Məhkəmə qərarları › İş №1(018)-10/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-10/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-10/2025 05.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Tərcüməçi: X1, Təqsirləndirilən şəxs: X12 Al-Khafajı (Təqsirləndirilən şəxs Fevzi Əl-Xafacı) və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci il tarixdə İraq Respublikası Bağdad şəhərində anadan olmuş, subay, orta təhsilli, məhkumluğu olmayan, İraq Respublikası Bağdad şəhərində qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş X12 Al-Khafajı (Təqsirləndirilən şəxs Fevzi Əl-Xafacı) Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X12 Al-Khafajı (Təqsirləndirilən şəxs Fevzi Əl-Xafacı) Astara rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 1(018)-87/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinib, 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək, cəzasını çəkib qurtardıqdan sonra, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldığına görə Azərbaycan Respblikasına qanuni yolla gələ bilməməsi səbəbindən, yaşamaq və işləmək məqsədilə 1 avqust 2024-cü il tarixdə saat 05:50 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Xəzər dənizinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Astara rayonunda yerləşən ərazisindən dənizdə rezin qayıq vasitəsilə avar çəkməklə, qəsdən, qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçərkən, Xəzər dənizinin içərisində, Astara reydində sahildən 0,7 mil, orta klassik xətdən 4.0 mil məsafədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin hərbi qulluqçuları tərəfindən aşkar edilib, “Dayan!” çağırış komandası verilərək saxlanılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X12 Al-Khafajı (Təqsirləndirilən şəxs Fevzi Əl-Xafacı) ona Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, , İraq Respublikasının Bağdad şəhərində valideynləri ilə birlikdə yaşamış, tikinti şirkətində fəhlə işləmiş, İraq Respublikasında dolanışıq çətin olduğu üçün, həyat səviyyəsi aşağı olduğundan İran İslam Respublikasına oradan isə Azərbaycan Respublikasına qanunsuz keçmək qərarına gəlmiş, bu məqsədlə Bağdad şəhərindən 1 ədəd rezin qayıq almış, xx.xx.2024-cü il tarixdə turist şirkətinin avtobusu vasitəsilə ilə İraq Respublikası ilə İran İslam Respublikasının sərhədinə gəlmiş, rəsmi qaydada pasportuna möhür vurulmuş, İran İslam Respublikasının Qum şəhərinə getmiş, həmin gün də Azərbaycan Respublikasına qanunsuz keçmək üçün taksi ilə İran İslam Respublikasının Astara şəhərinə gəlmiş, 2 gün İran İslam Respublikasının ərazisində qalmış, 1 avqust 2024-cü il tarixdə gəcə saat 1 radələrində aldığı rezin qayığı İran İslam Respublikasının Astara şəhərində dəniz kənarında hava ilə doldurmuş, Azərbaycan Respublikasının ərazisinə dənizdən qanunsuz keçmək məqsədilə qayığa əyləşmiş, avar çəkərək mobil telefonumda olan “google map” tətbiqindən istifadə edərək Azərbaycan Respublikası istiqamətdə hərəkətə başlamış, bir neçə saat avar çəkdikdən sonra hərbi qulluqçular tərəfindən saxlanılaraq, gəmiyə aparılmışdır. İfadəsinin sonunda əməlindən peşman olduğunu bildirib məhkmədən ona yüngül cəza təyin edilməsi xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 01 avqust 2024-cü il tarixdə saat 05 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz keçən Təqsirləndirilən şəxs idarə etdiyi rezin tipli qayığı Xəzər dənizində Astara reydində sahildən 0.7 mil, orta klassik xətdən 4.0 mil aralı məsafədə saxlamış, həmin rezin qayığa baxış keçirmiş, baxış zamanı qayıqda paltarlar, ərzaq məhsulları, nasos, günəş paneli, mobil telefon, kompas, Təqsirləndirilən şəxs məxsus pasport, 400 ABŞ dolları, İran İslam Respublikasına və İraq Respublikasına məxsus pul əskinasları aşkar olunmuş, daha sonra isə aidiyyəti üzrə məruzə edib şəxsi gəmiyə aparmışlar. İş materialında olan 01 avqust 2024-cü il tarixli protokoldan görünür ki, İraq Respublikası vətəndaşı X13 Al-Khafajı (Təqsirləndirilən şəxs) İran İslam Respublikasından Azərbaycan Respublikasına keçdikdən sonra 05:50-də Xəzər dənizində Astara reydində sahildən 0.7 mil, orta klassik xətdən 4.0 mil aralı məsafədə rezin tipli üzmə vasitəsində sərhəd pozucusu qismində saxlanılmışdır. İş materialında olan Sahil Mühafizəsinin rəisi, general-leytenant Müzəffər Pirizadənin məktubundan görünür ki, 01 avqust 2024-cü il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətdə Xəzər dənizində Astara reydində sahildən 0.7 mil, orta klassik xətdən 4.0 mil aralı məsafədə İraq Respublikası vətəndaşı X13 Al-Khafajı (Təqsirləndirilən şəxs) Sahil Mühafizəsinin 203 nömrəli gəmisi tərəfindən sərhəd pozucusu kimi saxlanılmışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X12 Al-Khafajı (Təqsirləndirilən şəxs Fevzi Əl-Xafacı) Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxs X12 Al-Khafajı (Təqsirləndirilən şəxs Fevzi Əl-Xafacı) cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunu ilə qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə X12 Al-Khafajı (Təqsirləndirilən şəxs Fevzi Əl-Xafacı) təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin tələbnaməsindən və iş materiallarına əlavə edilmiş Astara Ryaon Məhkəməsinin hökmünün surətindən görünür ki, X13 Al-Khafajı (Təqsirləndirilən şəxs) Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə təqsirli bilinib 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18 sentyabr 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən, X12 Al-Khafajı (Təqsirləndirilən şəxs Fevzi Əl- Xafacı) məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02.08 2024-cü il tarixli qərarından görünür ki, X13 Al-Khafajı (Təqsirləndirilən şəxs) barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 01 oktyabr 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə X13 Al-Khafajı (Təqsirləndirilən şəxs) törətmiş olduğu əməldən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə X13 Al-Khafajı (Təqsirləndirilən şəxs) əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, təyin ediləcək cəza Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs X13 Al-Khafajı (Təqsirləndirilən şəxs) xarici ölkə vətəndaşı olduğundan və iş üzrə onun Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasını istisna edən hallar olmadığından Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə uyğun olaraq ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X4 cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri X13 Al-Khafajı (Təqsirləndirilən şəxs) təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. X13 Al-Khafajı (Təqsirləndirilən şəxs) barəsində seçilmiş həbs qətimkan tədbiri tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Astara rayon Vəkil Bürosunun vəkili X5 tərəfindən təqsirləndirilən şəxs X13 Al-Khafajı (Təqsirləndirilən şəxs) hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 36 (otuz altı) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə X6 cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: İraq Respublikası vətəndaşı X12 Al-Khafajı (Təqsirləndirilən şəxs Fevzi Əl-Xafacı) Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. X12 Al-Khafajı (Təqsirləndirilən şəxs Fevzi Əl-Xafacı) cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 01 avqust 2024-cü il tarixdən hesablansın. X12 Al-Khafajı (Təqsirləndirilən şəxs Fevzi Əl-Xafacı) barəsində seçilmiş həbs qətimkan tədbiri tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Astara rayon Vəkil Bürosunun vəkili X5 tərəfindən təqsirləndirilən şəxs X12 Al-Khafajı (Təqsirləndirilən şəxs Fevzi Əl-Xafacı) hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 36 (otuz altı) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə X12 Al- Khafajı (Təqsirləndirilən şəxs Fevzi Əl-Xafacı) oğlu cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar