Məhkəmə qərarları › İş №1(017)-79/2024

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-79/2024

13.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-79/2024 13.05.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1980-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Ağcabədi Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 12 avqust 2023-cü il tarixdən 14 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı iki gün müddət cəzasından çıxılmaqla üzərində qəti olaraq bir il beş ay iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzasını çəkib qurtarmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs xeyli miqdarda, yəni təmiz çəkisi 465 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib 01 ədəd sellofan bükümündə daşıyaraq üzərində saxlamış, 30 yanvar 2024-cü il tarixdə saat 15 radələrində Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı Ağcabədi şəhəri, Şəmil Cəmşidov küçəsində saxlanılaraq Ağcabədi rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə olan qurudulmuş marixuana əynindəki qara rəngli gödəkçənin ön iç səthindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 30 yanvar 2024-cü il tarixdə balıq tutmağa gedərkən “Qarabağ” kanalının yanından bir ədəd sellofan bükülü tapmış və bükülüyə baxarkən içərisində qurudulmuş marixuana olmasını görmüşdür. Həmin marixuananı əynindəki qara rəngli gödəkçənin ön iç səthinə quyub evlərinə gedərkən yaşadığı Ağcabədi şəhəri, Şəmil Cəmşidov küçəsində bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək onu Ağcabədi rayon polis şöbəsinə aparmışlar. Polis Şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmiş və ona üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, eləcə də narkotik vasitə və ya psixotrop maddə vardırsa könüllü təqdim etməsi təklif olunmuşdur. O, da əynindəki qara rəngli gödəkçənin ön iç səthində saxladığı, içərisində marixuana olan bükülünü təqdim etmişdir. Polis əməkdaşları həmin bükülüyə baxış keçirmişlər. Bundan sonra, üzərində əlavə şəxsi axtarış keçirilmiş, lakin üzərindən heç bir qanunsuz əşya və ya predmet, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Törətdiyi əmələ görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidin ifadəsi, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ağcabədi RPŞ-nin NMQ-nun baş əməliyat müvəkkili vəzifəsində işləyir. 30 yanvar 2024-cü il tarixdə Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs cinayətkar əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat tədbirləri keçirməyə başlamışlar. Təqsirləndirilən şəxs həmin gün, yəni 30 yanvar 2024-cü il tarixdə yaşadığı Ağcabədi şəhəri, Şəmil Cəmşidov küçəsində saxlanılaraq RPŞ-yə gətirilmiş, Ağcabədi RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs hüquqları izah edilmiş və o üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin ön iç səthindən bir ədəd sellofan bükülü təqdim edərək içərisində qurudulmuş marixuana olmasını bildirmişdir. Bükülü açılaraq baxış keçirərkən içərisində kəskin spesifik iyə malik narkotik vasitə olan marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin büküm elektron tərəzidə çəkilmiş, kağız konvertdə qablaşdırılmış və həmin kütlə ekspertizaya təqdim edilməsi üçün Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən əlavə olaraq başqa bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş marixuananın haradan əldə etməsi və nə məqsədlə üzərində saxlaması soruşularkən o, həmin narkotik vasitəni tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşqul olması barədə məlumat olmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan regional bölməsinin 31 yanvar 2024-cü il tarixli 18/130 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan polietilen torba bağlamadakı 1 ədəd polietilen torbada, təmiz çəkisi 465,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kusat üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji dispanserinin 28 mart 2024-cü il tarixli 545 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. İİ qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 1(017)-160/2023 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 12 avqust 2023-cü il tarixdən 14 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı iki gün müddət cəzasından çıxılmaqla üzərində qəti olaraq bir il beş ay iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin 25 aprel 2024-cü il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 1(017)-160/2023 saylı hökmü ilə qəti olaraq təyin edilmiş bir il beş ay iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 30 yanvar 2024-cü il tarixədək 02 ay 15 gününü çəkmiş, 01 il 03 ay 11 gün çəkilməmiş cəzası qalmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 30 yanvar 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 01 aprel 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 25 avqust 2010-cu il təvəllüdlü X2 adlı bir nəfər azyaşlı uşaqları vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 02 aprel 2024-cü il tarixli çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs İİ dərəcəli müddətsiz əlildir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 01 aprel 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək xeyli miqdarda, yəni təmiz çəkisi 465 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib 01 ədəd sellofan bükümündə daşıyaraq üzərində saxlaması və 30 yanvar 2024-cü il tarixdə saat 15 radələrində Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı Ağcabədi şəhəri, Şəmil Cəmşidov küçəsində saxlanılaraq Ağcabədi rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə olan qurudulmuş marixuana əynindəki qara rəngli gödəkçənin ön iç səthindən aşkar edilərək götürülməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini, İİ dərəcəli müddətsiz əlil olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 1(017)-160/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 12 avqust 2023-cü il tarixdən 14 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı iki gün müddət cəzasından çıxılmaqla üzərində qəti olaraq bir il beş ay iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, 30 yanvar 2024-cü il tarixədək təyin olunmuş cəzadan 02 ay 15 gününü çəkmiş, 01 il 03 ay 11 gün çəkilməmiş cəzası qalmış və Ağcabədi Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli qərarı ilə barəsində həbs etmənin əvvəli 30 yanvar 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinin tələbinə görə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına Ağcabədi Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 1(017)-160/2023 saylı hökmü ilə qəti olaraq təyin edilmiş və çəkilməmiş qalan 01 il 03 ay 11 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub hesablanmaqla qismən birləşdirilib qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji dispanserinin 28 mart 2024-cü il tarixli 545 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Ağcabədi rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 464,9 qram (ilkin xalis çəkisi 465,0 qram) narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 49 manat 74 qəpik təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 iş saatı üçün hər iş saatına görə 6 manat hesab edilməklə 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona on ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunmuş on ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Ağcabədi Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 1(017)-160/2023 saylı hökmü ilə qəti olaraq təyin edilmiş və çəkilməmiş qalan bir il üç ay on bir gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub hesablanmaqla qismən birləşdirilib Təqsirləndirilən şəxs üzərində qəti olaraq bir il üç ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 30 yanvar 2024-cü il tarixdən hesab edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ağcabədi rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 464,9 qram (ilkin xalis çəkisi 465,0 qram) narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı göstərilmiş 10 (on) saat iş saatı müddətində hüquqi yardım üçün hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 60 (altımış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi verilməsi üçün Ağcabədi rayon Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar