Məhkəmə qərarları › İş №1(018)-102/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-102/2023

23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-102/2023 23.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1972-ci ildə Astara rayonu Ərçivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 avqust 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə 22 iyul 2017-ci il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmış, hazırda məhkumluğu ödənilməmiş, Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşamış, barəsində hazırkı cinayət işi üzrə “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və şəraitdə naməlum mənbədən 0,666 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 20 fevral 2023-cü il tarixdə, Astara rayonu Ərçivan qəsəbəsində yerləşən qəbiristanlığın həyətində 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,356 qram və 0,310 qram olmaqla ümumi təmiz çəkisi 0,666 qram narkotik vasitə hesab edilən heroini tanışı Şahid1 10 manata satmış, daha sonra 21 fevral 2023-cü il tarixdə, saat 14 radələrində Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Şahid1 Astara şəhəri ərazisində saxlanılaraq Astara RPŞ-yə gətirilmiş və həmin tarixdə üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 2 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,356 qram və 0,310 qram olmaqla ümumi təmiz çəkisi 0,666 qram narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və şəraitdə naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda – 1,109 qram çəkidə narkotik vasitə hesab edilən heroini əldə edib daşımaqla üzərində saxlamış, 07 mart 2023-cü il tarixdə, saat 19 radələrində Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri zamanı Astara şəhəri ərazisində saxlanılaraq Astara RPŞ-nin inzibati binasına gətirilmiş və əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 4 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,332 qram, 0,208 qram, 0,295 qram və 0,274 qram olmaqla ümumi təmiz çəkisi 1,109 qram narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmədə özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə yalncaq, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə orada yaşayır. Çörək sexindən çörək daşımaqla ailəsini dolandırmışdır. Bir neçə ildir ki, narkotik vasitə heroin qəbul edir, lakin narkotik vasitə heroini mütəmadi istifadə etmir. Tutulmazdan 3-4 ay öncə Masallı rayonunda tanımadığı şəxsdən 50 manat pula 5 bükümdə narkotik vasitə heroin almışdır. Həmin 05 ədəd bükümdə olan heroindən yalnız 01 bükümünü istifadə etmiş, qalanını da sonra istifadə etmək məqsədilə özündə saxlamışdır. 07 mart 2023-cü il tarixdə, saat 19 radələrində Astara şəhərində Səməd Vurğun küçəsi ilə hərəkətdə olduğu zaman bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq özlərinin təqdim edərək, polis əməkdaşları olduqlarını bildirib, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu söyləyib, onlarla Astara RPŞ-nə getməyi təklif etmişlər. Onlara etiraz etməmiş və Astara RPŞ-nə getmişdir. Polis Şöbəsində ona hüquq və vəzifələri izah edilmiş videoçəkilişdən istifadə etməklə və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Samir Rəsullu ona üzərində qanunla qadağan edilən hər hansı bir əşyanın olub olmadığını soruşaraq olduğu təqdirdə də təqdim etməsini təklif etmiş, o da əynindəki göy rəngli cins şalvarın sol yan cibindən ona məxsus olan 04 ədəd bükümdə narkotik vasitə heroin bükümlərini çıxarıb təqdim etmişdir. Həmin bükümlərə baxış keçirilmiş, ekspertizaya göndərilməsi üçün kağız zərfdə qablaşdırılmış və üzəri möhürlənmiş, o da zərfin üzərinə öz imzasını çəkmişdir. Sonra müvafiq sənədləşdirilmə aparılmış, ona ucadan oxunmuş, o da həmin sənədlərin düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Ancaq o, Şahid1 tanımır və Şahid1 heç vaxtı narkotik vasitə heroin satmamışdır. Hazırda Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutlmuş cinayət əməlini törətdiyini dərk edir, əməlindən çox peşman olmuşdur. Himayəsində 1 nəfər azyaşlı uşaq və azyaşlı nəvələri vardır. Qeyd edilənləri nəzərə alıb, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun cinayət əməli məhkəmə istintaqında özünün qismən etirafı, şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış materiallar və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməməsi onun tərəfindən məsuliyyətdən yayınması üçün edilmiş cəhddir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, o, hazırda Astara rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 07 mart 2023-cü il tarixdə Astara rayonu Ərçivan qəsəbə sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Astara rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuş, bu məlumat ilə əlaqədar tərkibinə onunda daxil olduğu əməliyyat qrupu yaradılmışdır. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş və 07 mart 2023-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs Astara şəhəri Səməd Vurğun küçəsi ilə hərəkət etdiyini gördükdə dərhal ona yaxınlaşaraq özlərini təqdim edib üzərində narkotik vasitə olması şübhəsi olduğundan şəxsi axtarış keçiriləcəyi və onlarla polis şöbəsinə gəlməsini təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş onlarla Astara RPŞ-yə gətirmişdir. Orada Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, üzərinə videoçəkilişdən istifadə etməklə və müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış istintaq hərəkəti zamanı ilk olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edildikdən sonra, Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sol yan cibindən 04 ədəd büküm çıxarıb masa üzərinə qoymuşdur. Şəxsi axtarış keçirən təhqiqatçı Təqsirləndirilən şəxs bu kütlələrin nə olmasını soruşduqda Təqsirləndirilən şəxs bu bükümlərin kakos, yəni narkotik vasitə hesab edilən heroin olduğunu bildirmişdir. Ardınca təhqiqatçı bu bükümlərə baxış keçirməyə başlamış və bu bükümlərdə olan maddələrin heroinə bənzər kütlə olması aşkar edilmişdir. Bundan sonra həmin 04 ədəd bükümdə kütlə bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmış və üzərinə imzalar çəkilərək möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində saxladığı kütlələrin narkotik vasitə heroin olduğunu, üç-dörd ay bundan öncə Masallı rayonunda tanımadığı şəxsdən 50 manata aldığını bildirmişdir. İstintaq hərəkətinin sonunda bu barədə protokol tərtib olunmuş, ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara Rayon Polis Şöbəsinin əməkdaşı Şahid3 da şahid X4 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xusasatları bir daha təsdiq etdi. Cinayət işinin ibtidai istintaqında şahid qismində tanınaraq dindirilmiş Şahid1 məhkəmə baxış iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cinayət işinə Şahid1 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Avropa İnsanHüquqları Məhkəməsinin “Andandonskinin - Rusiyayaqarşı” işi üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin, “Saidinin-Fransaya qarşı” işi üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələridə, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Bunlar Konvensiyanın 6-cı bəndinin 1-ci bəndinə və 3-cü bəndinin “d” yarımbəndindəki müddəaların tələbələrinə uyğunsuzluq kimi qəbul edilə bilməz. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu və digər presedentlərinin şərhləri baxımından ibtidai istintaqda dindirilmiş Şahid1 ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. Cinayət işinin ibtidai istintaqında şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan edilən ifadəsindən məlum olur ki, Astara rayonu Şiyəkəran kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Təxminən 2008-ci ildən bəri narkotik vasitə heroin qəbul edir. 20 fevral 2023-cü il tarixdə, günorta saatlarında Ərçivan qəsəbə sakini Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib ona narkotik vasitə heroin lazım olduğunu bildirmiş, daha sonra axşam saatlarında Ərçivan qəsəbəsinə gedib 10 manata Qədirdən 02 ədəd bükümdə narkotik vasitə heroin almış və heroinləri cibinə qoyub yaşadığı Şiyəkəran kəndində qayıtmışdır. Sabahısı gün, yəni 21 fevral 2023-cü il tarixdə, saat 14 radələrində Astara şəhərində marşrut gözləyərkən bir neçə mülki geyimli şəxs ona yaxınlaşmış və özlərinin polis əməkdaşları olduqlarını bildirib ardınca ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib onu maşına əyləşdirərək polis şöbəsinə aparmışlar. Polis Şöbəsində polislər tərəfindən videoçəkilişdən istifadə etməklə və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o da əynindəki qara rəngli gödəkçənin sol yan cibindən ona məxsus olan iki ədəd bükümdə narkotik vasitə heroin bükümlərini çıxarıb təqdim etmişdir. Həmin bükümlərə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Üzərindən aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə narkotik vasitə heroin kağız zərfdə qablaşdırılmış və üzəri möhürlənmişdir, o da zərfin üzərinə öz imzasını çəkmişdir. Təhqiqatçı bundan sonra iki ədəd bükümdə olan heroini kimdən əldə etməsini soruşduqda cavab olaraq bildirmişdir ki, bu bükümlərdə olan heroini 20 fevral 2023-cü axşam saatlarında Qədir adlı şəxsdən 10 manata almışdır. Üzərində axtarış aparıldıqdan sonra müvafiq sənədləşdirilmə həyata keçirilmiş, ona ucadan oxunduqdan sonra həmin sənədlərin düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Astara rayon polis şöbəsinin rəis müavini Orxan Novruzovun “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” 07 mart 2023-cü il tarixli qərarlarından məlum olur ki, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədilə əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən,“Şəxsi axtarış və götürmə aparılması haqqında” 07 mart 2023-cü il tarixli protokoldan görünür ki, Əliyev X5 şəhəri Səməd Vurğun küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, Astara RPŞ-yə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə videoçəkiliş vasitəsilə, müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilməsinə başlanılmış, ilk olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra, üzərində narkotik vasitə və ya daşıması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmiş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən siqaretin qızılı kağızına bükülmüş 04 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələri çıxarıb masa üzərinə qoymuş, Təqsirləndirilən şəxs təqdim etdiyi 04 ədəd bükümə baxış keçirilərkən bu bükümlərdə spesifik qoxuya malik, toz formada, qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülən 04 ədəd bükümlərin ümumi çəkisi elektron tərəzidə çəkilərək 1.4 qram olması müəyyən edilərək ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılıb DİN-in 84 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxslə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, həmin bükümləri Masallı rayonunda üzdən tanıdığı şəxsdən almışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə üzrə Azercell MMCnin verilmiş sorğuya müvafiq cavabından, habelə 18 aprel 2023-cü il tarixli, 8630 nömrəli müşayiət edici cavab məktubuna əlavə edilən bir ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə 10 fevral 2023-cü il tarixdə, saat 09:53-də zəng edilmiş və 34 saniyə müddətində telefon danışığı həyata keçirilmiş, 15 fevral 2023-cü il tarixdə, saat 14:01-də zəng edilmiş və 55 saniyə müddətində telefon danışığı həyata keçirilmiş, 21 fevral 2023-cü il tarixdə, saat 15:21-də zəng edilmiş və 30 saniyə müddətində telefon danışığı həyata keçirilmişdir. Bu da onu göstərir ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında tanışlıq olmuş və Təqsirləndirilən şəxs ifadəsində özünün müdafiəsi üçün gətirdiyi xüsasatlar, yəni Şahid1 sadəcə tanıması, onunla hər hansı bir əlaqəsinin olmaması yalandır və məsuliyyətdən boyun qaçırmaq məqsədilə bu şəkildə ifadə verməsi açıq-aydın görünür. Cinayət işinin materiallarında olan və qanuni qüvvəsini almış Astara Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 1(018)-86/2023 nömrəli hömünün surətindən məlum olur ki, Şahid1 20 fevral 2023-cü il tarixdə, Astara rayonu Ərçivan qəsəbə sakini Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda – 0,666 qram çəkidə narkotik vasitə hesab edilən heroin əldə edib daşımaqla üzərində saxlamasına görə, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X2 Bölməsi tərəfindən məhkəməkimyəvi ekspertizası üzrə verilmiş 08 mart 2023-cü il tarixli, 19/269 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, tədqiqata təqdim olunmuş üzərində “Astara rayon Ərçivan qəsəbə sakini Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr....’’ sözlər və imzalar olan bir ədəd zərfdəki, 04 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,332 qram, 0,208 qram, 0,295 qram, 0,274 qram olmaqla ümumi təmiz çəkisi 1,109 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Tədqiqat zamanı təqdim edilmiş 1,109 qram narkotik vasitə olan heroinin 0,2 qram hissəsi (hər obyekt üzrə 0.05 qram) tədqiqata sərf edilmiş, 0,909 qram hissəsi qalıq qalmışdır. Adı çəkilən Mərkəzin 08 mart 2023-cü il tarixli ekspertiza xərcinə dair bildirişlərindən görünür ki, aparılmış tədqiqatın ümumi dəyəri 60 (altmış) manat təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən,Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X2 Bölməsi tərəfindən məhkəməkimyəvi ekspertizası üzrə verilmiş 16 mart 2023-cü il tarixli, 19/306 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, “tədqiqata təqdim edilmiş üzərilərində “Şahid1 məxsus 2 büküm heroinlər Rəy № 19/220....” və “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 04 büküm heroin Rəy № 19/269....” sözlər və imzalar olan iki ədəd zərfdəki ümumilikdə sayı 6 büküm olan heroinlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş ümumi təmiz çəkisi 0,909 qram heroinin 0,05 qram hissəsi sərf edilmiş və 0,859 qram hissəsi qalıq qalmışdır. Adı çəkilən Mərkəzin 16 mart 2023-cü il tarixli ekspertiza xərcinə dair bildirişlərindən görünür ki, aparılmış tədqiqatın ümumi dəyəri 60 (altmış) manat təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmənarkoloji ekspertizası üzrə 09 mart 2023-cü il tarixli, 270 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan protokoldan götünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş ümumi təmiz çəkisi 1,109 qram olmuş, tədqiqatlardan sonra qalan 0,859 qram narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış təmiz çəkisi 0,859 qram narkotik vasitə olan heroin istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanılmasından ötrü Astara RPŞ-nin saxlama kamerasına təhvil verilmiş və üzərində şəxsi axtarış aparılarkən videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Təqsirləndirilən şəxs adına tərtib etdiyi 22 aprel 2023-cü il tarixli tələbnamə-arayışdan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 avqust 2014-cü il tarixli hökmündən və Astara Rayon Məhkəməsinin 25 sentyabr 2018ci il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs Əliyev X3 Ağır Cinayətlər Məhkəməsinin 27 avqust 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 22 iyul 2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. O, Astara Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli hökmü Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 19 dekabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəlki Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 avqust 2014-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına görə məhkumluğu ödənilməmişdir. Məhkəmə hesab edir ki, əməlində cinayətlərin residivi olduğuna görə Təqsirləndirilən şəxs cinayətin residivinə görə cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan Astara Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında üç ay müddətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Astara Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli 05 aprel 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs haqqında iki ay, bir gün müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Astara RİH başçısının Astara rayonu Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Əliyev X5 rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayır. Himayəsində bir nəfər azyaşlı uşaq vardır. Məhkəmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında” xx.xx.2006-cı il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələbinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara vəəşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asilı olmayaraq qanunvericliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərisə narkotik vasitələrin və psixotrop maddələrin satılması(1.0.11) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavılələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olayaraq həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Göstərlənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci və 234.2-ci maddələri ilə ittiham verilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edlməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Ona elan edilmiş ittiham məhkəmə iclasında araşdırılan sübutlarla öz təsdiqini tapır. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 234.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən, ona təyin edilmiş həmin cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə vəictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən vəağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır (CM-in 58.3-cü maddəsi). Məhkəmə Təqsirləndirilən şəxs əməlini qismən etiraf edib peşman olmasını və himayəsində bir nəfər azyaşlı uşaq olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi Azərbaycan Respublikası CM-in 61ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı və Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçünciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət işinin materiallarından görünür ki,Təqsirləndirilən şəxs 07 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 mart 2023-cü il tarixdən ev dustaqlığında, 05 aprel 2023-cü il tarixdən isə həbsdə olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Azərbaycan Respublikası CPM-in tələbləri baxımından Təqsirləndirilən şəxs cəza çəkdiyi vaxtda narkomaniyadan müalicə olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin cinayət işi üzrə maddi sübut olub Astara RPŞ-da saxlanılan tədqiqata sərf olunandan sonra qalıq qalan 0,859 qram narkotik vasitə olan heroinin məhv edilməsini, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, cəzanın əvvəlinin 07 mart 2023-cü il tarixdən hesablanmasını, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsini, ekspertiza xərclərini təşkil edən 120 (bir yüz iyirmi) manat pulun Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə ödənilməsini əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 üç) il 06 (altı) ay, müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Ona təyin edilmiş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu, ev dustaqlığında və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzanın əvvəli 07 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Astara RPŞ-da saxlanılan tədqiqatlara sərf olunandan sonra qalan təmiz çəkisi qalan 0,859 qram narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd DVD diskinin maddi sübut kimi cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 120 (bir yüz iyirmi) manat məhkəmə (ekspertiza) xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən Azərbaycan Respublikası CPM-in 384-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti vermək olar. Hökmdən apellyasiya şikayəti və protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar