Məhkəmə qərarları › İş №1(018)-113/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-113/2023

20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-113/2023 20.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə xx xxxxxxxx 1958-ci ildə Astara rayonu Seləkəran kəndində anadan olmuş, AR vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, Astara rayonu Seləkəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 aprel 2023-cü il tarixdə saat 10 radələrində Astara şəhəri H.Əliyev prospektində yerləşən “Heydər Əliyev” parkındakı “Ay İşığı” çayxanasında birlikdə çay içərkən tanışı Zərərçəkmiş şəxs1 sosial yardım düzəltmək adı ilə aldığı 100 manat pulu sonuncunun ondan istəməsinə görə aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozaraq çayxanada olan şəxslərin gözü qarşısında uca səslə nalayiq söyüşlər söyərək cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, hamı tərəfindən qəbul olunmuş davranış və əxlaq normalarını pozaraq, şəxs üzərində zor tətbiq olunması və özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək çayxananı icarə əsasında işlədən Zərərçəkmiş şəxs2 məxsus olmaqla masanın üzərində olan 0,70 manat dəyərində bir ədəd şüşə stəkanı götürüb silah qismində istifadə edərək Zərərçəkmiş şəxs1 baş nahiyyəsinə bir dəfə vurub başın təpə nahiyyəsində qançırla müşayiət olunan dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət yetirib, həmin şüşə stəkanı sındıraraq qərəzli hərəkətlərini təxminən 5-10 dəqiqə müddətində davam etdirərək ətrafda olan şəxslərin narahatçılığına səbəb olan zərərçəkmiş şəxsə zor tətbiq olunması və özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilməyərək göstərdi ki, Astara rayonu Seləkəran kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 son vaxtlar tanımışdır. Onunla aralarında qərəzli münasibət olmamışdır. 2023-cü ilin mart ayının axırlarında Astara şəhəri “Mərkəzi bazarda” çayxanada çay içən zaman Zərərçəkmiş şəxs1 ona zəng zəng vurub özünü təqdim edərək ona, sosial yardım düzəltməkdə köməklik etməsini xahiş etmişdir. O da Elməddinə, onun Astarada tanışının olmadığını, lakin Lənkəranda tanışının olduğunu, müdürlə onu tanış edə biləcəyini demişdir. Ertəsi gün Zərərçəkmiş şəxs1 “Mərkəzi Bazar”ın qarşısında gəlmiş və onunla görüşdükdən sonra marşurutla Lənkəran regioanal Sosial şöbəsinə gedib oranın müdürü ilə İsmayıl müəllimlə görüşüb Elməddini təqdim edib ona köməklik etməsini xahiş etmişdir. İsmayıl müəllim Elməddinə bildirmişdir ki, “sənin sənədini yeniləyib sənə bildirirş verəcəklər, hələ ki mal-qara verilmir, haçan olsa xəbər edəcəyik”. O da Lənkərandan çıxanda Elməddinə bildirmişdir ki, Astaraya getməyi təklif etmiş, Elməddin də ona hələki ehtiyac olmadığını bildirmişdir. Ertəsi gün yenidən Elməddin ona zəng edib “Ay işığı” çayxanasında görüşüb çay içməyi demişdir. O da Astara şəhərində olduğu üçün günorta radələrində onunla görüşüb çayxanada oturub söhbət etmişdir. Daha sonra Elməddin Astara RMX-na getmiş, o da yaşadığı evə getmişdir. Ertəsi gün o, Elməddinə zəng edib ona bildirmişdir ki, “ haçan gələcəksən, gedək səni sosialda qeydiyyata salım”. Elməddin də ona ertəsi gün gəlib görüşəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 09:40 radələrində Elməddinlə “Ay ışığı” çayxanasında oturub çay içən zaman bir nəfər şəxs gəlib Elməddindən borcunu istəmişdir. Elməddin də həmin şəxsə pulunun olmadığını, olsa verəcəyini bildirmişdir. Lakin həmin şəxs Elməddindən pulunu tələb etmişdir. Bundan sonra Elməddin ona, həmin şəxsin əmisi oğlu olduğunu deyərək həmin şəxs üçün də sosial düzəldə bilib-bilməyəcəyini soruşdu. O da Elməddinə onun üçün xahiş etdiyini, həmin şəxsə düzəldə bilməyəcəyini demişdir. Həmin şəxs Elməddindən pulunu istədiyi üçün Elməddin də dönüb onun yaxasından tutub “mən sənə pul vermişəm, mənim pulumu ver” demişdir. Elməddindən həmin hərəkəti gözləməmişdir. Cavabında ona bildirmişdir ki, “mən səndən pul almamışam”. Həmin vaxt polis əməkdaşları gəlib onu Astara RPŞ-yə gətirmişlər. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun özünü Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törədilməsində tərsirli bilməməsi, məhkəmə iclasında verdiyi ifadəsi isə məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə uydurulmuşdur. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında, cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxlərin, şahidlərin ifadələri və məhkəmə tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs son vaxtlar tanımışdır. Onunla hər hansı bir qərəzli münasibət olmamışdır. Heç bir yerdə işləmədiyi üçün sosial təminatdan mal-qara əldə edib saxlamaq istəmişdir. Lakin onun sənədləşmə işlərindən başı çıxmadığı üçün 29 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs mobil nömrəsinə zəng vurub ona bu barədə kömək etməsini bildirdikdə Ağahüseyn ona bildirmişdir ki, “Astara Mərkəzi Bazarın yanında olan çayxanaya gələrsən söhbət edərik”. O da saat 12 radələrində dediyi çayxanaya gedib söhbət etmişlər. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, “mən sənə köməklik edərəm, lakin mənə pul verərəsən, Astaranında, Lənkəranında müdürləri mənimlə tanışdı, sabah gələrsən gedərik Lənkərana”. xx.xx.2023-cü il tarixdə səhər Təqsirləndirilən şəxsla Lənkəran rayonuna Regional Sosial İdarəsinin müdürün yanına getmişlər. Təqsirləndirilən şəxs ona tanışlıq verdikdən sonra müdür ona hələ ki vaxtı olmadığını, vaxtı çatanda da ona mal-qara veriləcəyini bildirmişdir. Bundan sonra onlar Astara rayonuna qayıtmışlar. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, “Astaranın müdürü mənim tanışımdı, mənə 50 manat ver, sənin xahişini edib, daha sonra mən sənin üçün 5 inək sosial təmindan aldıqdan sonra bir inəyin pulunu mənə verərsən”. O da Ağahüseynlə razılaşdıqdan sonra 50 manat pul vermişdir. xx.xx.2023-cü il tarixdə Mərkəzi bazarın yanında onunla görüşdükdən sonra Ağahüseyn 20 manat pul alıb ona bildirmişdir ki, “xx.xx.2023-cü il tarixdə səninlə görüşərik”. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində o, Ağahüseynlə Astara şəhəri Heydər Əliyev parkında olan “Ay İşıqı” çayxanasında görüşdükdən sonra, Ağahüseyn öz xətti ilə onun üçün üçün teleqram yazmışdır. Daha sonra ondan 30 manat pul istəmişdir. O da Təqsirləndirilən şəxs 30 manat pul vermişdir. xx.xx.2023-cü il tarixdə saat 09:40 radələrində Astara şəhəri Heydər Əliyev parkında olan “Ay İşığı” çayxanasının həyətində olan oturcaqda oturub çay içən zaman Təqsirləndirilən şəxs onun işini görmək üçün 1200 manat pulu da həmin gün verməli olduğunu bildirmişdir. O da Ağahüseynə, 1200 manat pulu olmadığını, bildirərək ona verdiyi 100 manat pulu tələb etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs uca səslə ona söyüşlər söyərək, stolun üzərində olan stəkanı onun baş nahiyyəsinə vuraraq xəsarət yetirmişdir. Həmin vaxt ərazidə olan polis əməkdaşları hadisəni görüb onlara yaxınlaşıb sakitləşdirməyə çalışsalar da, Təqsirləndirilən şəxs polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymadığı üçün onları Astara RPŞ-nə dəvət etmişlər. O da Astara RPŞ-də döyülməyi barədə müraciət etmişdir. Mübahisə təxminən 10-15 dəqiqə müddətində davam etmişdir. Hadisə zamanı ətrafda və çayxanada olan 10- 15 nəfər tanımadığı kənar şəxslər onların başına toplaşmışlar. Həmin hadisə zamanı kənarda olan polis işçiləri onlara yaxınlaşaraq Təqsirləndirilən şəxs sakitləşdirib nizamintizama dəvət etmişlər, lakin o, sakitləşmədiyi üçün onları polis şöbəsinə gətirmişlər. Ağahüseyn həmin zaman əlində olan stəkanı onun başına vuraraq xəsarət yetirmişdir. Stəkan yerə düşüb sınmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs döyməmiş, ona xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs ondan üzr istəməmiş, onunla barışmağa cəhd etməmişdir. Ona görə də onun cəzalanmasını istəyir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Astara şəhəri Heydər Əliyev parkında olan “Ay İşığı” çayxanasını icarə əsasında işlədir. Həmin çayxananı hər gün saat 09:00 radələrində açıb, gecə saat 23 radələrinədək işlədir. Çayxananı içərisində və həyətində çay içmək üçün yerlər var. Hər gün ora çoxlu sayda müştərilər gəlirmiş. 05 aprel 2023-cü il tarixdə saat 09-10 radələrində çayxananı həyətində olan müştərilərə çay verib çayxnananı mətbəxinə getmişdir. O, içəridə olarkən həyətdən səs-küy gəldiyini eşidib küçəyə çıxdıqda görmüşdür ki, polis əməkdaşları iki nəfər şəxsi polis şöbəsinə aparırmışlar. O həmin şəxslərin oturduğu masaya yaxınlaşdıqda görmüşdür ki, masanın üzərində stəkan qırıqları olmuşdur. Sonradan bildiyinə görə həmin vaxt orada olan sonradan adının Ağahüseyn olduğunu bildiyi şəxs onunla birlikdə çay içməyə gələn Elməddin adlı şəxslə mübahisə edərək masanın üzərində olan stəkanı onun başına vurub sındırmışdır. Lakin o həmin hadisənin birbaşa şahidi olmamışdır. Hadisə nəticəsində ona 0,70 qəpik maddi ziyan dəysə də heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımamış, onu ilk dəfə xx.xx.2023-cü il tarixdə Astara şəhəri H.Əliyev Prospektində yerləşən “Ay İşığı” çayxanasının həyətində görmüşdür. Belə ki, həmin gün təxminən saat 09 radələrində Astara şəhəri H.Əliyev Prospektində yerləşən “Ay İşığı” çayxanasının həyətində olan stolda oturub çay içərkən sonraldan adlarını bildiyi digər stolda oturmuş Ağahüsen Yaqubov və Zərərçəkmiş şəxs1 əvvəlcə sözlə mübahisə etmişlər. Onlar mübahisə edərkən Ağahüsen Yaqubov mübahisə etdiyi Zərərçəkmiş şəxs1 yaxasından tutaraq uca səslə onun ünvanına nalayiq ifadələr işlədərək qəflətən stolun üzərində olan stəkanı götürüb Elməddinin baş nahiyyəsindən vurmuşdur. Həmin vaxt polis əməkdaşları onlara yaxınlaşıb onları sakitləşdirməyə çalışsalar da, Təqsirləndirilən şəxs uca səslə nalayiq ifadələr işlədərək öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən də polis əməkdaşları onların hər ikisini polis şöbəsinə aparmışdır. Mübahisə Astara şəhəri H.Əliyev Prospektində yerləşən “Ay İşığı” çayxanasının həyətində baş vermiş, təxminən 10-15 dəqiqə müddətində davam etmişdir. Ətrafdakı və çayxanadakı adamlar ora toplaşmışlar. Həmin mübahisəni orada uca səslə söyüş söyən Təqsirləndirilən şəxs başlayaraq stolun üzərindəki stəkanı Elməddinin başna vurmuşdur. Həmin mübahisə zamanı orada Elməddindən başqa kimsə xəsarət almamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X2 və Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, Astara RPŞ-nin PPXB-nin manqa komandiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tanımır, onunla hər hansı bir ədavəti olmamışdır. 05 aprel 2023-cü il tarixdə təxminən saat 10 radələrində Astara şəhəri 2 saylı marşrut üzrə xidmətdə olarkən Astara şəhəri Astara şəhəri H.Əliyev prospektində yerləşən “Heydər Əliyev” parkındakı “Ay İşığı” çayxanasında 2 nəfərin mübahisə etdiyini görüb onlara yaxınlaşmışdır. Həmin vaxt yanında PPXB-nin polis nəfərləri olan polis serjantı Elman Babayev və polis kiçik serjantı Ülfət Əhədov da olmuşdur. Sonradan adlarını bildiyi Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1ğa oğlunu sakitləşdirməyə çalışdıqda Təqsirləndirilən şəxs sakitləşməyərək səs-küy salmağa davam etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 baş nahiyyəsindən xəsarət aldığını, masanın üzərində isə şüşə qırıqlarının olduğunu görüb onları polis şöbəsinə aparmışlar. Onları polis şöbəsinə gətirdikdən sonra barələrində tədbir görülməsi üçün raportla müraciət etmişdir. Həmin mübahisə başlanarkən o, hadisənin birbaşa şahidi olmamışdır. Həmin vaxt o, xidmət apararkən onların səs-küy saldığını görüb onlara yaxınlaşmışdır. Lakin onların yanına çatdıqda onlar bir-birilərini vurmamışdır. Həmin şəxslərə yaxınlaşıb sakitləşdirərkən Təqsirləndirilən şəxs uca səslə Zərərçəkmiş şəxs1 ünvanına nalayiq sözlər işlətməyə davam etsə də, polis əməkdaşları kimi onlara qarşı hər hansı bir müqavimət göstərməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 da şahid X3 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Cinayət işi materiallarına əlavə olunmuş baxış keçirilməsi haqqında 05 aprel 2023cü il tarixli protokoldan da görünür ki, hadisə yeri ictimai yer hesab olunan Astara şəhəri H.Əliyev parkında yerləşən “Ay işığı” çayxanasıdır və baxış zamanı həmin çayxananın həyətindəki masanın üzərindən sınmış şüşə stəkanın qırıqları götürülmüşdür. Cinayət işinin materiallarında olan məhkəmə iclasında tədqiq edilərək elan edilən məhkəmə-tibbi ekspertizasının 05 aprel 2023-cü il tarixli, 121 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində – başın təpə nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən bir neçə saat əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan məhkəmə iclasında tədqiq edilərək elan edilən "xxxx" MMC-dən alınmış xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən 1 ədəd şüşə materiallı, «armudu stəkan»ın 05 aprel 2023-cü il tarixə olan orta bazar qiyməti 70 (yetmiş) qəpik olması müəyyən edilmişdir. Cinayət işində olan Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 19 aprel 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Astara Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli 05 aprel 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs haqqında üç ay müddətinə“həbs” qətimkan tədbiri seçilmişdir. Astara RİH başçısının Astara rayonu Suparibağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmur. Astara RİH başçısının Astara rayonu Suparibağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs Astara rayonu Seləkəran kəndində yaşayır. Beləliklə, göstərilənlərə və Azərbaycan Respublikası CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Düzgün olaraq ona Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istitaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmədə Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməməsi onun cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün cəhd göstərməsidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Eyni zamanda, həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs 64 yaşının olmasını, Zərərçəkmiş şəxs2 onunla barışmasını ondan şikayəti və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 61-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 3-cü bəndinin ikinci abzasında deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx.xx.2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Ona görə də, məhkəmə göstərilənləri, Azərbaycan Respublikası CM-in 8 (Ədalət prinsipi) və 9-cu (Humanizm prinsipi) maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşiman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ailəsinin ağır maddi həyat şəraitini, ailədə yeganə qazanc gətirən şəxs olmasını cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs şəxsiyyətinə uyğun hesab edərək ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasını aşağı həddə müəyyən etməyi məqsədəuyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs 64 yaşının olmasını, Zərərçəkmiş şəxs2 onunla barışmasını, ondan şikayəti və tələbinin olmamasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almaqla, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasını aşağı həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri höküm qanuni qüvvəsini alan vaxta kimi öz qüvvəsində saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut olub, Astara Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd stəkana aid şüşə qırıntıları məhv edilməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-449, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəli 05 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olub, Astara Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd stəkana aid şüşə qırıntıları məhv edilsin. Hökmdən Azərbaycan Respublikası CPM-in 384-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti vermək olar. Hökmdən apellyasiya şikayəti və protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar