmuş və Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd gümüşü rəngli kağız büküm təqdim edərək içərisində psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Bundan sonra, həmin bükülüyə baxış keçirilən zaman içərisində kristal şəkilli, psixotrop maddə olan metamfetaminə oxşar kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə olan metamfetaminin özünə məxsus olduğunu və bir gün əvvəl tapıb özü istifadə etmək üçün saxladığını bildirmişdir. Göstərdiyi kimi baxış keçirilərkən video çəkiliş aparılmış, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini könüllü olaraq özü təqdim etmiş və Təqsirləndirilən şəxs saxlanılarkən ona heç bir təziq göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunda ifadə verdilər. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 25 aprel 2025-ci il tarixli əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd gümüşü rəngli kağız büküm aşkar edilmiş və həmin bükümə baxış keçirilərkən içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan regional bölməsinin 25 aprel 2025-ci il tarixli, 18/345 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 0,403 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji dispanserinin 24 may 2025-ci il tarixli 861 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən epizodik istifadə etmə halları olub. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon X2 Hüquqi Şəxsinin 02 may 2025-ci il tarixli məktubundan görünür ki, Cəfərov X3 rayon Mərkəzi Xəstəxanasının narkoloji kabinetində qeydiyyatdadır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Cəfərov X3 Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli hökmü ilə Azərbycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 21 dekabr 2023cü il tarixli qərarı ilə 01 (bir) ay 13 (on üç) gün vaxtından əvvəl şərti azad olunmuş, 02 fevral 2024-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 28 aprel 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməli üzrə özünü təqsirli bilməsə də, ona istinad edilən cinayəti törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla yanaşı, 25 aprel 2025-ci il tarixli əməliyyat axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokolla, 25 aprel 2025-ci il tarixdə tərtib edilmiş təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürmə haqqında protokolla və cinayət işinə əlavə edilmiş “CD” diskə baxış keçirilərkən də öz təsdiqini tapmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs həmin əməl üzrə törətdiyi cinayət əməli onun ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsi ilə də öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsində göstərmişdir ki, göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir və fərdi əməklə məşğul olur. Əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Uzun müddətdir ki, psixotrop maddə olan metamfetamin qəbul edir. 24 aprel 2025-ci il tarixdə günorta vaxtlarında Ağcabədi şəhəri, İ.Qayıbov küçəsi ilə piyada gedən zaman yolun kənarından bir ədəd siqaretin gümüşü rəngli kağız bükümü diqqətini çəkmiş, həmin kağız bükümünü götürüb içinə baxarkən “patı” kimi tanıdığı metamfetamin olduğunu görmüşdür. Həmin kağız bükümü öz şəxsi istifadəsi üçün cibinə qoyub saxlamışdir. 25 aprel 2025-ci il tarixdə saat 02:20 radələrində Ağcabədi şəhəri, İ.Qayıbov küçəsində, yaşadığı evin yaxınlığında olan zaman mülki formada olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və psixotrop maddə gəzdirməkdə və saxlanılmasında şübhəli olduğunu bildirib üzərinə baxış keçiriləcəyini demişlər. O, heç bir etiraz etməmiş və video çəkilişlə üzərinə baxış keçirilmişdir. Həmin vaxt ondan üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet olub-olmadığı soruşulmuş, əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli bükümü könüllü olaraq təqdim etmiş və bükümün içərisində olan kütlənin “patı” adlandırdığı metamfetamin olduğunu bildirmişdir. Üzərinə baxış keçirilmiş və üzərindən başqa hər hansı cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Qara rəngli şalvarın sol yan cibindən təqdim etdiyi gümüşü rəngli kağıza baxış keçirilən zaman içərisində kristal şəkilli, psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Həmin kağız büküm onun və iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 0,55 qram olmuşdur. Bundan sonra, həmin kütlə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə yuxarıda qeyd olunan sübutlarla yanaşı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsini də iş üzrə sübut növü kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək xeyli miqdarda, yəni təmiz çəkisi 0,403 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib 01 ədəd gümüşü rəngli kağız bükümdə əynində olan qara rəngli idman şalvarının sol yan cibində daşıyaraq saxlaması və 25 aprel 2025-ci il tarixdə saat 02 radələrində Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı Ağcabədi şəhəri, İ.Qayıbov küçəsində saxlanılaraq üzərində şəxsi axtarış aparılarkən həmin kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əynində olan qara rəngli idman şalvarının sol yan cibindən aşkar edilərək götürülməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Cəfərov X3 Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli hökmü ilə Azərbycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 21 dekabr 2023cü il tarixli qərarı ilə 01 (bir) ay 13 (on üç) gün vaxtından əvvəl şərti azad olunmuş, 02 fevral 2024-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış və məhkumluğu ödənilmədən qəsdən hazırkı cinayət əməlini törətmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulduğu kimi cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş son həddinin yarısından az olmamaqla azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 aprel 2025-ci il tarixdə saat 03:40-da şübhəli şəxs qismində tutulmuş, 26 aprel 2025-ci il tarixdə saat 18:30-da müvəqqəti saxlama yerindən azad edilərək iki gün saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 25 aprel 2025-ci il tarixdən 26 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaratdığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli bu gündən, yəni 04 sentyabr 2025-ci il tarixdən hesab edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Ağcabədi rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 0,353 qram (ilkin xalis çəkisi 0,403 qram) kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin məhv edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 31 manat 95 qəpik təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 iş saatı üçün hər iş saatına görə 11 manat hesab edilməklə 165 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 aprel 2025-ci il tarixdən 26 aprel 2025-ci il tarixə kimi tutularaq 02 (iki) gün saxlanılması ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli bu gündən, yəni 04 sentyabr 2025-ci il tarixdən hesab edilsin, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından dərhal həbsə alınsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Ağcabədi rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 0,353 qram (ilkin xalis çəkisi 0,403 qram) kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı göstərilmiş 15 (on beş) saat iş saatı müddətində hüquqi yardım üçün hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 165 (bir yüz altımış beş) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi verilməsi üçün Ağcabədi rayon Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi vaxtdan 20 (iyirmi) gün müddətində (təqsirləndirilən şəxsə hökmün surəti təqdim edildiyi gündən) Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar