Məhkəmə qərarları › İş №1(017)-85/2024

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-85/2024

11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-85/2024 11.06.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1973-cü il tarixdə Ağcabədi rayonu, Hindarx qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, nataman orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bir il altı ay müddətə azadlıqdan məhrumetmə cəzasına və Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-nin 234.2-ci maddəsi ilə dörd il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilmiş, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla hazırda həmin qəsəbədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respubublikasının 21 noyabr 2023-cü il tarixli qanununda göstərilən xeyli miqdarda, yəni təmiz çəkisi 0,310 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən satiş məqsədi olmadan qanunsuz olaraq əldə edib 01 ədəd bükümdə daşıyaraq üzərində saxlamış, 25 mart 2024-cü il tarixdə Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı Ağcabədi şəhəri, Hindarx qəsəbəsində, yaşadığı evin yaxınlığında saxlanılaraq saat 12:00 radələrində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, 39 ünvanında yerləşən Ağcabədi rayon Polis şöbəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 12:25-dən başlayaraq üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli gödəkçənin sol yan cibində, “Vest” markalı siqaret qutusunun içərisində olan gümüşü rəngli bükümdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda istintaqa məlum olmayan vaxt və mənbədən əldə edib daşıyaraq üzərində saxladığı, təmiz çəkisi 0,310 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Ağcabədi rayonu, Hindarx qəsəbəsində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Narkotik vasitə olan heroindən istifadə edir, narkotik vasitələri tanımadığı şəxslərdən əldə etmişdir. 24 mart 2024-cü il tarixdə saat 12 radələrində Ağcabədi rayonu, Hindarx qəsəbəsində parkda piyada gəzərkən yerdə siqaretin gümüşü kağızına bükülmüş vəziyətdə olan büküm görmüş və əyilib həmin bükümü götürüb içərisinə baxmış, bükümdə istifadəçisi olduğu üçün tanıdığı narkotik vasitə olan heroin olmasını görmüşdür. Həmin bükümü götürüb istifadə etmək məqsədilə “Vest” siqaret qutusunun içərisinə yerləşdirib göy rəngli gödəkçəsinin sol yan cibinə qoymuşdur. 25 mart 2024-cü il tarixdə təxminən saat 12 radələrində Ağcabədi rayonu, Hindarx qəsəbəsində yaşadığı evə yaxınlaşdıqda ona bir neçə nəfər mülki geyimli şəxs yaxınlaşmış və xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Ona saxlanma səbəbini, hüquq və vəzifələrini izah edib onu Ağcabədi rayon polis şöbəsinə gətirmişlər. Ourada onun üçün dəvət edilmiş müdafiəçinin iştirakı ilə, xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində hər hansı qanunsuz əşya və ya predmet, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, əynində olan göy rəngli gödəkçəsinin sol yan cibində “Vest” siqaret qutusunun içərisində saxladığı gümüşü rəngli kağıza bükülmüş vəziyətdə olan bükümü təqdim etmişdir. Polis əməkdaşları həmin bükümə baxış keçirmiş, bükümün içərisində toz halında, qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar kütlə olması müəyyən edilmişdir. Daha sonra siqaretin gümüşü rəngli kağızına bükülmüş kütlə aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmiş və çəkisi bükümlə birlikdə 0,58 qram olmuşdur. Aşkar edilmiş büküm içərisində heroinə oxşar kütlə aşkar olunduğu qaydada 01 ədəd kağız zərfdə qablaşdırılmış, üzəri yazılmış, möhürlənmiş və imza etmişdir. Sonra onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, üzərindən heç bir qanunsuz əşya və ya predmet, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini yerdən tapmış, üzərində saxlamaqda məqsədi özü istifadə etmək olmuşdur. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir formada zor tətbiq edilməmişdir. Hazırda törətdiyi əməldən peşman olmasını və qardaşı X4 İ Qrarbağ müharibəsi veteranı olamasını bildirib, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Ağcabədi rayon Polis Şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, Ağcabədi rayon Polis Şöbəsinə rayonun Hindarx qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs 25 mart 2024-cü il tarixdə saat 12 radələrində Ağcabədi rayonu, Hindarx qəsəbəsi ərazisində tərəflərindən saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində təhqiqatçı X13 tərəfindən müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki göy rəngli gödəkçənin sol yan cibindən üzərinə “West” yazılan bir qutu siqareti çıxarmış və qutunun içərisində olan gümüşü rəngli bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində əlavə olaraq şəxsi axtarış və müayinə aparılmış, onun üzərindən başqa cinayət xarakterli əşya, o cümlədən digər narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Lakin Təqsirləndirilən şəxs üzərindən “İNOİ” markalı mobil telefon, bir ədəd cib dəsmalı, bir ədəd alışqan və bir kağız bükümdə duz aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilən gümüşü rəngli büküm iştirakçıların və müdafiəçinin iştirakı ilə açılıb baxıldıqda, içərisində qəhvəyi rəngli, spesfik qoxuya malik narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Aşkar edilən narkotik vasitə heroinə oxşar kütlə büküm ilə birlikdə elektron tərəzisində çəkilmiş və çəkisi 0,58 qram olmuşdur. Həmin aşkar edilərək götürülmüş kütlə çəkildikdən sonra iştirakçıların və müdafiəçinin iştirakları ilə qablaşdırılaraq üzəri möhürlənib imzalanmışdır. Bundan başqa Təqsirləndirilən şəxs aşkar edilən mobil telefon götürülmüş, Təqsirləndirilən şəxs aşkar edilən içərisində 17 ədəd siqaret dənəsi olan West” siqaret qutusu, alışqan, əl dəsmalı və bir bükümdə olan duz onun özünə qaytarılmışdır. Bütün bunlardan sonra protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin özünə məxsus olduğunu, yaşadığı Ağcabədi rayonu, Hindarx qəsəbəsindən siqaretin gümüşü kağızına bükülmüş vəziyyətdə tapdığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin əməkdaşı Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə verdi. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 25 mart 2024-cü il tarixli qərardan görünür ki, Ağcabədi rayonu, Hindarx qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin aparılması məqsədi ilə Ağcabədi RPŞ-nin NMQnun baş əməliyyat müvəkkili Şahid1 və Ağcabədi RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid2 ibarət əməlliyyat qrupu yaradılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 25 mart 2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, həmin gün saat 12:25-dən 12:55-dək Ağcabədi RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, Ağcabədi RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid2 və Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi edilməsi məqsədilə müdafiçi təyin edilmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun əynində olan göy rəngli gödəkçənin sol yan cibində “West” siqaret qutusunun içərisində saxladığı bir ədəd gümüşü rəngli bükümdə 0,58 qram çəkidə narkotik vasitə heroinə oxşar kütlə və əynindəki qara rəngli şalvarın sağ yan cibindən “İNOİ” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş diskə baxış keçirilməsinə dair protokoldan aydın olur ki, diskdə olan görüntülərdə Ağcabədi RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X13 tərəfindən Ağcabədi RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, Ağcabədi RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid2 və Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi edilməsi məqsədilə müdafiçi təyin edilmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməsi, şəxsi axtarış zamanı onun əynində olan göy rəngli gödəkçənin sol yan cibində “West” siqaret qutusunun içərisində saxladığı bir ədəd gümüşü rəngli bükümdə 0,58 qram çəkidə narkotik vasitə heroinə oxşar kütlənin və əynindəki qara rəngli şalvarın sağ yan cibindən “İNOİ” markalı mobil telefonun aşkar edilərək götürülməsi müşahidə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 27 mart 2024-cü il tarixli baxış keçirilməsinə dair protokoldan və qəbzdən görünür ki, Təqsirləndirilən şəxs 25 mart 2024cü il tarixdə götürülən “İNOİ” markalı mobil telefona baxış keçirilimiş, telefonda iş üçün sübut əhəmiyyəti kəsb edən fayllar, mətn mesajlar və zənglər aşkar edilməmiş və telefon sahibi Təqsirləndirilən şəxs qaytarılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon polis şöbəsinə verilmiş xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin onun özünə məxsus olmuş, həmin narkotik vasitəni haradan və ya kimdən əldə etməsini müəyyən olunmamış, istifadəsi üçün narkotik vastələri əldə etdiyi mənbəni, onun narkotik vasitələrin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsinin 26 mart 2024-cü il tarixli, 3-16-16/2- 18/328 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs əynindəki...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,310 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azrbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. Aşkar edilmiş heronin təmiz çəkisi 0,310 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 0,260 qramdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azrbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən alınanxx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Ağdam rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş X8 09 aprel 2024-cü il tarixli, 619 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon X12 Hüquqi Şəxsinin 06 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin narkoloji kabinetində qeydiyyatda dayanır. O, ruhi-əsəb kabinetində dispanser qeydiyyatında deyildir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 09 aprel 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayonu Hərbi Komissarlığı tərəfindən verilmiş 014060 nömrəli, xx.xx.1998-ci il tarixli vəsiqədən görünür ki, X9 müharibə veteranıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında elan edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X1 Səttar Tohid oğlunun qardaşıdır. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni təmiz çəkisi 0,310 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib bir ədəd “Vest”markalı siqaret qutusunun içərisində olan gümüşü rəngli bükümdə əynində olan göy rəngli gödəkçənin sol yan cibində saxlaması və 25 mart 2024cü il tarixdə saat 12 radələrində Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ağcabədi rayonu, Hindarx qəsəbəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Ağcabədi rayon Polis şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış aparılarkən həmin narkotik vasitə olan heroini bir ədəd “Vest” markalı siqaret qutusunun içərisində olan gümüşü rəngli bükümdə aşkar edilərək götürülməsi məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və qardaşının İ Qarabağ müharibəsi veteranı olamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun əvvəllərdə eyni xarakterli cinayət törətməsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 25 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 27 mart 2024-cü il tarixədə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 25 mart 2024-cü il tarixdən 27 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli bu gündən, yəni 11 iyun 2024cü il tarixdən hesab edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəsətəxnası” Publik hüquqi şəxsin poliklinikasının narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Ağcabədi rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 0,260 qram (ilkin xalis çəkisi 0,310 qram) çəkidə narkotik vasitə olan heroin məhv edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 31 manat 95 qəpik təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən həmin xərc Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Yaşaq qızına dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 iş saatı üçün hər iş saatına görə 6 manat hesab edilməklə 108 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona bir il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 mart 2024-cü il tarixdən 27 mart 2024-cü il tarixə kimi tutularaq iki gün saxlanılması ona təyin olunmuş doqquz ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından dərhal həbsə alınsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli bu gündən, yəni 11 iyun 2024-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəsətəxnası” Publik hüquqi şəxsin poliklinikasının narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Ağcabədi rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 0,260 qram (ilkin xalis çəkisi 0,310 qram) narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs 31 manat 95 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ( Az.MEM.VÖİN **********, X3 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ ********************, hesab Az 34 CTRE********************) keçirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı göstərilmiş 18 (on səkkiz) saat iş saatı müddətində hüquqi yardım üçün hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 108 (yüz səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi verilməsi üçün Ağcabədi rayon Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətə Ağcabədi rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar