Məhkəmə qərarları › İş №1(018)-103/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-103/2023

02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-103/2023 02.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X15 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, X1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Astara rayon Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx xxxx 1967-ci il tarixdə İran İslam Respublikasının Tehran şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada sürücü işləmiş, əvvəllər məhkum olunmamış, İran İslam Respublikası, Ərdəbil şəhəri, Kövsər küçəsi, blok 7, ev 349 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 mart 2023-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən bir selofan bükümdə 1,405 qram, digər selofan bükümdə isə 2,318 qram olmaqla ümumilikdə şəxsi istehlak miqdarından artıq miqdarda, 3,723 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış həşiş narkotik vasitəsini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsüllardan istifadə etməklə həmin bükümləri şalvarının altından əyninə geyindiyi yaşıl rəngli tumanın sağ yan cibinə yerləşdirib saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi “Volvo” markalı 78A425/426-10 qeydiyyat nişanlı yük avtomaşını ilə gələrkən üzərində daşımış və 25 mart 2023-cü il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən “Astara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin gün saat 02 radələrində üzərində keçirilmiş şəxsi yoxlama zamanı qeyd edilən narkotik vasitə aşkar edilərək ondan götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş ittihamlarda özünü tam təqsirli bilərək məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərdi ki, təxminən 30 ildir ki, sürücü işləyir və ailəsinin dolanışığını bu yolla təmin edir. O, əvvəllər narkotik vasitə istifadə etmiş, lakin sonra uzun müddət, təqribən son 10 il ərzində istifadə etməmişdir. Demək olar ki, narkotik vasitə istifadə etmək istəməmişdir. Tutulmazdan təxminən 20 gün əvvəl idarə etdiyi “Volvo” markalı “78A425/426-10” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin sahibi Fərəc Musazadə ona zəng edərək İran İslam Respublikasının Bəndər-Abbas şəhərindən Azərbaycan Respublikasına yük aparmalı olduğunu və həmin yükün hazırda maşına yüklənib İİR-nın Astara şəhərində gözlədiyini bildirmişdir. O, Astara şəhərinə gələrək qeyd edilən yük nəqliyyat vasitəsini sürüb İran gömrüyünə salmış, lakin, bayram günləri olduğu üçün nəqliyyat vasitəsi İran gömrüyündə təqribən 20 gün gözləməli olduğundan maşını orada qoyaraq Ərdəbil şəhərinə qayıtmış, orada Behnam adlı dostu ilə görüşdükdən sonra keçmiş günləri xatırlamış və narkotik istifadə etmək istəmişdir. Ondan üzərində narkotik vasitə olubolmadığını soruşmuşdur. Behnam üzərində narkotik vasitə çətənə olduğunu bildirdikdə, şəxsi istifadəsi üçün çətənədən bir az ona verməsini xahiş etmişdir. Behnam etiraz etməyərək ona bir az narkotik vasitə olan çətənə vermiş, həmin narkotik vasitədən bir az istifadə etdikdən sonra qalan hissəsini cibinə qoymuşdur. Bundan başqa, Behnamın ona verdiyi narkotik vasitədən bir qismini müxtəlif vaxtlarda tanışlarına vermiş, qalan 2 bükümü isə əyninə geyindiyi alt paltarının cibinə qoymuşdur. 24 mart 2023-cü il tarixdə “Volvo” markalı “78A425/426-10” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində olan yükü Azərbaycana gətirmək üçün yenidən İİR-nın Astara şəhərinə gəlmişdir. Həmin gün sənədləşmə işlərini bitirib İran gömrüyünü tərk etmiş, Azərbaycan gömrüyünə daxil olmamış üzərində şəxsi istifadəsi üçün dostundan aldığı narkotik vasitənin olması yadına düşsə də, orada həmin narkotik vasitəni atmağa qorxmuşdur. Eyni zamanda, həmin narkotik vasitənin gömrük sərhədindən keçirməyin qanunsuz olduğunu bildiyi üçün əyninə geyindiyi şalvarın altındakı yaşıl rəngli alt paltarın sağ cibində gizlədərək Azərbaycana keçirməyə qərar vermişdir. xx.xx.2023-cü il tarixdə, saat təqribən 02 radələrində idarə etdiyi “Volvo” markalı “78A425/426-10” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə İran-Azərbaycan sərhədini keçib “Astara” gömrük postuna daxil olmuş, bir qədər növbədə gözlədikdən sonra nəqliyyat vasitəsini yük maşınları üçün nəzərdə tutulmuş yoxlama xəttinə sürmüşdür. Gömrük nəzarəti xəttində gömrük əməkdaşları tərəfindən idarə etdiyi yük nəqliyyat vasitəsində və üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olub-olmaması, o cümlədən narkotik vasitə, psixotrop və güclü təsir edən maddələrin olub- olmaması barədə ondan soruşulmuş, olduğu təqdirdə həmin predmetləri təqdim etməsi təklif edilmişdir. O həm idarə etdiyi yük nəqliyyat vasitəsində, həm də, üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını, idarə etdiyi yük nəqliyyat vasitəsində “qarışıq karqo” yükü olduğunu bildirmişdir. Bundan sonra, gömrük əmədaşları xidməti it tətbiq etməklə hal şahidlərinin iştirakı ilə ilk növbədə idarə etdiyi “Volvo” markalı, “78A425/426-10” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini yoxlamağa başlamışlar və yoxlama zamanı avtomobildən və avtomobilin kabinasında olan əşyalardan gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı bir predmet aşkar olunmamışdır. Daha sonra gömrük əməkdaşı üzərində şəxsi yoxlama aparılacağı barədə ona məlumat verərək hal şahidlərinin iştirakı ilə üzərini yoxlamışdır. Şəxsi yoxlama zamanı gömrük əməkdaşı tərəfindən üzərində, şalvarın altından əyninə geyindiyi yaşıl rəngli alt paltarının sağ cibindən gömrük nəzarətindən gizlətdiyi şəffaf rəngli sellofona bükülmüş 2 ədəd büküm aşkar edilmişdir. Bundan sonra araşdırma ilə əlaqədar ondan aşkar edilən bükümlər “Astara” gömrük postunun inzibati binasında yerləşən bir otağa gətirilərək, elektron tərəzidə çəkilmiş və içərisində narkotik vasitə olan 2 ədəd bükümün qablaşmaları ilə birlikdə çəkilərinin müvafiq olaraq təqribən 1,3 və 2,6 qram olmaqla, ümumilikdə 3,9 qram olduğu məlum olmuşdur. Həmin bükümlər onun və hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq möhürlənmiş və gömrük əməkdaşı tərəfindən bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol tərcüməçi tərəfindən ona oxunmuş və doğru tərtib edildiyi üçün imzalamışdır.Hazırda etdiyi əməldən səmimi peşmanlıq hissi keçirir. Özü ağır prostat xəstəsidir. Uşaqlıqdan xəstəliyinə görə əlil qızı onun himayəsindədir. Arvadı ölüb, özü xəstə və əlil qızına baxır. Ailədə yeganə qazanc gətirən şəxsdir. Özü işləyib pul gətirməsə ailəsi acından ölər. Həddindən artıq ağır maddi durumdadırlar. O, həmin miqdarda narkotik vasitəni əldə etməyin bu cür ağır şəkildə cəzalandırılacağını bilməmişdir. Məhkəmənin mərhəmətinə ümid edir və bütün sadaladıqlarını nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlləri məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində göstərdi ki, 2017-ci il tarixdən gömrük orqanlarında xidmət edir və hazırda “Astara” gömrük postunun baş müfəttişi vəzifəsində xidmətini davam etdirir. xx.xx.2023-cü il tarixdə iş bölgüsünə əsasən ‘Astara” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn yük avtomobillərinə gömrük nəzarətini həyata keçirmişdir. Həmin gün vəzifə borcunu yerinə yetirərkən saat 02 radələrində iran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı 78A425/426-10 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə “Astara” gömrük postunun yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşdur. O, gömrük nəzarəti zamanı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsində və üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan edilməli olan hər hansı predmetin, yəni, narkotik vasitə, psixotrop maddə, silah-sursat, dərman preparatları, qızıl-zinət və digər predmetlərin olub olmadığı barədə sual vermiş, Masoud isə üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində qanunla qadağan edilmiş heç bir predmetin olmadığını bildirmişdir. Gömrük nəzarəti zamanı Təqsirləndirilən şəxs hərəkətləri şübhə doğurduğundan o, Masoudun idarə etdiyi yük nəqliyyat vasitəsini əsaslı yoxlamaq qərarına gəlmiş, bu məqsədlə 2 nəfər hal şahidi dəvət edərək gömrük yoxlamasına başlamışdır. Yoxlama zamanı Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat şöbəsinə təhkim edilmiş X9 klubunun baş təlimçisi X8 tərəfindən “Prince” ləqəbli kinoloji xidmət iti Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinə tətbiq edilmiş və kinoloji xidmət iti nəqliyyat vasitəsinin kabinəsinə reaksiya vermiş, lakin yoxlama zamanı nəqliyyat vasitəsinin kabinəsində heç bir hüquqpozma predmeti aşkar edilməmişdir. Həmçinin nəqliyyat vasitəsi “Astara” gömrük postunun inzibati ərazisində yerləşən “HCVG” markalı stasionar rentgen qurğusundan keçirilmiş, lakin hər hansı qanun pozuntusu halları aşkar olunmamışdır. Nəqliyyat vasitəsinə tətbiq edilmiş yoxlamadan sonra zərurət yarandığından Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 64-cü maddəsinə əsasən tərəfindən hal şahidlərinin iştrakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılmışdır. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərində, əyninə geyindiyi şalvarın altındakı yaşıl rəngli tumanın sağ cibində, şəffaf rəngli sellofona bükülmüş 2 ədəd büküm aşkar etmişdir. Həmin bükümlərə baxış zamanı 2 ədəd bükümdə narkotik vasitəyə oxşar naməlum maddə olduğu məlum olmuşdur. Yoxlama tam başa çatdıqdan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş 2 ədəd bükümdə narkotik vasitəyə oxşar naməlum maddə Təqsirləndirilən şəxs və hal şahidlərin iştirakı ilə tərəfindən götürülərək Təhqiqat şöbəsinin “Astara” gömrük postunun inzibati binasında yerləşən xidməti otağına gətirilmiş, orada həmin maddə elektron tərəzidə çəkilmiş və 2 ədəd bükümün qablaşmaları ilə birlikdə çəkilərinin müvafiq olaraq təqribən 1.3 və 2.6 qram olmaqla, ümumilikdə 3.9 qram olduğu məlum olmuşdur. Bununla bağlı tərəfindən müvafiq protokol tərtib edilmiş və tərtib olunmuş protokolla bütün iştirakçılar tanış olduqdan sonra imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, Astara rayonu Seləkəran kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayır, daimi işi olmadığı üçün ailəsinin dolanışığını təmin etmək məqsədi ilə müvəqqəti olaraq “Astara” gömrük postunun rejim zonasında yükləmə-boşaltma əməliyyatlarında fərdi qaydada fəhləlik etməklə günəmuzd işləyir. xx.xx.2023-cü il tarixdə, saat 02 radələrində “Astara” gömrük postunun rejim zonasında fərdi qaydada fəhləlik edərkən bir nəfər gömrük əməkdaşı ona və orada fəhləlik edən Kamrana yaxınlaşıb özünü təqdim edərək İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn bir yük nəqliyyat vasitəsinə keçiriləcək yoxlamada hal şahidi qismində iştirak etməklərini xahiş etmişdir. Onlar gömrük əməkdaşına etiraz etməyərək, yoxlamada iştirak etmək məqsədilə “Astara” gömrük postunun yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə gəlmişlər. Burada gömrük əməkdaşı adını sonradan öyrəndikləri İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı 78A425/426-10 dövlət qeydiyyat nişanlı yük avtomobilinin yoxlanmasında onların hal şahidi kimi iştirak edəcəkləri barədə məlumat verdikdən sonra ona və digər hal şahidinə hüquq və vəzifələrini izah etmiş, məsuliyyət barədə xəbərdarlıq etmişdir. Yoxlama zamanı kinoloji xidmət iti nəqliyyat vasitəsinin kabinəsinə reaksiya versə də, nəqliyyat vasitəsinin kabinəsində heç bir hüquqpozma predmeti aşkar edilməmişdir. Daha sonra nəqliyyat vasitəsi “Astara” gömrük postunun inzibati ərazisində yerləşən “HCVG” markalı stasionar rentgen qurğusundan keçirilmiş, lakin hər hansı qanun pozuntusu halları aşkar olunmamışdır. Nəqliyyat vasitəsinə tətbiq edilmiş yoxlamadan sonra zərurət yarandığından gömrük əməkdaşı tərəfindən onların iştrakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılmışdır. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərində, əyninə geyindiyi şalvarın altındakı yaşıl rəngli tumanın sağ cibində, şəffaf rəngli sellofona bükülmüş 2 ədəd büküm aşkar edilmişdir. Həmin bükümlərə baxış zamanı 2 ədəd bükümdə narkotik vasitəyə oxşar naməlum maddə olduğu məlum olmuşdur. Yoxlama tam başa çatdıqdan sonra Təqsirləndirilən şəxs Abdoliahdan aşkar edilmiş 2 ədəd bükümdə narkotik vasitəyə oxşar naməlum maddə Təqsirləndirilən şəxs və onların iştirakı ilə gömrük əməkdaşı tərəfindən götürülərək Təhqiqat şöbəsinin “Astara” gömrük postunun inzibati binasında yerləşən xidməti otağına gətirilmiş, orada həmin maddə elektron tərəzidə çəkilmiş və 2 ədəd bükümün qablaşmaları ilə birlikdə çək: ərinin müvafiq olaraq təqribən 1.3 və 2.6 qram olmaqla, ümumilikdə 3.9 qram olduğu məlum olmuşdur. Sonda araşdırma ilə əlaqədar həmin maddə qablaşdırılaraq möhürlənmiş və bu barədə gömrük əməkdaşı tərəfindən müvafiq protokol tərtib edilmişdir. Bütün iştirakçılar kimi Kamran və o həmin protokolla tanış olduqdan sonra imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilən X5 şahid X4 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən, zərərçəkmiş şəxs və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi yoxlama aparılması haqqında” protokoldan görünür ki, “Volvo” markalı “78A425/426-10” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına "qarışıq karqo” yükü gətirən İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi yoxlama zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə əyninə geyindiyi şalvarın altındakı yaşıl rəngli tumanın sağ cibində iki ədəd bükümdə gömrük nəzarətindən gizlətdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, 3,723 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış həşiş narkotik vasitəs aşkar edilərək protokol əsasında götürülmüş və 203253 nömrəli polietilen paketdə qablaşdırılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 25 mart 2023-cü il tarixli, 7/419 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “N203253 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi” yazı və imzalar olan paketdə iki ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1,405 qram və 2,318 qram olmaqla, ümumi çəkisi 3,723 qram olan yaşılımtıl rəngli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-həşişdir. Həşiş 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir.Aparılmış tədqiqatlardan sonra həşiş narkotik vasitəsinin ümumi qalıq çəkisi 3,623 qram olmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2023-ci il tarixli, 2262 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş 15 may 2023-cü il tarixli, “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 mart 2020-ci il tarixdən mütəmadi olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına, həmçinin Azərbaycandan tranzit keçməklə Gürcüstana getmiş və geri qayıtmış, sonuncu dəfə 24 fevral 2023-cü il tarixdə, saat 17:00-da “Biləsuvar” sərhəd nəzarət məntəqəsi vasitəsi ilə Azərbaycan Respublikası istiqamətindən İran İslam Respublikasına getmiş, 25 mart 2023- cü il tarixdə, saat 01:43-də isə “Astara” sərhəd nəzarət məntəqəsi vasitəsi ilə İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikasına gəlmiş və həmin tarixdən sonra Azərbaycan Respublikasından hər hansı xarici ölkəyə getməmişdir. Məhkəmə, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrlə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf edərək səmimi peşimanlıq hissi keçirməsini, himayəsində uşaqlıqdan əlil qız övladının olmasını, ailəsinin ağır maddi durumda yaşamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsində göstərilir ki, Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Təqsirləndirilən şəxs bir neçə cinayəti törətməkdə təqsirli bilindiyi üçün ona Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 66-cı maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətmiş olduğu cinayət əməlini etiraf etməklə səmimi peşmanlıq hissi keçirməsini, himayəsində uşaqlıqdan əlil olan qız övladının olmasını, ailəsinin ağır maddi durumda yaşamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və həmin halların məcmusunu müstəsna hal hesab edir. Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasında fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətmiş olduğu cinayət əməlini etiraf etməklə səmimi peşmanlıq hissi keçirməsini, himayəsində uşaqlıqdan əlil övladının olmasını, ailəsinin ağır maddi durumda yaşamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, həmçinin əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almaqla, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 62-ci maddəsi (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilməklə ona azadlıqdan məhrum etmə növündə, bu maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən az cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətin predmetini ekspertizadan sonra qalıq qalmış 3,623 qram olan yaşılımtıl rəngli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-həşiş təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən narkotik vasitə məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. İş materiallarında olan həbs qətimkan tədbirinin seçilməsi haqqında Yasamal Rayon Məhkəməsinin 26 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu gündən, yəni 25 mart 2023-cü il tarixdən hesablanmışdır. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, cəzanın əvvəlinin 25 mart 2023-cü il tarixdən hesablanmasını, həmçinin onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin dəyişdirilməməsini əsaslı hesab edir. İş üzrə ekspertiza xərci olan 40 (qırx) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X2, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əcnəbilərə, onlar cinayət törətdiklərinə görə təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra, bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla tətbiq edilə bilər. Ona görə də məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasını qanuni və əsaslı hesab edir. Astara rayon Vəkil Bürosunun vəkili X13 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 36 (otuz altı) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəli 25 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirlməsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 3,623 qram narkotik vasitə – həşiş məhv edilsin. İş üzrə ekspertiza xərci olan 40 (qırx) manat pul Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X2, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Astara rayon Vəkil Bürosunun vəkili X13 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 36 (otuz altı) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar