Məhkəmə qərarları › İş №1(018)-106/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-106/2025

02.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-106/2025 02.09.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Astara Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1973-cü ildə Lerik rayonu Babagil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, 19 may 2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Lerik rayonu, Babagil kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında müvəqqəti yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Astara Rayon Məhkəməsinin icraatına daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs, 18 may 2025-ci il tarixdə, saat 10 radələrində Astara rayonu, Pensər kəndində yerləşən yalnız həftənin şənbə-bazar günləri fəaliyyət göstərən bazarda olan zaman Astara rayonu, Pəlikəş kənd sakini Zərərçəkmiş şəxs sağ çiynində olan qara rəngli çantanın çöl cibi açıq olduğundan çantanın cibində pul olduğunu görüb, Zərərçəkmiş şəxs alış-verişə başının qarışmasından istifadə edərək özgənin əmlakını ələ keçirmək qərarına gəlib, tamah niyyəti ilə ümumilikdə 300 manat olmaqla çantada olan 2 ədəd 100 manatlıq və 2 ədəd 50 manatlıq pul əskinaslarını çantanın içərisindən çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vuraraq oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında və istintaqda verdiyi ifadələri və cinayət işinin digər materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Pensər kəndində hər həftənin bazar günü bazar açılır və orada məsullar uçuz olur. 18 may 2025-ci il tarixdə Lənkəran şəhərindən çıxaraq Pensər kəndində yerləşən həftəlik bazara bazarlıq etməyə getmişdir. Səhər saatlarında bazardan bir qədər uşaq paltarı, meyvə tərəvəz bazarlığı etmişdir. Saat 10 radələrində bazarda qardaşı qızı Şahid1 ilə birlikdə piyada hərəkətdə olan zaman sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs da yanından keçdiyini görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs çiynində olan qara rəngli çantanın çöl tərəfə olan cibi açıq olmuş və içərisindən pul olduğunu açıq görmüşdür. Pula ehtiyacı olduğundan tamahlanaraq çantanın içərisindən pulu ğurlamaq qərarına gəlmişdir. Bu səbədən bazarda adamların sıxılığından və çantanın açıq olduğundan istifadə edərək pulu gizlicə götürmüşdür. Arzu bunu hiss etməmişdir.Tutulmasından qorxduğu üçün pulu saxlaması üçün bazarda olan qardaşı qızı Şahid1 vermişdir. Üzərindən bir neçə dəqiqə keçdikdən sonra Arzu polis əməkdaşları ilə ona yaxınlaşmış və pulunu oğurladığını bildirmişdir. O, pul oğurlamadığını bildirib səsini yüksəltdikdən sonra onları polis şöbəsinə dəvət etmişlər. Zərərçəkmiş şəxs pulunu tək oğurlamışdır, qardaşı qızı Pərişana pulu verəndə oğurluq olduğunu deməmişdir. Onlar küçəyə çıxanda da polislər onları saxladığı üçün Pərişana bu barədə heç nə deyə bilməmişdir. Hazırda Pərişan həmin pulu polis əməkdaşlarına təhvil vermişdir.Son sözündə təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, əməlindən peşman olmasını və azyaşlı uşaqlarının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, 18 may 2025-ci il tarixdə saat 10 radələrində Astara rayonu, Pensər kəndində yerləşən bazara alış-veriş etmək üçün getmişdir. Sarımsağın qiymətini soruşduqdan sonra satıcıdan sellofan alaraq diz üstə əyilmiş və sarımsaq seçməyə başlamışdır. Həmin vaxt çantasını da qolunun altında saxlamışdır. Həmin vaxt orada saçı sarı rəngli olan və kök bədən quruluşlu bir qadın da olmuşdur və ondan sağda qalıb kartof yığırmış. Həmin qadın onu görüb bir qədər arxaya çəkilmiş, o da düşünmüşdür ki, kökdür deyə geri çəkilib. Qalxıb sarımsağı satıcıya çəkdirmiş və satıcı 4 manat etdiyini bildirmişdir. Satıcıya 5 manat pul vermiş və ona 1 manat qaytarmışdır. Oradan uzaqlaşaraq təxminən 5 metr getdikdən sonra pomidor satandan pomidorun qiymətini soruşmuşdur. Satıcı 13 manat dedikdən sonra pomidoru almaq məqsədilə çantasından pul götürmək istəyəndə çantanın zamokunun açıq olduğunu görmüş, içərisinə baxmış və həmin cibdə olan 300 manat pulun olmadığını görmüşdür. Həmin kök qadından şübhələnmiş və onun olduğu tərəfə qayıtsa da onu tapa bilməmişdir. Daha sonra küçəyə tərəf çıxmış və polis əməkdaşlarına belə bir hadisə olduğunu demişdir. Daha sonra polis əməkdaşlarından uzaqlaşmış və bir qədər kənarda həmin qadını görərək polisə məlumat vermiş və həmin qadına yaxınlaşmışlar. Həmin qadına yaxınlaşandan sonra qadına bu barədə deyəndə səsini yüksəltməyə başlamışdır. Daha sonra polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində məlum olmuşdur ki, adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs çantasından 300 manat pulu oğurlamışdır. Oğurlanan 300 manat pul vəsaiti 2 ədəd 100 manatlıq və 2 ədəd 50 manatlıq pul əskinaslarından ibarət olmuşdur.Hazaırda ziyan tam ödənildiyindən təqsirləndirilən şəxlə barışmış ona qarşı şikayət və tələbi yoxdur. Bu səbəbdən ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, bibisi Təqsirləndirilən şəxs ilə birlikdə 18 may 2025-ci il tarixdə Lənkəran şəhərindən çıxaraq Pensər kəndində yerləşən həftəlik bazara bazarlıq etməyə gəlmişlər. Səhər saatlarında bazardan bir qədər uşaq paltarı, meyvə tərəvəz bazarlığı etmişlər. Saat 10 radələrində bazarda bibisi Təqsirləndirilən şəxs ilə birlikdə piyada hərəkətdə olan zaman bibisi arxadan onu çağırmış və ona əlində bükülmüş vəziyyətdə olan pulları verərək” bunu saxla alacam”dermişdir. Həmin pulun nə qədər olduğunu bilməmiş və çantasına qoymuşdur. Bazarda sıxlıq olduğundan və səs-küy olduğundan bibisindən pulu niyə ona saxlamağa verdiyini soruşa bilməmişdir. Bir qədər meyvə-tərəvəz bazarlığı etdikdən sonra marşrut avtobusunun durduğu yerə getmişdir.Bibisi Humrada ora gəlmişdir. Az sonra adını sonradan öyrəndiyi Arzu adlı qadın polis əməkdaşları ilə onlara yaxınlaşmış və Humraya onun pulunu oğurladığını bildirmişdir. Həmin vaxt bibisi Humra oğurlamadığını bildirib səsini yüksəltdikdən sonra onları polis şöbəsinə dəvət etmişlər. Bibisi Humranın ona verdiyi pulun oğurluq olması barədə məlumatı olmamamışdır. Polis şöbəsində bibisinin ona verdiyi 2 ədəd 100 manatlıq və 2 ədəd 50 manatlıq pulu onlara təqdim etmişdir. Bibisi Humranın həmin pulu Arzunun çantasından oğurladığını görməmişdir və bu barədə ona heçnə deməmişdir.Sonradan polis bölməsində ona məlum olmuşdur ki, bibisi Humra bazarda Zərərçəkmiş şəxsın çiyin çantasından 300 manat pul oğurlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, hazırda Astara RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir. 18 may 2025-ci il tarixdə, saat 10 radələrində Astara RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 ilə birlikdə Astara rayonu, Pensər kəndində hər həftənin bazar günü təşkil edilən həftəlik bazar ərazisində xidmətdə olmuşlar. Bu zaman Astara rayonu, Pəlikeş kənd sakini Zərərçəkmiş şəxs onlara yaxınlaşaraq kök və sarı saçlı bir qadının bazar ərazisində onun çantasından 300 manat pul vəsaitini oğurladığını bildirmişdir. Həmin əlamətlərə uyğun gələn qadını axtarmağa başlamışlar. Bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs təkrar yaxınlaşaraq yolun kənarında dayanan 2 qadını göstərmiş və həmin qadınlardan birinin onun çantasından pulu oğurlayan qadın olduğunu demişdir. Zərərçəkmiş şəxs ilə birlikdə onun göstərdiyi qadına yaxınlaşıb özlərini təqdim etmişlər və barəsində şikayət olduğunu, Zərərçəkmiş şəxs çantasından 300 manat pul oğurladığını bildirmişlər. Adını sonradan öyrəndikləri Təqsirləndirilən şəxs isə heç bir səbəb olmadan səsini yüksəltmiş və aqressiv hərəkətlər etməyə başlamışdır. Onun bu hərəkətlərindən şübhələnmişlər və yanında olan qardaşı qızı Şahid1 ilə birlikdə polis şöbəsinə dəvət etmişlər. Həmin şəxsləri təhqiqata təhfil verdikdən sonra xidmət yerinə qayıtmışlar. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq iştirakı təmin edilməsi mümkün olmayan Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadəsi elan edilərək tədqiq edilmişdir. Elan edilmiş ifadə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və məhkəmə iclasında dindirilən şahidin ifadələrinə oxşar olmuş və heç bir ziddiyyət təşkil etməmişdir. Bununla da işin yuxarıda araşdırılan xüsusatları bir daha öz təsdiqini tapmışdır. İş materiallarında olan sənədlər: İş materiallarında olan (iş vərəqi 16) 18 may 2025-ci il tarixli təqdim edilmiş maddi sübutun götürülməsi haqqında qərardan məlum olur ki, Şahid1 300 manat pul vəsaiti iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülmüşdür. İş materiallarında olan (iş vərəqi 17-18) xx.xx.2025-ci il tarixli təqdim olunmuş predmetə baxış keçirilməsi və götürmə aparılması barədə protokoldan məlum olur ki, Şahid1 Təqsirləndirilən şəxs tərəfindən Astara rayonu, Pensər kəndində yerləşən bazarda ona verilən 2 ədəd 100 manatlıq və 2 ədəd 50 manatlıq olmaqla ümumilikdə 300 manat pul vəsaitini istintaqa təqdim etmiş və həmin pul əskinasları iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarında olan (iş vərəqi 19) fotoşəkillərdən məlum olur ki, Şahid1 2 ədəd 100 manatlıq və 2 ədəd 50 mantlıq pul əskinazlarını təhvil verir. İş materiallarında olan (iş vərəqi 20) qəbzdən məlum olur ki, Şahid1 300 manat (2 ədəd 100 manatlıq və 2 ədəd 50 manatlıq) pul vəsaitlərini müstəntiq Samur Rəsulluya təhvil vermişdir. İş materiallarında olan (iş vərəqi 22) 19 may 2025-ci cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında protokoldan məlum olur ki, Astara RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X7 19 may 2025-ci il tarixdə saat 00:30-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutmuşdur. İş materiallarında olan (iş vərəqi 51-52) 19 may 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittihamın elan edilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan (iş vərəqi 63-64) 19 may 2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 19 may 2025-ci il tarixdə saat 19:00-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və dərhal saxlanıldığı Astara RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan (iş vərəqi 71) Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan (iş vərəqi 74) 27 iyun 2025-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan məlum olur ki, ********* nömrəli cinayət işi üzrə 18 may 2025-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus çantadan oğurlanmış və götürülmüş 2 ədəd 100 manatlıq və 2 ədəd 50 manatlıq pul əskinasları maddi sübut hesab edilmiş və məhkəmə baxışına qədər saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan (iş vərəqi 76) xx.xx.2025-ci il tarixli qəbzdən məlum olur ki,Zərərçəkmiş şəxs 300 manat məbləğində maddi ziyanı müstəntiq Samir Rəsulludan təhvil almışdır. İş materiallarında olan (iş vərəqi 94) arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs ailə üzvləri xx.xx.2000-ci il təvəllüdlü X1, 29 oktyabr 2001-ci il təvəllüdlü X4, xx.xx.2003-cü il təvəllüdlü X5, 21 avqust 2007-ci il təvəllüdlü X6 və 04 avqust 2010-cu il təvəllüdlü X2. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 622 saylı Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktından məlum olur ki, X3 yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozğunluğu diaqnozu verilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən məlum olur ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir, onunla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanları nəzərə alıb Təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ,yəni zərərçəkmiş şəxsin çantasından oğurluq etməsi tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Zərərçəkmiş Zərərçəkmiş şəxs çıxışında dəymiş ziyanın tam ödənilməsini və zərərçəkmiş şəxslə razılıq əldə etdiyi üçün təqsirləndirilən şəxsə nisbətən yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir cəza təyin edilərkən zərərçəkmiş şəxsin xahişi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxılan iş üzrə cinayət əməlini tamah niyyəti ilə törədilməsini ağırlaşdırıcı hal kimi qiymətləndirmir, belə ki, məhkəmə hesab edir ki, hazırki iş üzrə tamah cinayət tərkibinin əlamətidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını,himayəsində xəstə uşağın olmasını, eləcə də törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, səmimi etirafını nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxsnu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5 -ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 01 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Lənkəran rayonu ərazisinin hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut kimi tanınmış və məhkəmə baxışına qədər saxlanması üçün Zərərçəkmiş şəxs verilmiş 2 ədəd 100 manatlıq və 2 ədəd 50 manatlıq pul əskinasları Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Lənkəran rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini gecə saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və məhkəmə baxışına qədər saxlanması üçün Zərərçəkmiş şəxs verilmiş 2 ədəd 100 manatlıq və 2 ədəd 50 manatlıq pul əskinasları Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar