Məhkəmə qərarları › İş №1(018)-100/2024

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-100/2024

21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-100/2024 21.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Astara rayon Vəkil Bürosunun vəkiliMüdafiəçi iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 08 ay 12 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən xeyli miqdarda -0,523 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 27 iyun 2024-cü il tarixdə, saat 16:35 radələrində Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Astara şəhəri, Qum küçəsi ərazisində saxlanılaraq Astara RPŞ-nin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi -0,523 qram olan narkotik vasitə heroin əynində olan ağ rəngli idman şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 27 iyun 2024-cü il tarixdə yaşadığı evdə olmuş, həmin vaxt evdə uşaqları, xəstə anası və atası olmuşdur. Həmin gün saat 12 radələrində yaşadığı evdə uzanan vəziyyətdə anidən Astara rayon polis şöbəsinin əməkdaşları Həsən, İsa və Nehmət onun evinə qanunsuz daxil olaraq uzandığı yerdə hər iki qolundan tutub məcburi qaydada çölə çıxartmış və oradan isə polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ona hansısa otaqda fiziki güc tətbiq edib 2-3 qram narkotik vasitə olan heroini götürməsini və özünə məxsus olması tələb edilmişdir. O da məcbur qalıb polis əməkdaşlarının ona təqdim etdiyi heroinin ona məxsus olduğunu və güya ki Bakı şəhəri 20 Yanvar metrosu yaxınlığında yerdən tapdığını bildirmişdir. Halbuki o evindən götürələrkən üzərində heç bir narkotik vasitə olmamışdır. Onu tutanlar arasında Fuad və Fəqan olmamışlar. O, 27 iyun 2024-cü il tarixdə saat 16 radələrində deyil, həmin gün saat 12 radələrində saxlanılmışdır. Qeyd edilənlərin, o cümlədən himayəsində 2 az yaşlı uşağının, xəstə anasının olmasını nəzərə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib üstündə aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması barədə göstərdikləri onun tərəfindən törətdiyi cinayətə görə məsuliyyətdən yayınmaq üçün özünü müdafiə etmək məqsədilə uydurulmuşdur. Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi işin ibtidai istintaqı və məhkəmə baxışı zamanı araşdırılan halları ilə kifayət qədər sübuta yetirilmiş və onun özünü müdafiə etmək məqsədilə irəli sürdüyü dəlillər tamamilə təkzib edilmişdir. Belə ki, işin ibtidai araşdırılması zamanı təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 3 övladı var, rəsmi olaraq heç bir yerdə işləmir, fəhləlik edərək dolanmışdır. Əvvəllər CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuş, təxminən 5-6 il müddətində narkotik vasitələrdən, yəni heroindən çəkmə üsulu ilə istifadə etmiş, lakin 2 ildir ki, narkotik vasitə istifadə etməmiş, 25 iyun 2024-cü il tarixdə Bakı şəhəri ərazisindəki “20 Yanvar” metrostansiyasının yaxınlığında olan 3-cü mikrorayon dairəsində yerdən heroini tapmış, həmin kütlədən nə vaxtsa istifadə edəcəyini düşündüyündən yerdən götürüb cibinə qoymuş, ancaq istifadə etməmiş, sonradan Astara rayonuna gəlmiş, 27 iyun 2024-cü il tarixdə, saat 16:35 radələrində Astara şəhəri, Qum küçəsində hərəkət olan zaman yanında avtomobil dayanmış, avtomobildən düşən mülki geyimli şəxslər özlərini ona təqdim edərək polis əməkdaşları olduğunu bildirib, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, həmin səbəbdən də üzərində şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Polis əməkdaşlarından yaşadığı yer olduğundan burada şəxsi axtarış edilməməsini xahiş etmiş, ona görə də polis əməkdaşları avtomobilləri ilə onu Astara RPŞ-nin inzibati binasına gətirmiş, polis şöbəsinə gələrkən dərhal şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, bu barədə bildiriş təqdim edilmiş, hüquqlarını müdafiə etməkdən ötrü onun üçün müdafiəçi çağırılmış, daha sonra isə müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilməyə başlanmış, şəxsi axtarış başlanarkən təhqiqatçı ona üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə təqdim etməyini təklif etmiş, həmin təklifdən sonra əynində olan ağ rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə heroini təqdim etmiş, təhqiqatçı bundan sonra üzərində axtarış aparsa da üzərindən hər hansı əşya aşkar edilməmiş, təqdim etdiyi 01 ədəd bükümdə narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş, çəkisinin 0,5 qramdan çox olması müəyyən edildikdən sonra 01 ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş, müdafiəçisi və şəxsi axtarışda iştirak edən digər şəxslər zərfin üzərində imzalarını çəkimişlər. Şəxsi axtarışın yekununda protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş, müdafiəçisi və şəxsi axtarışda iştirak edən digər şəxslər protokolu imzalamışlar. Şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroini 25 iyun 2024-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri ərazisindəki “20 Yanvar” metrostansiyasının yaxınlığında olan 3cü mikrorayon dairəsində yerdən tapmış, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, indiyədək kiməsə narkotik vasitə və ya psixotrop maddə satmamış, yalnız narkotik vasitə olan heroindən təxminən 5-6 il müddətində çəkmə üsulu ilə istifadə etmiş, ancaq son 2 il müddətdir ki, istifadə etməmişdir. Ümumiyyətlə narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitəni yerdən tapmış, nə vaxtsa istifadə edəcəyini düşünüb cibinə qoymuş, həmin kütlədən kiməsə verməmiş, ona qarşı hansısa qeyri-qanuni hərəkətlər edilməmiş, heç kəs zor tətbiq etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Astara Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir, 27 iyun 2024-cü il tarixdə Astara şəhərində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması barədə icraatına məlumat daxil olmuş, bu məlumat raportla dərhal şöbə rəisinə məruzə edilmiş, ardınca şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş, həmin qərarın icrası məqsədilə bu tədbirdə iştirak etmək üçün əməliyyat qrupu yaradılmış, daha sonra 27 iyun 2024-cü il tarixdə, saat 16:35 radələrində yaradılmış əməliyyat-axtarış qrupunun üzvləri birlikdə avtomobillə Astara şəhəri, Qum küçəsinə getmişlər. Onlar Qum küçəsində avtomobillə hərəkətdə olan zaman Təqsirləndirilən şəxs həmin küçədə piyada getdiyini görmüşlər, dərhal yanında avtomobili saxlamışlar, avtomobildən düşərək yaxınlaşmışlar, özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra üzərində qanunsuz narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər, Tural da həmin küçədə yaşadığından, ətrafdakı insanların tanıdığından küçədə yox, Astara RPŞnin inzibati binasında axtarış keçirilməsini xahiş etmiş, onlarda Turalı Astara Rayon Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Astara RPŞ-yə gəldikdən sonra materialın icrası şöbənin təhqiqatçısı Özcan Quluzadəyə həvalə olunmuş, sonra isə sonuncu tərəfindən qəbul edilmiş qərarla Tural şübhəli şəxs qismində tutulmuş, daha sonra isə vəkil, o və digər iştirakçıların iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmağa başlanmış, şəxsi axtarış zamanı təhqiqatçı X2 üzərində qanunla qadağan edilən hər hansı bir əşya və predmetin olması halında təqdim etməsini təklif etmiş, təklifdən sonra əynində olan ağ rəngli idman şalvarınınn sağ yan cibindən 01 ədəd bükümdə şəffaf sellofona bükülmüş heroinə bənzər kütləni çıxarıb təqdim etmiş, daha sonra təhqiqatçı üzərində şəxsi axtarış keçirmiş, dövriyyəsi qanunla qadağan edilmiş hər hansısa bir əşya aşkar etməmiş, Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı təqdim etdiyi 01 ədəd bükümdə şəffaf sellofona bükülmüş heroinə bənzər kütləni 25 iyun 2024-cü il tarixdə, Bakı şəhər ərazisindəki “20 Yanvar” metrostansiyanın yaxınlığında, 3-cü mikrorayon dairəsində yerdən tapdığını, həmin kütlədən istifadə etmədiyini bildirmiş, daha sonra aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisinin 0,54 qram olması müəyyən edilmiş, psixotrop maddənin çəkisi müəyyən edildikdən sonra həmin bükümlər onun və digər iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, zərfin üzərinə və protokola imza etmilər. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki təzyiq və zorakılıq edilməmiş, həmin tədbirdə yuxarıda göstərdiyi şəxslərlə birlikdə iştirak etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsində göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə verdi. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 28 iyun 2024-cü il tarixli, 19/529 saylı rəyin nəticə hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi: -0,523 qram olan maddə tiryəkdən küstar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi-0.05 qram, Qalıq-0,473 qramdır. İş üzrə təyin edilib keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən "ambulator məhkəmə-narkoloji ekspertizası" üzrə verilmiş29 iyun 2024-cü il tarixli, 568 saylı rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir ki, “Təqsirləndirilən şəxs STİMULYATORLARİN qəbulundan yaranan Asılılıq sindromu (Toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların müvafiq rəyləri, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxsna cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və şəxsiyyətə xas olan digər cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən və Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli 17 mart 2023-cü tarixdən hesablanmaq Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 08 ay 12 gün müddətə azaadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsində göstərilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. İş materiallarında olan Astara RİHB-nın Astara şəhər İƏD üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 765 №-li arayışından və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır və himayəsində xx.xx.2008-ci il təvəllüdlü Şəbnəm Bayramlı və xx.xx.2012-ci il təvəllüdlü İsa Bayramlı adlı uşaqları vardır. İş materiallarında olan Astara RİHB-nın Astara şəhər İƏD üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin (sadə) residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında Astara Rayon Məhkəməsinin 28.06 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 27 iyun 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyi təqdirdə onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki,Təqsirləndirilən şəxs, 65 (altmış beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, maddi subut olan və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 1 ədəd bükümdə çəkisi 0,473 qram narkotik vasitə heroinhökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 27 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs, 65 (altmış beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, maddi subut olan və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 1 ədəd bükümdə çəkisi 0,473 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Astara rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 01 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyəminir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar