Məhkəmə qərarları › İş №1(018)-106/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-106/2023

19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-106/2023 19.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Astara rayon Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, 09 sentyabr 2000-cü ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğunun olmayan, ünvan 1 ünvanda yaşayan, 06 aprel 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda - 0,233 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, 04 aprel 2023-cü il tarixdə, saat 17:10-da o, əsaslı şübhələr olduğundan Astara RPŞ-nin PPXB- nin əməkdaşları tərəfindən Astara şəhəri, H. Əliyev küçəsində saxlanılaraq Astara RPŞ-nin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd siqaretin gümüşü kağızı bükümündə təmiz çəkisi - 0,233 qram narkotik vasitə olan heroin onun əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki o, təxminən 1 ildir ki, narkotik vasitə olan heroindən istifadə edir, narkotik vasitə olan heroindən istifadə etmədiyi günlərdə bədənində güclü ağrılar olur. 04 aprel 2023-cü il tarixdə, saat 14 radələrində Astara şəhəri mərkəzi bazarı ərazisində yalnız üzdən tanıdığı adını bilmədiyi şəxsdən 20 manata bir büükümdə heroini gələcəkdə istifadə etmək məqsədilə alıb əynində olan gödəkçənin sağ yan cibinə qoymuşdur. Həmin gün saat 17 radələrində Astara şəhəri Heydər Əliyev prospektində yerləşən “Party Lovers” adlı mağazaya doğru piyada hərəkət edərkən polis əməkdaşları yaxınlaşaraq, onu saxlayıb post patrul xidmətinin avtomobili ilə Astara RPŞ-nin inzibati binasına gətirmişlər. Polis şöbəsinə gəldikdə ilk olaraq təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, dəvət olunmuş müdafiəçinin iştirakıyla videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarışın başlanğıcında təhqiqatçı ona üzərində qanunla qadağan edilən hər hansı bir əşya vardırsa təqdim etməsini təklif etmiş, o da əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən 1 ədəd siqaretin gümüşü kağızı bükümündə narkotik vasitə olan heroini çıxarıb masanın üzərində qoymuşdur. Təqdim etdiyi bir ədəd siqaretin gümüşü kağızını bükümündə heroin elektron tərəzidə çəkilərək çəkisi müəyyən edilmiş, kağız zərfdə qablaşdırılmış və möhürlənmiş, daha sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol təıtib olunmuş, tərtib olunmuş protokol ucadan oxunmuş və həmin protokol orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Cinayət törətdiyini dərk edir, əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Astara RPŞ-nin PPXB-nin, taqım komandiri vəzifəsində işləyir. 04 aprel 2023-cü il tarixdə saat 17:10-da Astara RPŞ-nin PPXB-nin sürücü polis nəfəri, polis baş serjantı Hasil Abdullayev ilə birlikdə Astara şəhəri ərazisində xidməti avtomobillə dislokasiya üzrə postları yoxlayarkən, Astara şəhəri, Heydər Əliyev prospektində yerləşən “Party Lovers” mağazasının yaxınlığında olduğu zaman adını sonradan öyrəndiyi Astara şəhər sakini Təqsirləndirilən şəxs həmin mağazanın önündə onları gördükdən sonra özünü şübhəli aparmasını müşahidə etmiş, Təqsirləndirilən şəxs yaxınlaşaraq özünü təqdim etdiyi zaman Təqsirləndirilən şəxs həyəcanlanaraq qaçmağa cəhd göstərmiş, lakin dərhal buna mane olmuş və Təqsirləndirilən şəxs saxlayaraq nə üçün qaçmağa cəhd göstərdiyini soruşmuş, Sabir cavabında üzərində narkotik vasitə olan heroin kütləsi olduğuna görə onu gördükdə həyəcanlandığını və bu səbəbdən də qaçmaq istəməsini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirməli olduğunu bildirərək Sabiri Astara Rayon Polis Şöbəsinin inzibati binasına gətirmiş, Astara RPŞ-yə gəldikdən sonra materialın icrası şöbənin təhqiqatçısı Samir Rəsulluya həvalə olunmuş, sonra isə Samir Rəsullu tərəfindən qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, ardınca vəkilin iştirakı ilə videoçəkilişlə Sabirin üzərində axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı X10 üzərində qanunla qadağan edilən hər hansı bir əşya və predmetin olması halında təqdim etməsini təklif etmiş, Sabir də əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən 1 ədəd siqaretin gümüşü kağızma bükülmüş heroinə bənzər kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Təqdim edilmiş kütləsi elektron tərəzidə çəkilərək çəkisi müəyyən edilmiş, zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, iştirakçılar tərəfindən zərfin üzərinə imzalar edilmişdir. İş üzrə şahid qismində dindirilmiş X2 şahid X1 ifadəsinə uyğun ifadə verərək göstərilən xüsusatları təsdiq etmişlər. İş materialında olan məhkəmə-kimyəvi ekspertizasının 05 aprel 2023-cü il tarixli, 19/414 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Astaraşəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: - 0,233 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. Rəyin qeyd hissəsindən isə görünür ki, heroinin təmiz çəkisi 0,233 qramdır, cəmi tədqiqata 0,04 qram sərf edilmiş və 0,193 qram heroin qalıq qalmışdır. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən “ambulator məhkəmə-narkoloji ekspertizası” üzrə verilmiş 10 aprel 2023-cü il tarixli, 404 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan opioidlərdən istifadə halları olub. Lakin Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki,Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materialında olan Astara RİHB-nın Astara şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 may 2023-ci il tarixli 548 №-li arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara şəhəri, S.Vurğun küçəsi 94 nömrəli evdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarkterizə olunmasını və himayəsində dörd azyaşlı övladlarının olmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(018)-48/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə verilmiş vəsatət təmin edilməmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs 04 aprel 2023-cü il tarixdən 06 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzaından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan 01 ədəd bükümlərdə ekspertiza təhqiqatında sonra qalıq çəkisi 0, 193 qram narkotik vasitə olan heroin hökm qanuni qüvəyə mindikdən sonra məhv edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. Hökmün icrası Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 aprel 2023-cü il tarixdən 06 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Astara və Lənkəran rayonlarının ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Astara rayon Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut olan və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan 01 ədəd bükümlərdə ekspertiza təhqiqatında sonra qalıq çəkisi 0,193 qram narkotik vasitə olan heroin hökm qanuni qüvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Astara rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar