Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-87/2024 13.06.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1991-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki nəfər azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcabədi Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 21 fevral 2023-cü il tarixdən 23 fevral 2023-cü il tarixədək həbsdə saxlanma müddəti, yəni iki gün müddət nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, cəzasını çəkib qurtarmamış, Ağcabədi şəhəri, Ə.Bünyadov küçəsi, ev 13-də qeydiyyatda olan, Ağcabədi şəhəri, N.Abdullayev küçəsi, ev 28-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 10 fevral 2024-cü il tarixdə saat 21 radələrində Ağcabədi rayonunun Minəxorlu kəndi ərazisində yerləşən, həmin kənd sakini Şahid1 və qeyrilərinin istifadə etdikləri, ictimai əhəmiyyətli Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin X2 İdarəsinə məxsus 11-337 reper nömrəli subartezian quyusunun elektrik transformatorunun 300 metr uzunluğunda 2100 manat dəyərində VPP-25 markalı mis materialından olan elektrik xəttini özü ilə gətirdiyi kəlbətin ilə kəsərək, ümumilikdə "xxxx" ASC-nin X2 İdarəsinə 2100 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xeyli vaxtdır ki, metal alqı-satqısı ilə məşqul olur. 10 fevral 2024-cü il tarixdə saat 21 radələrində özünə məxsus QAZ-3129 markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobillə metal yığmaq üçün Ağcabədi rayonunun Minəxorlu kəndinə getmiş və su artezianının yanında olan kabelləri özü ilə gətirdiyi kəlbətinlə kəsib idarə etdiyi avtomobilin yük yerinə yığaraq yaşadığı evə gətirmişdir. Səhəri gün, yəni 11 fevral 2024-cü il tarixdə həmin kabelləri evinin həyətində yandırmış, kabellərin qabığını misdən ayırmış və əldə etdiyi misi metal alqı-satqısı ilə məşqul olan Şahid2 770 manata satmışdır. Həmin vaxt artezian quyusu işləməmiş və kabellərin də yararsız olmasını fikirləşərək özü ilə aparmışdır. Sonradan ona məlum olmuşdur ki, həmin kabel Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin X2 İdarəsinin balansındadır və kənd sakinləri həmin kabelin oğurlanması barədə polis şöbəsinə şikayət etmişlər. Bundan sonra, polis əməkdaşları onu saxlamışlar və törətdiyi cinayət əməlini etiraf etmişdir. Oğurladığı kabelin əvəzində kabel alaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin X2 İdarəsinə təhvil vermişdir. Hazırda da zərər çəkmiş hüquqi şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Törətdiyi əmələ görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadəsi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ağcabədi rayonunun Minəxorlu kəndində yaşayır. Həmin kənddə onun özünə məxsus 15 hektarlıq torpaq sahəsi vardır və həmin torpaq sahəsinin yanında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin X2 İdarəsinə məxsus 11-337 nömrəli artezian quyusu vardır. Həmin artezian onun torpağının yaxınlığında yerləşdiyi üçün arteziana nəzarət edir. 11 fevral 2024-cü il tarixdə saat 23 radələrində artezianın kabellərinin oğurlanması barədə ona məlumat vermişlər və o da bu barədə Ağcabədi RPŞ-nə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin kabelləri Təqsirləndirilən şəxs oğurlamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ağcabədi şəhəri ərazisində metal qəbulu məntəqəsi vardır. Təqsirləndirilən şəxs tanıyır və Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə ona metal satmışdır. 11 fevral 2024-cü il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs məntəqəyə gələrək onda mis olduğunu və satmaq istədiyini ona bildirmişdir. O, Vüsaldan misin oğurluq olub-olmamasını soruşmuş və Vüsal misin oğurluq olmadığını ona demişdir. Bundan sonra, Təqsirləndirilən şəxs gətirdiyi misə baxaraq 770 manata razılaşıb almışdır. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin misləri Ağcabədi rayonunun Minəxorlu kəndi ərazisindən oğurlamışdır. Təqsirləndirilən şəxs həmin misi alarkən oğurluq olmasını bilməmiş və misi rayon polis şöbəsinə təhvil vermişdir. Məhkəmə istintaqında iştirak etməsə də zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, "xxxx" ASC-nin X2 İdarəsinin sahə rəisi vəzifəsində işləyir. Ağcabədi rayonu Yuxarı Qiyaməddinli, Arasbar, Minəxorlu, Kəhrizli, Kürdlər, Sarvanlar, Şotlanlı, Şahmalılar kəndlərinin sahə rəisidir. 11 fevral 2024-cü il tarixdə Ağcabədi rayonunun Minəxorlu kəndində yerləşən, "xxxx" ASC-nin X2 İdarəsinə məxsus 11-337 nömrəli subartezian quyusunun 300 metr uzunluğunda, VPP-25 markalı kabelin naməlum şəxs tərəfindən oğurlanması barədə ona məlumat vermişlər. Sonradan ona məlum olmuşdur ki, həmin kabellər Ağcabədi şəhəri sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış, Ağcabədi rayonunun Minəxorlu kənd sakini Şahid1 da bu barədə Ağcabədi rayon Polis Şöbəsinə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs "xxxx" ASC-nin X2 İdarəsiniə oğurluq nəticəsində dəymiş maddi ziyanı tam şəkildə ödəmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş "xxxx" ASC-nin X2 İdarəsinin 16 fevral 2024-cü il tarixli 73 saylı məktubundan görünür ki, Ağcabədi rayonunun Minəxorlu kəndində yerləşən, "xxxx" ASC-nin X2 İdarəsinin balansında olan 11-337 reper nömrəli subartezian quyusundan oğurlanmış 300 metr uzunluğunda, VPP-25 markalı kabelin hər metrası 7 manat olmaqla 2100 manat təşkil edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs 12 mart 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" ASC-nin X2 İdarəsinə vurulmuş 2100 manat ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmiş və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 21 fevral 2023-cü il tarixdən 23 fevral 2023-cü il tarixədək həbsdə saxlanma müddəti, yəni iki gün müddət nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon İcra və Probasiya şöbəsinin 03 iyun 2024-cü il tarixli 138/23-38-03 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Ağcabədi Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli hökmün icrasına dair göstəriş 08 sentyabr 2023-cü il tarixdə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, Təqsirləndirilən şəxs həmin tarixdə qeydiyyata alınmış və cəzasını çəkib qurtarmamışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 17 aprel 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2012-ci il təvəllüdlü X4 və 2014-cü il təvəllüdlü X5 adlı iki nəfər azyaşlı uşaqları vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək, 10 fevral 2024-cü il tarixdə saat 21 radələrində Ağcabədi rayonunun Minəxorlu kəndi ərazisində yerləşən, həmin kənd sakini Şahid1 və qeyrilərinin istifadə etdikləri, ictimai əhəmiyyətli Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin X2 İdarəsinə məxsus 11- 337 reper nömrəli subartezian quyusunun elektrik transformatorunun 300 metr uzunluğunda 2100 manat dəyərində VPP-25 markalı mis materialından olan elektrik xəttini özü ilə gətirdiyi kəlbətin ilə kəsərək, ümumilikdə "xxxx" ASC-nin X2 İdarəsinə 2100 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi məhkəmə istintaqında tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin dispozisiyasında oğurluğa görə məsuliyyət özgənin əmlakını gizli olaraq talandığı hallarda yaranır. Həmin Məcəllənin 177.2.3-2-ci maddəsinin dispozisiyasına görə məsuliyyət yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə yaranır. Həmin Məcəllənin 177.2.3-2-ci maddəsinin dispozisiyasına görə məsuliyyət neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə yaranır. Həmin Məcəllənin 177-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərər çəkmiş hüquqi şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Hacıyev X3 Rayon Məhkəməsinin 02 avqust 2023cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 21 fevral 2023cü il tarixdən 23 fevral 2023-cü il tarixədək həbsdə saxlanma müddəti, yəni iki gün müddət nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, hökmün icrasına dair göstəriş 08 sentyabr 2023-cü il tarixdə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və Təqsirləndirilən şəxs həmin tarixdə qeydiyyata alınmışdır. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi hazırki cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 16 fevral 2024-cü il tarixdən 18 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün saxlanılmışdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bu günədək, yəni 13 iyun 2024-cü il tarixədək 09 ay 04 gününü çəkmiş, 01 il 02 ay 22 gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasına Ağcabədi Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, 1(017)-101/2023 saylı hökmü ilə qəti olaraq təyin edilmiş və çəkilməmiş qalan 01 il 02 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 16 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 18 fevral 2024-cü il tarixədə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 16 fevral 2024-cü il tarixdən 18 fevral 2024cü il tarixədək həbsdə saxlanıldığı iki gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona qəti olaraq təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılıb üzərində qəti cəza saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Ağcabədi rayon polis şöbəsində saxlanılan iki ədəd torbada olan mislər Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin X2 İdarəsinə təhvil verilməlidir. Təqsirləndirilən şəxs hazırda Ağcabədi Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsi nəzərə alınaraq onun cəza çəkməsinin əvvəli bu gündən, yəni 13 iyun 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və hökmün icrası Ağcabədi rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 iş saatı üçün hər iş saatına görə 6 manat hesab edilməklə 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İşdə mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona iki il üç ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunmuş iki il üç ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə Ağcabədi Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, 1(017)-101/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq təyin edilmiş bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan bir il iki ay iyirmi iki gün hissəsi qismən birləşdirilib Təqsirləndirilən şəxs üzərində qəti olaraq üç il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 fevral 2024-cü il tarixdən 18 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş üç il müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq iki il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli bu gündən, yəni 13 iyun 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Ağcabədi rayon polis şöbəsində saxlanılan iki ədəd torbada olan mislər Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin X2 İdarəsinə təhvil verilsin. Hökmün icrası Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-2ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı göstərilmiş 15 (on beş) saat iş saatı müddətində hüquqi yardım üçün hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi verilməsi üçün Ağcabədi rayon Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №1(017)-87/2024
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-87/2024
13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver