Məhkəmə qərarları › İş №1(017)-98/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-98/2023

08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-98/2023 08.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmənin iclas katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci İnstansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçiləri Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxxxx 1979-cu il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Bərdə şəhəri, S.Vurğun küçəsi, ev 02, mənzil 18-də qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələri ilə təqsirləndirilməsiinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 6,84 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, 07 fevral 2023-cü il tarixdə səhər saatlarında Bərdə şəhərində yerləşən mərkəzi bazarda tanışı Şahid1 ilə narkotik vasitə olan marixuananın bir bükümünü 20 manata satmağa razılaşıb, həmin gün günorta saatlarında Bərdə şəhəri Dəmiryolu vağzalının yaxınlığında sonuncu ilə yenidən görüşərək həmin məbləğdə pulu aldıqdan sonra həmin narkotik vasitənin bir ədəd salfet kağızı bükümdə 0,98 qram olan hissəsini ona satmış, 07 fevral 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şahid1 həmin gün saat 17:30 radələrində Ağcabədi şəhəri, H.Əliyev prospektində saxlanılaraq Ağcabədi rayon polis şöbəsinin inzibati binasına gətirilib orada şübhəli şəxs qismində tutularaq üzərinə həmin tarixdə saat 18:05-dən etibarən videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli qış paltosunun sol iç cibindən bir ədəd salfet kağız bükümdə təmiz çəkisi 0,98 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs 08 fevral 2023-cü il tarixdə saat 17:30 radələrində Bərdə rayonu mərkəzi bazarında saxlanılaraq Ağcabədi rayon polis şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq üzərinə 08 fevral 2023-cü il tarixdə saat 18:40-dan etibarən videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxladığı bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,86 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, Bərdə rayon mərkəzi bazarında xırdavat əşyalar satmaqla məşğul olur, 3-4 aydır narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 03 fevral 2023-cü il tarixdə saat 17 radələrində bazardan çıxıb yaşadığı evə gedərkən dəmiryolu ərazisindən keçən zaman yerdə bükülü kağız görmüş, həmin kağız diqqətini çəkdiyi üçün yerdən götürmüş və açıb içərisinə baxdıqda içərisində bir ədəd kibrit qutusu və bir ədəd salfet kağızı bükümü olduğunu görmüşdür. O, həmin kibrit qutusunu açmış, kibrit qutusunda nəşə olduğunu görmüş, sonra salfet kağızını da açmış, onda da nəşə olduğunu görmüşdür. O, həmin nəşəni özü ilə götürmüş ki, ürəyi istəyəndə qəbul edər. 07 fevral 2023-cü il tarixdə səhər saatlarında əvvəldən tanıdığı Şahid1 ilə bazarda görüşmüş, İlkin bazarın dərmanlanması ilə məşğul olmuşdur. İlkin onda nəşə istəmişdir. Onlar nəşənin bir bükümünü 20 manata razılaşmışlar. O, 07 fevral 2023-cü il tarixdə günorta saatlarında salfet kağızına bükülmüş nəşəni dəmiryolu vağzalının yaxınlığında işıq dirəyinin yanına qoymuş və İlkində oradan gedib nəşəni götürmüşdür. 08 fevral 2023cü il tarixdə saat 17 radələrində bazardan çıxıb evə gedən zaman tanımadığı şəxslər yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduğunu bildirmişlər, polis əməkdaşları onun qanunsuz olaraq üzərində narkotik vasitələr saxlamaqda və satmaqda şübhəli olduğunu bildirərək Ağcabədi rayon polis şöbəsinə getməyi bildirmişlər, oda etiraz etməmiş və sonra polis əməkdaşları ilə birlikdə Ağcabədi rayon polis şöbəsinə gəlmişlər. Həmin vaxt onun üzərində bir ədəd kibrit qutusunda saxladığı qurudulmuş marixuana olmuşdur. Onlar polis şöbəsində olarkən ona müdafiəçidən istifadə etmək hüquqları və qanunla müəyyən edilmiş qaydada digər hüquqları izah olunmuşdur, Müdafiəçi2 vəkil təyin olunmuşdur. Bundan sonra polis əməkdaşları ona üzərində cinayət xarakterli əşya, o cümlədən narkotik vasitə olub olmadığını soruşmuşlar. Oda əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd kibrit qutusunda qurudulmuş marixuananı çıxarıb təqdim etmiş, həmin kibrit qutusuna baxış keçirilmiş və baxış keçirildikdən sonra aşkar olunduğu vəziyyətdə, yəni kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş, çəksi 8,06 qram çəkidə olmuşdur. Həmin kibrit qutusu çəkildikdən sonra qablaşdırılıb möhürlənmişdir. O, üzərindən aşkar edilmiş qurudulmuş marixuananın ona məxsus olduğunu bildirmiş, həmin qurudulmuş marixuananı özünün istifadə etməyi üçün saxlamışdır. O, əvvəllər narkotik tərkibli bitkilər əkib-becərməmiş, ilk dəfə idi İlkinə narkotik vasitə satmış, üzərindən aşkar olunaraq götürülmüş marixuananı tapan vaxt tək olmuş, yanında heç kəs olmamış, narkotik vasitəni istifadə etmək üçün üzərində saxlamışdır. Hazırda törətdiyi əmələ görə çox peşman olduğunu bildırib, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək göstərdi ki, o, fəhləliklə məşğul olur, Təqsirləndirilən şəxs tanıyır, qohumluğu və ədavəti olmamışdır. O, Ramini 3-4 ildir Bərdə rayon bazaırndan tanımış, Ramin bazarda xırdavat əşyaların alveri ilə məşğul olmuşdur. O, təxminən 5-6 aydır narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. O, Raminin də narkotik vasitədən istifadə etdiyini bilmiş, ona görə də Ramindən narkotik vasitə istəmişdir. 07 fevral 2023-cü il tarixdə səhər saatlarında bazarda olan zaman Ramin ilə görüşmüş, Raminə marixuana istədiyini demiş və qiymətini soruşmuş, Ramin də ona bir bükümünü 20 manata verəcəyini demiş, onlar razılaşmışlar. Həmin gün günorta saatlarında onlar dəmiryolu vağzalının yaxınlığında görüşmüşlər və Ramin salfet kağızına bükülmüş bir büküm nəşənin yerini göstərmiş və işıq dirəyinin yanından həmin bir büküm nəşəni götürərək Ramindən almışdır. O, həmin bükülünü özü ilə götürmüş və işi olduğu üçün Ağcabədi rayonu ərazisinə gəlmişdir. Həmin gün saat 17:30 radələrində o, Ağcabədi şəhəri ərazisində olan zaman tanımadığı şəxslər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduğunu bildirmişlər, polis əməkdaşları onun qanunsuz olaraq üzərində narkotik vasitələr saxlamaqda şübhəli olduğunu bildirərək Ağcabədi rayon polis şöbəsinə getməyi bildirmişlər. Oda etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Ağcabədi rayon polis şöbəsinə gəlmişdir. Həmin vaxt onun üzərində bir ədəd salfet kağızına bükülmüş qurudulmuş marixuana olmuşdur. Onlar polis şöbəsində olarkən ona müdafiəçidən istifadə etmək hüquqları və qanunla müəyyən edilmiş qaydada digər hüquqları izah olunmuşdur. Bundan sonra polis əməkdaşları ona üzərində cinayət xarakterli əşya, o cümlədən narkotik vasitə olub olmadığını soruşmuşlar. Oda əynində olan boz rəngli paltonun sol iç cibində saxladığı bir ədəd salfet kağızı bükümündə qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Həmin büküm açılıb baxış keçirilmiş, bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuş, baxış keçirildikdən sonra içərisində qurudulmuş marixuana olan salfet bükümü aşkar olunduğu vəziyyətdə, yəni kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş, çəksi 2,49 qram çəkidə olmuş, həmin salfet bükümü çəkildikdən sonra qablaşdırılıb möhürlənmişdir. Onun üzərindən aşkar edilmiş həmin qurudulmuş marixuananı tanışı Təqsirləndirilən şəxs 20 manata almış və özünün istifadə etməyi üçün saxlamışdır. O, heç kimə narkotik vasitə satmamış, pay verməmiş, üzərindən aşkar olunaraq götürülmüş marixuananı Təqsirləndirilən şəxs alan zaman tək olmuş, marixunanı aldığını heç kəs görməmiş və Ramindən ilk dəfə narkotik vasitə almışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadə verərək göstərdi ki, o, Ağcabədi rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağcabədi rayon X16 rayonu, Körpüsındıran kənd sakini Şahid1 qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında Şahid1 07 fevral 2023-cü il tarixdə saat 17:30 radələrində Ağcabədi şəhəri, H.Əliyev küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsi ilə Şahid1 üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan boz rəngli qış paltosunun sol iç cibindən bir ədəd salfet bükümü çıxarıb təqdim etmişdir. Həmin salfet bükümün açıb içərisinə baxdıqda yaşıl rəngli, spesifik qoxuya malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmiş, aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə tərəzinin üzərinə tökülərək çəkiləcəyi təqdirdə itkiyə gedəcəyindən ehtiyyat edərək iştirakçıların və müdafiəçinin iştirakları ilə aşkar edilmiş vəziyyətdə, yəni salfet kağızı ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 2,49 qram olmuşdur. Daha sonra Şahid1 üzərində şəxsi axtarış aparılmış və üzərindən cinayət xarakterli əşya, o cümlədən digər narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Həmin aşkar edilərək götürülmüş kütlə iştirakçıların və müdafiəçinin iştirakları ilə qablaşdırılaraq möhürlənmişdir. Bütün bunlardan sonra protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin vaxt Şahid1 aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu və Bərdə rayon sakini Ramin adlı şəxsdən 20 manata aldığını bildirmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq Bərdə şəhər sakini Təqsirləndirilən şəxs 08 fevral 2023-cü il tarixdə saat 18:20 radələrində Bərdə şəhərində mərkəzi bazarın yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Müdafiəçisi Ramin Ağamalıyevin və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusu açıb içərisinə baxdıqda yaşıl rəngli, spesifik qoxuya malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə tərəzinin üzərinə tökülərək çəkiləcəyi təqdirdə itkiyə gedəcəyindən ehtiyyat edərək iştirakçıların və müdafiəçinin iştirakları ilə aşkar edilmiş vəziyyətdə, yəni kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 8,06 qram olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və üzərindən cinayət xarakterli əşya, o cümlədən digər narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Həmin aşkar edilərək götürülmüş kütlə iştirakçıların və müdafiəçinin iştirakları ilə qablaşdırılaraq möhürlənmişdir. Bütün bunlardan sonra protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu və Bərdə rayon sakini Şahid1 20 manata narkotik vasitə satdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşları Şahid3 və X5 eyni məzmunlu ifadələr verərək, Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdilər. İş materiallarında olan 07 yanvar 2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2, İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid3 və TB-nin təhqiqatçısı, polis kapitanı X12 və Şahid1 hüquqlarının müdafiəsi edilməsi məqsədilə müdafiçi təyin edilmiş Ağcabədi rayon Vəkil Bürosunun müdiri X2 iştirakı ilə Şahid1 üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, Şahid1 əynində olan paltonun sol iç cibindən bir ədəd salfet kağızına bükülmüş 2,49 qram çəkidə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 08 yanvar 2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2, İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid3 və TB-nin təhqiqatçısı, polis kapitanı X12 və Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi edilməsi məqsədilə müdafiçi təyin edilmiş Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunda 8,06 qram çəkidə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 08 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 fevral 2023-cü il tarixdən 10 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 10 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilməsindən imtina olunmuş, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilmiş və 10 fevral 2023-cü il tarixdə barəsində məhkəmənin öz təşəbbüsü ilə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti Ağcabədi rayon Məhkəməsinin hakimi X6 27 aprel 2023-cü il tarixli, 4(017)-46/2023 saylı qərarı ilə 28 may 2023-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan Bərdə rayon Mərkəzi xəstəxanasının Poliklinika şöbəsi tərəfindən verilmiş 25 aprel 2023-cü il tarixli, 522 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının narkoloji kabinetində dispanser qeydiyyatda durmur. İş materiallarında olan «Bərdə rayon Mərkəzi xəstəxanası» publik hüquqi şəxs tərəfindən verilmiş 25 aprel 2023-cü il tarixli, 415 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın Rublik Hiquqi şəxsin poliklinika şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatda durmur. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin 08 fevral 2023-cü il tarixli, 18/148 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şahid1 üzərindən...” sözləri və imzalar olan kağız paketdəki bir ədəd salfet kağızı bükümdə təmiz çəkisi 0,98 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin 09 fevral 2023-cü il tarixli, 18/152 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdəki bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,86 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin 18 aprel 2023-cü il tarixli, 18/425 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Şahid1 və Təqsirləndirilən şəxs götürülmüş marixuanalar eyni tərkiblidir. Marixuananın ümumi çəkisi – 6,80 qr, cəmi tədqiqata sərf olundu -0,04 qr ( hər ob- 0,02 qr) qalıq 6,76 qr. İş materiallarında olan X8 20 aprel 2023-cü il tarixli, 681 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabionidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Ağcabədi rayon polis şöbəsinə verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın onun özünə məxsus olması, ümumiyyətlə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin narkotik vasitələrin mənbəyi hələki müəyyən edilməmişdir. İş materiallarında olan 27 aprel 2023-cü il tarixdə Şahid1 əməlində qanunsuz olaraq narkotik vasitələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında əldə edilməsinə, saxlanılmasına, daşınmasına görə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi əlamətləri olduğundan barəsində həmin maddə ilə inzibati icraat başlanması və inzibati tədbir görülməsi üçün 27 aprel 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarın surəti Ağcabədi RPŞ-nin İctimai Təhlükəsizlik bölməsinə göndərilmişdir. İş materiallarında olan Bərdə şəhər İcra nümayəndəliyi tərəfindən verilmiş 13 fevral 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. X1 adında G40.3 Epilepsiya tez-tez təkrarlanan epileptik tutmalar ilə bağlı xəstə oğlu var. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq 6,84 qram miqdarda əldə edib üzərində daşımaqla saxlaması və satması, özünün etiraf edici və şahid ifadələri, ekspertiza rəyləri ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə. Gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 8-ci bəndində göstərilir ki, Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əvvəllər məhkum olunmamasını, himayəsində ikinci qrup əlilliyi olan övladının və yaşlı valideynlərinin olmasını, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə onun cəmiyyətdən təcrid olunmaqla islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 234.1-ci və 234.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuna müvafiq hesab edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.) təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X4 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalından həbsə alınmalı, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını CM-nin 56.1.2-ci madəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu gündən, yəni 08 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs «Bərdə rayon Mərkəzi Xəstəxanası» Publik Hüququ şəxsin poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata götürülməlidir. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübut - tədqiqatdan sonra qalıq qalan 6.76 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 149 manat 22 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ. MEM. VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 344-349, 351-356, 358.2 və 383-385-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona CMnin 234.1-ci maddəsi ilə bir il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.2-ci maddəsi ilə üç il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq üç il iki ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin: cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 8 fevral 2023-cü il tarixdən hesablansın: barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs «Bərdə rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxsin poliklinikasının narkoloji kabinetində proflaktiki qeydiyyata götürülsün. İş üzrə Ağcabədi rayon Polis şöbəsində saxlanılan maddi sübutlar – tədqiqatdan sonra qalıq qalan 6.76 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 149 manat 22 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına - Az.MEM.VÖİN **********, Az 34 CTRE********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 BİK STREAZ 22 hesabına keçirilsin. İş üzrə xüsusi müsadirənin və maddi ziyanın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə olan şəxsə hökmün surəti verildiyi) gündən 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar