Məhkəmə qərarları › İş №1(017)-93/2024

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-93/2024

03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-93/2024 03.07.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X1 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X1 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə Təqsirləndirilən şəxs – (xx.xx.1985-ci il tarixdə İsmayıllı rayonunun Zarat kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 2 azyaşlı uşağı olan, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 07 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamış, İsmayıllı rayonunun Zarat kəndində qeydiyyatda olan və İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi, ev 17A-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, məhkəmənin binasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 xəstəliyi ilə bağlı kəsilmiş təqaüdünü bərpa elətdirəcəyi adı ilə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq vahid niyyətlə 22 iyun 2023-cü il tarixdə Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən "xxxx" ASC-nin filialındakı ödəmə terminalı vasitəsi ilə özünə məxsus "xxxx" ASC-yə aid istintaqa məlum olmayan kart hesabına 700 manat, 2023-cü ilin iyul ayının ortalarında Ağcabədi rayonu Taynaq kəndində yerləşən “İki Qardaş” marketdəki “Milli ön” ödəmə terminalı vasitəsi ilə özünə məxsus “Kapital Bank ASC”ə aid istintaqa məlum olmayan kart hesabına 1300 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs2 ümumilikdə 2000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, qəsdən, tamah niyyəti ilə özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 məcburi köçkün və müharibə iştirakçısı olduğu üçün mənzil, avtomobil və pensiya düzəldəcəyini yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq vahid niyyətlə 2023-cü ilin iyul ayının ortalarında Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən “Ömər” marketdəki “MilliÖn” ödəmə terminalı vasitəsi ilə özünə məxsus "xxxx" ASC-yə aid istintaqa məlum olmayan kart hesabına 4500 manat, 2023-cü ilin iyul ayının sonlarında Ağcabədi rayonu Sarıcalı kəndində sonuncunun yaşadığı evin qarşısında 2500 manat nağd pul vəsaitini, 2023-cü ilin avqust ayının ortalarında Ağcabədi rayonu Sarıcalı kəndində sonuncunun yaşadığı evin qarşısında 2000 manat nağd pul vəsaitini, 2023-cü ilin avqust ayının sonlarında Ağcabədi rayonu Sarıcalı kəndində sonuncunun yaşadığı evin qarşısında 3000 manat nağd pul vəsaitini, 2023-cü ilin sentyabr ayının əvvəllərində Ağcabədi rayonu Sarıcalı kəndində sonuncunun yaşadığı evin qarşısında 2000 manat nağd pul vəsaitini ələ keçirib Zərərçəkmiş şəxs1 ümumilikdə 14000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəlidir, 2 azyaşlı övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir. 2014-2018-ci illər arasında Müdafiə Nazirliyində müddətdən artıq hərbi xidmət etmişdir. Həmin zaman X2 ilə münasibəti olmuşdur. Müdafiə Nazirliyindən öz ərizəsi ilə işdən çıxmışdır. 2023-cü ilin əvvəllərində Tərtər rayonunda özəl şirkətdə sürücü işləmiş, orada işlədiyi müddətdə Ağcabədi rayonu Sarıcalı kəndində Xatirə ilə birlikdə yaşamışdır. Həmin zaman da həmin kənd sakinləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə münasibətləri yaranmışdır. 2023-cü ilin iyun ayında Ziya ilə söhbət edən zaman Ziya ona əlilliyə görə pensiyasının kəsildiyini demiş, Ziyaya bu işdə ona kömək edə biləcəyini, kəsilmiş pensiyasını düzəldə biləcəyini demişdir. Ziyaya bu işə görə 2000 manat pul lazım olduğunu demişdir. Ziya razılaşmış və 2023-cü ilin iyun ayında dəqiq tarixi yadında qalmayan gündə Sarıcalı kəndinin ərazisində Ziya ona 700 manat pul və özünə aid sənədlərini vermişdir. Bundan təxminən 10 gün sonra isə Ziya ona məxsus "xxxx" ASC-yə məxsus bank hesabına 1300 manat pul göndərmişdir. Ziyaya onun işinin bir ay müddətinə düzələcəyini bildirmişdir. Lakin Ziyadan aldığı pulları heç kimə verməmiş və onun pensiya işi ilə maraqlanmamışdır. Həmin 2000 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra da Ziya işi ilə maraqlandıqda müxtəlif bəhanələr gətirərək işin düzələcəyini demişdir. Daha sonra aldığı puldan Ziyanın kart hesabına 650 manat pul qaytarmışdır. Bundan başqa 2023-cü ilin iyul ayında Samirlə söhbət edən zaman Samirə müharibə iştirakçısı olduğunu, ona görə də ona ev və avtomobil düşdüyünü bildirmişdir. Samir də dövlətdən avtomobil və ev almadığını demişdir. Samirə bu işi özünün həll edəcəyini, müəyyən xərclər qarşılığında ona ev və avtomobil verdirəcəyini bildirmişdir. Bundan bir müddət sonra Samirlə guya onun işini həll edən adama pul göndərmək adı ilə Ağdam rayonu Quzanlı qəsəbəsinə getmişlər və orada olan ödəmə terminalı vasitəsi ilə özünə məxsus bank kartına 4500 manat pul göndərmişdir. Lakin Samirə pulu başqa adama göndərdiyini demişdir. Bundan sonra Samirdən Ağcabədi rayonu Sarıcalı kəndinin ərazisində 2500 manat, daha sonra isə 2000 manat pul almışdır. Samirdən aldığı həmin pulları öz şəxsi ehtiyacı üçün xərcləsə də, Samirə yalandan onun işini görən adama pul göndərdiyini demişdir. Bundan sonra da dəqiq tarixləri yadında qalmayan günlərdə Samirdən 2000 manat və 3000 manat pul almışdır. 2023-cü ilin iyul-sentyabr ayları ərzində Samirə ev və avtomobil verdirəcəyini vəd edərək ümumilikdə 14000 manat pul almışdır. Daha sonra Samirin ona inanması üçün bir dəfə öz avtomobili ilə Bakı şəhərinə apararaq Müdafiə Nazirliyinin qarşısına aparmışdır. Orada yalandan onları gözlətmiş və daha sonra gələrək problemlər olduğunu, evi və avtomobili sonra verəcəklərini demişdir. Ziyadan aldığı 2000 manat və Samirdən aldığı 14000 manat pulu heç kimə verməmiş və heç kimlə belə bir danışıq aparmamışdır. Həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Hazırda tutduğu əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Ağcabədi rayonunun Sarıcalı kəndində yaşayır. Ağcabədi rayonu Sarıcalı kəndinin ərazisində yerləşən Müdafiə Nazirliyinə aid “N” saylı Hərbi Hissədə mühafizəçi işləyir. Onunla eyni hərbi hissədə işləyən Xatirə adlı qadının əri kimi Vüsal özünü ona təqdim etmiş, tez-tez hərbi hissəyə gələrək Xatirəni evlərinə aparmışdır. Orada onun Vüsal ilə münasibətləri yaranmışdır. 2023-cü ilin iyun ayında Vüsal ilə söhbət edən zaman Vüsal onun müharibə iştirakçısı olduğunu bilmişdir. Vüsal ona müharibə iştirakçısı olduğu üçün ev və avtomobil düşdüyünü bildirmişdir. Vüsal dayısının hansısa nazirlikdə işlədiyini, onun vasitəsi ilə ona ev və avtomobil düzəltdirə biləcəyini demişdir. Vüsal bunun üçün bəzi yerlərə pul ödəmək lazım olduğunu demişdir. Vüsalla razılaşmışdır. Bundan bir müddət sonra Vüsala şəxsiyyət vəsiqəsinin və veteranlıq vəsiqəsinin surətini vermişdir. 2023-cü ilin iyul ayının ortalarında Vüsal ilə görüşmüş və Vüsal pul ödəmək lazım olduğunu demişdir. Vüsalla birlikdə Ağdam rayonu Quzanlı qəsəbəsinə getmişlər. Orada Vüsala 4500 manat pul vermişdir. Vüsal Quzanlı qəsəbəsində yerləşən “Ömər” marketdə olan “Milli ön” ödəmə terminalı vasitəsi ilə onun bilmədiyi kart hesabına 4500 manat pul ödəmişdir. Vüsal həmin pulu onun müharibə iştirakçısı olduğu üçün ona ev və avtomobil verdirmək adı ilə işi həll edən şəxsə göndərdiyi bildirmişdir. Bundan bir neçə gün sonra Vüsal 2500 manat pul lazım olduğunu demişdir. 2023-cü ilin iyul ayının sonlarında 2500 manat pul düzəltmiş və Ağcabədi rayonu Sarıcalı kəndində yaşadığı evin qarşısında Vüsala 2500 manat pul vermişdir. Vüsal həmin pulu işi düzəldən adama verəcəyini bildirmişdir. Yenidən 2023-cü ilin avqust ayında Vüsalın istəyi üzərinə 2000 manat pul düzəltmiş və yaşadığı evin qarşısında ona 2000 manat pul vermişdir. Daha sonra 2023-cü ilin avqust ayının sonlarında yaşadığı evin qarşısında Vüsala 3000 manat pul vermişdir. Sonuncu dəfə isə 2023-cü il sentyabr ayının əvvəllərində Vüsala yaşadığı evin qarşısında onun işini düzəltmək üçün 2000 manat pul vermişdir. Vüsala ümumilikdə müharibə iştirakçısı olduğu üçün ona ev və avtomobil verdirəcəyi adı ilə ümumilikdə 14000 manat pul vermişdir. Həmin pulları özünün və həyat yoldaşının adına müxtəlif banklardan kreditə götürmüş və yaşadığı evin qarşısında ona pul verən zaman həyat yoldaşı evdə olmuş, oğlu Elçin isə yanlarında olmuşdur. Pulu verəndən bir neçə gün sonra həyat yoldaşı Dürdanə ilə birlikdə Vüsala məxsus avtomobillə Bakı şəhərinə getmişlər. Onların Bakı şəhərinə getməkdə məqsədləri Vüsalın onlara orada ev və avtomobil veriləcəyini bildirməyi olmuşdur. Onlar da Vüsal ilə birlikdə Bakı şəhərində Müdafiə Nazirliyinin qarşısına getmişlər. Vüsal onlara avtomobildə gözləməklərini bildirmişdir. Onlara məxsus sənədləri götürərək özü harasa getmişdir. Bir qədər sonra Vüsal geri qayıtmış və sənədlərin səhv olduğunu demişdir. 2023-cü ilin sentyabr ayının sonlarında Vüsal ilə əlaqə saxlamaq istəsə də Vüsal telefonlarına cavab verməmişdir. Daha sonra öyrənmişdir ki, Vüsal həmkəndlisi Zərərçəkmiş şəxs2 da pensiya düzəltmək adı ilə 2000 manat pul alaraq ona qarşı da dələduzluq etmişdir. Vüsal müharibə iştirakçısı olduğu üçün ona ev və avtomobil verdirəcəyini vəd edərək dələduzluq yolu ilə ondan 14000 manat pul alaraq ələ keçirmişdir. Pulunu tələb edir. Onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi rayonunun Sarıcalı kəndində yaşayır. Əvvəllər Müdafiə Nazirliyində MAXE işləmişdir. 2016-cı il aprel döyüşlərində iştirak etmiş və yaralanmışdır. Bundan sonra, İİ qrup əlil kimi pensiya almışdır. 2020-ci il 44 günlük müharibədə də könüllü olaraq iştirak etmişdir. 2023-cü ilin mart ayında ona verilən pensiya kəsilmişdir. Vüsal Sarıcalı kəndində yaşamışdır və özünü hospitalda işləyən Xatirənin əri kimi təqdim etmişdir. Onların orda münasibəti yaranmışdır. 2023-cü ilin iyun ayının əvvəllərində kənd ərazisində Vüsal ilə söhbət edən zaman Vüsal ona tanışının olduğunu, kəsilmiş pensiyanı bərpa etdirə biləcəyini demişdir. Bunun qarşılığında Vüsal ona müəyyən xərclərinin çıxacağını demişdir. Onunla razılaşmış və özünə məxsus şəxsiyyət vəsiqəsinin surətini və xəstəliklə bağlı olan sənədlərinin surətlərini ona təqdim etmişdir. 2023-cü ilin iyun ayının ortalarında Vüsal ona 700 manat pul lazım olduğunu demişdir. Vüsal ona "xxxx" ASC-ə məxsus kartı göndərərək həmin karta 700 manat pul göndərmək lazım olduğunu demişdir. 22 iyun 2023-cü il tarixdə Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən "xxxx" ASC-nin filialında yerləşən ödəmə terminalından həmin kart hesabına 700 manat pul vurmuş və qəbzi Vüsala göndərmişdir. 2023-cü ilin iyul ayının ortalarında Vüsal ona yenidən 2000 manat pul lazım olduğunu demiş, bu qədər pulunun olmadığını, ona cəmi 1300 manat pul verə biləcəyini demişdir. Vüsal razılaşmış və 2023-cü ilin iyul ayının ortalarında onunla birlikdə Ağcabədi rayonu Taynaq kəndinə getmişdir. Orada Vüsala 1300 manat pul vermiş və Taynaq kəndində “İki Qardaş” marketdə yerləşən “Milli ön” ödəmə terminalından Vüsal kart hesabına 1300 manat pul göndərmişdir. Bundan sonra Vüsaldan iş ilə bağlı maraqlandıqda Vüsal işin tezliklə həll olunacağını demişdir. İşin düzəlmədiyini görüb Vüsaldan pulunu tələb etmişdir. Vüsal müxtəlif bəhanələr gətirərək pulu qaytaracağını bildirmişdir. 2023-cü ilin sentyabr ayının sonlarında Vüsal ilə əlaqə saxlamaq istəsə də Vüsal telefonlarına cavab verməmişdir. Daha sonra öyrənmişdir ki, Vüsal həmkəndlisi Zərərçəkmiş şəxs1 da ev və avtomobil verdirəcəyi adı ilə 14000 manat pul alaraq ona qarşı da dələduzluq etmişdir. Vüsal onun kəsilmiş təqdaüdünü bərpa etdirəcəyini vəd edərək dələduzluq yolu ilə ondan 2000 manat pul alaraq ələ keçirmişdir. Sonradan həmin puldan 650 manat qaytarmışdır. Onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahidlər Şahid1 və Şahid2 Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun ifadə verdilər. İş materiallarında olan İsmayıllı rayon İHB-nin Həftəsov kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan İsmayıllı rayon İHB-nin Həftəsov kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı (xx.xx.2015-ci və xx.xx.2021-ci il təvəllüdlü) vardır. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi dələduzluğun, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmənin təkrar və xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarında qeyd olunur ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər-hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59 və 61-ci maddəsinin tələbini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 07 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş İsmayıllı rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 02 il 07 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə İsmayıllı rayon İcra və Probasiya şöbəsinin icraatına qəbul olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü çıxarılmazdan əvvəl Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olduğunun müəyyən edildiyini və birinci hökm üzrə təyin edilmiş cəzasını çəkib qurtarmadığını nəzərə alaraq hesab edir ki, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, himayəsində 2 azyaşlı uşağının olmasını, vurulmuş ziyandan qismən ödəniş etməsini və yaşadığı ərazidə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, ədalət və humanizm prinsiplərini, cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11-30-da tutulmuşdur. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə saat 14-10-da dərhal azad edilmişdir. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmiş, onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17-00-da tutulmuş və aidiyyəti üzrə Ağcabədi rayon polis şöbəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Məhkəmə, cəza təyin edərkən cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, himayəsində 2 azyaşlı uşağının olmasını, vurulmuş ziyandan qismən ödəniş etməsini və yaşadığı ərazidə müsbət xarakterizə olunması kimi şəxsiyyətini xarakterizə edən halları, cəza təyin edilməsində ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 66.2, 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən yeni hökmlə təyin edilmiş cəzaya Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 07 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 02 ay 11 gün hissəsi iki günə bir gün hesabı ilə hesablanaraq qismən toplamaqla, ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, yəni 01 gün həbsdə saxlama müddətini nəzərə alaraq, bir günə bir gün hesabı ilə təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlər görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğuna görə Təqsirləndirilən şəxs təyin olunacaq cəza da ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Həmçinin məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanla əlaqədar mülki mühakimə icraatı qaydasında məhkəməyə mülki iddia vermək hüquqları izah edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddəsini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Cinayət Məcəlləsinin 66.2, 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən yeni hökmlə təyin edilmiş cəzaya Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 07 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 02 ay 11 gün hissəsi iki günə bir gün hesabı ilə hesablanaraq qismən toplamaq yolu ilə, ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, yəni 01 gün həbsdə saxlama müddətini nəzərə alaraq, bir günə bir gün hesabı ilə təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanla əlaqədar mülki mühakimə icraatı qaydasında aidiyyəti üzrə məhkəməyə mülki iddia vermək hüquqları izah edilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar