Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-89/2025 12.11.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X1 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X1 Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs – (xx.xx.1987-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, Bakı Şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 09 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı Şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü dəyişdirilərək CM-nin 69.3-cü maddəsinə əsasən 09 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmış, cəzasını çəkib qurtarmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə 2 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı vahid niyyətlə Zərərçəkmiş şəxs adına olan kredit gecikməsini sildirəcəyini yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 03 dekabr 2024-cü il tarixdə saat 20:06-da sonuncu yaşadığı Ağcabədi rayonu, Boyat kəndində yerləşən evində olan zaman “birbank” mobil tətbiq vasitəsilə özünə məxsus "xxxx" ASC-ə aid 4169-7388-9567-9334 saylı kart hesabına 300 manat, 04 dekabr 2024cü il tarixdə saat 16:48-də sonuncu yaşadığı Ağcabədi rayonu, Boyat kəndində yerləşən evində olan zaman “birbank” mobil tətbiq vasitəsilə özünə məxsus "xxxx" ASC-ə aid 4169- 7388-9567-9334 saylı kart hesabına 347 manat və 07 dekabr 2024-cü il tarixdə saat 15:07-də sonuncu yaşadığı Ağcabədi rayonu, Boyat kəndində yerləşən evində olan zaman “birbank” mobil tətbiq vasitəsilə özünə məxsus "xxxx" ASC-ə aid 4169-7388-9567-9334 saylı kart hesabına 700 manat pul vəsaitinin köçürülməsinə nail olmaqla ələ keçirib verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs vahid niyyətlə ümumilikdə 1347 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər dələduzluq etdiyi üçün məhkum edilmişdir. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Onun Zərərçəkmiş şəxslə heç bir münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. Bakı şəhərində yaşayan Nuranə adlı tanışı ona Natiq adlı qohumunun olduğunu, onun kreditində gecikmə olduğunu demişdir. O, da Nuranəyə Natiqə kömək edə biləcəyini demişdir. Bundan sonra Nuranə onun nömrəsini Natiqə verəcəyini bildirmişdir. 01 dekabr 2024-cü il tarixdə tanımadığı nömrədən ona zəng gəlmiş, Nuranənin tanışı Natiq olduğunu bildirərək kredit gecikməsi olduğunu ona demişdir. Natiqə yalandan adında olan gecikməni sildirə biləcəyini demişdir. Natiq ondan necə sildirəcəyini soruşduqda, 500 manat müqabilində düzəldəcəyini və sonra 25000 manat kredit götürə biləcəyini demişdir. Natiq onunla razılaşmışdır. Natiq həmçinin kredit götürdüyü 70 manat pulun üstünə faiz gəlib 147 manat olduğunu demişdir. 03 dekabr 2024-cü il tarixdə pul lazım olduğu üçün Natiqə zəng edərək təcili 300 manat pul göndərməyini demişdir. 03 dekabr 2024-cü il tarixdə saat 20:06-da Natiq onun istifadəsində olan 4169-7388-9567- 9334 saylı Kapital banka məxsus kart hesabına 300 manat göndərmişdir. Səhəri gün, yəni 04 dekabr 2024-cü il tarixdə saat 16:48-də yenə də Natiq onun həmin kartına 347 manat pul göndərmişdir. 07 dekabr 2024-cü il tarixdə yalandan Natiqə zəng edib Kapital bankda adını təmizlədiyini və digər banklardan da təmizləmək üçün əlavə 700 manat göndərməyini bildirmişdir. Natiq də 07 dekabr 2024-cü il tarixdə saat 15:07-də onun kartına 700 manat pul göndərmişdir. Natiq ümumilikdə ona 1347 manat pul göndərmişdir. Natiq ondan maraqlandıqda yalandan 2024-cü ilin dekabr ayının sonunadək adını təmizləyəcəyini demişdir. Daha sonra da Natiq ondan maraqlanıb soruşduqda narahat olmamağını, yaxında düzələcəyini bildirmişdir. Daha sonra Natiq ona zəng edərək pulunu geri istədikdə Natiqə müxtəlif bəhanələr gətirərək işin düzələcəyini demişdir. Bundan sonra Natiq işin düzəlmədiyini gördükdə ona verdiyi 1347 manat pulu tələb etməyə başlamışdır. Zərərçəkmiş şəxs pulu aldıqdan sonra heç bir şey etməmişdir. Onun pula ehtiyacı olduğu üçün yalandan onlara belə bir iş görə bildiyini demişdir. Natiqdən aldığı 1347 manat pulu heç kimə verməmiş və heç kimlə belə bir danışıq aparmamışdır. Həmin pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Hazırda Zərərçəkmiş şəxs vurduğu ziyanı tam ödəyə bilməmişdir. Tutduğu əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissədə manqa komandiri olmaqla müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusudur. Təqsirləndirilən şəxs tanıyır, onunla qohumluğu və ədavəti yoxdur. Ona pul ehtiyac olduğu üçün 28 avqust 2023-cü il tarixdə “Azpulmanat” onlayın kreditindən 70 manat öz adına pul götürmüşdür, həmin 70 manatı səhvən başqa karta göndərmişdir. Bu barədə banka müraciət etmiş, lakin həmin şəxsin kimliyi barədə ona heç bir məlumat verilməmişdir. Buna görə həmin krediti ödəməmiş, krediti ödəmədiyi üçün adı gecikmə siyahısına düşmüşdür. Sonradan kredit götürmək istəmiş, lakin adı gecikməyə düşdüyünə görə heç bir yerdən kredit götürə bilməmişdir. Adında olan kredit gecikməsini sildirmək istəmiş, bunun üçün adam axtarmışdır. Bakı şəhərində yaşayan tanışı Nuranə ilə onlar telefonla danışan zaman bu barədə Nuranəyə də bildirmiş, Nuranə də ona demişdir ki, onun Rəmzi adlı tanışı var, Rəmzi bu işləri görə bilir. Nuranə Rəmzinin istifadəsində olan ***-***-**-** saylı nömrəsini ona vermiş, təxminən 01 dekabr 2024-cü il tarixdə həmin nömrəyə zəng edib Rəmzi ilə danışıb baş verənləri demişdir. Rəmzi də ona adında olan gecikməni sildirə biləcəyini demişdir. Rəmzidən necə sildirəcəyini soruşmuş, Rəmzi də 500 manat müqabilində düzəldəcəyini və sonra 25000 manat kredit götürə biləcəyini demiş, o, da razılaşmışdır. Onun kredit götürdüyü 70 manat pulun üstünə faiz gəlib 147 manat olmuşdur. Rəmzi də həmin 147 manatı da ödəyəcəyini dediyi üçün 647 manat pul göndərməli olmuşdur. 03 dekabr 2024-cü il tarixdə Rəmzi zəng edib təcili 300 manat pul göndərməyi demiş, 03 dekabr 2024-cü il tarixdə saat 20:06-da yaşadığı Ağcabədi rayonu, Boyat kəndində yerləşən evində olan zaman Rəmzinin istifadəsində olan 4169-7388-9567-9334 saylı Kapital banka məxsus karta “birbank” mobil tətbiq vasitəsilə 300 manat göndərmişdir. Səhəri gün, yəni 04 dekabr 2024-cü il tarixdə saat 16:48-də yenə də yaşadığı evdə olan zaman Rəmzinin həmin kartına 347 manat “birbank” mobil tətbiq vasitəsilə pul göndərmişdir. 07 dekabr 2024-cü il tarixdə Rəmzi zəng edib Kapital bankda adını təmizlədiyini və digər banklardan da təmizləmək üçün əlavə 700 manat göndərməyi bildirmişdir. Buna görə 07 dekabr 2024-cü il tarixdə saat 15:07-də Rəmzinin kartına “birbank” mobil tətbiq vasitəsilə 700 manat pul göndərmiş, ümumilikdə Rəmziyə 1347 manat pul göndərmişdir. Rəmzi ona 2024-cü ilin dekabr ayının sonunadək adını təmizləyəcəyinə söz vermişdir. Rəmzinin vəd etdiyi vaxt tamam olmuş, bankdan maraqlanmış, lakin adında olan gecikmənin təmizlənmədiyi bildirilmişdir. Rəmzi ilə danışıb gecikmənin silinmədiyini demiş, Rəmzi də narahat olmamağı, yaxında düzələcəyini bildirmişdir. Bir müddət də gözləmiş, lakin yenə də düzəlməmişdir. Bir neçə dəfə Rəmzi ilə əlaqə saxlayıb maraqlanmış, hər dəfə müxtəlif bəhanələr gətirib gecikməni sildirməmişdir. Başa düşmüşdür ki, Rəmzi onu aldadır, ona görə də pulunu geri qaytarmasını tələb etmişdir. Rəmzi də qaytaracağına söz vermiş, lakin hələ də qaytarmamışdır. Həmin pulun hamısı ona məxsus olmuşdur. Hazırda ona vurulmuş 1347 manat ziyandan cəmi 380 manat məbləğində pul ödənilmişdir. Qalan pulunu tələb edir. Təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul olunmasını xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamənin, hökm və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 09 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı Şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü dəyişdirilərək CM-nin 69.3-cü maddəsinə əsasən 09 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Bakı şəhər Probasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 09 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə dair qərar və göstəriş xx.xx.2025-ci il tarixdə icraata daxil olmuş və xx.xx.2025ci il tarixdə qeydiyyata alınmışdır. Cəzasının çəkilməmiş hissəsi 08 ay 16 gün təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2. və 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Bakı Şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı çıxarılmazdan əvvəl Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olduğunun müəyyən edildiyini, birinci hökm və qərar üzrə təyin edilmiş cəzasını çəkib qurtarmadığını nəzərə alaraq hesab edir ki, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.2-cü maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmənin törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarında qeyd olunur ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər-hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59 və 61-ci maddələrinin tələbini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, vurulmuş ziyanı qismən ödəməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar sayır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, müvəqqəti saxlanılma yerindən dərhal azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, ədalət və humanizm prinsiplərini, cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2, 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə təyin edilmiş 09 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaqla, ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli; CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu müddət, yəni 2 (iki) gün (xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinə kimi) müddət bir günə bir gün hesabı ilə ona təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanmalı, cəza çəkmə müddətinin əvvəli 12 noyabr 2025ci il tarixdən hesablanmalıdır. İş materiallarında olan Siyəzən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 01 ay 12 gün həddində müəyyən edilmiş, həbs etmənin əvvəli tutulduğu xx.xx.2025-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Siyəzən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış və həbsdə saxlama müddəti məhkəmənin hazırlıq iclası keçirilənədək uzadılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixli qərarlarına əsasən hazırda həbsdə olması nəzərə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azadlıqdan məhrum etmə növündə cəzanın Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edildiyindən Təqsirləndirilən şəxs təyin olunacaq cəza da ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanla əlaqədar mülki mühakimə icraatı qaydasında məhkəməyə mülki iddia vermək hüququ izah edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçilərə (vəkillərə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 iş saatı üçün 165 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2, 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə təyin edilmiş 09 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaqla, ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu müddət, yəni 2 (iki) gün (xx.xx.2025ci il tarixdən xx.xx.2025-ci il tarixinə kimi) müddət bir günə bir gün hesabı ilə ona təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəza çəkmə müddətinin əvvəli 12 noyabr 2025-ci il tarixdən hesablansın; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin; Siyəzən Rayon Məhkəməsinin xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixli qərarlarına əsasən hazırda həbsdə olması nəzərə alınsın; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanla əlaqədar mülki mühakimə icraatı qaydasında aidiyyəti üzrə məhkəməyə mülki iddia vermək hüquqları izah edilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə 15 iş saatı üçün 165 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №1(017)-89/2025
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-89/2025
12.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver