Məhkəmə qərarları › İş №1(018)-107/2024

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-107/2024

01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-107/2024 01.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsi rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi – Bakı şəhər 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 23 avqust 1990-cı il tarixdə Lənkəran rayonu Yuxarı Nüvədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, subay, məhkumluğu olmayan, Lənkəran rayonu Yuxarı Nüvədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq 01 (bir) ədəd nömrəsi silinmiş, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivli silah hesab edilən Kalaşnikov konstruksiyalı, AK-103 modelli avtomatı, 01 ədəd lüləsi və qundağı sonradan kustar üsulla kəsildiyi üçün öz ilkin təyinatını itirmiş, 73513 nömrəli, ilkin varinatda keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1958-ci ildə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı hesab edilən 5,6 mm kalibrli, TOZ-8 modelli, lüləsinin hazırki uzunluğu 215 mm olan, odlu yivli ov tüfənginin kəsiyini, 86 ədəd zavod üsulu ilə istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatları hesab edilən patronları əldə edib üzərində gəzdirməklə, etibarnamə əsasında idarə etdiyi **-FY-*** qeydiyyat nişanlı “Range Rover” markalı avtomobilində saxlayaraq, Astara rayonu Təngərud kəndi ərazisinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 06 iyun 2024-cü il tarixdə, saat 12:35-də Astara rayonu, Təngərud kəndi ərazisində etibarnamə əsasında idarə etdiyi **-FY-*** qeydiyyat nişanlı “Range Rover” markalı avtomobilin yanında olduğu zaman saxlanılaraq Astara Rayon Polis Şöbəsinə gətirilib orada saat 14:58-dən etibarən Təqsirləndirilən şəxs idarə etdiyi **-FY-*** qeydiyyat nişanlı “Range Rover” markalı avtomobilinə keçirilmiş baxış zamanı həmin avtomobilin arxa yük yerindən qara rəngli yol çantasının içərisindən onun qanunsuz olaraq əldə edib gəzdirməklə daşıyaraq saxladığı 01 ədəd nömrəsi silinmiş, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivli silah hesab edilən Kalaşnikov konstruksiyalı, AK-103 modelli avtomat, 01 ədəd lüləsi və qundağı sonradan kustar üsulla kəsildiyi üçün öz ilkin təyinatını itirmiş, 73513 nömrəli, ilkin varinatda keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1958-ci ildə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı hesab edilən 5,6 mm kalibrli, TOZ-8 modelli, lüləsinin hazırki uzunluğu 215 mm olan odlu yivli ov tüfənginin kəsiyi, 86 ədəd zavod üsulu ilə istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatları hesab edilən patronlar aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, Lənkəran rayonu Yuxarı Nüvədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda valideynləri ilə birlikdə yaşayır. Valideynləri xəstə olmaqla onun himayəsində yaşayırlar. Özü fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olaraq ailəsinin dolanışığını təmin edir. 2024-cü ilin may ayının sonlarında Bakı şəhərində olan icarə avtomobil yerlərindən birindən icarə əsasında **-FY-*** dövlət qeydiyyat nişanlı, “Range Rover” markalı avtomobili götürüb idarə etməyə başlamışdır. 03 iyun 2024-cü il tarixdə səhər sübh çağlarında qeyd edilən avtomobillə Astara rayonu ərazisindən keçən zaman orada olan, hazırda fəaliyyət göstərməyən köhnə yanacaqdoldurma məntəqəsində avtomobili saxlayıb əl üzünü yumaq istəmiş, bu zaman yanacaqdoldurma məntəqəsinin arxa hissəsində yerdə qara çanta görmüşdür. Çantaya yaxınlaşdıqda onun alt hissəsində təkərlərin olduğunu və səyahət çantasına oxşadığını müəyyən etmişdir. Çantanı açdıqda orada bir ədəd qundağı qatlanan avtomatın, bir ədəd tüfəngin və saydıqda 86 ədəd patronlarının olduğunu bilmişdir. Həmin patronların tüfəngə məxsus olduğunu müəyyənləşdirmiş, ətrafa baxıb heç kimin olmasını dəqiqləşdirdikdən sonra həmin çantanı idarə etdiyi avtomobilin arxa yük yerinə yerləşdirərək oradan uzaqlaşmışdır. Həmin silahları ovçuluğa marağı olduğu üçün özü ilə götürmüş və bu barədə heç kimə bir söz deməmişdir. 06 iyun 2024-cü il tarixdə, səhər saatlarında dostu Fuadın Astara rayonu Lələkəpeştə kəndində yerləşən evinə gedib onu oradan götürmüş və Astara rayonu Təngərud kəndində yerləşən məzarlığa getmişlər. Orada tanışları olan bir şəxsin məzarını ziyarət edib qayıdan zaman, yəni 06 iyun 2024-cü il tarixdə, saat 12:35-də Astara rayonu Təngərud kəndi ərazisində yolun kənarında tanışı X2 ilə birlikdə idarə etdiyi “Range Rover” markalı, **-FY- *** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman bir neçə nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşaraq özlərini təqdim edib, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan və Fuad Əskərovdan özlərini təqdim etməklərini xahiş etmiş, onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun odlu silah və döyüş sursatı əldə edib saxlamaqla gəzdirməkdə şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla onu tanış etmiş və avtomobillə birlikdə Astara rayon polis şöbəsinə dəvət etmişlər. Buna etiraz etməyib Astara rayon polis şöbəsinə gəlmişdir. Sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil ilə təmin edilmiş, vəkillə tanış olduqdan sonra etirazının olmadığını bildirmiş, təklikdə görüşmüş və sonra barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul olunmuşdur. Bundan sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmiş, o etiraz etmədikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya, odlu silah, döyüş sursatı və sair bu qism əşyalar varsa könüllü olaraq təqdim etməyi təklif edilmiş, bu təklifdən sonra üzərində qeyri qanuni heç nə olmadığını bildirmiş və əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd avtomobil açarını və 5 manat pulu, həmin şalvarın sol yan cibindən isə 01 ədəd “Samsung” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və ya predmetlər aşkar olunmamışdır. Polis əməkdaşlarının şifahi sorğusuna cavab olaraq bildirmişdir ki, idarə etdiyi avtomobildə 01 ədəd avtomat və 01 ədəd tüfəngi vardır və həmin silahları bir neçə gün əvvəl tapmışdır. Həmin silahları avtomobilə baxış zamanı təqdim edə biləcəyini və bununla bağlı avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra onun idarə etdiyi “Range Rover” markalı, **-FY-*** qeydiyyat nişanlı avtomobilə videoçəkilişdən istifadə etməklə baxış keçirilmiş, ona idarə etdiyi nəqliyyat vasitəsində qanunsuz əşya, odlu silah, döyüş sursatı və sair əşyalar varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, o, idarə etdiyi avtomobilin arxa saxlanc yerində odlu silah avtomat və tüfəng saxladığını bildirib avtomobilin arxa saxlanc hissəsini açaraq qeyd olunan silahların avtomobilin yük yerində olan qara rəngli yol çantasının içərisində olduğunu deyib həmin çantanı baxışa təqdim etmişdir. Avtomobilin yük yerindən aşkar olunmuş 01 ədəd, aşağı hissəsində təkərləri olan qara rəngli yol çantası polis tərəfindən açıldıqda həmin çantanın içərisində 01 ədəd tüfəngin, 01 ədəd avtomatın və göy rəngli cib dəsmalına bükülmüş 86 ədəd patronun olması aşkar edilmiş, çantadan aşkar olunmuş, qundağı qəhvəyi rəngli taxtadan, lülə hissəsi isə qara rəngli metaldan hazırlanmış 01 ədəd tüfəngin üzərində 1958 və 73513 rəqəmlərinin qeyd olunduğu, qundağı açılıb-qatlanan olmaqla qara rəngli plastikdən, əsas konstruksiyası isə qara rəngli metaldan hazırlanmış 01 ədəd avtomatın üzərindəki rəqəmlərin silindiyi müşahidə edilmişdir. İdarə etdiyi avtomobildən aşkar edilmiş 01 ədəd avtomat, 01 ədəd tüfəng və 86 ədəd patron cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan polis tərəfindən həmin qara rəngli çantanın içərisində qablaşdırılıb götürülüb möhürlənərək iştirakçılar və onun tərəfindən imzalanmışdır. Baxış davam etdirilərkən avtomobildən iş üzrə sübut əhəmiyyəti kəsb edən digər əşya və predmetlər aşkar olunmamışdır. Həmin silahlardan heç vaxt istifadə etməmiş və istifadə etmək niyyəti olmamışdır. Hazırda cinayət törətdiyini dərk edir, əməllərindən səmimi peşmanlıq hissi keçirir. Himayəsində yaşlı və xəstə valideynlərinin olmasını, bir daha cinayət törətməyəcəyinə söz verməsini nəzərə alaraq ona mümkün qədər yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, BMCMİ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 05 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarının qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün onun tərəfindən qərar qəbul edilmiş, həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. 06 iyun 2024-cü il tarixdə, saat 12:30 radələrində Təqsirləndirilən şəxs ünvan 2 ünvana getmiş, saat 12:35-də həmin ünvanda Təqsirləndirilən şəxs “Range Rover” markalı, **-FY-*** qeydiyyat nişanlı avtomobilin yanında tanımadıqları bir nəfər şəxslə birlikdə olduğunu müəyyən etmişlər. Sonra həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs da özünü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs odlu silah və döyüş sursatlarının qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu Astara Rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsinin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış və baxış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində odlu silah olmadığını bildirərək əynində olan şalvarın ciblərindən 01 ədəd mobil telefonu, müəyyən məbləğdə pulu və avtomobilin açarını çıxardıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış keçirilmiş, lakin qanunla qadağan olunmuş digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 01 ədəd mobil telefon təhqiqatçı tərəfindən cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb edə biləcəyindən götürülmüş, müəyyən məbləğdə pul və avtomobilin açarı isə sübut əhəmiyyəti kəsb etmədiyindən şəxsin özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs hazırda üzərində odlu silah, döyüş sursatı olmasa da, idarə etdiyi avtomobildə 01 ədəd avtomat və 01 ədəd tüfəng saxladığını və baxış keçirilərsə, təqdim edə biləcəyini, avtomobilə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bununla bağlı ərizə yazmışdır. Daha sonra onlar polis şöbəsinin inzibati ərazisində olan Təqsirləndirilən şəxs idarə etdiyi “Range Rover” markalı, **-FY-*** qeydiyyat nişanlı avtomobilin yanına gəlmiş, bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs avtomobildə qanunsuz olaraq odlu silah, onun komplekt hissələri və döyüş sursatı saxlayıb-saxlamaması soruşulduqda o avtomobilin arxa saxlanc hissəsində avtomat və tüfəng olduğunu bildirərək avtomobili baxışa təqdim etmiş, daha sonra təhqiqatçı tərəfindən videoçəkiliş vasitəsi ilə baxış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs avtomobilin arxa saxlanc hissəsini açaraq 01 ədəd qara rəngli çantanı təqdim etmiş, həmin predmetlərə baxış zamanı içərisində 01 ədəd avtomat tipli dəmir predmet, 01 ədəd tüfəngə oxşar dəmir predmet və göy rəngli dəsmala bükülmüş 86 ədəd patrona oxşar dəmir predmet aşkar edilmişdir. Tüfəngə oxşar dəmir predmetin qundağının qəhvəyi rəngli taxtadan, lülə hissəsinin isə qara rəngli metaldan olmasını və üzərində 1958 və 73513 rəqəmlərinin qeyd olunduğunu bildirmişdir. Avtomata oxşar dəmir predmetə baxış keçirilən zaman isə qundağının açılıb-qatlanan olmaqla qara rəngli plastikdən, əsas konstruksiyasının isə qara rəngli metaldan ibarət olduğu və üzərində olan nömrələrin silindiyi müşahidə edilmişdir. Daha sonra həmin əşya və predmetlər cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılıb üzəri möhürlənərək götürülmüş, bundan sonra baxış davam etdirilmiş, lakin sübut əhəmiyyəti kəsb edəcək heç bir şey aşkarlanmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin predmetləri saxlanılmazdan 03 gün əvvəl Astara rayonu ərazisində tapdığını, istifadə etmədiyini, onda silahın olmasından heç kimin məlumatının olmadığını, odlu silahlara olan xüsusi marağından irəli gələrək onları götürüb avtomobilə qoyaraq daşıdığını bildirmişdir. Daha sonra baxış keçirilməsi və əşyaların götürülməsi ilə bağlı protokol tərtib olunmuş və düzgün tərtib olunduğundan imzalarla təsdiq edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. İş materiallarına əlavə olunmuş DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı, polis mayoru X1 tərəfindən tərtib edilmiş “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 06 iyun 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 12:35-də Astara rayonu Təngərud kəndi ərazisində idarə etdiyi “Range Rover” markalı, **-FY-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq Astara Rayon Polis Şöbəsinə gətirilmiş və avtomobilə baxış keçirilən zaman avtomobilin arxa yük yerindən 01 ədəd Kalaşnikov konstruksiyalı, AK-103 modelli avtomat, 01 ədəd TOZ-8 modelli, odlu yivli ov tüfənginin kəsiyi və 86 ədəd patron aşkar edilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi **-FY-*** qeydiyyat nişanlı “Range Rover” markalı avtomobildə avtomat, tüfəng və patronlar saxladığını etiraf etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 07 iyun 2024-cü il tarixli 24/1037 saylı məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş Kalaşnikov konstruksiyalı AK-103 modelli avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yaralıdır. Silahın hissə-mexanizmlərinin üzərində sonradan silahın təyinatının dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd 73513 saylı əşya ilkin variantda keçmiş SSRİ dövlətində Tula zilah zavodunda 1958-ci ildə istehsal olunmuş 5,6 mm kalibrli, TOZ-8 modelli odlu yivli ov tüfəngi olub, quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuşdur. Lakin, sonradan həmin silahın lüləsi və qundağı kustar üsul ilə kəsilmiş, hal-hazırda lüləsinin uzunluğu 215 mm, ümumi uzunluğu 497 mm olan silah, öz ilkin təyinatını itirmiş 5,6 mm kalibrli TOZ-8 modelli odlu yivli ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yaralıdır. Tədqiqata təqdim edilmiş cəmi 86 ədəd patron zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatlarıdır və təyinatı üzrə atəş üçün yaralıdır. Qeyd: Tədqiqata təqdim edilmiş cəmi 86 ədəd 5,6 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Qalıq 83 ədəd patron qaldı. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Odur ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 24 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğuna görə Təqsirləndirilən şəxs təyin olunacaq cəza da ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarında olan Lənkəran rayon İHB-nın Sepnəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Lənkəran rayon İHB-nın Sepnəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs valideynləri onun himayəsində yaşayır. İş materiallarında olan tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs atası Böyükağa Məmmədov işemik insult xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, yaşlı valideynlərinin onun himayəsində olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, atasının ağır xəstəlikdən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan “həbs” qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 08 iyun 2024-cü il tarixli, 4(005)-778/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəlli tutulduğu gündən, yəni 06 iyun 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu və həbsdə olduğu müddət onun həbsdə saxlama müddətinə daxil edilməli, cəzaçəkmə müddətinin əvvəli 06 iyun 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətin predmetini iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin növbətçi hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 01 ədəd Kalaşnikov konstruksiyalı, AK-103 modelli avtomat, 01 ədəd 73513 nömrəli, ilkin varinatda keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1958-ci ildə istehsal olunmuş, 5,6 mm kalibrli, TOZ-8 modelli, odlu yivli ov tüfəng kəsiyi və 83 ədəd 5,6 mm patronlar təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.2ci maddəsinə əsasən məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iüzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin növbətçi hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 01 ədəd Kalaşnikov konstruksiyalı, AK-103 modelli avtomat, 01 ədəd 73513 nömrəli, ilkin varinatda keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1958-ci ildə istehsal olunmuş, 5,6 mm kalibrli, TOZ-8 modelli, odlu yivli ov tüfəng kəsiyi və 83 ədəd 5,6 mm patronlar müsadirə edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Onun cəzaçəkmə müddətinin əvvəli 06 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin növbətçi hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 01 ədəd Kalaşnikov konstruksiyalı, AK-103 modelli avtomat, 01 ədəd 73513 nömrəli, ilkin varinatda keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1958-ci ildə istehsal olunmuş, 5,6 mm kalibrli, TOZ-8 modelli, odlu yivli ov tüfəng kəsiyi və 83 ədəd 5,6 mm patronlar müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Silah sursat anbarına təhvil verilsin. İş üzrə maddi sübut olan 02 (iki) ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar