Məhkəmə qərarları › İş №1(017)-97/2025

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-97/2025

22.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-97/2025 22.12.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxxx 1984-cü ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(017)-771/2021 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(017)-264/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddətlər təyin edilərək xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2025-ci il tarixədək 4458,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2009-cu il tarixdə faktiki nikah münasibətlərinə girərək ailə qurmuş, nikahlarını rəsmiləşdirməmişlər. Onların birgə nikahlarından 2011-ci ildə Gülnaz adlı bir uşaqları anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlardan mehriban şəraitdə yaşamışlar, lakin sonralar Zərərçəkmiş şəxs ilə münasibətləri pozulmuşdur. 2018-ci ildən Zərərçəkmiş şəxs ondan ayrılıb uşağı ilə birlikdə ayrı yaşayır. Zərərçəkmiş şəxs ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə Ağcabədi şəhərində müxtəlif yerlərdə usta suvaqçı fəaliyyəti ilə məşğul olmaqla hər aya 800,00 manat qazanc əldə etmişdir. Faktiki olaraq ayrıldıqdan sonra Zərərçəkmiş şəxs ona qarşı məhkəmədə uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tələbi ilə iddia qaldırmış və Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(017)-771/2021 saylı qətnaməsinə əsasən ondan xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə yer üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, kimi 4458,00 manat aliment borcunu ödəməmişdir. 2019-cu ilin mart ayının 5-dən Ağcabədi Kamunal Xidmət Mərkəzində hər ayı 364,00 manat əmək haqqı almaqla işləmişdir. 2024-cü ilin sentyabr ayında həmin işdən çıxmış Xankəndi «Mint-serviz» təmizlik xidmətində işləməklə gündə üç dəfə yemək və qalmağa yer xidmət tərəfindən ödənilməklə hər aya 364,00 manat əmək haqqı olan işdə hazırda işləyir. Maddi imkanı olmadığı üçün aliment borcunu ödəməmişdir. Hazırda o, törətdiyi əmələ görə peşman olmasını, qardaşının Vətən Müharibəsi iştirakçısı olmasını, ziyanı tam ödəməsədə hər ay 200 manat ödəmək şərti ilə öz aralarında razılaşıblar. Belə ki, maddi ziyandan qalan 4000 manatın hər ay ödənilməsi ilə bağlı razılaşıblar. Ona görə də Zərərçəkmiş şəxs ondan şikayətçi deyildir. Buna görədə bütün bunların nəzərə alınaraq ona həbslə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2009-cu il tarixdə faktiki nikah münasibətlərinə girərək ailə qurmuş, nikahlarını rəsmiləşdirməmişlər. Onların birgə nikahlarından 2011-ci ildə Gülnaz adlı bir uşaqları anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlardan mehriban şəraitdə yaşamışlar, lakin sonralar Təqsirləndirilən şəxs başqa qadına aludə olduğu üçün münasibətləri pozulmuşdur. 2018-ci ildən Təqsirləndirilən şəxs ilə ayrılıb uşağı ilə birlikdə ayrı yaşayır. Təqsirləndirilən şəxs ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə sonuncu Ağcabədi şəhərində müxtəlif yerlərdə usta malyar-rəngsaz fəaliyyəti ilə məşğul olmaqla aya 700-800 manat qazanc əldə etmişdir. Faktiki olaraq ayrıldıqdan sonra Təqsirləndirilən şəxs uşağının saxlanması üçün ona heç bir maddi köməklik göstərməmiş və o, heç bir yerdə işləmədiyi üçün uşağı təkbaşına saxlamaqda çətinlik çəkir. Ona görə öz atasının maddi yardımı ilə uşağını saxlayır. O, Təqsirləndirilən şəxs qarşı məhkəmədə atalığın müəyyən olunması və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tələbi ilə iddia qaldırmış və Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(017)-771/2021 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, borcluya tələbin icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmişdır. Ağcabədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək xəbərdarlıq edilsə də təqdimat verilən günə, yəni xx.xx.2025-ci il tarixli təqdimatda qeyd edilən 4458,00 manat aliment borcu yaranmışdır. Hazırda alimentdən 458 manat ödəmiş və qalan 4000 manatın hər ay ödənilməsi ilə bağlı razılaşıblar. Məhkəmə iclasında şahid qismində dindirilən Ağcabədi rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid1 ifadə verərək göstərdi ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(017)-771/2021 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra icra olunması üçün Ağcabədi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qətnaməsini icra etməsi üçün xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qətnaməsi icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığı üçün Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(017)-264/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 08 (səkkiz) gün müddətinə həbs edilmişdir. Borclu inzibati məsuliyyətdən sonra da məhkəmə qərarının icrasını təmin etməmiş və xx.xx.2025-ci il tarixədək tələbkar Zərərçəkmiş şəxs cəmi 4458,00 manat məbləğində aliment borcu yaranmışdır. Bununla da, borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq icra etməmişdir. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(017)-264/2024 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Qəribov X5 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(017)-771/2021 saylı qətnaməsi üzrə ödənilməmiş aliment borcunun ödənilməsini təmin etməyəcəyi halda Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmağına dair barəsində toplanmış materiallar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X6 Filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Nazirliyin MEİS-də xx.xx.2019-cu il tarixdən mövcud olan işaxtaran kimi qeydiyyatı xx.xx.2024-cü il tarixdən “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 5.9.1-ci maddəsinə əsasən (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi əsasında münasib işlə təmin olunduqda) ləğv edilmişdir. İş materiallarında olan İş materiallarına əlavə edilmiş "xxxx" MMC-in qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs istintaq dövründə Zərərçəkmiş şəxs xeyrinə aliment borcundan cəmi 520,00 manat ödəniş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8 nömrəli qərarının 8.2 bəndində qeyd edilmişdir ki, aliment ödəyən əmək qabiliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ziyanı tam ödəməsədə hər ay 200 manat ödəmək şərti ilə öz aralarında razılaşıblar. Belə ki, maddi ziyandan qalan 4000 manatın hər ay ödənilməsi ilə bağlı razılaşıblar. Ona görə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsində ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs X3 ilə doğma qardaşdırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Rüspublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250s nömrəli sərəncamı ilə Azərbaycan Rüspublikasının Baş Naziri tərəfindən verilmiş vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X3 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən alınan xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi RİHB Ağcabədi şəhər İƏDsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadəsini inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün sübut kimi qəbul edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslə razılıq əldə etməsini, dəymiş zərərdən qismən ödəməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, dəymiş zərərdən qismən ödəməsini, qardaşının Vətən Müharibəsi iştirakçısı olamasını, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla onun islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuna müvafiq hesab edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 08 avqust 2025-ci il tarixdən 10 avqust 2025-ci il tarixədək olan iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəzasının 4 günü, təyin edilmiş cəzasından çıxılmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddianın, maddi sübutun, ekspertiza xərcinin və xüsusi müsadirənin olmaması nəzərə alınmalıdır. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 20 iş saatı üçün 220 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-356, 358 və 383-385-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 avqust 2025-ci il tarixdən 10 avqust 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının dörd günü, təyin edilmiş cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq bir il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli Ağcabədi rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddianın, maddi sübutun, ekspertiza xərcinin və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə 20 iş saatı üçün 220 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar