Məhkəmə qərarları › İş №1(018)-108/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-108/2023

11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-108/2023 11.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsi rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Astara Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 01 (bir) azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda - 0,231 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 04 aprel 2023-cü il tarixdə, saat 18:30-da Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən aparılan xidmət zamanı özünü şübhəli apardığına və üzərində narkotik vasitə olduğunu bildirdiyinə görə Astara şəhəri, H.Əliyev prospektində saxlanılaraq, Astara rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi - 0,231 qram olan narkotik vasitə heroin onun əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, Astara şəhəri H.Əliyev prospekti 213 saylı fərdi yaşayış evində yaşayır. Ailəlidir, himayəsində bir azyaşlı uşağı var. Astara və Lənkəran rayonları ərazisində fərdi əmək fəaliyyəti ilə məşğul olaraq ailəsinin dolanışığını təmin edir. Ailədə yeganə qazanc gətirən şəxsdir. Arada ağrıları olduğu üçün narkotik vasitə olan heroindən istifadə etmiş lakin narkotik vasitə aludəçisi olmamışdır. 04 aprel 2023-cü il tarixdə, saat 11 radələrində narkotik vasitə olan heroin almaqdan ötrü yaşadığı evi tərk edib, Lənkəran şəhərinə yola düşmüşdür. Lənkəran şəhərində, bazarın yaxınlığında olan zaman bir nəfər şəxsdən 20 manat dəyərində 1 ədəd bükümdə narkotik vasitə olan heroin almışdır. Narkotik vasitəni aldıqdan sonra Astara şəhərinə qayıtmışdır. Həmin gün, saat 18 radələrində gəzmək məqsədi ilə yaşadığı evi tərk edərək, Astara şəhəri H.Əliyev prospektində yerləşən “Qardaşlar” marketin yaxınlığına gəlmişdir. Evi tərk edən zaman Lənkəran şəhərindən aldığı narkotik vasitə olan heroin də üzərində olmuşdur. Marketin yaxınlığında dayanan zaman post-patrul xidməti avtomobilinin asta sürətlə ona doğru gəldiyini görmüşdür. Üzərində narkotik vasitə olduğundan özünü itirmiş və polislərin onun üçün gəldiyini və onu tutmaq istədiklərini düşünmüşdür. Bundan sonra iki nəfər polis əməkdaşı ona yaxınlaşmış, bu zaman qaçmağa başlamış, lakin polis əməkdaşları onu saxlamış, özlərini təqdim edib, nəyə görə qaçdığını soruşmuşlar. Buna görə də polis əməkdaşlarına üzərində narkotik vasitə olduğunu bildirmişdir. Sonra polis əməkdaşları onu avtomobilləri ilə Astara rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Polis şöbəsinə gələrkən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş, hüquqlarını müdafiə etməkdən ötrü dövlət hesabına müdafiəçi çağırılmışdır. Daha sonra isə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış başlanarkən təhqiqatçı üzərində narkotik vasitə olduğu təqdirdə təqdim etməyini təklif etmişdir. Həmin təklifdən sonra əynində olan şalvarın sol arxa cibindən 1 ədəd gümüşü rəngli bükümü təqdim etmişdir. Həmçinin əynində olan gödəkcənin sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu da cibindən çıxarıb, təqdim etmişdir. Bundan sonra təhqiqatçı üzərində axtarış aparmış, lakin təqdim etdiyi narkotik vasitə və mobil telefondan başqa üzərindən hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi 1 ədəd bükümdə narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş və çəkisi müəyyən edildikdən sonra 1 ədəd zərfdə qablaşdırılaraq möhürlənmişdir. Müdafiəçisi, o və şəxsi axtarışda iştirak edən digər şəxslər zərfin üzərində imzalarını çəkmişlər. Şəxsi axtarışın yekununda protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və şəxsi axtarışda iştirak edən şəxslər protokolu imzalamışlar. Əməlindən səmimi peşimanlıq hissi keçirir, narkotik vasitələrin qəbulundan tam uzaqlaşmışdır. Hazırda sağlam həyat tərzi keçirir. Himayəsində bir azyaşlı uşağı vardır. Ailənin yeganə qazanc gətirən şəxsidir. Yuxarıda qeyd etdiyi halları nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, özünün və şahidlərin ifadələri, işin araşdırılan digər obyektiv halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, Astara rayon polis şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir. 04 aprel 2023-cü il tarixdə, saat 18:30-da Astara rayon polis şöbəsinin əməkdaşı Elmar Məmmədov ilə birlikdə Astara şəhəri Heydər Əliyev prospektində marşrut üzrə xidmətdə olmuşlar. “Qardaşlar” marketinin yaxınlığında, xidməti avtomobillə asta sürətlə hərəkətdə olduqları zaman, adını sonradan bildiyi Astara şəhər sakini Təqsirləndirilən şəxs polis avtomobilini görən kimi özünü şübhəli aparmasını müşahidə etmişlər. Təqsirləndirilən şəxs onları gördükdən sonra, arxasını onlara çevirərək, tez-tez geriyə boylanıb baxmışdır. Ona görə də avtomobildən düşüb Təqsirləndirilən şəxs yaxınlaşmış. Bu zaman Təqsirləndirilən şəxs onları görərək qaçmağa cəhd göstərmişdir. Həmin vaxt tərəflərindən Təqsirləndirilən şəxs saxlanılmışdır. Təqsirləndirilən şəxs özlərini təqdim edib, həyəcanlı olmasının və polis əməkdaşlarını görüb qaçmasının səbəbini soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını və bu səbəbdən onları gördükdə həyəcanlanıb qaçmağa cəhd göstərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs bu sözləri dedikdən sonra Təqsirləndirilən şəxs Astara rayon polis şöbəsinə gəlməyi təklif etmişlər. Əbilov X5 rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, üzərində narkotik vasitə olması ehtimal etməyə kifayət qədər əsaslar olduğundan xidməti otaqların birində video çəkilişdən istifadə edilməklə, dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış başlanılarkən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, üzərində narkotik vasitə və yaxud saxlanılması və gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının arxa sol cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş kütləni və əynində olan gödəkcənin sağ yan cibindən isə bir ədəd Samsung markalı mobil telefonu çıxarıb, masa üzərinə qoyub bildirmişdir ki, bükümün içində heroin vardır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin 1 ədəd bükümə baxış zamanı müəyyən edilmişdir ki, bükümün içində spesifik iyə malik olan, qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm götürülərək elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş kütlə narkotik vasitə heroindir, öz istifadəsi üçün üzərində daşıyaraq saxlamış, həmin narkotik vasitə olan heroini Lənkəran rayonunda üzdən tanımadığı şəxsdən 20 manata əldə etmişdir. Şəxsi axtarışın sonunda bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumatı yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir:

1. «Şəxsi axtarış və götürmə barədə» 04 aprel 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 19:10-dan saat 19:25-dək Astara rayon polis şöbəsinin xidməti otaqlarının birində videoçəkiliş vasitəsi, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlanılarkən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, üzərində narkotik vasitə və yaxud saxlanılması və gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının arxa sol cibindən 01 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş kütləni və əynində olan gödəkcənin sağ yan cibindən isə bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb, masa üzərinə qoyub bildirmişdir ki, bükümün içində heroin var. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi həmin 1 ədəd bükümə baxış zamanı müəyyən edilmişdir ki, bükümün içində spesifik iyə malik olan, qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə vardır, Təqsirləndirilən şəxs təqdim etdiyi büküm götürülərək elektron tərəzidə çəkilmiş, çəkisinin 0,4 qram olması müəyyən edilmiş və ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş kütlə narkotik vasitə heroindir, öz istifadəsi üçün üzərində daşıyaraq saxlamış, həmin narkotik vasitə olan heroini Lənkəran rayonunda üzdən tanımadığı şəxsdən 20 manata əldə etmişdir.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 05 aprel 2023-cü il tarixli, 19/415 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «... Astara şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə ...» sözlər və imzalar olan bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,231 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi - 0,231 qram, tədqiqata sərf edildi - 0,04 qram, qalıq - 0,191 qram qaldı.

3. Məhkəmə-narkoloji ekspertizasının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər X1 məcburi narkoloji tibbi yoxlamanın 10 aprel 2023-cü il tarixli, 403 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan opioidlərdın istifadə halları olub. Lakin, asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür.

4. İş materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 10 iyun 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş məlumatlar əsasında Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə daxil olan və çıxan zənglər, habelə SMS göndərişləri üzrə həmin şəxslərin dairəsi müəyyən edilərək barələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun narkotik vasitə istifadəçisi olması müəyyən edilsə də, narkotik vasitəni haradan alması və narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat əldə olunmamışdır. Bundan əlavə, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «heroin» olan maddə narkotik vasitədir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə «külli miqdar» hesab olunur. Məhkəmə, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 31 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Astara Rayon İcra Hakimiyyəti Başçısının Astara şəhər ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Əbilov X5 şəhəri H.Əliyev prospekti 213 saylı fərdi yaşayış evində yaşayır. Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 31 iyul 2017-ci il təvəlludlu bir azyaşlı uşağı vardır. Astara Rayon İcra Hakimiyyəti Başçısının Astara şəhər ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətmiş olduğu cinayət əməlini etiraf edərək səmimi peşimanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırda Astara şəhəri H.Əliyev prospekti 213 saylı fərdi yaşayış evində yaşayır. Eyni zamanda Astara və Lənkəran rayonlarında fərdi əmək fəaliyyəti ilə məşğul olaraq ailəsinin dolanışığını təmin edir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı Astara şəhəri H.Əliyev prospekti 213 saylı fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. 04 aprel 2023-cü il tarixli «Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Astara Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 4(018)-47/2023 saylı «ev dustaqlığı qətimkan tədbiri seçmək haqqında» qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş və ev dustaqlığında saxlama müddətinin əvvəli 04 aprel 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu və ev dustaqlığında olduğu (04 aprel 2023-cü il tarixdən 11 iyul 2023-cü il tarixədək) 03 (üç) ay 07 (yeddi) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından həmin müddətin çıxılmaqla, üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmasını, cəzaçəkmə müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Astara şəhəri H.Əliyev prospekti 213 saylı fərdi yaşayış evini axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Astara şəhər poliklinikasının narkoloji kabinetində müvafiq qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətin predmetini ekspertizadan sonra 0,191 qram qalıq qalmış narkotik vasitə – heroin təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən narkotik vasitə məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34CTRE **********000 208851, X2, Kod 210005, VÖEN **********, Müxbir Hesab AZ 41 NABZ 013601**********3944 SVİFT Bik:STREAR 22 nömrəli hesaba keçirilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəsini alanadək barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu və ev dustaqlığında olduğu (04 aprel 2023-cü il tarixdən 11 iyul 2023-cü il tarixədək) 03 (üç) ay 07 (yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 06 (altı) ay 14 (on dörd) gün çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Astara şəhər poliklinikasının narkoloji kabinetində müvafiq qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Astara şəhəri H.Əliyev prospekti 213 saylı fərdi yaşayış evini axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan Astara rayon polis şöbəsində saxlanılan və ekspertizadan sonra 0,191 qram qalıq qalmış narkotik vasitə - heroin məhv edilsin. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34CTRE **********000 208851, X2, Kod 210005, VÖEN **********, Müxbir Hesab AZ 41 NABZ 013601**********3944 SVİFT Bik:STREAR 22 nömrəli hesaba keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəsini alanadək barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Hökmün icrası Astara rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar