Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-90/2025 09.09.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1983-cü il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcabədi rayonu Hindarx qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, “Yol hərəkəti haqqında” 03 iyul 1998-ci il tarixli 517-İQ nömrəli Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin dördüncü hissəsinin tələblərinə zidd olaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan adına olan “VAZ 2106 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə 19 mart 2025-ci il tarixdə, saat 20 radələrində Ağcabədi rayonu Hindarx qəsəbəsindən Ağcabədi rayonu Poladlı kəndi istiqamətində hərəkətdə olan zaman idarəetməni itirərək qeyd edilən Qanunun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinin tələblərinə uyğun olaraq yol hərəkətinin iştirakçısı kimi yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı olduğu, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu, həmin tələblərə riayət edəcəyi təqdirdə hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda onlara riayət etmədiyindən onun hərəkətdə olduğu zolağın sağ tərəfi ilə piyada hərəkət edən Ağcabədi rayonu, Hindarx qəsəbə sakini Zərərçəkmiş şəxs arxa tərəfdən vuraraq, sonuncunun həyat üçün təhlükəli olan sol bud sümüyünün sınığı, baş beynin diffuz travması ilə nəticələnən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263- 1.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Ailəlidir, iki övladı var. Özünə məxsus Vaz 2106 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Lakin, nəqliyyat hadisəsini idarə etmək üçün sürücülük hüuququ yoxdur. 19 mart 2025-ci il tarixdə saat 20 radələrində yaşadığı Ağcabədi rayonu, Hindarx qəsəbəsində yerləşən fərdi yaşayış evindən çıxıb üzü Poladlı kəndi istiqamətidə yerləşən yanacaqdoldurma məntəqəsində gedən zaman avtomobildə tək olmuş, ardınca qəsəbənin məscidinə çatdıqda qabaqdan gələn avtomobilin işıqları gözlərini yumduğundan yolu yaxşı görə bilməmiş, Daha sonra bu səbəbdən idarəetməni itirib yolun sağ kənarı ilə hərəkətdə olan həmkəndlisi Fuadı vurmuş, daha sonra isə həmin yolda öz yolu ilə hərəkətdə olan digər həmkəndlisi Raqilin idarə etdiyi Kia Ceed markalı avtomobili sağ tərəfindən vurub yol-nəqliyyat hadisəsi törətmişdir. Bundan sonra avtomobildən yerə düşmüş və piyadanı qanlı şəkildə yerdə görmüşdür. Ardınca kənd camaatının köməkliyi ilə Fuadı RMX-na aparmış, bundan sonra polis əməkdaşlarının hadisə yerinə gəldiyini öyrəndikdə və oraya qayıtmışdır. Bundan başqa, o, hadisədən əvvəl avtomobilinin tam saz vəziyyətdə olduğunu, nəqliyyat vasitəsini 50 km/saat sürətlə idarə etdiyini, hadisə zamanı idarə etdiyi avtomobildə özündən başqa digər hər hansı şəxslərin olmadığını, həmin günü spirtli içki və ya narkotik və psixotrop maddə qəbul etmədiyini bildirmişdir. Hazırda törətdiyi əməldən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını, dəymiş zərəri tam olaraq ödəməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Ailəlidir, iki övladı var. Ağcabədi rayonunda yerləşən “Azaqro” şirkətində bağban işləmiş, lakin hal-hazırda səhhəti ilə əlaqədar işləyə bilməmişdir. xx.xx.2025-ci il tarixdə saat 20 radələrində yaşadığı Ağcabədi rayonu, Hindarx qəsəbəsində yerləşən fərdi yaşayış evindən çıxıb qəsəbə ərazisində yerləşən çayxanaya gedən zaman qəfildən arxasıyca sürətlə hərəkət edən avtomobil onu vuraraq yolun kənarına tullamış, aldığı xəsarətlərdən huşunu itirmiş və oraya gələn kənd camaatının köməkliyi ilə RMX-na getmiş, orada həkimlər tərəfindən ilkin tibbi yardım aldıqdan sonra göndərişlə əvvəlcə Sumqayıt şəhər xəstəxanasına, daha sonra Abşeron RMX-na getmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı baş və ayaq nahiyələrindən xəsarət almış, Abşeron RMX-da sol ayağının bud hissəsindən cərrahi əməliyyat olunmuş, ardınca baş nahiyəsindəki xəsarətlərə görə həmin xəstəxanada əlavə olaraq 10 gün müddətinə müalicə olunmuşdur. Ardınca müalicəsini davam etdirmək üçün Ağcabədi rayonu, Hindarx qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlmişdir. Aldığı xəsarətlərdən sonra huşu özünə gəldikdə hadisəni törədən şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş zərər tam olraq ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ibtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid ifadəsində göstərmişdir ki, özünə məxsus “Kia Ceed” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobili var. O, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə saat 20 radələrində həmin özünə məxsus avtomobili ilə Ağcabədi rayonu Hindarx qəsəbəsindən üzü Ağdam rayonu istiqamətində hərəkətdə olmuş, Hindarx qəsəbəsinin kənd qəbiristanlığını keçərkən qəfildən öz yolu ilə hərəkətdə olan zaman idarə etdiyi avtomobilin sağ kənarından digər avtomobil onu vurmuş və cəld olaraq avtomobilin əyləcinə basıb avtomobili dayandırmışdır. Avtomobildən yerə düşdükdə həmin avtomobili vuran avtomobilin əvvəlcə yolun kənarı ilə hərəkətdə olan piyadanı vurduğunu, daha sonra isə onun idarə etdiyi avtomobili vurduğunu görmüşdür. Bundan sonra hadisəni törədən şəxsin həmkəndlisi olan İsmayıl olduğunu bilmişdir. Daha sonra kənd camaatı ilə birlikdə xəsarət almış piyadaya yaxınlaşmış, həmin şəxsi huşsuz vəziyyətdə olduğunu görmüşdür. Ardınca oraya yığışmış şəxslərin köməkliyi ilə həmin şəxsi RMX-na aparmışdır. İş materiallarında olan 19 mart 2025-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış protokolundan görünür ki, hadisə yeri Ağcabədi rayonu, Hindarx qəsəbəsi ərazisində baş vermişdir. Yolun hadisə baş verən hissəsi asfalt örtüklü olmaqla düz və qurudur, avtomobillərinin hərəkəti üçün heç bir maneə yoxdur, hava qaranlıq, 14 dərəcə temperaturda olmuşdur. Hadisə baş verən ərazi yaşayış yeri olmaqla, maksimum hərəkət surəti 60 km/saatdır. Hadisə baş verən yol bir hərəkət hissəli, iki hərəkət istiqamətli, bir hərəkət zolaqlıdır. Yolun sağ kənarlarında yol çiyni və qeyri-yaşayış obyektləri, yolun sol kənarında isə yol çiyni və ağaçlıq sahəsi yerləşir. Yolun eni 12 metr olmaqla, hər iki istiqamətinin eni 6 metrdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının Ağcabədi rayon MTE və PA şöbəsindən alınmış xx.xx.2025-ci il tarixli 240 saylı rəyin nəticə hissəsində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlərsol bud sümüyünün sınığı, baş beynin diffuz travması-bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin piyadanı vurması nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. İş materiallarında olan Ağcabədi rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 18-1-23/2-761/2025 nömrəli arayışından görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Dostuyev X3 RMX-nın Poliklinika Şöbəsində narkoloji və ruhi-əsəb kabinetində dispanser qeydiyyatında durmur. İş materiallarında olan məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 13 iyun 2025-ci il tarixli 8/1129 nömrəli rəyin nəticə hissəsində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunan malumatlara əsasən VAZ-2106 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ-2106 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Kia Cedd” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hərəkətlərinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri ilə ziddiyət təşkil etməməsi də nəzərə alınmaqla onun hadisəsinin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Ağcabədi RQİ və TBŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi qeydə alınmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 8/1129 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 128 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı X4 (xx.xx.2012-ci il təvəllüdlü) və X5 (xx.xx.2013-cü il təvəllüdlü) adlı uşaqları vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyanlıq tam olaraq ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmış, dəymiş ziyanı tam olraq ödəmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Həmçinin ona məxsus “VAZ 2106” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili geri qaytarılmışdır. Məhkəmə, iş üzrə şahid ifadələrini, məhkəmə-tibbi və məhkəmə yol nəqliyyat hadisələri ekspertizalarının rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58 və 59-cu maddələrinin tələblərini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət əməli törətməsini etiraf edib, səmimi peşmançılıq çəkməsini, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını, dəymiz zərəri tam olaraq ödəməsini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışmasını, dəymiş zərəri tam olaraq ödəməsini, ona qarşı heç bir şikayət və tələbinin olmaması kimi şəxsiyyətini xarakterizə edən halları, ədalət və humanizm prinsiplərini, cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilmiş “VAZ 2106” markalı, **-BO- *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə ekspertiza xərcini təşkil edən 128 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə on bir manat hesab edilməklə 15 iş saatı üçün 165 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, bir il altı ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir il iki ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın; barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 128 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin - AZ.MEM.VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 hesabına keçirilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə on bir manat hesab edilməklə 15 iş saatı üçün 165 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə X2 Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №1(017)-90/2025
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-90/2025
09.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver