Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-9/2023 12.01.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1985-ci Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Ağcabədi rayonunun Hindarx qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən təmiz çəkisi 7,60 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib bir ədəd kibrit qutusunda, əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamış, 27 avqust 2022-ci il tarixdə saat 14 radələrində Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində saxlanılaraq Ağcabədi RPŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə olan qurudulmuş marixuana əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin avqust ayının ortalarında yaşadığı Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən torpaq sahəsində özünə məxsus xırdabuynuzlu heyvanları otararkən yolun kənarından bükülü sellofan tapmış, sellofanın içərisinə baxarkən narkotik vasitə olan marixuna olmasını görmüşdür. Həmin narkotik vasitədən bir neçə dəfə istifadə etmiş, qalanını isə özü istifadə etmək üçün bir ədəd kibrit qutusuna yığıb əynində olan göy rəngli şalvarının sağ yan cibində saxlamışdır. 27 avqust 2022-ci il tarixdə saat 14 radələrində yaşadığı Ağcabədi rayonunun Hindarx qəsəbəsində olarkən tanımadığı şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və üzərində narkotik vasitə olmağına şübhələr olduğunu deyib ona rayon polis şöbəsinə getməyi bildirmişlər. O, da etiraz etməmiş və birlikdə rayon polis şöbəsinə getmişlər. Polis şöbəsində olarkən polis əməkdaşları ona üzərində cinayət xarakterli əşya, o cümlədən narkotik vasitə olub-olmadığını soruşmuş, o da əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı, içərisində qurudulmuş marixuana olan kibrit qutusunu çıxarıb təqdim etmişdir. Polis əməkdaşları üzərinə axtarış keçirmişlər və üzərindən heç nə aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş və narkotik vasitə zərfə qoyulub möhürlənərək protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Törətdiyi əmələ görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, Ağcabədi rayonunun Hindarx qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs 27 avqust 2022-ci il tarixdə saat 14 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan qara rəngli şalvarıın sağ yan cibindən bir ədəd kibrit qutusunu təqdim etmişdir. Həmin kibrit qutusu iştirakçıların və müdafiəçinin iştirakı ilə açılıb baxıldıqda içərisində spesifik qoxuya malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və müayinə aparılmış və üzərində cinayət xarakterli əşya, o cümlədən digər narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Həmin aşkar edilərək götürülmüş kütlə çəkildikdən sonra iştirakçıların və müdafiəçinin iştirakları ilə qablaşdırılaraq möhürlənmiş, bütün bunlardan sonra protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu, bir neçə gün əvvəl Ağcabədi rayonunun Hindarx qəsəbəsinin çöl sahəsində xırdabuynuzlu heyvanları otararkən tapıb özü istifadə etmək üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, şahid-Ağcabədi rayon Polis şöbəsinin əməkdaşı Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 28 avqust 2022-ci il tarixli, 18/930 saylı rəyində görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzaları olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi 7,60 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Narkoloji Dispanserin 17 noyabr 2022-ci il tarixli, 1749 nömrəli rəyində görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 23 oktyabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək istintaqa məlum olmayan vaxtda və mənbədən təmiz çəkisi 7,60 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib bir ədəd kibrit qutusunda, əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlaması və 27 avqust 2022-ci il tarixdə saat 14 radələrində Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində saxlanılaraq Ağcabədi RPŞnin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə olan qurudulmuş marixuana əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanununa və həmin qanunla təsdiq edilmiş 1-ci siyahıya əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qramdır. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın təmiz çəkisi 5 qramdan artıq olduğundan onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 27 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq 29 avqust 2022-ci il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 27 avqust 2022-ci il tarixdən 29 avqust 2022ci il tarixədək həbsdə saxlanıldığı iki gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılıb üzərində qəti cəza saxlanılmalıdır. Bundan başqa, məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji dispanserinin 17 noyabr 2022-ci il tarixli, 1749 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Ağcabədi rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 7,58 qram (ilkin xalis çəkisi 7,60 qram) narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 31 manat 95 qəpik təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və hökmün icrası Ağcabədi rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. İşdə mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 avqust 2022-ci il tarixdən 29 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq bir il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ağcabədi rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 7,58 qram (ilkin xalis çəkisi 7,60 qram) narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsiə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №1(017)-9/2023
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-9/2023
12.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver