Məhkəmə qərarları › İş №1(017)-84/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-84/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-84/2023 23.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, Təqsirləndirilən şəxs və onun nümayəndəsi Ağcabədi rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1976-cı il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, oğlu Vətən Müharibəsi iştirakçısı olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,666 qram çəkidə narkotik vasitə olan heroini qəsdən istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib «ARQO» markalı siqaret qutusunun içərisində 01 ədəd polietilen kəsiyi bükümündə əynindəki qara rəngli qış gödəkcəsinin sağ yan cibində daşıyaraq saxlamış, 08 yanvar 2023-cü il tarixdə saat 17.30 radələrində Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat – axtarış tədbirləri zamanı Ağcabədi şəhəri ərazisində Nəsimi küçəsində saxlanılaraq ünvan 2 ünvanda yerləşən Ağcabədi rayon PŞ-nin inzibati binasına gətirilib tarixdə saat 17:45dən başlayaraq üzərinə şəxsi axtarış aparılan zaman qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib «ARQO» markalı siqaret qutusunun içərisində 01 ədəd polietilen kəsiyi bükümündə əynindəki qara rəngli qış gödəkcəsinin sağ yan cibində daşıyaraq saxladığı ümumi təmiz çəkisi 0,666 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanda yaşayır fərdi əmək fəaliyyəti ilə məşğul olur. X17 Vətən Müharibəsi iştirakçısıdır, bir neçə medallarla təltif edilmişdir. O, təxminən 2-3 ildir ki, narkotik vasitələrdən əsasən kakos deyə bildiyi narkotik vasitə olan heroindən istifadə edir, tutulduğu gündən təxminən 2 gün əvvəl yaşadığı Nəsimi küçəsində piyada yol kənarı ilə hərəkətdə olan zaman yerdə siqaret qutusu görmüş və onu əyilib yerdən götürmüşdür. Həmin siqaret qutusunun ağzı açıq olmuş və içərisinə baxdıqda siqaret gilələri görünüb. Oda həmin siqareti çəkmək üçün götürmüş və siqaret qutusunun içərisinə baxdıqda içində 01 ədəd sellofan büküm görmüşdür. Həmin sellofan bükümün içərisində kakos deyə bildiyi narkotik maddə olduğunu görmüşdür. Həmin bükümdəki maddədən istifadə etmək məqsədilə cibinə qoyub oradan uzaqlaşmışdır. Sonra həmin narkotik maddədən az miqdarda istifadə etmişdir. Qalan hissəsini isə üzərində saxlamışdır. 08 yanvar 2023-cü il tarixdə yaşadığı küçədə olan zaman bir neçə şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər və ona narkotik maddədən istifadə etməyi ilə bağlı şübhəli olmasını deyib rayon polis şöbəsinə getməli olduqlarını demişlər. O, etiraz etməmiş və onlar birlikdə rayon polis şöbəsinə gəlmişlər. Ağcabədi rayon polis şöbəsinin inzibati binasında xidməti otaqların birində ona Əbülhəsən Əmirov müdafiəçi təyin olunmaqla bütün hüquqları izah olunmuş və polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. İlk öncə ona üzərində narkotik vasitə əgər varsa könüllü təqdim etməyi təklif edilmişlər. Oda əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən bir ədəd “ARQO” markalı siqaret qutusu çıxarıb təqdim etmişdir. Həmin siqaret qutusunun içərisində kakos deyə bildiyi narkotik vasitə olmuşdur. Təqdim etdiyi siqaret qutusunun içərisindəki sellofan bükülü aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmişdir və çəkisinin 0,74 qram olması məlum olmuşdur. Üzərinə keçirilən şəxsi axtarış zamanı başqa narkotik maddə və ya cinayət xarakterli əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə aşkar edildiyi qaydada ağ rəngli kağız zərfdə qablaşdırılmaqla iştirakçılar tərəfindən imzalanmış və möhürlənmişdir. O, alınmış ekspertiza rəyində üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan bükümdəki narkotik vasitə olan heroinin təmiz çəkisinin 0,666 qram olmasını bilmiş və rəydən razı olmuşdur. O, heç kimə narkotik vasitə verməmiş və satmamışdır. Hazırda törətdiyi əmələ görə çox peşman olduğunu və oğlunun Vətən Müharibəsi iştirakçısı olduğunu bildırib, ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək göstərdi ki, Ağcabədi rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağcabədi rayon Polis Şöbəsinə 08 yanvar 2023-cü il tarixdə ünvan 5 ünvanda yaşayan xx xxxxx 1976-cıil təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı tərəfindən aidiyyatı üzrə rəhbərliyə məruzə edildikdən sonra qərarı ilə Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirləri keçirilməsi üçün ondan və Ağcabədi RPŞ-in PPXB-in polis nəfəri Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs 08 yanvar 2023-cü il tarixdə saat 17:30 radələrində Ağcabədi şəhər ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Onlar Təqsirləndirilən şəxs yaxınlaşan zaman Təqsirləndirilən şəxs narkotik maddələrdən qanunsuz istifadə etməsi və üzərində daşıması ilə bağlı şübhəli olmasını və bununla bağlı olaraq rayon polis şöbəsinə gəlməli olduğunu izah etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və onlar birlikdə rayon polis şöbəsinə gəlmişlər. Rayon polis şöbəsinin inzibati binasında xidməti otaqların birində təhqiqatçı Fərəc Mehtiyev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmuşdur. Təqsirləndirilən şəxs öz imkanı olmadığına görə dövlət hesabına vəkil təyin edilməsini xahiş etmişdir. Bundan sonra təhqiqatçının qərarı ilə dövlət hesabına vəkil X2 müdafiəçi təyin olunmuşdur. Müdafiəçi qismində dəvət edilmiş Əbülhəsən Əmirovun və digər polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı X15 Məmmədova hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra Ziyəddinə şübhənin mahiyyəti izah olunaraq üzərinə video çəkiliş aparılmaqla şəxsi axtarış keçirələcəyi elan edilmişdir. Daha sonra Ziyəddinə üzərində olan narkotik vasitə və ya cinayət xarakterli əşya varsa təqdim etməsini təkif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd “ARQO” markalı siqaret qutusu çıxarıb təqdim etmişdir. Həmin siqaret qutusu açıldıqda içərisində 01 ədəd sellofan bükümdə kütlə aşkar edilmiş və həmin sellofan bükümə baxış keçirildikdə içərisində narkotik vasitə olan heroinə bənzər kütlələr olmasını aşkar etmişlər. Təqsirləndirilən şəxs həmin sellofan bükümdəki maddələrin özünə məxsus olmasını bildirmişdir. Daha sonra Ziyəddinin üzərinə razılığı ilə şəxsi axtarış keçirilmiş və hər hansı bir narkotik və ya psixotrop maddə və cinayət xarakterli əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar olunduğu qaydada yəni sellofan kəsiyində təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 0,74 qam olması onlara məlum olmuşdur. Bundan sonra aşkar edilmiş həmin 01 ədəd sellofan büküm ağ rəngli kağız zərfdə qablaşdırılmaqla iştirakçılar tərəfindən imzalanmış və rayon polis şöbəsinin 143 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarışın sonunda protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra keçirilən ekspertiza üzrə ekspertin rəyində şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinin 0,666 qram çəkidə olduğunu bilmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş kütlə aşkar edildiyi vəziyyətdə yəni bir ədəd sellofan bükümdə çəkilmişdir. Həmin kütlə tərəzinin üzərinə tökülərək çəkiləcəyi təqdirdə itkiyə gedəcəyindən ehtiyyat edilərək aşkar olunduğu kimi çəkilmişdir. Ekspertizanın tərəzisi rəsmi standartlara uyğun olduğu üçün daha dəqiq çəkini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan 08 yanvar 2022-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1, PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid2 və TB-nin təhqiqatçısı, polis kapitanı X12, PPXB-nin polis nəfəri, polis kiçik serjantı X7 və Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi edilməsi məqsədilə müdafiəçi təyin edilmiş Ağcabədi rayon vəkil bürosunun müdiri X1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd “ARQO” markalı siqaret qutusunun içərisində polietilen kəsiyi bükümündə ümumi çəkisi 0,74 qram narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 08 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 yanvar 2023-cü il tarixdən 10 yanvar 2023cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 10 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 10 yanvar 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, evə buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X10 Bölməsinin 09 yanvar 2023-cü il tarixli, 18/25 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən ...” sözləri və imzaları olan kağız paketdə 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,666 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Aşkar edilmiş heroinin ümumi çəkisi 0,666 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq 0,616 qramdır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı»na daxildir. (1 siyahı) İş materiallarında olan Ağcabədi rayon polis şöbəsinin əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə olan heroindan mütəmadi olaraq istifadə etmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroin onun özünə məxsus olmuş, həmin narkotik vasitəni haradan və ya kimdən əldə etməsini müəyyən olunmamış, istifadəsi üçün narkotik vastələri əldə etdiyi mənbəni, onun narkotik vasitələrin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarnda olan X9 01 aprel 2023-cü il tarixli, 587 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Ağcabədi rayon X11 Hüquqi şəxsin» verdiyi 24 fevral 2023cü il tarixli, 181 saylı arayışdan görünür ki, Məmmədov X6 RMX-nın publik hüquqi şəxsin poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda durmur. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Ağcabədi RİHB-nin Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 16 mart 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, xx xxxxx 1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli, 2363 nömrəli sərəncamı ilə X4 «Zəngilanın azad olunmasına görə», 29 dekabr 2020-ci il tarixli, 2368 nömrəli sərəncamı ilə «Suqovuşanın azad olunmasına görə» və Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 30 dekabr 2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının «Sücaətə görə» medalları ilə təltif olunmuşdur. Məhkəmə toplanmış və araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,666 qram çəkidə narkotik vasitə olan heroini əldə edib saxlaması, özünün etiraf etməsi, şahid ifadələri, məhkəmə-narkoloji ekspertizasının rəyi ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 5ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə. Gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.) təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X5 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, oğlu X14 Müharibəsi iştirakçısı olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla onun islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək (narkomaniyadan məcburi mualicə olunması ilə bağlı hal nəzərə alınmaqla), narkomaniyadan müalicə kursu keçmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuna müvafiq hesab edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 08 yanvar 2023-cü il tarixdən 10 yanvar 2023-cü il tarixədək olan iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəzasının 4 günü, təyin edilmiş cəzasından çıxılmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alıb hesab edir ki, ona Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs “Ağcabədi rayon Mərkəzi Xəstəxanası» publik şəxsin poliklinikasının narkoloji kabinetində qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan Ağcabədi rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalan 0,616 qram narkotik vasitə olan heroin məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına -AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-356, 358 və 383-385-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 yanvar 2023-cü il tarixdən 10 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının 4 günü, təyin edilmiş cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq bir il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək (narkomaniyadan məcburi mualicə olunması ilə bağlı hal nəzərə alınmaqla), narkomaniyadan müalicə kursu keçmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli Ağcabədi rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs “Ağcabədi rayon Mərkəzi Xəstəxanası» publik şəxsin poliklinikasının narkoloji kabinetində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübut olan – tədqiqatdan sonra qalıq qalan 0,616 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına -AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar