Məhkəmə qərarları › İş №1(018)-11/2024

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-11/2024

17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-11/2024 17.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X8 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs və Astara rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1981-ci ildə Astara rayonu Ərçivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, Astara rayon Ərçivan qəsəbəsində qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda -1,172 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 02 noyabr 2023-cü il tarixdə, saat 12:10-da Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində piyada hərəkətdə olan zaman saxlanılaraq Astara RPŞ-nin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı 1 ədəd şəffaf sellofona bükümdə təmiz çəkisi - 1,172 qram narkotik vasitə olan heroin onun əynində olan qara rəngli gödəkcənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2 noyabr 2023-cü il tarixdə, səhər saatlarında yaşadığı evdən çıxaraq narkotik vasitə almaq üçün Lənkəran şəhərinə yola düşmüş, Lənkəran şəhərində “Kiçik Bazar” adlanan yerə getmiş, orada adını bilmədiyi bir nəfər şəxsdən 20 manat verərək “kakos”, yəni 1 ədəd bükümdə narkotik vasitə olan heroin almış, daha sonra isə ailə üzvlərinə məxsus Astara rayonu Ərçivan qəsəbəsində yerləşən torpaq sahəsində əkilən yonca bitkilərinə qulluq etmək üçün Lənkəran şəhərini tərk edərək həmin torpaq sahəsinə getmişdir. İşlərini bitirdikdən sonra evə gedib, aldığı narkotik vasitədən bir qədər istifadə etmək istəmiş, işlədiyi torpaq sahəsi açıq ərazi olduğundan orada narkotik vasitə istifadə etməyə qorxmuş, ona görə də saat təxminən 12 radələrində torpaq sahəsini tərk edərək evinə yola düşmüşdür. Yol kənarı ilə piyada hərəkətdə olan zaman yanında avtomobil dayanmış, avtomobilin içərisindən düşən mülki geyimli şəxslər qaçaraq dərhal ona yaxınlaşıb, özlərini ona təqdim edərək polis əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Polislər ona üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər və avtomobilləri ilə onu Astara RPŞ-nin inzibati binasına gətirmişlər. Polis şöbəsinə gələrkən dərhal şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş, hüquqlarını müdafiə etməkdən ötrü onun üçün dövlət hesabına müdafiəçi çağırılmış, daha sonra isə müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış başlanarkən təhqiqatçı ona üzərində narkotik vasitə olduğu təqdirdə təqdim etməyini təklif etmiş, həmin təklifdən sonra əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroini təqdim etmiş, bundan sonra üzərində şəxsi axtarış aparılsa da təqdim etdiyi narkotik vasitədən başqa üzərindən hər hansı bir əşya aşkar edilməmişdir. Təqdim etdiyi 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroin elektron tərəzidə çəkildikdən sonra 1 ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş, o, müdafiəçisi və şəxsi axtarışda iştirak edən digər şəxslər zərfin üzərində imzalarını çəkmişlər. Şəxsi axtarışın yekununda protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş, o, müdafiəçisi və şəxsi axtarışda, iştirak edən digər şəxslər protokolu imzalamışlar. İfadəsinin sonunda Təqsirləndirilən şəxs etdiyi əməlindən səmimi peşman olmasını nəzərə alıb məhkmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİNin Astara Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 2 noyabr 2023cü il tarixdə Astara rayon Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması barədə icraatına məlumat daxil olmuş və bu məlumat raportla dərhal şöbə rəisinə məruzə edilmiş, ardınca şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və həmin qərarın icrası məqsədilə bu tədbirdə iştirak etmək üçün əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 12:10-da o, yaradılmış əməliyyat-axtarış qrupunun üzvləri birlikdə avtomobillə Astara rayon Ərçivan qəsəbəsinə getmişlər. Ərçivan qəsəbəsində avtomobillə hərəkətdə olan zaman Təqsirləndirilən şəxs həmin qəsəbədə piyada getdiyini görmüşlər və dərhal onun yanında avtomobili saxlayaraq avtomobildən düşüb ona yaxınlaşmışlar. Onlar özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra onun üzərində qanunsuz narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər. O, da həmin qəsəbədə yaşadığından, ətrafdakı insanların onu tanıdığından küçədə yox, Astara RPŞ-nin inzibati binasında axtarış keçirilməsini xahiş etmiş, buna görə də onu Astara Rayon Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Astara RPŞ-yə gəldikdən sonra materialın icrası şöbənin təhqiqatçısı Mahir Tahirliyə həvalə olunmuş, sonra isə Mahir Tahirli tərəfindən qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, daha sonra isə vəkil, o və digər iştirakçıların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı X12 Həsənova üzərində qanunla qadağan edilən hər hansı bir əşya və predmetin olması halında təqdim etməsini təklif etmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs də əynində olan qara rəngli gödəkcənin sol yan cibindəki bir ədəd bükümdə şəffaf sellofona bükülmüş heroinə bənzər kütləni çıxarıb təqdim etmiş, daha sonra təhqiqatçı onun üzərində şəxsi axtarış keçirmiş və dövriyyəsi qanunla qadağan edilmiş hər hansısa bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümdə şəffaf sellofona bükülmüş heroinə bənzər kütləni həmin gün Lənkəran şəhərində “Kiçik bazar” adlanan yerdə adını bilmədiyi şəxsdən 20 manata almış və öz istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Daha sonra aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, narkotik vasitənin çəkisi müəyyən edildikdən sonra həmin bükümlər onun və digər iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, o və digər iştirakçılar tərəfindən zərfin üzərinə imzalar edilmişdir. Sonra təhqiqatçı Mahir Tahirli tərəfindən tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən heç bir əlavə və düzəliş edilmədən protokol imzalanmışdır. İş üzrə şahid X5 ipdidai istintaqda verdiyi ifadəsində bildirmişdi ki, 2 noyabr 2023-cü il tarixdə Astara rayon Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması barədə məlumat daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 12:10-da o, yaradılmış əməliyyat-axtarış qrupunun üzvləri birlikdə avtomobillə Astara rayon Ərçivan qəsəbəsinə getmişlər. Ərçivan qəsəbəsində avtomobillə hərəkətdə olan zaman Təqsirləndirilən şəxs həmin qəsəbədə piyada getdiyini görmüşlər və dərhal onun yanında avtomobili saxlayaraq avtomobildən düşüb ona yaxınlaşmışlar. Onlar özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra onun üzərində qanunsuz narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər. O, da həmin qəsəbədə yaşadığından, ətrafdakı insanların onu tanıdığından küçədə yox, Astara RPŞ-nin inzibati binasında axtarış keçirilməsini xahiş etmiş, buna görə də onu Astara Rayon Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Astara RPŞ-yə gəldikdən sonra materialın icrası şöbənin təhqiqatçısı Mahir Tahirliyə həvalə olunmuş, onun qərarına əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, daha sonra isə vəkil, o və digər iştirakçıların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı X12 Həsənova üzərində qanunla qadağan edilən hər hansı bir əşya və predmetin olması halında təqdim etməsini təklif etmiş, təklifdən sonra Təqsirləndirilən şəxs də əynində olan qara rəngli gödəkcənin sol yan cibindəki 1 ədəd bükümdə şəffaf sellofona bükülmüş heroinə bənzər kütləni çıxarıb təqdim etmişdir. Təhqiqatçı onun üzərində şəxsi axtarış keçirmiş və dövriyyəsi qanunla qadağan edilmiş hər hansısa bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümdə şəffaf sellofona bükülmüş heroinə bənzər kütləni o, Lənkəran şəhərində “Kiçik bazar” adlanan yerdə adını bilmədiyi şəxsdən 20 manata almış və öz istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Daha sonra aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, narkotik vasitənin çəkisi müəyyən edildikdən sonra həmin bükümlər onun və digər şəxslərin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, iştirakçılar tərəfindən zərfin üzərinə imzalar edilmişdir. Sonra təhqiqatçı Mahir Tahirli tərəfindən tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən heç bir əlavə və düzəliş edilməmiş, o və digər iştirakçılar həmin protokolu imzalamışlar. İş üzrə təyin edilib keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən verilmiş “məhkəmə-kimyəvi ekspertiza” üzrəb 03 noyabr 2023-cü il tarixli, 19/975 saylı rəyin nəticə hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 (bir) ədəd kütlə...» sözlər və imzalar olan bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi -1,172 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf olundu -0,05 qram, qalıq -1,122 qram. İş üzrə təyin edilib keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 məcburi narkoloji tibbi yoxlamanın 06 noyabr 2023-cü il tarixli, 1023 saylı rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir - Təqsirləndirilən şəxs Opioidlərin qəbulundan yaranan Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərinə baxış və götürmənin aparılmasını özündə əks edən diskə baxış keçirilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 1 dəd bükümdə təmiz çəkisi: -1.172 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların müvafiq rəyləri, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CMnin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması,onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosialpsixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və şəxsiyyətə xas olan digər cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıbqalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir: əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayon Məhkəməsi tərəfindən xx.xx.2020ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3- cü maddələri ilə təqsirli bilinib 01 il 06 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Astara rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş qalan hissəsi 04 ay 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Astara RİHB-nın Ərçivan qəsəbə İƏD üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 316 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan Astara RİHB-nın Ərçivan qəsəbə İƏD üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal aşkar etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il tarizdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 02 noyabr 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu, ev dustaqlığında və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınnalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs, 60 (altmış) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, maddi subut olan və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 1,122 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 02 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs, 60 (altmış) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın, maddi subut olan və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 1,122 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Astara rayon Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Astara rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 01 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar