Məhkəmə qərarları › İş №1(017)-77/2025

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-77/2025

10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-77/2025 10.09.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X2 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X2 Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs - (xx.xx.1986-cı il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 2 azyaşlı, 2 yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcabədi şəhəri İ.Məlikzadə küçəsi ev 3-də qeydiyyatda olan və Ağcabədi şəhəri X.Şuşinski küçəsi təzə məhəllədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusi ilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 0,418 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib 01 ədəd qızılı rəngli kağız bükümdə əynindəki qara rəngli şalvarın sağ yan cibində daşıyaraq saxlamış, 25 aprel 2025-ci il tarixdə Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qanunsuz olaraq psixotrop maddələri üzərində saxlamasında, istifadə etməsində və daşımasında şübhəli bilinərək Ağcabədi şəhəri, H.Hacıyev küçəsi ərazisində yerləşən “111” geyim malları mağazasının yaxınlığında saxlanılaraq saat 01:04-dən başlayaraq üzərinə yoxlama aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edib daşıyaraq saxladığı bir ədəd qızılı rəngli kağız bükümdə, təmiz çəkisi 0,418 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi şəhərində yaşayır. Təxminən bir ildir ki, hərdənbir psixotrop maddə olan metamfetamin qəbul edir. 24 aprel 2025-ci il tarixdə saat 19 radələrində Ağcabədi şəhəri, Heydər Əliyev prospekti ilə piyada gedən zaman yolun kənarında yerdə bir ədəd siqaretin qızılı rəngli kağız bükümü diqqətini çəkmişdir. Həmin kağız bükümü götürüb içinə baxanda içərisində “patı” kimi tanıdığı metamfetamin olduğunu görmüşdür. Həmin kağız bükümü öz şəxsi istifadəsi üçün cibinə qoyub üzərində saxlamış və cibində gəzdirmişdir. 25 aprel 2025-ci il tarixdə saat 01 radələrində Ağcabədi şəhəri, H.Hacıyev küçəsi ərazisində yerləşən “111” geyim malları mağazasının yaxınlığında olan zaman mülki formada olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və psixotrop maddə gəzdirməkdə və saxlanılmasında şübhəli olduğunu bildirib üzərinə baxış keçiriləcəyini demişlər. Heç bir etiraz etməmişdir. Video çəkilişlə üzərinə baxış keçirilmiş və ondan üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. Əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli bükümü könüllü olaraq təqdim etmişdir. Qara rəngli şalvarın sağ yan cibindən təqdim etdiyi qızılı rəngli bükümün içərisində olan kütlənin “patı” adlandırdığı metamfetamin olduğunu bildirmişdir. Üzərinə baxış keçirilmiş və bundan başqa üzərində başqa hər hansı cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Qara rəngli şalvarın sağ yan cibindən təqdim etdiyi qızılı rəngli kağız baxış keçirilən zaman içərisində kristal şəkilli, psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Daha sonra büküm aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq möhürlənib götürülmüşdür. Bütün bunlardan sonra protokol tərtib olunmuş və orada iştirak edənlərin hamısı və o cümlədən də özü həmin protokolu imzalamışdır. Hazırda törətdiyi əmələ görə peşmandır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Ağcabədi rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onun Təqsirləndirilən şəxs ilə heç bir münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. Ona Təqsirləndirilən şəxs mütəmadi olaraq psixotrop maddə qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də tərəfindən qanunvericiliyin tələblərini rəhbər tutaraq “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qəbul edilərək əməliyyat-axtarış qrupu yaradılmışdır. Qrupun tərkibinə Ağcabədi rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 və PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 daxil olmuşdur. Qrupa rəhbərliyi özü həyata keçirmişdir. Həmin qərar şöbə rəhbərliyinə məruzə edilərək, şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra həmin şəxsin saxlanılması üçün tərəflərindən zəruri tədbirlər görülmüşdür. 25 aprel 2025ci il tarixdə saat 01 radələrində tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində psixotrop maddə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda və daşımaqda şübhəli olan Cəfərov X1 şəhəri, H.Hacıyev küçəsində “111” geyim malları mağazasının yaxınlığında olarkən yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan edib hüquq və vəzifələri izah edilmişdir. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdən 50 metr aralıda Təqsirləndirilən şəxs üstünü yoxlamağa başlamışlar. Üstünə yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və ya psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd siqaretin qızılı rəngli kağız bükümündə olan metamfetaminə bənzər vasitəni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində metamfetaminə oxşar kütlə ilə bağlı verilən suallara cavab olaraq bildirmişdir ki, içərisində metamfetamin olan kağız bükümü 24 aprel 2025-ci il tarixdə saat 19 radələrində Ağcabədi şəhəri, H.Əliyev prospekti ilə piyada gedən zaman yerdən tapdığını bildirmişdir. Həmin psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq ekspertizaya təqdim edilməsi üçün Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar, həmçinin onun tərəfindən imzalanmışdır. Onun üzərinə baxış keçirilərkən əlavə olaraq başqa bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verdilər. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 18/344 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “..Təqsirləndirilən şəxs ..imza” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,418 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,418 qram tədqiqata istifadə olundu 0,05 qram, qalıq 0,368 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 31 manat 95 qəpik təşkil edir. İş materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan və arayışdan görünür ki, hazırkı iş üzrə ekspertiza tədqiqatından sonra qalıq qalan 0,368 qram çəkidə olan metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağcabədi rayon Polis şöbəsinə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 862 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən epizodik istifadə etmə halları olub. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2025ci il tarixli tələbnaməsindən görünür ki Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Onun barəsində nümayəndəliyə ərizə və şikayət xarakterli müraciət daxil olmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı, 2 yetkinlik yaşına çatmayan (xx.xx.2008-ci, xx.xx.2010-cu, xx.xx.2011-ci və xx.xx.2023-cü il təvəllüdlü) uşağı vardır. İş materiallarına əlavə olunmuş Ağcabədi rayon MRX Publik hüquqi şəxsin verdiyi xx.xx.2025-ci tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs poliklinikada ruhi-əsəb və narkoloji kabinetdə qeydiyyatda durmur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə, azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində 2 azyaşlı, 2 yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və dərhal saxlandığı Ağcabədi RPŞ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət, yəni xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinə kimi olan müddət nəzərə alınaraq ona təyin olunan azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalıdır. Məhkəmə, cəza təyin edərkən cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi, ilk dəfə az ağır cinayət törətməsi, himayəsində 2 azyaşlı, 2 yetkinlik yaşına çatmayan uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması kimi şəxsiyyətini xarakterizə edən halları, cəza təyin edilməsində ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi tutulduğu müddət, yəni 2 (iki) gün (xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinə kimi olan müddət) bir günə iki gün hesabı ilə ona təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, maddi sübut kimi tanınaraq Ağcabədi rayon Polis şöbəsində saxlanılan, qalıq çəkisi 0,368 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə xərci olan 31 manat 95 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçilərə (vəkillərə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 iş saatı üçün 165 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırması cəzası təyin edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 (iki) gün (xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək) həbsdə saxlama müddətini nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın; barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağcabədi rayon poliklinikasının narkoloji kabinetində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan Ağcabədi rayon Polis şöbəsində saxlanılan, qalıq çəkisi 0,368 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 31 manat 95 qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmün icrası - Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə 15 iş saatı üçün 165 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar