Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-96/2023 06.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, iclas katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx xxxxxxx 1995-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbdaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005ci il tarixli Qanununda göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 315,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qəsdən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq yaşadığı evində saxlamış, 01 fevral 2023-cü il tarixdə saat 19:10-da Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri istifadə və evində saxlamasında şübhəli bilinərək yaşadığı ünvan 2 ünvanında yerləşən evə baxış keçirilərkən həmin evin həyətində yığılmış dam örtüklərinin altında qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd polietilen torbanın içərisində saxladığı təmiz çəkisi 315,0 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, ünvan 3 ünvanda anası Ruxsarə, qardaşı Məmməd və bacısı Könül ilə birlikdə yaşayır. Fəhləliklə məşğul olaraq ailəsini dolandırır. O, narkotik vasitə olan marixuanadan istifadə edir. Atası Rafiq 14 dekabr 2021-ci il tarixdə vəfat etmişdir. Mərhum atası Rafiq narkotik vasitə aludəçisi olmuşdur. Hətta buna görə məhkum olunmuşdur. Atası rəhmətə gedəndən sonra o, 2023-cü ilin yanvar ayında evdə quraşdırılmış sobanın borusu xarab olduğundan digər borunu götürmək üçün evin zirzəmisinə getmiş və zirzəmidə boru axtaran zaman bir ədəd sellofan torba görmüşdür. Həmin torba onun diqqətini cəlb etdiyi üçün əyilib torbanı açmış və içərisinə baxan zaman içərisində tanıdığı narkotik vasitə olan qurudulmuş marixuna olduğunu görmüşdür. O, həmin narkotik vasitənin atasına məxsus olduğunu bilmiş və həmin sellofan torbanı götürüb yaşadığı evin həyətində mişar daşından inşa edilmiş hasarın yanında yığılmış dam örtüklərinin altında gizlətmişdir. Sonra həmin narkotik vasitə olan marixuananın üzərindən bir qədər götürüb istifadə etmişdir. 01 fevral 2023-cü il tarixdə axşam radələrində ailə üzvləri dayısı İlqargilə qonaq getdikləri üçün evdə tək olmuşdur. Təxminən saat 19 radələrində evdə olan zaman həyət qapısının döyüldüyünü eşitmiş və həyətə düşüb qapını açmışdır. Qapını açan zaman bir neçə nəfər mülki və polis geyimində olan şəxsləri görmüşdür. Həmin şəxslər xidməti vəsiqələrini göstərib özlərini Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları kimi təqdim etmiş və ona yaşadığı evdə narkotik vasitə saxlamağında şübhəli olduğunu, yaşadığı evə baxış keçiriləcəyini bildirmişlər. Oda hər şeyi başa düşmüş və onlara heç bir etiraz etməmişdir. Həmin vaxt onun iştirakı ilə yaşadığı evə polis əməkdaşları videoçəkiliş vasitəsilə baxış keçirmişlər. Yaşadığı evə baxış keçirilən zaman evin həyətində mişar daşından inşa edilmiş hasarın yanında yığılmış dam örtüklərinin altında yuxarıda qeyd etdiyi və saxladığı bir ədəd polietilen torbada içərisində narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Həmin torba polis əməkdaşları tərəfindən açılmış və içərisində narkotik vasitə olan qurudulmuş marixuana olması müəyyən edilmişdir. Daha sonra həmin torba onun iştirakı ilə elektron tərəzidə çəkilmiş və çəkisi 360 qram olmuşdur. Sonra polis əməkdaşları və onun tərəfindən evindən aşkar edilmiş narkotik vasitə qablaşdırılmışdır. Yaşadığı evə əlavə olaraq baxış keçirilmiş, baxış zamanı heç bir qanunsuz əşya və ya predmet, eləcədə narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Sonra polis əməkdaşları onu Ağcabədi rayon Polis Şöbəsinə gətirmişlər. Burada onun üçün dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən heç bir qanunsuz əşya və ya predmet, eləcədə narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Həmin narkotik vasitədən heç kimə satmamış və verməmişdir. Hazırda törətdiyi əmələ görə çox peşman olduğunu bildırib, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək göstərdi ki, o, Ağcabədi rayon Polis Şöbəsində CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantıdır. 01 fevral 2023-cü il tarixdə icraatına ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadə etməsi və yaşadığı evdə narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə edildikdən sonra icrası ona həvalə edildiyindən tərəfindən əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi və əməliyyat qrupunun yaradılmasına dair qərar qəbul edilmişdir. Əməliyyat qrupunun tərkibində ondan başqa Ağcabədi RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı X7, Ağcabədi RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid2 və Ağcabədi RPŞ-nin PPXB-nin polis nəfəri polis kiçik serjantı Şahid3 olub. Həmin gün təxminən saat 19:00 radələrində əməliyyat qrupunun tərkibində Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə getmişlər. Fərdi yaşayış evinin həyət qapısını döymüşlər. Qapını Təqsirləndirilən şəxs özü açmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evdə ondan başqa heç kim yox imiş. Onlar Təqsirləndirilən şəxs xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Ona narkotik vasitələrin istifadəsində və yaşadığı ünvanda narkotik vasitələr saxlamasında şübhəli olduğundan onun yaşadığı ünvana təxirəsalınmaz baxış keçirilməsi barədə məlumat vermişlər. Bundan sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkiliş vasitəsilə onun yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evin çardağın altından, dam örtüklərinin yığıldığı yerdən bir ədəd sarı rəngli sellofan torbanı çıxarıb təqdim etmişdir. Həmin sellofan torbaya baxış keçirmişlər, içərisində yaşıl rəngli spesifik iyə malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Həmin sellofan torba aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmiş, çəkisi 360 qram olmuşdur. Bundan sonra həmin narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə qablaşdırılmış, üzəri yazılmış və DİN-in 143 saylı möhürü ilə möhürlənmişdir. Bundan başqa qeyd edilən evdən heç bir qanunsuz əşya və ya predmet, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Burada onun üçün müdafiəçi dəvət edildikdən sonra üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşları Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdilər. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 01 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdən 03 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 03 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 fevral 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, evə buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X6 Bölməsinin 02 fevral 2023-cü il tarixli, 18/121 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyinDƏN görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı...” sözləri yazılmış və imzalar olan polietilen torbadakı bir ədəd polietilen torba bağlamada təmiz çəkisi 315,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. Aşkar edilmiş qurudulmuş marixuananın təmiz çəkisi -315,0 qram, tədiqata sərf edildi - 0,05 qram, qalıq -314,95 qramdır. İş materiallarında olan “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin verdiyi 29 mart 2023-cü il tarixli, 370 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi RMX-ni Publik Hüquqi şəxsin poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda durmur. İş materiallarında olan X5 06 aprel 2023-cü il tarixli, 592 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuanadan epizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Ağcabədi RİHB Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 07 aprel 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, xx xxxxxxx 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə toplanmış və araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 315,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlaması, özünün etiraf etməsi, şahid ifadələri, məhkəmə-narkoloji ekspertizasının rəyi ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə təqsirə görə məsuliyyət prinsipi baxımından həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 5ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, Gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.) təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X2 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla onun islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 01 fevral 2023-cü il tarixdən 03 fevral 2023-cü il tarixədək olan iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəzasının dörd günü, təyin edilmiş cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin poliklinikasının narkoloji kabinetində proflaktiki qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan Ağcabədi rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalan 314,95 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına -AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-356, 358 və 383-385-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona iki il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdən 03 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının dörd günü, təyin edilmiş cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli Ağcabədi rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin poliklinikasının narkoloji kabinetində proflaktiki qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübut olan – tədqiqatdan sonra qalıq qalan 314,95 qram çəkidə narkotik vasitə olan qurudulmş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına -AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 keçirilsin. Hökmdən elan olunduğu gündən 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №1(017)-96/2023
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-96/2023
06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver