Məhkəmə qərarları › İş №1(018)-104/2024

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-104/2024

20.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-104/2024 20.11.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X11 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə, 16 avqust 1996-cı il tarixdə Azərbaycan Respublikasının Şabran rayonunun, Ağalıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, sürücü işləyən, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası, Şabran rayonu, Ağalıq kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 25 iyun 2024-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən 1,901 qram qurudulmuş marixuana və xeyli miqdarda-0,616 qram tiryək narkotik vasitələrini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə tiryək narkotik vasitəsini 1 bükümdə əynində olan qara rəngli cins şalvarın sağ balaca cibində, qurudulmuş marixuana narkotik vasitəsini isə 1,787 qramını 1 sellofan bükümdə, 0,114 qramını 1 siqaret giləsinə doldurulmuş şəkildə şalvarının sağ cibindəki “Kent” markalı siqaret qutusunun içərisində yerləşdirib saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına gedərkən 25 iyun 2024-cü il tarixdə, saat 9 radələrində Astara rayonunun inzibati ərazisində yerləşən Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, həmin tarixdə gömrük nəzarəti qaydasında keçirilmiş yoxlama zamanı qeyd edilən narkotik vasitələr gizlədildiyi yerlərdən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 və 206.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 16 avqust 1996-cı il tarixdə Azərbaycan Respublikası, Şaban rayonunda anadan olmuş və hazırda Azərbaycan Respublikası Şabran rayonu Ağalıq kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında kirayədə yaşayır, subaydır. 17 may 2022-ci il tarixədək Müdafiə Nazirliyinin hərbi qulluqçusu olaraq gizir hərbi rütbəsində xidmət etmiş və 17 may 2022-ci il tarixdə xidmət müddəti başa çatdığına görə xidmətdən azad edilmişdir. 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək “Vətən müharibəsi”ndə iştirak etmiş, xidmətdən azad edildikdən sonra rəsmi olaraq heç bir yerdə işləməsə də, sürücülüklə məşğul olaraq dolanışığını təmin etmişdir. Təxminən 2 ildir ölkədaxili yük daşıma fəaliyyəti ilə, son 1 ay müddətində isə beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olur. Hazırda Bakı şəhər sakini X4 məxsus olan, etibarnamə əsasında idarə etdiyi “DAF” markalı, 90TM808/99ZK818 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə beynəlxalq yük daşıma fəaliyyətini həyata keçirir. Təqribən 2 gün bundan əvvəl, yəni 23 iyun 2024-cü il tarixdə idarə etdiyi “DAF” markalı, 90TM808/99ZK818 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsilə ilk dəfə İran meyvə şirələri yükünü təhvil alaraq Rusiya Federasiyasına aparmaq məqsədilə İran İslam Respublikasına getmişdir. “Vətən müharibəsi”ndə iştirak etdiyi zaman aldığı travmalardan sonra ağrıları olduqca ara-sıra narkotik vasitə marixuana qəbul etməyə başlamışdır. Bu səbəbdən 23 iyun 2024-cü il tarixdə, saat 10 radələrində İran İslam Respublikasının Astara şəhərində olarkən narkotik vasitə marixuana əldə etmək məqsədi ilə tanımadığı taksi sürücüsünə yaxınlaş, taksi sürücüsü isə onu həmin vaxt orada olan, əvvəlcədən tanımadığı və adını bilmədiyi bir nəfər iranlının yanına yönləndirərək həmin şəxsdən istədiyi narkotik vasitəni “gül istəyirəm” deyərək əldə edə biləcəyini bildirmişdir. O həmin iranlı şəxsə yaxınlaşıb “gül” istədiyini bildirdikdə iranlı şəxs cavabında yanında güldən əlavə narkotik vasitə tiryəkin də olduğunu demiş, o da həmin şəxsdən 20 manat müqabilində marixuana, 10 manat müqabilində də tiryək almış, İran İslam Respublikasının Astara şəhərində olduğu müddət ərzində, yəni 24 iyun 2024-cü il tarixdə almış olduğu narkotik vasitə marixuananın bir hissəsini istifadə etmiş, qalanını 1 ədəd bükümə və 1 siqaret ədədinin içərisinə doldurub üzərində olan “Kent” yazılı siqaret qutusunun içərisinə yerləşdirmişdir. Əldə etdiyi tiryək narkotik vasitəsini isə gömrükdən keçirə bilməsi üçün həmin vaxt əynində olan qara rəngli cins şalvarın sağ yan balaca cibində yerləşdirmişdir. Həmin gün idarə etdiyi yük nəqliyyat vasitəsinə meyvə şirələri yükü yüklətdikdən sonra Azərbaycan Respublikasına keçmək üçün İran İslam Respublikasının gömrük nəzarəti zonasında növbəyə dayanmış və 25 iyun 2024-cü il tarixdə, səhər saat 07-08 radələrində növbə ona çatmışdır. 25 iyun 2024-cü il tarixdə İran gömrüyünü keçib saat təqribən 09 radələrində Azərbaycan Respublikasının Astara gömrük postuna daxil olmuş, bir qədər növbədə gözlədikdən sonra növbə ona çatmış və o, nəqliyyat vasitəsini yük maşınları üçün nəzərdə tutulmuş yoxlama xəttinə sürmüş, yoxlama xəttində gömrük işçisi onunla şifahi şəkildə sorğu-sual apararaq üzərində, ona məxsus əşyalarda və yük nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmamasını soruşmuş, o isə öz növbəsində həmin malları gizli keçirməyə nail olmaq məqsədilə qadağan olunmuş, gömrük nəzarətinə mütləq bəyan olunmalı və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olmadığını bildirmişdir. Daha sonra gömrük işçisi idarə etdiyi nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq ediləcəyini dedikdə, o, etiraz etməmiş və idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük inspektoru tərəfindən gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı üzərində olan əşyaları da yoxlama məqsədi ilə təqdim etmiş. Bu zaman təqdim etdiyi “Kent” markalı siqaret qutusunun içərisinə gömrük inspektoru baxış keçirmiş və siqaret qutusunda gizlətdiyi 1 ədəd bükümdə və 1 siqaret ədədinə doldurulmuş şəkildə olan narkotik vasitə marixuananı aşkar etmişdir. Bundan sonra üzərində şəxsi yoxlama aparılmış və yoxlama zamanı əyninə geyindiyi qara rəngli şalvarın sağ balaca yan cibində gizlətdiyi 1 ədəd bükümdə olan narkotik vasitə “tiryək” də gömrük inspektoru tərəfindən aşkar edilərək onun iştirakı ilə qablaşdırılmaqla götürülmüşdür. Daha sonra idarə etdiyi “DAF” markalı “90TM808/99ZK818” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi Astara gömrüyünün inzibati ərazisində quraşdırılmış rentgen qurğusundan keçirilmiş, həmçinin üzərində şəxsi yoxlama aparılmış, lakin heç bir hüquqpozma predmeti aşkar edilməmişdir. Yoxlama tam başa çatdıqdan sonra ona məxsus “Kent” markalı siqaret qutusunda aşkar olunmuş içərisində narkotik vasitə “marixuana” olan 1 ədəd büküm və 1 siqaret ədədi, həmçinin içərisində narkotik vasitə tiryək olan 1 ədəd büküm gömrük işçiləri tərəfindən götürülmüş, idarədə olan bir otağa gətirilərək elektron tərəzidə çəkilmiş və içərisində marixuana olan 1 ədəd bükümün qablaşmaları ilə birlikdə çəkisinin 2,5 qram, 1 siqaret ədədinə doldurulmuş, tütünlə qarışdırılmış şəkildə olan narkotik vasitə marixuananın ümumi təqribi çəkisinin 1 qram və 1 bükümdə olan narkotik vasitə tiryəkin qablaşması ilə birlikdə təqribi çəkisinin 1,3 qram olduğu məlum olmuşdur. Sonda araşdırma ilə əlaqədar həmin maddələr qablaşdırılaraq möhürlənmişdir. Bundan əlavə o, verilən suallara cavab olaraq aşkar edilmiş narkotik vasitələrin ona məxsus olduğunu, onları şəxsi istifadə məqsədilə İran İslam Respublikasında əldə edib ölkə ərazisinə gətirdiyini, qeyd edilən maddələri qaraşın, saqqallı, 35-40 yaşlarında, təxminən 180 sm boyunda, dolu bədən quruluşlu kişi cinsli iranlı şəxsdən aldığını, bu şəxsi əvvəlcədən tanımadığını, adını, telefon nömrəsini bilmədiyini, təxminən 3 ildir hərdən narkotik vasitə marixuanadan istifadə etdiyini, Azərbaycan Respublikasında narkotik vasitəni tanımadığı, adını bilmədiyi şəxslərdən əldə etdiyini, daha əvvəllər Azərbaycan Respublikasını cəmi 2 dəfə tərk etdiyini, ilk dəfə bir ay bundan əvvəl beynəlxalq yük daşıma fəaliyyəti ilə əlaqədar Gürcüstan Respublikasına yük apardığını, orada yükləri təhvil verib yeni yüklərlə İran İslam Respublikasına getdiyini, bundan başqa Azərbaycan Respublikasını heç vaxt tərk etmədiyini və belə əməllər törətmədiyini, narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının ərazisində qanunsuz dövriyyəsinin, habelə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinin cinayət məsuliyyətinə səbəb olduğunu bildiyini bildirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs 2016cl ildə aprel döyüşlərində, 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək “Vətən müharibəsi”ndə iştirak etdiyini və hal-hazırda etdiyi əməldən peşman olmasını bildirib ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2018-ci ildən gömrük orqanlarında xidmət edir, hazırda xidmətini dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölmənin inspektoru vəzifəsində davam etdirir, gömrük xidməti kapitanıdır. 25 iyun 2024-cü il tarixdə, saat 9 radələrində iş bölgüsünə əsasən idxal yoxlama xəttində gömrük nəzarətini həyata keçirərkən Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı “90TM808/99ZK818” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə tranzit gömrük proseduru altında qeydiyyatdan keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına yükü müşayiət edən “İAA-16.1” nömrəli invoysa əsasən “meyvə şirələri” yükü apararkən astara gömrük idarəsinin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşdur. Gömrük nəzarəti zamanı “DAF” markalı “90TM808/99ZK818” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs ilə şifahi formada sorğu-sual apararaq üzərində və ya idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetin olubolmadığını soruşmuşdur. Sürücü Təqsirləndirilən şəxs isə üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetin olmadığını bildirmişdir. Bundan sonra sürücünün hərəkətləri onda şübhə doğurduğundan idarə etdiyi “DAF” markalı “90TM808/99ZK818” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq etmişdir. Gömrük yoxlaması başlamazdan əvvəl qanunvericiliyin tələblərinə əsasən iki nəfər hal şahidi də dəvət edib onlara hüquq, vəzifələri və məsuliyyətləri barədə izah vermişdir. Bundan sonra hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakı ilə ilk növbədə nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Kabinə və orada olan mallar yoxlanılarkən sürücü Təqsirləndirilən şəxs onun tələbi əsasında müşayiət etdiyi malları, o cümlədən əyninə geyindiyi qara rəngli şalvarın sağ cibindəki üzərində “Kent” yazısı olan siqaret qutusunu cibindən çıxarıb yoxlama məqsədi ilə təqdim etmişdir. “Kent” yazılı siqaret qutusunun içərisinə baxış keçirilərkən siqaret qutusunun içərisində 01 ədəd sellofan bükümdə açıq yaşıl rəngli narkotik vasitə maixuanaya oxşar maddə və 01 siqaret ədədinin içərisinə doldurulmuş şəkildə, tütünlə qarışdırılmış formada açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə aşkar etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 64-cü maddəsinə əsasən şəxsi yoxlama aparmış. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs əyninə geyindiyi qara rəngli şalvarın sağ yan balaca cibindən əlavə 01 sellofan büküm də aşkar etmişdir. Həmin bükümə baxış zamanı bükümün içərisində qara rəngli narkotik vasitəyə oxşar maddənin olduğu məlum olmuşdur. Şəxsi yoxlama zamanı onun üzərindən əlavə hər hansı hüquqpozma predmeti aşkar edilməmişdir. Daha sonra nəqliyyat vasitəsi Astara Gömrük İdarəsinin inzibati ərazisində yerləşən “HCVG” markalı stasionar rentgen qurğusundan keçirilmiş və heç bir hüquqpozma predmeti aşkar edilməmişdir. Yoxlamalar tam başa çatdıqdan sonra Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs cibində olan siqaret qutusundan aşkar edilmiş, içərisində narkotik vasitə marixuanaya oxşar maddə olan 01 sellofan büküm və içərisinə narkotik vasitə marixuanaya oxşar maddə doldurulmuş 01 siqaret ədədi, həmçinin şəxsi yoxlama zamanı əyninə geyindiyi şalvarın sağ yan balaca cibindən aşkar edilmiş 01 bükümdə olan narkotik vasitəyə oxşar maddə tərəfindən götürülmüş, əməliyyat və təhqiqat şöbəsinin Astara Gömrük İdarəsinin inzibati binasında yerləşən xidməti otağına gətirilərək həmin maddələr elektron tərəzidə çəkilmiş və 01 bükümdə olan narkotik vasitə marixuanaya oxşar maddənin qablaşması ilə birlikdə təqribi çəkisinin 2,5 qram, 01 siqaret ədədinə doldurulmuş, tütünlə qarışdırılmış şəkildə olan narkotik vasitə marixuanaya oxşar maddənin ümumi təqribi çəkisinin 01 qram və 01 bükümdə olan narkotik vasitəyə oxşar maddənin qablaşması ilə birlikdə təqribi çəkisinin 1,3 qram olduğu məlum olmuşdur. sonda araşdırma ilə əlaqədar aşkar edilmiş həmin maddələr hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılaraq möhürlənmiş və araşdırma məqsədilə götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Astara şəhərində yaşayır, daimi işi olmadığı üçün müvəqqəti olaraq Astara Gömrük İdarəsinin rejim zonasında yükləmə-boşaltma əməliyyatlarında fəhləlik etməklə günəmuzd işləyir. 25 iyun 2024-cü il tarixdə, saat 9 radələrində bir nəfər gömrük əməkdaşı onu və onunla birlikdə fəhləlik edən Habilə yaxınlaşaraq Astara Gömrük İdarəsinin idxal yük xəttində bir yük maşınına gömrük yoxlaması tətbiq ediləcəyini bildirmiş və onun da həmin yoxlamada hal şahidi qismində iştirak etməsini xahiş etmişdir. O, həmin gömrük əməkdaşı ilə razılaşmış və idxal yük xəttinə getmişdir. Oraya gedərkən əvvəlcədən tanımadığı, sonradan şəxsiyyəti ona məlum olan Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı “90TM808/99ZK818” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq ediləcəyi ona məlum olmuşdur. Gömrük yoxlaması başlamazdan əvvəl gömrük əməkdaşı hər kəsə hüquqlarını, vəzifələrini və məsuliyyətini izah etmiş və gömrük yoxlamasını diqqətlə izləmələrini xahiş etmişdir. Bundan sonra ilk növbədə nəqliyyat vasitəsinin kabinəsi və müşayiət edilən mallar yoxlanılmağa başlanmış, bu zaman gömrük əməkdaşının təklifi əsasında sürücü Təqsirləndirilən şəxs özünə məxsus malları, o cümlədən əyninə geyindiyi qara rəngli şalvarın sağ cibindəki “Kent” markalı siqaret qutusunu cibindən çıxarıb yoxlama məqsədi ilə gömrük inspektoruna təqdim etmişdir. “Kent” yazılı siqaret qutusunun içərisinə baxış keçirilərkən siqaret qutunun içərisində 01 sellofan bükümdə açıq yaşıl rəngli narkotik vasitə maixuanaya oxşar maddə və 01 siqaret ədədinin içərisinə doldurulmuş şəkildə, tütünlə qarışdırılmış formada açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində onun da iştirakı ilə şəxsi yoxlama aparılmışdır. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs əyninə geyindiyi qara rəngli şalvarın sağ yan balaca cibindən 01 sellofan büküm daha aşkar edilmişdir. Həmin bükümə baxış zamanı bükümün içərisində qara rəngli narkotik vasitəyə oxşar maddə olduğu məlum olmuşdur. Şəxsi yoxlama zamanı başqa heç bir hüquqpozma predmeti aşkar edilməmişdir. Yoxlamalar tam başa çatdıqdan sonra Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs yoxlama zamanı təqdim etdiyi siqaret qutusundan aşkar edilmiş içərisində narkotik vasitə marixuanaya oxşar maddə olan 01 sellofan büküm və içərisinə narkotik vasitə marixuanaya oxşar maddə doldurulmuş 01 siqaret ədədi, həmçinin şəxsi yoxlama zamanı əyninə geyindiyi şalvarın sağ yan balaca cibindən aşkar edilmiş 01 ədəd bükümdə olan naməlum maddə onun, sürücünün və digər şəxslərin iştirakı ilə gömrük inspektoru tərəfindən götürülmüş, Əməliyyat və Təhqiqat şöbəsinin Astara Gömrük İdarəsinin inzibati binasında yerləşən xidməti otağına gətirilərək həmin maddələr elektron tərəzidə çəkilmiş və 01 bükümdə olan narkotik vasitə marixuanaya oxşar maddənin qablaşması ilə birlikdə təqribi çəkisinin 2,5 qram, 01 siqaret ədədinə doldurulmuş, tütünlə qarışdırılmış şəkildə olan narkotik vasitə marixuanaya oxşar maddənin ümumi təqribi çəkisinin 01 qram və sürücünün cibindən aşkar edilmiş 01 bükümdə olan narkotik vasitəyə oxşar maddənin qablaşması ilə birlikdə təqribi çəkisinin 1,3 qram olduğu məlum olmuşdur. Sonda bu barədə müvafiq sənədləşmə aparılmış, o da həmin sənədlərlə tanış olub imza etmişdir. Bundan əlavə, ona ünvanlanmış suala cavab olaraq həmin imzaların hər birinin özü tərəfindən sərbəst və müstəqil şəkildə icra olunduğunu, həmin sənədlərdə qeyd olunan faktları bir daha təsdiq etdiyini bildirmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şabanov X1 Nurxan Natiq oğlu ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş üzrə təyin edilib keçirilmiş Azərbaycan Respublikasi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2024-cü il tarixli, 3-16-16/2-19/519 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,616 qram olan maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,787 qram və 0,114 qram, ümumi təmiz çəkisi 1,901 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Qeyd: Tədqiqat zamanı təmiz çəkisi 0,616 qram təşkil edən tiryək narkotik vasitəsinin 0,05 qramı sərf edilmiş, qalıq çəki 0,566 qram təşkil etmiş, ümumi təmiz çəkisi 1,901 qram təşkil edən marixuana narkotik vasitəsinin isə 0,1 qramı tədqiqata sərf edilmiş (hər ob.-0,05 qram), qalıq çəki 1,801 qram təşkil eddir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 daxil olmuş 18 iyul 2024-cü il tarixli, 4882 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 206.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların müvafiq rəyləri, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda, ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1 və 206.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlər öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan Şabran Rayon İcra Hakimiyyətinin Ağalıq inzibati ərazi dairəsinin 04 iyul 2024-cü il tarixli, 5-74/2-106/2024 və 5-74/2-107/2024 nömrəli arayışlarından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonu, Ağalıq kəndində qeydiyyatda olmaqla atası-X8 və anası-X3 ilə birlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək “Vətən müharibəsi”ndə iştirak etməsini, “Fizulinin azad olunmasına görə, “Vətən müharibəsi işirakçısı” medalları ilə təltif edilməsini, , ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətmiş olduğu əməldən peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respubılikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və üç ilədək azadlıqdan məhrumetmə və 206.2-ci maddəsinin sanksiyasında isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 206.2-ci maddələrinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmə haqlarında yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzanın təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirinini nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsi cəzanın məqsədlərini təmin edə bilər və o, real olaraq cəza çəkmədən islah oluna bilər. Məhkəmə qeyd edir ki, cinayət nəticəsində təyin olunan cəza-sosial ədalətin bərpasına, məhkumun islah edilməsi həm məhkumlara, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq üçün zəruri şəraitin yaradılmasına yönəlməlidir. Cinayətkarlıqla mübarizədə cinayətə görə cəza əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan tədbir kimi nəzərə alınmalı, əsas diqqət isə sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməlidir. Həmin tədbirlər gözlənilən nəticəni vermədikdə, yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün hesab edərək, törədilmiş cinayətin xarakterini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs 2020-ci il “Vətən müharibəsi”ndə iştirak etməsini, əməlindən səmimi peşmanlıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq təyin olunacaq azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs tətbiq edilən cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və məhkumun islah olunmasının mümkünlüyünü qiymətləndirərək, cəza təyin edilərkən humanizim, ədalətlilik, cəzanın fərdiliyi və cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğunu dəqiqliklə nəzərə alır. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. İstinad edilən maddələrin tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına şərti məhkum etmənin sınaq müddəti müəyyən edilməli, üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Şabran rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. İş materialından görünür ki, Təqsirləndirilən şəxs barəsində 25 iyun 2024-cü il tarixdə “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edildiyindən, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, 65 (altmış beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsində saxlanılan ekspertiza təhqiqatından sonra, təmiz çəkisi 0,566 qram olan tiryək və 2 ədəd bükümdə ümumi çəkisi 1,801 qram çətənə (kannabis) birkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Şabran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Habelə məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 36 (otuz altı) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməsi əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 206.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən barəsində 01 (bir) il sınaq müddəti tədbiq edilməklə, Təqsirləndirilən şəxs təyin olunmuş 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin. Təqsirləndirilən şəxs hazırki hökm ilə təyin olunmuş 01 (bir) il sınaq müddətinin əvvəli hökmün qüvvəyə mindiyi gündən hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Şabran rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs, 65 (altmış beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsində saxlanılan ekspertiza təhqiqatından sonra, təmiz çəkisi 0,566 qram olan tiryək və 2 ədəd bükümdə ümumi çəkisi 1,801 qram çətənə (kannabis) birkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 36 (otuz altı) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Şabran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar