Məhkəmə qərarları › İş №1(017)-94/2024

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-94/2024

13.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-94/2024 13.08.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X1 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X1 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs - (xx.xx.1995-ci il tarixdə Ağcabədi rayonunun Cəfərbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 1 azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonunun Cəfərbəyli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə xeyli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 5,60 qram narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib bir ədəd kibrit qutusunda əynindəki qara rəngli şalvarın sol yan cibində daşıyaraq saxlamış, 26 mart 2024-cü il tarixdə Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamasında, istifadə etməsində və daşımasında şübhəli bilinərək saat 17:05-də Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti “Uğur” marketin qarşısında saxlanılaraq Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi RPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 18:40dan başlayaraq üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sol yan cibində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edib daşıyaraq saxladığı bir ədəd kibrit qutusunda, təmiz çəkisi 5,60 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi şəhərində yaşayır. Narkotik vasitə olan marixuanadan istifadə edir. Rəsmi olaraq heç bir yerdə işləmir. Narkotik vasitələri daimi istifadə etməsə də hərdənbir narkotik vasitə olan “nəşə” kimi tanıdığı qurudulmuş marixuana qəbul edir. Tutulmazdan bir neçə gün əvvəl yaşadığı Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən Heydər Əliyev parkında gəzən zaman ağacların dibində yerdə bir ədəd kibrit qutusu diqqətini çəkmiş, götürüb içinə baxanda içərisində qurudulmuş marixuana olduğunu görmüşdür. Həmin kibrit qutusunu öz şəxsi istifadəsi üçün cibinə qoyub üzərində saxlamış və cibində gəzdirmişdir. 26 mart 2024-cü il tarixdə saat 17 radələrində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospketində yerləşən “Uğur” marketin qarşısında olan zaman 2 nəfər mülki formada olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və narkotik vasitə gəzdirməkdə və saxlanılmasında şübhəli olduğunu bildirib Ağcabədi rayon Polis Şöbəsinə gəlməyi üçün onu dəvət etmişlər. Etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Ağcabədi rayon Polis Şöbəsinə gəlmiş və orada inzibati otaqların birində müdafiəçinin iştirakı ilə video çəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet olub-olmadığı soruşulmuş, əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunu təqdim etmişdir. Sonra polis əməkdaşları üzərinə axtarış keçirmiş və üzərindən başqa heç nə aşkar olunmamışdır. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənib götürülmüşdür. Bu barədə tərtib olunmuş protokola imza etmişdir. Hazırda törətdiyi əmələ görə peşmandır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Ağcabədi rayon PŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağcabədi rayonu, Cəfərbəyli kəndində qeydiyyatda olmaqla Ağcabədi şəhəri, S.Vurğun küçəsi, təzə məhəllələrdə yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onun Təqsirləndirilən şəxslə heç bir münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. Ona Ağcabədi rayonu, Cəfərbəyli kəndində qeydiyyatda olmaqla Ağcabədi şəhəri, S.Vurğun küçəsi, təzə məhəllələrdə yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 8-ci bəndini, 4-cü hissəsinin 2ci bəndinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 445.2-ci maddəsinin tələblərini rəhbər tutaraq “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilərək əməliyyat-axtarış qrupu yaradılmışdır. 26 mart 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda və daşımaqda şübhəli olan Təqsirləndirilən şəxs yeri müəyyən edilmiş, həmin günü saat 17:05-də Veliyev X6 şəhəri, Ü.Hacıbəyli prospektində, “Uğur” marketin qarşısında olarkən yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan edib, onu Ağcabədi rayon Polis Şöbəsinə gətirmişlər. Şöbədə ona hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş və Müdafiəçi qismində iştirakı təmin olunmuşdur. Şəxsi axtarış aparmazdan əvvəl şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş və bu barədə bildiriş protokolu ona təqdim edilmişdir. Şübhəli şəxs və müdafiəçisi həmin bildirişi imzalamışdır. Şəxsi axtarış aparmazdan əvvəl prosessual hərəkətin iştirakçılarının şəxsiyyəti dəqiqləşdirilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb stolun üzərinə qoymuşdur. Həmin kibrit qutusunun içərisinə baxış keçirilən zaman içərisində yaşıl rəngli, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olduğu aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra aşkar olunaraq götürülmüş narkotik vasitə elektron tərəzidə çəkilmiş və qablaşdırılmaqla möhürlənib götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan olunmuş Şahid2 Şəfahət oğlunun ifadəsi ilə də təsdiq olunur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-18/339 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....Təqsirləndirilən şəxs üzərindən..” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5,60 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 5,60 qram tədqiqata istifadə olundu 0,02 qram, qalıq 5,58 qramdır. İş materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan və arayışdan görünür ki, hazırkı iş üzrə ekspertiza tədqiqatından sonra qalıq qalan 5,58 qram çəkidə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağcabədi rayon Polis şöbəsinə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 765 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kanabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2024cü il tarixli tələbnaməsindən görünür ki Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Cəfərbəyli kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Cəfərbəyli kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi arayışdan və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağı (xx.xx.2017-ci il təvəllüdlü) vardır. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7 Ağcabədi rayon X3 Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli 18-1-23/2-622/2024 nömrəli məktubundan görünür ki, Veliyev X6 rayon X3 X4 şöbəsinin narkoloji kabinetində dispanser qeydiyyatında deyil. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə, azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan əlavə, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı “Marixuna (kannabis)” olan maddələr narkotik vasitədir, onun qurudulmuş 5 qramı “xeyli miqdar”, 500 qramı isə “külli miqdar” hesab olunur ((təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri)). “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı “Heroin” olan maddələr narkotik vasitədir, onun 0,15 qramı “xeyli miqdar”, 2 qramı isə “külli miqdar” hesab olunur ((təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri). Bundan əlavə, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı “Metamfetamin” olan maddələr narkotik vasitədir, onun 0,15 qramı “xeyli miqdar”, 2 qramı isə “külli miqdar” hesab olunur ((təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri). Məhkəmə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 1 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və dərhal saxlandığı Ağcabədi RPŞ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi olan müddət nəzərə alınaraq ona təyin olunan azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalıdır. Məhkəmə, törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 1 azyaşlı uşağının olması kimi şəxsiyyətini xarakterizə edən halları, cəza təyin edilməsində ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi tutulduğu müddət, yəni 2 (iki) gün (xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixinə kimi olan müddət) bir günə iki gün hesabı ilə ona təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, maddi sübut kimi tanınaraq Ağcabədi rayon Polis şöbəsində saxlanılan, qalıq çəkisi 5,58 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmasını qanuni və əsaslı hesab edir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə xərci olan 49 manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 iş saatı üçün 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlama müddətini, yəni iki gün müddəti nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Veliyev X6 rayon poliklinikasının narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Ağcabədi rayon Polis şöbəsində saxlanılan ekspertizadan sonra qalıq qalan çəkisi 5,58 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 49 manat 74 qəpik məhkəmə (ekspertiza) xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmün icrası - Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 25 iş saatı üçün 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar