Məhkəmə qərarları › İş №1(018)-10/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-10/2023

24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-10/2023 24.01.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X14 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi X1, müdafiəçi X8 və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1979-cü ildə İran İslam Respublikası Birjand şəhərində anadan olmuş, İran İslam Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 03 (üç) azyaşlı uşağı olan, sürücü işləyən, məhkum olunmamış, İran İslam Respublikası Birjand şəhəri Hafiz Qərbi küçəsi 11 saylı evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayının əvvəllərində İran İslam Respublikasında olarkən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təsiredici maddəsinin miqdarı 0,06 qram təşkil edən 01 (bir) həb və 01 (bir) həb parçası metadon narkotik vasitəsini əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə özünə məxsus olan göy rəngli şalvarın sağ kiçik cibində gizlədərək saxlamış, həmin şalvarı idarə etdiyi “Tractor” markalı, “62AA311/312” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasında sürücü oturacağının üzərində yerləşən şəxsi ləvazimatlar üçün nəzərdə tutulmuş yeşiyin içərisinə yerləşdirməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və 7 sentyabr 2022-ci il tarixdə, saat 22 radələrində şəxsi istehlak miqdarından artıq miqdarda, təsiredici maddəsinin miqdarı 0,06 qram təşkil edən 1 həb və 1 həb parçası metadon narkotik vasitəsini Azərbaycan Respyblikasının Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara rayonunun inzibati ərazisində yerləşən «Astara» Gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, İran İslam Respublikası vətəndaşıdır. Ailəlidir, himayəsində üç azyaşlı uşağı var. Ailədə yeganə qazanc gətirən şəxsdir. Sürücü işləməklə ailəsinin dolanışığını təmin edir. “Tractor” markalı, “62AA311/312” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini etbarnamə əsasında idarə edir vəhəmin avtomobillə yüklər daşıyır. Bundan əvvəl heç bir vaxt Azərbaycan Respublikasına gəlməmişdir. Avtomobilin sahibi ona “avtomobil şinləri” yükünun Azərbaycan Respublikası Bakı şəhərinə aparılmalı olduğunu demiş, o da İran İslam Respublikasında idarə etdiyi “Tractor” markalı, “62AA311/312” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə şinləri yükləmiş və həmin yükü Azərbaycan Respublikasına gətirmək məqsədi ilə yola çıxmışdır. Yola çıxmazdan əvvəl, yəni 2022-ci il sentyabr ayının ilk günlərində İran İslam Respublikasının Birjand şəhərində resept əsasında aptekdən metadon həbləri almışdır. Belə ki, bel fəqərələrində yırtıqlar olduğu və kəskin ağırlar zamanı həmin həbləri həkim resepti əsasında qəbul etmişdir. Yola çıxmazdan da əvvəl uzun yol sürəcəyinə görə 01 (bir) həb və bir həb parçasını şalvarın cibində gizlətmiş, məqsədi həmin dərmanın gömrükdən keçən zaman rahat keçirmək olmuşdur. Beləliklə, 07 sentyabr 2022-ci il tarixdə, saat 22 radələrində idarə etdiyi “Tractor” markalı, “62AA311/312” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə İran-Azərbaycan sərhədini keçmiş və Azərbaycan Respublikası «Astara» Gömrük postuna daxil olmuş və nəqliyyat vasitəsini yük maşınları üçün nəzərdə tutulmuş yoxlama xəttinə sürmüşdür. Yoxlama xəttində gömrük əməkdaşı ondan nəqliyyat vasitəsində və ya üzərində hər-hansı bir qanunsuz maddənin olub-olmadığını soruşmuş, o isə öz növbəsində qanunla dövriyyəsi qadağan edilmiş hər-hansı bir maddənin onda və ya onun idarə etdiyi nəqliyyat vasitəsində olmadığını bildirmişdir. Bundan sonra gömrük əməkdaşı onun idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilməli olduğunu və bu məqsədlə 02 (iki) nəfər şahid dəvət edəcəyini qeyd etmiş, onların iştirakı ilə yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı gömrük işçiləri onun idarə etdiyi nəqliyyat vasitəsinin kabinasında, sürücü oturacağının üzərində yerləşən şəxsi ləvazimatlar üçün nəzərdə tutulmuş yeşiyin içərisində olan göy rəngli şalvarın sağ kiçik cibində üzərində “Methadone 40” yazısı olan 1 (bir) ədəd konvalyut kəsiyində 1 (bir) həb və 1 (bir) həb parçası dərman preparatı aşkar edilmişdir. Sonra onun üzərində şəxsi yoxlama aparılmış, həmçinin nəqliyyat vasitəsi «Astara» Gömrük postunun inzibati ərazisində yerləşən stasionar rentgen qurğusundan keçirilmiş, lakin başqa hüquqpozma predmeti aşkar edilməmişdir. Yoxlama tam başa çatdıqdan sonra onun idarə etdiyi nəqliyyat vasitəsinin kabinasında olan göy rəngli şalvarın sağ kiçik cibində aşkar olunmuş üzərində “Methadone 40” yazısı olan 1 (bir) ədəd konvalyut kəsiyində 1 (bir) həb və 1 (bir) həb parçası dərman preparatı onun və hal şahidlərin iştirakı ilə gömrük işçiləri tərəfindən görütülmüş və araşdırma ilə əlaqədar qablaşdırılaraq möhürlənmişdir. Metadon həbləri ona məxsusdur, həmin həbləri resept əsasında İran İslam Respublikasının Birjand şəhərində aptekdən almışdır. İran İslam Respublikasında fəaliyyət göstərən X2 həkimi Mənsur Kərimi tərəfindən verilmiş arayışla da ona ağrıkəsici kimi tramadol və metadon həblərinin qəbul edilməsi göstərilmişdir. Aşkar edilmiş metadon həbini müalicə məqsədilə həkim resepti əsasında aptekdən almışdır. X15 Respublikasında həmin dərman pereparatı qismində azad satışda olduğu üçün onun əldə edilib saxlanması cinayət deyildir. Çünki o, üstündə aşkar edilmiş 1 ədəd həbi və həb parçasını qanuni əsaslarla əldə etmişdir. Həmin həbləri özü ilə ona görə götürmüşdür ki, müalicəsində fasilə olmasın. Ailədə yeganə qazanc gətirən şəxs olmasının, həyatında ilk dəfə cinayət törətməsinin, himayəsində üç azyaşlı uşağın olmasının məhkəmə tərəfindən nəzərə alınıb ona yüngül cəza təyin edilməsini xahiş edir. Hesab edir ki, məhkəmə tərəfindən ona mərhəmət göstərilib azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin ediləcəkdir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlləri məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin araşdırılan digər obyektiv halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” Gömrük postunda böyük inspektor vəzifəsində xidmət edir. 7 sentyabr 2022-ci il tarixdə iş bölgüsünə müvafiq olaraq “Astara” Gömrük postunda, nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal xəttində gömrük nəzarətini həyata keçirməklə öz xidməti vəzifəsini yerinə yetirmişdir. Həmin gün, saat 22 radələrində “Tractor” markalı, “62AA311/312” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikası Tehran şəhərində yerləşən “Kavir Tire” şirkətindən Azərbaycan Respublikası Bakı şəhərində yerləşən “Lux Tires MMC”-i şirkətinin ünvanına yükü müşayiət edən “35609” saylı CMR-ə və “Plxx/xx-1402” nömrəli invoysa əsasən “avtomobil şini” yükü gətirən adını sonradan bildiyi İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs onun tərəfindən saxlanılmışdır. Ondan üzərində və ya nəqliyyat vasitəsində qanunla dövriyyəsi qadağan edilmiş hər-hansı bir maddənin olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs isə qanunla qadağan edilən hər hansı bir maddənin üzərində və ya idarə etdiyi nəqliyyat vasitəsində olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinə hal şahidlərinin və sürücünün iştirakı ilə gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında, sürücü oturacağının üzərində yerləşən şəxsi ləvazimatlar üçün nəzərdə tutulmuş yeşiyin içərisində olan göy rəngli şalvarın sağ kiçik cibində üzərində “Methadone 40” yazısı olan 1 (bir) ədəd konvalyut kəsiyində 1 (bir) həb və 1 (bir) həb parçası dərman preparatı aşkar edimişdir. Daha sonra zərurət yarandığından Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 64-cü maddəsinə əsasən İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılmış, həmçinin nəqliyyat vasitəsinin “Astara” Gömrük postunun inzibati ərazisində yerləşən “HCVG” markalı stasionar rentgen qurğusundan keçirilmiş, lakin başqa hüquqpozma predmeti aşkar edilməmişdir. Yoxlama tam başa çatdıqdan sonra Təqsirləndirilən şəxs məxsus göy rəngli şalvarın sağ kiçik cibində aşkar olunmuş üzərində “Methadone 40” yazısı olan 1 (bir) ədəd konvalyut kəsiyində 1 (bir) həb və 1 (bir) həb parçası onun tərəfindən araşdırma ilə əlaqədar götürülmüş, ekspertiza tədqiqatına təqdim olunması məqsədilə qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, 7 sentyabr 2022-ci il tarixdə, saat 22 radələrində “Astara” Gömrük postunun inspektoru Tərlan Zeynalov onu və onunla birlikdə orada olan Elvin adlı şəxsi yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə çağırmış və İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Tractor” markalı, “62AA311/312” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edəcəyini və onlara da hal şahidi qismində iştirak etmələrini təklif etmişdir. X12 razılaşmış, daha sonra Tərlan Zeynalov onların iştirakı ilə İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Tractor” markalı “62AA311/312” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi gömrük yoxlaması tətbiq etmişdir. Yoxlama zamanı Tərlan Zeynalov nəqliyyat vasitəsinin kabinasında, sürücü oturacağının üzərində yerləşən şəxsi ləvazimatlar üçün nəzərdə tutulmuş yeşiyin içərisində olan göy rəngli şalvarın sağ kiçik cibində üzərində “Methadone 40” yazısı olan 1 (bir) ədəd konvalyut kəsiyində 1 (bir) həb və 1 (bir) həb parçası dərman preparatı aşkar etmişdir. Daha sonra Tərlan Zeynalov Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparmış, həmçinin nəqliyyat vasitəsi “Astara” Gömrük postunun inzibati ərazisində yerləşən stasionar rentgen qurğusundan keçirilmiş, lakin başqa hüquqpozma predmeti aşkar edilməmişdir. Yoxlama tam başa çatdıqdan sonra Təqsirləndirilən şəxs məxsus göy rəngli şalvarın sağ kiçik cibində aşkar olunmuş üzərində “Methadone 40” yazısı olan 1 (bir) ədəd konvalyut kəsiyində 1 (bir) həb və 1 (bir) həb parçası onların və Təqsirləndirilən şəxsın iştirakı araşdırma ilə əlaqədar qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Bu barədə sənədləşmə aparılmış, onlar da sənədlərlə tanış olub imza etmişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir:

1. Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara Gömrük postunda tərtib edilmiş “malların və nəqliyyat vasitəsinin yoxlanılması haqqında” 07 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 22 radələrində “avtomobil şinləri” yükü gətirən İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Tractor” markalı, “62AA311/312” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə nəqliyyat vasitəsinin kabinəsində sürücü oturacağının üzərində yerləşən şəxsi ləvazimatlar üçün nəzərdə tutulmuş yeşiyin içərisində olan göy rəngli şalvarın sağ kiçik cibində gömrük nəzarətindən gizlədilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, 1 həb və 1 həb parçası metadon narkotik vasitəsinin aşkar edilib götürülmüşdür.

2. “Narkotik vasitənin aşkar olunduğu göy rəngli şalvara baxış keçirilməsi haqqında” 8 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, üzərinə qırmızı rəngli etiketdə “Levis” yazılmış göy rəngli şalvarın sağ cibinin üzərində kiçik cibi mövcuddur, həmin kiçik cibin eni 7 sm, dərinliyi 8 sm-dir, hər hansı bir kiçik ölçülü maddəni gizlədilməsi üçün əlverişlidir. Baxış zamanı tərcüməçi və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs ilkin izahatı nəzərə alınmaqla həmin şalvarı əyninə geyinməsi təklif edilmiş, Təqsirləndirilən şəxs hər hansı bir etirazı olmadan həmin şalvarı əyninə geyinmiş və şalvarın ona məxsus olması və əyninə gəldiyi müəyyən edilmişdir.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 bölməsi tərəfindən verilmiş 8 sentyabr 2022-ci il tarixli, 19/945 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd polietilen paketdəki 1 ədəd qəhvəyi rəngli, dairəvi formalı və 0,5 ədəd qəhvəyi rəngli, dairəvi formalı, üzərində «F/M 40» sözləri yazılmış həblər metadon narkotik vasitəsidir. Həblərin təsiredici maddəsinin ümumi miqdarı 0,06 qram təşkil edir. Metadon Azərbaycan Respublikası ərazisində məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısının İ bəndinə (sıra № 6) daxildir. Qeyd: Metadon həblərinin sayı – 1,5 ədəd həb, tədqiqata sərf edildi – 0,5 həb, qalıq – 01 (bir) ədəd metadon həbi qəldı.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X16 tərəfindən verilmiş 15 oktyabr 2022-ci il tarixli, 6072 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs medatondan istifadə etmə halları olub, lakin hazırda narkomaniya xəstəliyindən əzab çəkmir, məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür. Bundan əlavə, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «metadon» olan narkotik vasitənin 0,02 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 1,6 qramı və ya ondan artıq hissəsi isə «külli miqdar» hesab olunur. Məhkəmə, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrlə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir.

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 19 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.

2. İran İslam Respublikası X7 tərəfindən verilmiş tibbi arayışın və həkim reseptinin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs bel-fəqərə ağrıları xəstəliyindən müalicə olunması üçün qeydiyyatdadır və bununla bağlı müalicə alır. Onun barəsində metadonla müalicə qeydləri var və metadon dərmanını qəbul edə bilər.

3. Xasiyyətnamədən, o cümlədən nikah və doğum haqqında arayışlardan görünür ki, Təqsirləndirilən şəxs ailəli olmaqla, himayəsində 03 (üç) azyaşlı uşağı var. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur, sürücü işləməklə ailədə yeganə qazanc gətirən şəxsdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşimanlıq hissi keçirməsini, ailəli olmaqla himayəsində üç azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, həmçinin məhkəməyə təqdim edilmiş sənədlərdə məhz metadon dərmanının tablet şəklində qəbul edə bilməsi ilə bağlı qeydlərin olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsində göstərilir ki, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Təqsirləndirilən şəxs bir neçə cinayəti törətməkdə təqsirli bilindiyi üçün ona Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 66-cı maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşmanlıq hissi keçirməsini, ailəli olmaqla üç azyaşlı uşağının onun himayəsində olmasını, ailəsinin ağır maddi durumda yaşamasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, özünün xəstə olmaqla daim müalicədə olmasını, məhkəməyə təqdim edilmiş sənədlərdə məhz metadon dərmanını qəbul edə bilməsi ilə bağlı qeydlərin olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşmanlıq hissi keçirməsini, ailəli olmaqla üç azyaşlı uşağının onun himayəsində olmasını, ailəsinin ağır maddi durumda yaşamasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, özünün xəstə olmaqla daim müalicədə olmasını, məhkəməyə təqdim edilmiş sənədlərdə məhz metadon dərmanını qəbul edə bilməsi ilə bağlı qeydlərin olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və həmin halların məcmusunu müstəsna hal hesab edir. Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasında fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Təqsirləndirilən şəxsın ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşmanlıq hissi keçirməsini, üç azyaşlı uşağının onun himayəsində olmasını, ailəsinin ağır maddi durumda yaşamasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, məhkəməyə təqdim edilmiş sənədlərdə məhz metadon dərmanının tablet şəklində qəbul edə bilməsi ilə bağlı qeydlərin olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almaqla, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 62-ci maddəsi (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilməklə ona azadlıqdan məhrum etmə növündə, bu maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən az cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsın törətdiyi cinayətin predmetini ekspertizadan sonra qalıq qalmış 01 (bir) ədəd metadon həbi təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən narkotik vasitə məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. İş materiallarında olan “həbs” qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 4(004)-759/2022 saylı, 09 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu gündən, yəni 07 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Ona görə də məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxsın həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, cəzanın əvvəlinin 07 sentyabr 2022-ci il tarixdən hesablanmasını, həmçinin onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin dəyişdirilməməsini qanuni və əsaslı hesab edir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əcnəbilərə, onlar cinayət törətdiklərinə görə təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra, bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla tətbiq edilə bilər. Ona görə də məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasını qanuni və əsaslı hesab edir. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X3, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilməlidir. İş materiallarında olan «sübutların qiymətləndirilməsi haqqında» 15 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd göy rəngli şalvar və “Redmi” markalı mobil telefon “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılır. Məhkəmə hesab edir ki, “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd göy rəngli şalvar və “Redmi” markalı mobil telefon ona qaytarılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Onun tutulduğu və həbsdə olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəli 07 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirlməsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 01 (bir) ədəd metadon həbi məhv edilsin. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X3, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilsin. “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd göy rəngli şalvar və “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar