Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-77/2024 27.06.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1982-ci il tarixdə Ağcabədi rayonunun Taynaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-270/2023 saylı, 12 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, cəzasını çəkib qurtarmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcabədi rayonunun Taynaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs əvvəllər tanıdığı Zərərçəkmiş şəxs1 həyat yoldaşı Şahid2 xəstəliyi ilə bağlı kəsilmiş təqaüdünü bərpa elətdirəcəyi adı ilə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 29 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən “Bizim market”də olan “e-Manat” ödəmə terminalı vasitəsi ilə özünə məxsus “Kapital Bank ASC”yə aid 4169 7387 6986 5803 nömrəli kart hesabına 200 manat, 2022-ci ilin may ayının ortalarında Ağcabədi rayonuunun Taxtakörpü qəsəbəsi ərazisində yerləşən “Dəniz” market”də olan “e-Manat” ödəmə terminalı vasitəsi ilə özünə məxsus “Kapital Bank ASC”yə aid 4169 7387 6986 5803 nömrəli kart hesabına 200 manat, 2022-ci ilin iyun ayının sonlarında Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən “Neptun” marketin qarşısında 200 manat pulu nağd şəkildə, 2022-ci ilin avqust ayının sonlarında Ağcabədi rayonunun Hacıbədəlli kəndi ərazisində “dörd yol” adlanan yerdə “Laçın” marketin qarşısında 150 manat pulu nağd şəkildə, 2022-ci ilin noyabr ayının əvvəllərində Ağcabədi şəhəri, F.Əlizadə küçəsində, “Kapital Bank ASC”nin qarşısında 750 manat pulu nağd şəkildə və 2023-cü ilin yanvar ayının əvvəllərində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində “Sevimli” marketin qarşısında 500 manat pulu nağd şəkildə, vahid niyyətlə ümumilikdə 2000 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs1 2000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən həmkəndlisi Zərərçəkmiş şəxs2 qaynı qızı Şahid1 Ağcabədi rayon Taynaq kənd tam orta məktəbinə qarderobçu işinə düzəldəcəyini yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 23 noyabr 2022-ci il tarixdə yaşadıqları kəndin ərazisində, yaşadığı evin qarşısında 700 manat və 30 noyabr 2022-ci il tarixdə yaşadıqları kəndin ərazində 1300 manat pulu nağd şəkildə vahid niyyətlə ümumilikdə 2000 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs2 2000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2005-ci ildən 2023-cü ilin sentyabr ayına kimi Ağcabədi rayon Taynaq kənd tam orta məktəbində riyaziyyat müəllimi işləmiş və öz ərizəsinə əsasən işdən azad olmuşdur. Zərərçəkmiş şəxs1 onun tələbə yoldaşı olmuşdur. 2022-ci ilin əvvəllərində Mehti ilə telefon əlaqəsi saxlamış və 2022-ci ilin mart ayında Ağcabədi rayonunda görüşmüşlər. Söhbət zamanı Mehti həyat yoldaşının pensiyasının kəsildiyini, sənədləri yığmaq lazım olduğunu, lakin vaxtının olmadığını ona bildirmişdir. O, da Mehtiyə bu işlə məşğul olacağını demişdir. O, Mehtiyə sənədlər düzəldikcə müəyyən xərclərinin çıxacağını da demişdir. Mehti də həmin xərcləri ödəyəcəyini demişdir. Bundan sonra Mehti həyat yoldaşı Gülnara məxsus sənədləri ona vermişdir. 29 aprel 2022-ci il tarixdə pula ehtiyacı olduğu üçün Mehti ilə əlaqə saxlamış və pensiya işi ilə əlaqədar 200 manat pul lazım olduğunu demiş, Mehti də həmin pulu onun kartına atmışdır. Bundan sonra hissə-hissə Mehtidən ümümilikdə 2000 manat pul almış və öz ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs2 onun həmkəndlisidir. Zərərçəkmiş şəxs2lə görüşərkən işlədiyi məktəbdə iş olub-olmadığını ondan soruşmuş, o, da Şirinə qarderobçu yeri olduğunu demişdir. Şirin qohumu Şahid1 işə düzəlmək istədiyini və bu işdə ona köməklik etməsini bildirmiş və həmçinin Şirin Şəbnəmin şəxsiyyət vəsiqəsinin və diplomunun surətini ona vermişdir. 2022-ci ilin noyabr ayında Şirinlə yaşadıqları kənddə görüşmüşlər və Şirin ona 700 manat pul vermiş və iş düzələndən sonra ona yenə də pul verəcəyini demişdir. O, həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan bir müddət sonra Şirin ona 1200 manat da vermişdir. Şirin ümumilikdə ona 2000 manat deyil, 1900 manat pul vermişdir. Həmin pulları da öz ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs1 aldığı pulun 18 aprel 2023-cü il tarixdə 500 manatını, bir müddət sonra isə 500 manatını Mehdiyə qaytarmış və qalan pulu da qaytaracağına söz vermişdir. Həmçinin Zərərçəkmiş şəxs2 aldığı pulun 2023-cü ilin yay aylarında 500 manatını, daha sonra isə 500 manatını Şirinə qaytarmışdır. Şirindən 1900 manat alsa da ona 2000 manat qaytaracaqdır, yəni 1000 manatını qaytarmış, 1000 manat da qaytaracaqdır. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyandan hər birinə 500 manat da ödəmiş və qalan 500 manatı da yaxın vaxtlarda ödəyəcəyinə söz vermişdir. Bu işlə əlaqədar zərər çəkmiş şəxslərdən üzr istəmiş və onlarla barışmışdır. Ona görə də məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin və şahidin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun tələbə yoldaşı olmuş və həmin vaxtdan da münasibətləri olmuşdur. 2020-ci ildə həyat yoldaşı Şahid2 xəstəliyi ilə bağlı aldığı pensiya dayanmışdır. 2022-ci ilin mart ayında Hafislə görüşərkən bu barədə ona demiş, Hafis də pensiyanı bərpa etdirə biləcəyini ona bildirmişdir. Hafis ilk öncə sənədlərin yığılması üçün təxminən 1000 manat pul lazım olduğunu demiş, o da həmin xərci verəcəyini bildirmişdir. Bundan sonra, həyat yoldaşı Gülnara məxsus sənədləri Hafisə vermişdir. 29 aprel 2022-ci il tarixdə o, Bakı şəhərində olarkən Hafis onunla telefon əlaqəsi saxlayaraq sənədlər üçün 200 manat pul istəmiş və o da həmin pulu Hafisin kartına atmışdır. Bundan sonra, Hafis hissə-hissə ondan cəmi 2000 manat pul almış, lakin pensiyanı düzəltməmişdir. Pensiyanın düzəlməməsini görüb verdiyi pulu Hafisdən tələb etməyə başlamış və Hafis 2 dəfəyə 500 manat, 500 manat olmaqla ona 1000 manat qaytarmışdır. Qalan 1000 manatı isə qaytaracağını bildirsə də müxtəlif bəhanələrlə pulu qaytarmamışdır. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyandan 500 manat da ödəmiş və qalan 500 manatı da yaxın vaxtlarda ödəyəcəyinə söz vermişdir. Təqsirləndirilən şəxs ilə barışmış, ondan şikayəti yoxdur və məhkəmədən Təqsirləndirilən şəxs köməklik olunmasını xahiş etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Belə ki, Hafis onun həmkəndlisidir və Hafislə normal münasibətləri olmuşdur. 2022-ci ilin payız aylarında Hafis onun yanına gələrək məktəb direktoru təyin olunduğunu bildirmişdir. Hafis ona məktəbdə xadiməçi, qarderobçu yerinin boş olduğunu, qohum-əqrəbada işə düzəlmək istəyən vardırsa həll edə biləcəyini və bu iş üçün 2000 manat pul alacağını da ona demişdir. Bundan sonra, o qaynı qızı Şahid1 bu barədə demiş, Şəbnəm də ona işə düzəlmək istədiyini, lakin hal-hazırda pulunun olmadığını bildirmişdir. O, Şəbnəmin sənədlərini alaraq 23 noyabr 2022-ci il tarixdə Hafislə Ağcabədi rayonunun Taynaq kəndində, Hafisin yaşadığı evin qarşısında görüşüb sənədləri və 700 manat pulu Hafisə vermişdir. Bundan bir neçə gün sonra qalan pulu da Hafisə vermişdir. Laki, Hafis Şəbnəmi işə düzəltməmişdir və bundan sonra Hafislə görüşüb verdiyi pulu ondan tələb etmişdir. Hafisə verdiyi pul onun özünün olmuşdur və Hafis aldığı puldan 1000 manat ona qaytararaq qalan 1000 manat pulu da qaytaracağına söz vermişdir. Lakin, Hafis qalan 1000 manat pulu ona qaytarmamışdır. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyandan 500 manat da ödəmiş və qalan 500 manatı da yaxın vaxtlarda ödəyəcəyinə söz vermişdir. Təqsirləndirilən şəxs ilə barışmış, ondan şikayəti yoxdur və məhkəmədən Təqsirləndirilən şəxs köməklik olunmasını xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun əridir. Təqsirləndirilən şəxs tanıyır. Onun xəstəliyi ilə bağlı aldığı təqaüd 2020-ci ildə dayandırılmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs bu işi həll edəcəyini Mehtiyə demiş, Mehti də onun pensiyasının düzəlməsi üçün ümumilikdə Hafisə hissə-hissə 2000 manat pul verəcəyini demişdir. Bundan bir müddət sonra Hafis Mehti ilə əlaqə saxlayaraq Bakı şəhərində olduğunu, təcili pul verməli olduğunu Mehtiyə demiş və Mehti də həmin vaxt Hafisə 200 manat pul göndərmişdir. Sonradan Mehti hissə-hissə Hafisə ümumilikdə 2000 manat pul vermişdir. Lakin, Hafis onun pensiyasını bərpa etdirməmişdir. Sonradan, Mehti verdiyi pulu Hafisdən tələb etmiş, Hafis aldığı pulun 1000 manatını Mehtiyə qaytarmış, qalan pulu isə qaytarmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-270/2023 saylı, 12 aprel 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin 03 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-270/2023 saylı, 12 aprel 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il şərti cəzasının sonu 03 may 2025-ci il tarixdə başa çatır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 10 sentyabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, cinayət nəticəsində ona dəymiş ziyandan 1500 manat Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, qalan 500 manat məbləği də ödəməsi barədə öz aralarında razılaşmışlar. Təqsirləndirilən şəxs şikayəti yoxdur və onunla barışmışdır. Təqsirləndirilən şəxs köməklik olunmasını xahiş etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, cinayət nəticəsində ona dəymiş ziyandan 1500 manat Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, qalan 500 manat məbləği də ödəməsi barədə öz aralarında razılaşmışlar. Təqsirləndirilən şəxs şikayəti yoxdur və onunla barışmışdır. Təqsirləndirilən şəxs köməklik olunmasını xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməllərini şərh olunan qaydada törədərək əvvəllər tanıdığı Zərərçəkmiş şəxs1 həyat yoldaşı Şahid2 xəstəliyi ilə bağlı kəsilmiş təqaüdünü bərpa elətdirəcəyi adı ilə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 29 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən “Bizim market”də olan “e-Manat” ödəmə terminalı vasitəsi ilə özünə məxsus “Kapital Bank ASC”yə aid 4169 7387 6986 5803 nömrəli kart hesabına 200 manat, 2022-ci ilin may ayının ortalarında Ağcabədi rayonuunun Taxtakörpü qəsəbəsi ərazisində yerləşən “Dəniz” market”də olan “e-Manat” ödəmə terminalı vasitəsi ilə özünə məxsus “Kapital Bank ASC”yə aid 4169 7387 6986 5803 nömrəli kart hesabına 200 manat, 2022-ci ilin iyun ayının sonlarında Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən “Neptun” marketin qarşısında 200 manat pulu nağd şəkildə, 2022-ci ilin avqust ayının sonlarında Ağcabədi rayonunun Hacıbədəlli kəndi ərazisində “dörd yol” adlanan yerdə “Laçın” marketin qarşısında 150 manat pulu nağd şəkildə, 2022-ci ilin noyabr ayının əvvəllərində Ağcabədi şəhəri, F.Əlizadə küçəsində, “Kapital Bank ASC”nin qarşısında 750 manat pulu nağd şəkildə və 2023-cü ilin yanvar ayının əvvəllərində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində “Sevimli” marketin qarşısında 500 manat pulu nağd şəkildə, vahid niyyətlə ümumilikdə 2000 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs1 2000 manat maddi ziyan vurmaqla dələduzluq etməsi və təkrarən həmkəndlisi Zərərçəkmiş şəxs2 qaynı qızı Şahid1 Ağcabədi rayon Taynaq kənd tam orta məktəbinə qarderobçu işinə düzəldəcəyini yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 23 noyabr 2022-ci il tarixdə yaşadıqları kəndin ərazisində, yaşadığı evin qarşısında 700 manat və 30 noyabr 2022-ci il tarixdə yaşadıqları kəndin ərazində 1300 manat pulu nağd şəkildə vahid niyyətlə ümumilikdə 2000 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs2 2000 manat maddi ziyan vurmaqla dələduzluq etməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 06 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 08 yanvar 2024-cü il tarixədə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 06 yanvar 2024-cü il tarixdən 08 yanvar 2024-cü il tarixədək həbsdə saxlanıldığı iki gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılıb üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və hökmün icrası Ağcabədi rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, Hacıyev X2 Ağır Cinayətlər Məhkəməsinin 1(099)-270/2023 saylı, 12 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş və cəzasını çəkib qurtarmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 27-ci bəndində 3-cü abzasında qeyd olunmuşdur ki, şərti məhkum edilmiş şəxsin birinci iş üzrə hökm çıxarılanadək başqa cinayət törədilməsində də təqsirli olması müəyyən edilərsə bu halda CM-nin 65-ci maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilmir, belə ki, CM-nin 71-ci maddəsində şərti məhkumetmənin ləğv edilməsi əsaslarının tam siyahısı verilmişdir. Belə hallarda birinci və ikinci işlər üzrə hökmlər müstəqil icra olunur. Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-270/2023 saylı, 12 aprel 2023-cü il tarixli hökmündən əvvəl törətdiyindən məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-270/2023 saylı, 12 aprel 2023-cü il tarixli hökmü müstəqil icra olunmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 iş saatı üçün hər iş saatına görə 6 manat hesab edilməklə 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İşdə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və həmin maddə ilə ona bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 yanvar 2024-cü il tarixdən 08 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq bir il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-270/2023 saylı, 12 aprel 2023-cü il tarixli hökmü müstəqil icra olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı göstərilmiş 15 (on beş) saat iş saatı müddətində hüquqi yardım üçün hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi verilməsi üçün Ağcabədi rayon Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №1(017)-77/2024
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-77/2024
27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver