Məhkəmə qərarları › İş №1(017)-92/2024

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-92/2024

24.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-92/2024 24.06.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1992-ci il tarixdə Ağcabədi rayonu Hindarx qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla hazırda həmin qəsəbədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra AR CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusi ilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respubublikasının 21 noyabr 2023-cü il tarixli qanununda göstərilən xeyli miqdarda, yəni təmiz çəkisi 5,92 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən satiş məqsədi olmadan qanunsuz olaraq əldə edib 01 ədəd kibrit qutusunda daşıyaraq üzərində saxlamış, 30 mart 2024-cü il tarixdə Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ağcabədi rayonu, Hindarx qəsəbəsində, yaşadığı evin yaxınlığında saxlanılaraq saat 19:30 radələrində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, 39 ünvanında yerləşən Ağcabədi rayon Polis şöbəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 19:45-dən başlayaraq üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibində gizlətdiyi 01 ədəd kibrit qutusunda, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda istintaqa məlum olmayan vaxt və mənbədən əldə edib daşıyaraq üzərində saxladığı, təmiz çəkisi 5,92 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, təxminən bir ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 29 mart 2024-cü il tarixdə, təxminən saat 15 radələrində Ağcabədi rayonu, Hindarx qəsəbəsində, yaşadığı evin yaxınlığında olan sahədə piyada gedərkən yerdə 1 ədəd kibrit qutusunu görmüşdür. Həmin kibrit qutunu yerdən götürüb baxdıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmasını görmüşdür. Bundan sonra ətrafda heç kimin olmadığını görüb həmin kibrit qutusunu götürmüş və istifadə etmək üçün əynində olan qara rəngli cins şalvarın sağ yan cibində gizlətmişdir. 30 mart 2024-cü il tarixdə, təxminən saat 19 radələrində Ağcabədi rayonu, Hindarx qəsəbəsində, yaşadığı evin yaxınlığında piyada hərəkətdə olduğu zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişdilər. Ona saxlanma səbəbini, hüquq və vəzifələrini izah edib Ağcabədi rayon polis şöbəsinə gətirmişlər. Orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə, xidməti otaqların birində onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona sual olunmuşdur ki, üzərində hər hansı qanunsuz əşya və ya predmet, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. O da əynində olan qara rəngli cins şalvarın sağ yan cibində olan kibrit qutusunu təqdim etmişdir. Polis əməkdaşları həmin kibrit qutusuna baxış keçirmiş, kibrit qutunun içərisində yaşıl rəngli, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Daha sonra kibrit qutusu aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmiş, çəkisi kibrit qutusu ilə birlikdə 8,93 qram olmuşdur. Sonra aşkar edilmiş kibrit qutusunun içərisində qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunduğu qaydada qablaşdırılmış, üzəri yazılmış, möhürlənmiş və onlar imza etmişlər. Daha sonra onun üzərinə əlavə şəxsi axtarış keçirilmiş, üzərindən heç bir qanunsuz əşya və narkotik vasitə aşkar edilməmişdir. O, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamış, sadəcə istifadə edirmiş. Ona qarşı polis əməkdaşları tərəfindən heç bir formada zor tətbiq edilməmişdir. Hazırda törətdiyi əmələ görə çox peşman olmasını nəzərə alınaraq ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərdi ki, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, üzərində gəzdirməsi və saxlaması barədə şöbəyə əməliyyat məlumatlı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra ondan və PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs cinayətkar əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat tədbirləri keçirməyə başlamışlar. Bundan sonra Təqsirləndirilən şəxs həmin gün, yəni 30 mart 2024-cü il tarixdə saat 19:30 radələrində Ağcabədi rayonu, Hindarx qəsəbəsində, yaşadığı evin yaxınlığında piyada hərəkətdə olduğu zaman saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. RPŞ-nin inzibati binasında, otaqların birində, RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X10 tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah edilməklə onun özünün dövlət hesabına müdafiəçi ilə təmin edilməsi xahişinə əsasən Ağcabədi rayon Vəkil Bürosunun vəkili X3 onun hüquqlarını müdafiə etməsi məqsədilə vəkil təyin edilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs vəkili X1 da iştirakı ilə hüquq və vəzifələri izah edilmiş və üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına və şəxsi axtarışın video vasitəsi ilə aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olubolmaması soruşulmuşdur, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunu təqdim etmiş və stolun üzərinə qoymuşdur. Həmin kibrit qutunun içərisinə baxış keçirilən zaman, kəskin, spesifik qoxuya malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 8,93 qram olması müəyən edilmişdir. Həmin 01 ədəd kibrit qutusu qablaşdırılmış, ekspertizaya təqdim edilməsi üçün Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar, həmçinin onun tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əlavə olaraq başqa bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs dediyinə görə üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı Ağcabədi rayonu Hindarx qəsəbəsində, yaşadığı evin yaxınlığında olan sahəlikdən tapmışdır. Lakin Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı dəqiq olaraq tapıb-tapmaması və yaxud haradansa əldə etməsi barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs 30 mart 2024-cü il tarixdə saat 19:30 radələrində Ağcabədi rayonu, Hindarx qəsəbəsində, yaşadığı evin yaxınlığında piyada hərəkətdə olduğu zaman saxlanılarkən onun yanında heçkim olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin əməkdaşı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verib, göstərilən xüsusatları təsdiq etdi. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 30 mart 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılmasına dair protokoldan görünür ki, həmin gün saat 19:45-dən başlayaraq saat 20:20-dək olan müddət ərzində video çəkilişlə Ağcabədi rayon polis şöbəsində Təqsirləndirilən şəxs müdafiəçisi X1 iştirakı ilə hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş və stolun üzərinə qoymuşdur. Həmin kibrit qutusunun içərisinə baxış keçirilən zaman, kəskin, spesifik qoxuya malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 8,93 qram olması müəyən edilmişdir. Həmin 01 ədəd kibrit qutusu qablaşdırılmış, ekspertizaya təqdim edilməsi üçün Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü vurularaq götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 30 mart 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan aydın olur ki, diskdə olan görüntülərdə Təqsirləndirilən şəxs müdafiəçisi X1 iştirakı ilə hüquq və vəzifələri izah edilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparlması, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb stolun üzərinə qoyması, həmin kibrit qutusunun içərisində spesfik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin aşkar edilməsi, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edildiyi qaydada elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 8,93 qram olması, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin qablaşdırılması, üzərinə 143 saylı möhür vurularaq götürülməsi müşahidə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon polis şöbəsinə verilmiş əməliyyat tapşırığına 22 aprel 2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın onun özünə məxsus olması, həmin narkotik vasitəni satış məqsədi olmadan saxlaması, ümumiyyətlə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşqul olması müəyyən edilməmişdir. Lakin Təqsirləndirilən şəxs aşkar edilmiş həmin narkotik vasitəninin mənbəyi hələki müəyyən edilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 30 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 01 aprel 2024-cü il tarixədə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək azad edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 31 mart 2024-cü il tarixli, 3-16-16/2-18/355 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən aydın olur ki, tədqiqata təqdim olunmuş üzərində “..Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi- 5,92 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir.(İ siyahı) Aşkar edilmiş qurudulmuş marixuananın təmiz çəkisi 5,92qram, cəmi tədqiqata sərf edildi– 0,02 qram, qalıq 5,90 qramdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş X5 04 may 2024-cü il tarixli, 761 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhər görülür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş “Ağcabədi Rayon Mərkəzi X9 şəxs”in 06 aprel 2024-cü il tarixli, 18-1-23/2-481/2024 nömrəli verdiyi tibbi arayışdan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Əhmədov X7 RMX-nın Poliklinika Şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatda deyil. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-nin BƏSİİ tərəfindən alınan xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmuş, məhkumluğu qanunla nəzərdə tutulan qaydada ödənilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi RİHB Hindarx qəsəbə İƏDsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, 1992-ci il təvəllüdlü Ağcabədi rayonunun Hindarx qəsəbə sakini Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə toplanmış və araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 5,92 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlaması, özünün etiraf etməsi, şahid ifadələri, məhkəmə-narkoloji ekspertizasının rəyi ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Odur ki, təqsirə görə məsuliyyət prinsipi baxımından o, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 5ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, Gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.) təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X4 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla onun islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək (narkomaniyadan məcburi mualicə olunması ilə bağlı hal nəzərə alınmaqla), cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə kursu keçmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuna müvafiq hesab edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 30 mart 2024-cü il tarixdən 01 aprel 2024-cü il tarixədək olan iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəzasının 4 günü, təyin edilmiş cəzasından çıxılmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X11 poliklinikasının narkoloji kabinetində proflaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Ağcabədi rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalan 5,90 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22) keçirilməlidir. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 15 iş saatı üçün 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddianını və xüsusi müsadirənin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-356, 358 və 383-385-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona bir il iki ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 mart 2024-cü il tarixdən 01 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının dörd günü, təyin edilmiş cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq bir il bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli Ağcabədi rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X11 poliklinikasının narkoloji kabinetində proflaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübut olan – tədqiqatdan sonra qalıq qalan 5,90 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – (AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22) keçirilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 15 iş saatı üçün 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu gündən 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar