Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-109/2024 09.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X2 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Tərcüməçi: X1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə İran İslam Respublikasının Tehran şəhərində anadan olmuş, İran İslam Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz İran İslam Respublikasının Tehran şəhəri, Piruzi küçəsi 49, mənzil 52 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrində tətbiq edilən məhdudiyyətlərlə bağlı həmin məntəqələrdən piyada keçid zolağı ilə keçə bilmədiyindən, həmçinin mühafizə olunan dövlət sərhədini keçmək üçün müəyyən edilmiş sənədi, yəni pasportu olmadığına görə Azərbaycan Respblikasına gələ bilməməsi səbəbindən, yaşamaq və işləmək məqsədilə 5 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin 1-ci “Astara” Sahil Nəzarət şöbəsinin 1-ci Astara sahil nəzarəti bölməsinin sağ cinahının 1-ci yanalma körpüsünün sağ tərəfindən təxminən 4,5 kilometrliyində yerləşən ərazidən dənizdə (göldə) üzərək, qəsdən, qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmiş, 5 iyul 2024-cü il tarixdə, saat 11 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən Astara şəhərində yerləşən, “Astara bulvarı”nda adlanan ərazidə aşkar edilərək saxlanılmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, uzun illər Tehran şəhərində yaşamış və İran İslam Respublikasının müxtəlif Hüquq-Mühafizə Orqanlarında işləmişdir. İran İslam Respublikasında dini rejimi sevmədiyindən və orada mövcud olan rejimdə yaşamamaq qərarına gələrək həmin rejimdən qaçmaq məqsədilə qeyri-qanuni yolla başqa ölkəyə getmək qərarına və Azərbaycan Respublikasına işləmək və yaşamaq məqsədilə köçmək fikrinə gəlmişdir. Bu məqsədlə xx.xx.2024-cü il tarixdə yaşadığı Tehran şəhərindən avtobus vasitəsilə Ərdəbil şəhərinə, oradan isə taksi vasitəsilə Astara şəhərinə gəlmişdir. O, istifadə etdiyi smartfon tipli mobil telefonundakı “Google maps” proqramı vasitəsilə İran İslam Respublikası ilə Azərbaycan Respublikasındakı ən yaxın və təhlükəsiz yer kimi dəniz və quru sərhədinin birləşdiyi yeri düşünmüşdür. Daha sonra, havanın qaralmasını gözləmiş və həmin yerdən istifadə etdiyi smartfon tipli, mobil telefonunu İran İslam Respublikasında qoyaraq Azərbaycan Respublikasına keçmişdir. Azərbaycan Respublikasına keçdikdən sonra işıqları çox gələn sahildən çıxmış və tanımadığı 1 nəfər şəxsə yaxınlaşmış, həmin şəxsə qeyri-qanuni yolla Azərbaycan Respublikası ərazisinə gəldiyini və buradakı hüquq-mühafizə orqanlarının birinə təslim olmağında ona köməklik göstərməsini xahiş etmişdir. Daha sonra həmin şəxs onu saxlayaraq sərhəd zastavasına gətirmişdir. Hazırda əməlindən səmimi peşmanlıq hissi keçirir, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 5 iyul 2024-cü il tarixdə səhər saatlarında Astara rayon polis şöbəsinin zabiti leytenant Şahid4 ona zəng edərək həmin gün saat 01 radələrində “Astara Bulvarı” adlanan ərazidə bir nəfər şübhəli şəxsin saxlanıldığı və həmin şəxsin dövlət sərhədini pozaraq qeyri-qanuni yolla İran İslam Respublikasından Azərbaycan Respublikası ərazidən daxil olduğunu bildirmişdir. O, bu məlumatı aidiyyəti şəxslərə məruzə edərək həmin şəxsi Astara RPŞ-indən həmin günü saat 11 radələrində təhvil aldmışdır. Həmin şəxslə aparılmış filtirasiya zamanı həmin şəxsin İran İslam Respublikasının vətəndaşı Tehran şəhər sakini 1 yanvar 1977-ci il təvvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Bundan əlavə həmin şəxs dövlət sərhədini Xəzər Dənizin sahilində, Astara rayon “Astara park bulvarı” adlanan Dövlət Sərhəd Xidmətinin Sahil mühafizəsinin xidməti ərazisindən qeyri-qanuni yolla pozduğunu etiraf etmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, 5 iyul 2024-cü il tarixdə Astara rayon polis şöbəsində xidmətə başlamışdır. Həmin gün səhər saatlarında Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən Astara şəhəri ərazisində yerləşən dəniz kənarı çimərlik ərazisində aşkar edilərək Astara rayon polis şöbəsinə dəvət edilmiş bir nəfər şəxsin dövlət sərhədini pozaraq qeyri-qanuni yolla İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə daxil olması şübhəsi yarandığından o, bu barədə DSX-nin N nömrəli hərbi hissəsinə məlumat vermiş və həmin günü saat 11 radələrində DSX-nin N nömrəli hərbi hissəsinin 3-cü sərhəd komendantının əməliyyat axtarış işi üzrə müavini, baş leytenant Şahid1 təhvil vermişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, 5 iyul 2024-cü il tarixdə saat 2 radələrində “Astara Bulvarı” adlanan ərazidə xidmət apararkən bir nəfər şəxsin özünü şübhəli aparması səbəbindən ona yaxınlaşmışdır. Həmin şəxs İran İslam Respublikası vətəndaşı olduğunu və özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək dövlət sərhədini qanunsuz yolla keçdiyini bildirmişdir. Bundan sonra onu Astara rayon polis şöbəsinə dəvət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində Şahid2 ifadəsinə uyğun ifadə verərək göstərilən xüsusatları təsdiq etdi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən, şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir: İş materialında olan Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsi tərəfindən tərtib olunmuş 5 iyul 2024-cü il tarixli, 3-38-/2-16/2129/24 nömrəli məlumatında və həmin hərbi hissənin əməliyyat-axtarış şöbəsinin rəisi Seymur Xəlilovun 5 iyul 2024-cü il tarixli raportunda göstərilmişdir ki, 5 iyul 2024-cü il tarixdə saat 02 radələrində Astara rayon polis şöbəsinin əməkdaşı tərəfindən “Astara Bulvarı”nda şübhəli şəxs qismində bir nəfər saxlanılmışdır. Saxlanılan şəxs özünü İran İslam Respublikası vətəndaşı, Tehran şəhər sakini 1 yanvar 1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin günü saat 11 radələrində saxlanılan şəxs Astara rayon polis şöbəsinin əməkdaşı tərəfindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N №-li hərbi hissəsinin əməkdaşına təhvil vermişdir. Aparılmış filtrasiya zamanı həmin şəxs dövlət sərhədinin Xəzər dənizinə aid hissəsində pozduğunu etiraf etmişdir. İş materialında olan 5 iyul 2024-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Xəzər dənizin sahilində Astara rayonu, “Astara park Bulvarı” adlanan Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsinin 1-ci Astara sahil nəzarəti şöbəsinin 1-ci Astara sahil nəzarəti bölməsinin sağ cinahının 1-ci ayanalma körpüsünün sağ tərəfindən təxminən 4,5 kilometrliyində yerləşən əraziyə baxış keçirmiş, ərazi Xəzər dənizinin sahilində yerləşir və qumsalıdan ibarətdir. Əraziyə baxış keçirilən zaman hər-hansısa şübhəli predmet aşkar olunmamışdır. İş materialında olan İAMAS-dan daxil olmuş sorğuya cavabdan görünür ki, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi üzrə müəyyən olunmadığından, müaviq çıxarışışların göndərilməsi mümkün olmamışdır. İş materialında olan AR DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan Bakı şəhər Səbail Rayon Məhkəməsinin 06 iyul 2024-cü il tarixli, 4(009)-342/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 05 iyul 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil olunmaqla cəzasının əvvəli 05 iyul 2024cü il tarixdən hesablanmalı, həmçinin onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs xarici ölkə vətəndaşı olduğundan və iş üzrə onun Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasını istisna edən hallar olmadığından Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə uyğun olaraq ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma növündə əlavə cəza təyin edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 05 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdüdlarından kənara məcburi çıxarılsın. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs) hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-109/2024
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-109/2024
09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver