Məhkəmə qərarları › İş №1(018)-107/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-107/2023

19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-107/2023 19.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Astara rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Astara rayonu, Təngərüd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Təngərüd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda - 6,047 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 13 mart 2023-cü il tarixdə, saat 18:30-da Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Astara rayonu, Təngərüd kəndi ərazisində saxlanılaraq Astara RPŞ-nin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd kibrit qutusunda təmiz çəkisi - 6,047 qram olan narkotik vasitə qurudulmuş marixuana onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 4-5 aydır ki narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir, mütəmadi olaraq qurudulmuş marixuana çəkməsə də pulu olduqda qurudulmuş marixuana alaraq çəkir. 12 aprel 2023-cü il tarixdə fəhləlik edib, pul qazanmış, pulu olduğuna görə qurudulmuş marixuana alıb, çəkmək qərarına gəlmişdir. Təxminən saat 16 radələrində yaşadığı kəndi tərk edib, Astara şəhər mərkəzi bazarına getmiş, bazarın arxa tərəfində olan binaların yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 40 manat verib, 1 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana almışdır. Bundan sonra yaşadığı evə getmiş və həmin qurudulmuş marixuana kütləsindən çox az miqdarda 1 ədəd siqaretin içərisinə doldurub, çəkmişdir. Növbəti gün, yəni ki, 13 aprel 2023-cü il tarixdə saat 18 radələrində yaşadığı evi tərk etmiş və evi tərk edən zaman 12 aprel 2023-cü il tarixdə aldığı qurudulmuş marixuana üzərində olmuşdur. Yaşadığı kənddə, yol kənarında piyada hərəkətdə olan zaman yanında avtomobil dayanmış, avtomobildən düşən mülki geyimli şəxslər dərhal ona yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduğunu bildirmişlər və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib, üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Bundan sonra polis əməkdaşları onu avtomobillə Astara RPŞ-nin inzibati binasına gətirmişlər. Polis şöbəsinə gəldikdən sonra dərhal şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, hüquqlarını müdafiə etməkdən ötrü onun üçün dövlət hesabına müdafiəçi çağırılmışdır. Daha sonra isə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış başlanarkən təhqiqatçı üzərində narkotik vasitə olduğu təqdirdə təqdim etməsini ona təklif etmişdir. Həmin təklifdən sonra əynində olan şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir. Həmçinin təhqiqatçı üzərində axtarış aparmış, lakin təqdim etdiyi kibrit qutusundan və mobil telefondan başqa üzərindən hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və çəkisinin 9,12 qram olması müəyyən edilmişdir. Daha sonra qurudulmuş marixuana kütləsi içərisində olduğu kibrit qutusu ilə birlikdə 1 ədəd zərfdə qablaşdırılaraq möhürlənmişdir. Cinayət törətdiyini başa düşür, əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir və bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmədə şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Astara RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir, polis serjantıdır. 13 aprel 2023-cü il tarixdə Astara rayonun Təngərüd kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və qanunsuz olaraq üzərində gəzdirməsi barədə Astara RPŞ-yə məlumat daxil olmuş, məlumatın yoxlanılmasını təmin etmək məqsədilə Astara RPŞ-də əməliyyat-axtarış tədbirləri keçirilmiş və həmin tədbirdə iştirak etmişdir. Belə ki, 13 aprel 2023-cü il tarixdə saat 18:30-da keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Astara rayonun Təngərüd kəndində Təqsirləndirilən şəxs piyada küçədə hərəkət etdiyini görüb yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edib, Əhmədxana narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə şübhələrinin olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Həmin vaxt küçədə intensiv hərəkət olduğundan, üzərinə şəxsi axtarış keçirilməsi mümkün olmamış, odur ki, Təqsirləndirilən şəxs Astara RPŞ-yə gətirmişlər. Təqsirləndirilən şəxs Astara RPŞ-nin inzibati binasına gətirildikdən sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, üzərində narkotik vasitə olması ehtimal etməyə kifayət qədər əsaslar olduğundan xidməti otaqların birində video çəkilişdən istifadə edilməklə, dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmışdır. İlk öncə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və yaxud dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd kibrit qutusunu çıxarıb, masa üzərinə qoyub bildirmişdir ki, həmin qutunun içində marixuana vardır. Həmin kibrit qutusunun içinə baxış zamanı müəyyən edilmişdir ki, qutunun içində spesifik iyə malik olan, bitki formasında narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə vardır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin qeyd olunan həmin kütlədən başqa hər hansı bir qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan kibrit qutusu elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq möhürlənmişdir. İçində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan kibrit qutusu və mobil telefon iş üçün əhəmiyyət kəsb etdikləri üçün götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, öz istifadəsi üçün üzərində daşıyaraq saxladığını bildirmişdir. Şəxsi axtarışın sonunda bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. İş materialında olan məhkəmə-kimyəvi ekspertizasının 14 aprel 2023-cü il tarixli, 19/454 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Vət. Əhmədov Əhmadxan Hicran oğlunun təqdim etdiyi 01 ədəd kibrit qutusunda marixuanaya bənzər kütlə...» sözlər və imzalar olan bir ədəd zərfdəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi: 6,047 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata sərf edildi 0,05 qram və qalıq 5,997 qramdır. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən “ambulator məhkəmə-narkoloji ekspertizası” üzrə verilmiş 17 aprel 2023-cü il tarixli, 447 saylı rəyindən görünür ki, - Təqsirləndirilən şəxs Kaıınabinoidlərin qəbulundan yaranan Asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki,Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşAstara RİHB-nın Təngərüd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 aprel 2023-ci il tarixli 322 №-li arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu Təngərüd kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarkterizə olunmasını və himayəsində dörd azyaşlı övladlarının olmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Astara rayon prikurorunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə müstəntiq tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi barədəxx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs 13 aprel 2023-cü il tarixdən 15 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla əyin olunacaq azadlığın məhdudlaşdırılması cəzaından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o,ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs 60 (altmış) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan 01 ədəd bükümlərdə ekspertiza təhqiqatında sonra qalıq çəkisi 0,193 qram narkotik vasitə olan heroin hökm qanuni qüvəyə mindikdən sonra məhv edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. Hökmün icrası Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 aprel 2023-cü il tarixdən 15 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Astara və Lənkəran rayonlarının ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Astara rayon Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut olan və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan 01 ədəd bükümdə ekspertiza təhqiqatında sonra qalıq çəkisi 5,997 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Astara rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar