Məhkəmə qərarları › İş №1(018)-100/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-100/2023

18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-100/2023 18.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Astara Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1979-cu ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 01 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, sürücü işləyən, məhkum olunmamış, Astara rayonun Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 aprel 2023-cü il tarixədək İran İslam Respublikasında olarkən istintaqa məlum olmayan mənbədən, təmiz çəkisi 0,785 qram qurudulmuş marixuana narkotik vasitəsini əldə etmiş, bir bükümə 0,451 qramını, bir siqaret giləsinin içərisinə isə 0,334 qramını yerləşdirərək malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə siqaret qutusunun içərisində yerləşdirib əynindəki şalvarın sol cibinə qoyaraq saxlamışdır. Təqsirləndirilən şəxs 15 aprel 2023-cü il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi “Volvo” markalı 99FP983/99YC383 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə gələrək, Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara rayonunun inzibati ərazisində yerləşən «Astara» Gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin gün saat 14 radələrində «Astara» Gömrük postunda keçirilmiş yoxlama zamanı qeyd olunan narkotik vasitə saxladığı yerdən aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərdi ki, Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla özünə məxsus fərdi yaşayış evində yaşayır. Ailəlidir, himayəsində biri yetkinlik yaşına çatmayan olmaqla, iki uşağı var. Uşaqlarından biri tələbədir. Sürücü işləməklə ailəsinin dolanışığını təmin edir. Son üç il ərzində beynəlxalq yük daşımalarında iştirak etmişdir. İdarə etdiyi “Volvo” markalı, “99FP983/99YC383” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini etibarnamə və müqavilə əsasında idarə edir. 05 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikasından İran İslam Respublikasına un yükü aparmışdır. Həmin yükü İran İslam Respublikasına təhvil verdikdən sonra təqribən on gün ərzində orada yük gözləməli olmuşdur. Ağrıları olduğu üçün bir neçə aydır ki, marixuana istifadə edir. İran İslam Respublikasında qaldığı müddətdə yük yüklədiyi terminalın işçiləri və orada olan digər şəxlərlə bilrikdə bir-neçə dəfə marixuana qəbul etmişdir. Sonuncu dəfə marixuna istifadə etdikdən sonra az miqdarda qalan həmin maddənin qalığını hazır formada siqaret ədədinin içərisində, yerdə qalanını isə bir ədəd kağıza büküb istifadə etdiyi “Kent” adlı siqaret qutusunun içərisinə qoymuşdur. Bundan sonra idarə etdiyi yük nəqliyyat vasitəsinə “kafel” yükü yükləyərək, həmin yükü Azərbaycan Respublikası Bakı şəhərinə gətirmək məqsədilə 15 aprel 2023-cü il tarixdə yola çıxmışdır. Həmin gün saat 14 radələrində idarə etdiyi “Volvo” markalı, “99FP983/99YC383” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə İran-Azərbaycan sərhədini keçib Azərbaycan Respublikası «Astara» Gömrük postuna daxil olmuşdur. Bir qədər növbədə gözlədikdən sonra nəqliyyat vasitəsini yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə sürmüşdür. Yoxlama xəttində Elmar adlı gömrük əməkdaşı onunla şifahi şəkildə sorğu-sual apararaq, üzərində, əşyalarında və yük nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmamasını soruşmuş, gömrük əməkdaşına üzərində mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olmadığını bildirmişdir. Bundan sonra hal şahidlərinin iştirakı ilə keçirilən yoxlama zamanı əyninə geyindiyi yaşıl rəngli şalvarın sol cibindən bir ədəd üzərində “Kent” yazılı siqaret qutusunun içərisində tütünə qarışdırılmış şəkildə bir siqaret ədədinin içərisinə doldurulmuş formada və 1 ədəd kağız bükümdə açıq yaşıl rəngli narkotik vasitə marixuana aşkar edilmişdir. Daha sonra zərurət yarandığından üzərində şəxsi yoxlama aparılmış, lakin başqa hüquqpozma predmeti aşkar edilməmişdir. Hazırda etdiyi əməldən səmimi peşmandır, himayəsində tələbə və yetkinlik yaşına çatmayan uşaqları vardır. Ailədə yeganə qazanc gətirən şəxsdir. Etdiyi əməldən utanc hissi keçirir. Hesab edir ki, ona azadlıqdan məhrum etmə cəzası təyin olunarsa, bu onun ailəsinə, xüsusən də uşaqlarının yaşayış və təhsilinə çox pis təsir edə bilər. Həyatında ilk dəfə cinayət törətməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq, ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azəterminalkompleks” Birliyinin Cənub Ərazi Baş Gömrük İdarəsi “Astara” Gömrük postuna təhkim olunmuş inspektoru vəzifəsində xidmət etmişdir. 15 aprel 2023-cü il tarixdə iş bölgüsünə müvafiq olaraq “Astara” Gömrük postunda, nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal xəttində gömrük nəzarətini həyata keçirməklə xidməti vəzifəsini yerinə yetirmişdir. Həmin gün, saat 14 radələrində Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı, “99FP983/99YC383” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına yükü müşaiyət edən “31440” saylı CMR-ə və “440” nömrəli İnvoysa əsasən “kafel” yükü gətirərkən gömrük nəzarəti zamanı saxlanılmışdır. Onunla sadələşdirilmiş bəyannamənin bəndlərinə uyğun olaraq şifahi şəkildə sorğusual aparılmışdır. Sorğu-sual zamanı onun üzərində, ona məxsus əşyalarda və yük nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmaması soruşulmuş, o isə öz növbəsində mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olmadığını bildirmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs hərəkətləri şübhə doğurduğu üçün onun əl yüklərinə və idarə etdiyi nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs əyninə geyindiyi yaşıl rəngli şalvarın sol cibindən çıxardaraq gömrük nəzarətinə təqdim etdiyi əşyaların arasında olan 01 (bir) ədəd, üzərində “Kent” yazılı siqaret qutusunun içərisindən gömrük nəzarətindən gizlədilmiş formada tütünə qarışdırılmış şəkildə 01 (bir) siqaret ədədinin içərisinə doldurulmuş formada və 1 (bir) ədəd kağız bükümdə açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə aşkar etmişdir. Daha sonra zərurət yarandığından Gömrük Məcəlləsinin 64-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılmış, lakin başqa hüquqpozma predmeti aşkar edilməmişdir. Sonda bu barədə protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, 15 aprel 2023cü ildə, saat 14 radələrində «Astara» Gömrük postunun qarşısında olan zaman Elmar adlı gömrük inspektoru onu və onunla birlikdə orada olan Nurxanı «Astara» Gömrük postunun yük idxal yoxlama xəttinə çağıraraq, bir nəfərin idarə etdiyi nəqliyyat vasitəsini və üzərini yoxlayacağını və hal şahidi kimi iştirak etmələrini xahiş etmişdir. Razılaşdıqdan sonra Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı, “99FP983/99YC383” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs əyninə geyindiyi yaşıl rəngli şalvarın sol cibindən çıxardaraq gömrük nəzarətinə təqdim etdiyi əşyaların arasında olan bir ədəd üzərində “Kent” yazılı siqaret qutusunun içərisindən gömrük nəzarətindən gizlədilmiş formada tütünə qarışdırılmış şəkildə bir siqaret ədədinin içərisinə doldurulmuş formada və bir ədəd kağız bükümdə açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddəni gömrük əməkdaşı aşkar edilmişdir. Sonda bu barədə sənədlər tərtib edilmiş, həmin sənədlərlə tanış olub imzalamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən, zərərçəkmiş şəxs və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir:

1. Cənub Ərazi Baş Gömrük İdarəsinin «Astara» Gömrük postunda tərtib edilmiş 15 aprel 2023-cü il tarixli “malların və nəqliyyat vasitəsinin yoxlanılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əyninə geyindiyi yaşıl rəngli şalvarın sol cibindən çıxardaraq gömrük nəzarətinə təqdim etdiyi əşyaların arasında olan 01 (bir) ədəd üzərində “Kent” yazılı siqaret qutusunun içərisindən gömrük nəzarətindən gizlədilmiş formada tütünə qarışdırılmış şəkildə 01 (bir) siqaret ədədinin içərisinə doldurulmuş formada və 01 (bir) ədəd kağız bükümdə açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə aşkar edilərək götürülmüşdür.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 aprel 2023-cü il tarixli, 7/542 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd kağız bükülüdə təmiz çəkisi 0,451 qram olan maddə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş bir ədəd papirosun içərisində tütün və təmiz çəkisi 0,334 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana «Azəpublikasının Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxildir. Qeyd: Marixuananın ümumi çəkisi – 0,785 qram, tədqiqata sərf edildi - 0,04 qram, (hər obyektdən 0,02 qram), qalıq - 0,745 qram qaldı.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X4 tərəfindən verilmiş 02 may 2023-cü il tarixli, 2595 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannaboidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmasına dair Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Astara rayonu İHB-nın Ərçivan qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Astara rayonu İHB-nın Ərçivan qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu Ərçivan qəsəbəsində özünə məxsus fərdi yaşayış evində yaşayır. Ailəlidir, himayəsində biri yetkinlik yaşına çatmayan olmaqla 02 (iki) uşağı var. Uşaqlarından biri tələbədir və hüquq fakultəsinin əyani şöbəsində təhsil alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM. Maddə 59.2 ). Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətmiş olduğu cinayət əməlini etiraf edərək səmimi peşimanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində biri yetkinlik yaşına çatmamış olmaqla iki uşağının olmasını, ailəsində yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində sadalanan ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşmanlıq hissi keçirməsini, ailəsinin ağır maddi durumda yaşamasını, himayəsində biri yetkinlik yaşına çatmayan, biri tələbə olmaqla iki uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və həmin halların məcmusunu müstəsna hal hesab edir. Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasında fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşmanlıq hissi keçirməsini, ailəsinin ağır maddi durumda yaşamasını, himayəsində biri yetkinlik yaşına çatmayan, biri tələbə olmaqla iki uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almaqla, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 62-ci maddəsi (həmin maddədə müəyyən edilən cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilməklə ona cərimə növündə, bu maddənin sanksiyasında müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təqsirləndirilən şəxs törətdiyi cinayətin predmetini ekspertizadan sonra qalıq qalmış 0,745 qram marixuana narkotik vasitəsi təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən narkotik vasitə məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin «Azterminalkompleks» Birliyində saxlanılan bir ədəd siqaret qutusu məhv edilməlidir. İş materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 15 aprel 2023-cü il tarixli qərar və protokoldan, həmçinin 17 aprel 2023-cü il tarixli “qətimkan tədbiri seçmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 aprel 2023-cü il tarixdə isə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə ev dustaqlığında saxlanıldığı müddətlər təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Qanunvericilik aktının bu normasına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu (15 aprel 2023-cü il tarixdən 17 aprel 2023-cü il tarixə kimi olan müddət) 02 (iki) gün müddət cərimə cəzası təyin edilərkən nəzərə alınmalı və ona təyin ediləcək cərimə cəzası yüngülləşdirilməlidir. İş üzrə ekspertiza xərci olan 72 (yetmiş iki) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilməlidir. Təqsirləndirilən şəxs haqqında seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 2.000 (iki min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı (tutulduğu) müddət, yəni yəni 15 aprel 2023-cü il tarixdən 17 aprel 2023cü il tarixə kimi olan 02 (iki) gün müddət nəzərə alınmaqla, ona təyin edilmiş 2.000 (iki min) manat miqdarda cərimə cəzası yüngülləşdirilsin və Təqsirləndirilən şəxs üzərində qəti olaraq - 1500 (bir min beş yüz) manat miqdarda cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs haqqında seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,745 qram marixuna narkotik vasitəsi məhv edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin «Azterminalkompleks» Birliyində saxlanılan bir siqaret qutusu məhv edilsin. İş üzrə ekspertiza xərci olan 72 (yetmiş iki) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilsin. Hökmün icrası Astara rayon İcra və probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar