Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-96/2025 29.10.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X3 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X3 Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və Zərərçəkmiş şəxs iştirakları ilə Təqsirləndirilən şəxs – xx.xx.1990-cı il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, hazırda Ağcabədi rayonunun Kəhrizli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, məhkəmənin binasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(017)-55/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 120,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(017)- 131/2023 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(017)-560/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddətlər təyin edilərək xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2025-ci il tarixədək 4928,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 2015-ci ildə Aygül və 2016-cı ildə Gülay adlı iki uşaqları anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlardan Zərərçəkmiş şəxs mütəmadi olaraq evdə yersiz dava dalaş yaradırdı və onu bir ər kimi sayıb hörmət etmirdi. Xasiyyətləri uyğun gəlmədiyi üçün ailə münasibətləri tamamilə pozulmuşdur. 2019-cu ilin iyun ayında Zərərçəkmiş şəxs ondan ayrılıb uşaqları ilə birlikdə ayrı yaşayır. Zərərçəkmiş şəxs ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə Ağcabədi rayon Kəhrizli kəndinin ərazisində mülkiyyətində olan 0,90 hektar torpaq sahəsini hər ili 800,00 manata icarəyə vermişdir və eyni zamanda Ağcabədi rayon ərazisində müxtəlif kəndlərdə fəhlə olaraq işləməklə hər aya 400,00 manat qazanc əldə etmişdir. Faktiki olaraq ayrıldıqdan sonra Zərərçəkmiş şəxs ona qarşı məhkəmədə uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün aliment tələbi ilə iddia qaldırmış və Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(017)-131/2023 saylı qətnaməsinə əsasən həmin məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(017)-55/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək ondan xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 120 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun yaşadığı yer üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də təqdimat verilən günə, yəni xx.xx.2025-ci il tarixli təqdimatda qeyd edilən cəmi 4928 manat aliment borcunu ödəməmişdir. Tələbkar Zərərçəkmiş şəxs yaranmış aliment borcundan indiyədək heç bir ödəniş etməmişdir. Hazırda törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 2015-ci ildə Aygül və 2016-cı ildə Gülay adlı iki uşaqları anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlardan Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içkilər qəbul edərək onu döyüb söyürdü və onu bir arvad kimi sayıb hörmət etmirdi. Xasiyyətləri uyğun gəlmədiyi üçün ailə münasibətləri tamamilə pozulmuşdur. 2019-cu ilin iyun ayından Təqsirləndirilən şəxs ilə ayrılıb uşaqları ilə birlikdə ayrı yaşayır. Faktiki olaraq ayrıldıqdan sonra Təqsirləndirilən şəxs uşaqlarının saxlanması üçün ona heç bir maddi köməklik göstərməmiş və o, heç bir yerdə işləmədiyi üçün uşaqlarını təkbaşına saxlamaqda çətinlik çəkirdi. Ona görə atasının maddi yardımı ilə uşaqlarını saxlayırdı. Təqsirləndirilən şəxs qarşı məhkəmədə uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün aliment tələbi ilə iddia qaldırmış və Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(017)- 131/2023 saylı qətnaməsinə əsasən həmin məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(017)- 55/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 120 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Buna baxmayaraq borcdan heç bir ödəniş etməmişdir. Bütün bunlar isə onu göstərir ki, Təqsirləndirilən şəxs qərəzli şəkildə pulu ödəmir və bunu aşkar şəkildə bildirir. Təqsirləndirilən şəxs alimenti qərəzli olaraq ödəmədiyinə görə onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Ağcabədi rayon İcra və Probasiya şöbəsində icra məmuru vəzifəsində çalışır. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(017)-131/2023 saylı qətnaməsinə əsasən Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(017)-55/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 120 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra icra olunması üçün Ağcabədi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qətnaməsini icra etməsi üçün xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərdə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qətnaməsi icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığı üçün Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(017)-560/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 08 gün müddətinə həbs edilmişdir. Borclu inzibati məsuliyyətdən sonra da məhkəmə qərarının icrasını təmin etməmiş və xx.xx.2025-ci il tarixədək tələbkar Zərərçəkmiş şəxs cəmi 4928 manat məbləğində aliment borcu yaranmışdır. Bununla da, borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını icraya yönəldiyi vaxtdan bu günədək qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun göstərdikləri xüsusatları bir daha təsdiq etdi. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(017)-131/2023 nömrəli qətnaməsi ilə xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində hər ay hər uşağa Təqsirləndirilən şəxs 120 manat məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarında olan icra vərəqəsinin surətindən görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(017)-131/2023 nömrəli qətnaməsi xx.xx.2023-cü il tarixdə icraya yönəldilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, məhkəmə tərəfindən verilmiş icra vərəqəsi üzrə Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 tərəfindən icraata başlanılmış və borclu Təqsirləndirilən şəxs icranı təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin icra vərəqəsinin icrası ilə bağlı “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı barədə xəbərdar olunmuşdur. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü il tarixli 3(017)-560/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs aliment borcun vaxtında ödənilməsini təmin etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 08 gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktublarından, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(017)-560/2024 nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən qanuni qüvvəyə minmiş Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(017)-131/2023 nömrəli qətnaməsini qərəzli olaraq icra etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Kəhrizli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyini verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Onun barəsində nümayəndəliyə heç bir şikayət ərizəsi daxil olmamışdır. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır, həmçinin “Vətən müharibəsi iştirakçısı”, “Zəngilanın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Məhkəmə iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün sübut kimi qəbul edir. Məhkəmə eyni zamanda Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cinayət törətməkdə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işində təqsirləndirilən şəxsin təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktlarını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərərçəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxsin bu əməli davamlı olaraq uzun vaxt müddətində, qərəzli olaraq həyata keçirmişdir. Birbaşa qəsdlə törədilmiş cinayətlər isə öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə başqa cinayətlərdən fərqlənir. Belə ki, bu tip cinayətlərdə şəxs öz iradəsi ilə cəmiyyət tərəfindən qəbul olunmuş sosial-mənəvi normalara qarşı yönəlmiş antisosial davranış formasını seçir və bunu aydın surətdə dərk etməklə şüurlu şəkildə ictimai münasibətlərdə mənfi dəyişikliklər yaratmaq məqsədi güdərək, onlara qəsd edir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. Digər tərəfdən, bu əməllə demokratik cəmiyyət və ədalət mühakiməsinin fundamental hüquqlarından biri olan ədalətli məhkəmə araşdırması hüququ real mahiyyət kəsb etməyən xəyali bir hüquqa çevrilir. Məhkəmə qərarlarının icra olunmaması uzanan cinayətdir. Təqsirləndirilən şəxsin bunu dərk etməsi və uzun zaman ərzində məhkəmə aktlarını qərəzli olaraq icra etməməsini davam etdirməsi, bununla ədalət mühakiməsinin nüfuzuna zərbə vurması və şəxsin ədalətli məhkəmə araşdırması hüququnu davamlı olaraq pozması, zərərçəkmiş şəxsin məhkəmə çəkişməsini udduqdan sonra onun bu uduşdan yararlanmasına bilərəkdən maneələr yaratması onların ictimai təhlükəliliyini daha da artırır. Bu hallar təqsirləndirilən şəxsin psixikasında cəmiyyət tərəfindən qəbul olunmuş sosial-mənəvi normalara zidd davranış formasının model davranışa çevrilməsini və bu davranışın onların anticəmiyyət yönümünün məntiqi nəticəsi olmasını göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, qeyd olunanlar təqsirləndirilən şəxsin cinayətə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad olmamalarını, eyni zamanda islah olunmağa meylli olmamalarını göstərir. Ona görə də o, cəmiyyət üçün təhlükəlidir və onun islah olunması üçün cəzaya məruz qalmasına lüzum vardır. Yalnız bu halda cəzanın məqsədlərinə çatmaq, yəni sosial ədalətin bərpasına, xüsusi və ümumi prevensiya şərtlərinə və həmin şəxslərin islah olunmasına nail olmaq mümkündür. Məhkəmə hesab edir ki, ədalət mühakiməsi cəmiyyətin fundamental dəyərlərinin qorunub saxlanması və bərpa olunmasına, insan toplumunun hüquq və azadlıqlardan yararlanmasına xidmət edən əhəmiyyətli bir mexanizmdir. Ədalət mühakiməsi isə dövlət adından çıxarılan konkret qərarlarda öz əksini tapır. Konkret məhkəmə qərarlarının icra olunmaması ilə ədalət mühakiməsinin nüfuzuna zərbə vurmaqla, onun insan hüquq və azadlıqlarını qorunması və bərpa olunmasında yerinə yetirdiyi etibarlı mexanizm rolunu aşağı salır və nəticədə insanların bu mexanizmdən yararlanmasının real mahiyyəti heçə enir. Bu nüfuzun bərpa olunması isə insan hüquq və azadlıqlarının deklarativ deyil, real mahiyyət kəsb etməsi üçün son dərəcə vacibdir. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməməyə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, müharibə veteranı olmasını, həmçinin “Vətən müharibəsi iştirakçısı”, “Zəngilanın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat - axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə saat 14:00-da Ağcabədi şəhər ərazisində saxlanılaraq aidiyyəti üzrə Bakı şəhər, Nərimanov rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan və eyni tarixli müvəqqəti saxlama yerindən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş və MSY-dən dərhal azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət, yəni xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinə kimi olan müddət nəzərə alınaraq ona təyin olunan azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalıdır. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi, ilk dəfə olaraq az ağır cinayət törətməsi, müharibə veteranı olması, həmçinin “Vətən müharibəsi iştirakçısı”, “Zəngilanın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması kimi şəxsiyyətini xarakterizə edən halları, humanizm və ədalət prinsiplərini, habelə onun cəmiyyətdən təcrid olunmadan cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib ona azadlığın məhdudlaşdırması cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlama müddətini, yəni iki gün müddəti nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti olaraq üzərində azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Hökmün icrası onun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs yaşadığı rayonun İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi sübut yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırması cəzası təyin edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlama müddətini, yəni iki gün müddəti nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası - Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №1(017)-96/2025
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-96/2025
29.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver