Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-113/2025 17.09.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Astara Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1985-ci ildə Astara rayonu Məçitməhəllə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, 31 may 2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Astara rayonu, Məscidməhəllə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Astara Rayon Məhkəməsinin icraatına daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs, 06 may 2025-ci il tarixdə, saat 23 radələrində özgənin əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə Astara rayonu, Qapıçıməhəllə kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətinə darvazadan qanunsuz daxil olduqdan sonra yaşayış sahəsi sayılan evin giriş qapısının, açıq, yəni kilidlənməmiş olduğunu görüb içəri daxil olaraq birinci mərtəbədə, foyedə masanın üzərindən içərisində 4000 manat pul vəsaiti olan qara rəngli pul kisəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 4000 (dörd min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında və istintaqda verdiyi ifadələri və cinayət işinin digər materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Astara rayonu, Məscidməhəllə kənd sakini Zərərçəkmiş şəxs həmkəndlisidir. 06 may 2025-ci il tarixdə Seymurla Astara rayon Məscidməhəllə kəndində küçədə qarşılaşmışlar Seymur onu və digər tanışları Elmar, Dövlət və Talehi evə yeyib içməyə dəvət etmiş və onun yaşadığı evin birinci mərtəbəsində, foyedə əyləşərək yeyib içmişlər. Saat 22 radələrində artıq hərə öz evinə getmişdir.Bir müddət sonra telefonunun üzərində olmadığını görüb Seymurun evində qaldığını düşünüb yenidən onun evinə qayıtmışdır. Seymurun həyət qapısı açıq olduğu üçün həyətə daxil ola bilmiş, daha sonra evin birinci mərtəbəsindən giriş qapıdan evə daxil olmuşdur. Masanın üzərində qara rəngli pul kisəsi görüb içərisinə baxmış, pul kisəsinin içərisində 4000 manat pul olduğunu görüb pula ehtiyacı olduğundan həmin pulu gizli oğurlamış və oranı tərk etmişdir. Səhərisi gün durduqdan sonra marşrutla Lənkərana, oradan isə taksi ilə Bakı şəhərinə getmişdir. Astara rayonunda qayıtdıqdan sonra polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə gətirmişlər.Astara rayonuna gəldikdən sonra 13 may 2025-ci il tarixdə 900 və 100 manat pulu bacısı oğlu Şahid5 vermiş ki Seymura qaytarsın, o da Seymurun oğlu ilə əlaqə saxlayıb pulu onun kart hesabına göndərmişdir.Daha sonra 4000 manat pulu zərərçəkmiş şəxsə tam ödəmişdir.Əməlindən peşman olduğunu ,zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 19 radələrində həmkəndliləri olan Elmar, Taleh, Rüfət və Ruslanı evə qonaq çağırmışdır. Spirtli içki qəbul edib yemək yedikdən sonra saat 22 radələrində onlar evdən çıxıb getmişlər. Daha sonra qalxıb evin ikinci mərtəbəsində yatmışdır.Səhərisi gün pul kisəsinin içərisində baxdıqda 4000 manat pulun olmadığını aşkar etmişdir.Yeyib içdiyi adamlardan şübhələnmiş və onlardan Ruslanın Bakı şəhərinə getdiyini öyrənmişdir. Bu səbəbdən puluda Ruslanın oğurladığına əmin olmuşdur.Daha sonra polisə hadisə barədə məlimat vermişdir. Araşdırma zamanı fakt öz təsdiqini tapmış və Ruslan oğurluq etdiyini etiraf etmişdir.Daha sonra onun kartına 1000 manat pul köçürülmuşdür və bir müddət sonra Ruslan qalan 3000 manatıda ödəmişdir.Ziyan tam ödənildiyindən təqsirləndirilən şəxslə barışmışdır. Bu səbəbdən çıxışında Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı 16 yaşı tamam olmuş yetkinlik yaşına çatmayan Şahid5 ifadəsində bildirmişdir ki, dayısı Təqsirləndirilən şəxs onu öz evinə çağırmış və ona ilkin olara 900 manat sonra isə 100 manat pul vermiş və Kapital Banka aid kart hesab nömrəsi verərək ödəmə terminalı vasitəsi ilə pulu həmin hesaba köçürməyini istəmişdir. Pulu göndərəcəyi şəxsin, Seymurun oğlu Fəridin nömrəsini də vermiş ki, göndərəndən sonra ona xəbər etsin. Bu səbəbdən “Tale” marketə gedərək oradakı “MilliÖn” ödəmə terminalı vasitəsilə Fərid Hənifəyevin kart hesabına ilkin olaraq 900 sonra isə 100 manat olmaqla ümumilikdə 1000 manat göndərmiş və qəbzin şəklini həm Ruslana, həm də Fəridə göndərmişdır.Bir müddət sonra polisdə həmin pulların dayısı Ruslan tərəfindən Zərərçəkmiş şəxs evindən oğurlanmasını öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, aralarında kəndli kimi normal münasibətləri var. 06 may 2025ci il tarixdə Seymur onu, Talehi, Rüfəti və Ruslanı evə qonaq çağırmışdır. Spirtli içki qəbul edib yemək yedikdən sonra saat 22 radələrində onlar evdən çıxıb getmişlər.Səhərisi gün Seymur həyəcanlı şəkildə ona bildirmişdir ki, “mənim evimdən pullarımı oğurlayıblar, ona görə gəldim ki, səndən soruşum kim edə bilər onu”, Seymura bu barədə heç bir məlumatı olmadığını bildirmiş, öz aralarında soraqlaşmışlar, lakin Ruslan artıq kənddə deyilmiş, Bakı şəhərinə getmiş, bu səbəbdən oğurluğu onun törətməsindən şübhələnmişlər.Daha sonra polis araşdırması zamanı Ruslanın oğurluq etməsini etiraf etdiyini öyrənmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, aralarında kəndli kimi normal münasibətləri var. 06 may 2025ci il tarixdə Seymur onu, Talehi, Elmarı, Rüfəti və Ruslanı evə qonaq çağırmışdır. Spirtli içki qəbul edib yemək yedikdən sonra saat 22 radələrində onlar evdən çıxıb getmişlər. Səhərisi gün Seymur bildirmişdir ki,evindən pul oğurlayıblar.Seymura bu barədə heç bir məlumatı olmadığını bildirmiş, öz aralarında soraqlaşmışlar, lakin Ruslanın Bakı şəhərinə getdiyini öyrənmişlər. Bu səbəbdən oğurluğu onun törətməsindən şübhələnmişlər. Daha sonra polis araşdırması zamanı Ruslanın oğurluq etməsini etiraf etdiyini öyrənmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq iştirakı təmin edilməsi mümkün olmayan şahidlər Şahid4 və Şahid1 ibtidai istintaq zamanı verdikləri ifadəsi elan edilərək tədqiq edilmişdir. Elan edilmiş ifadə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və məhkəmə iclasında dindirilən şahidin ifadələrinə oxşar olmuş və heç bir ziddiyyət təşkil etməmişdir. Bununla da işin yuxarıda araşdırılan xüsusatları bir daha öz təsdiqini tapmışdır. İş materiallarında olan sənədlər: İş materiallarında olan (iş vərəqi 73-76) xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və əlavə olunmuş fotocədvəldən məlum olur ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin mexanizmini göstərərək Seymur İbrahimova məxsus evin həyətində yerləşən evin birinci mərtəbəsində evə giriş qapısına yaxınlaşmış, qapı açarla bağlanmamış və qapı açıq olduğundan evin birinci mərtəbəsinə daxil olmuş, orada mobil telefonunu axtaran zaman masanın üzərində pul kisəsi olduğunu görmüş və pul kisəsini götürərək evi həyət darvazadan tərk etdmiş və yaşadığı ev istiqamətində getmişdir. İstintaq hərəkəti zamanı “HONOR” markalı telefonla hadisə yerində fotoçəkiliş aparılmışdır. İş materiallarında olan (iş vərəqi 77) xx.xx.2025-ci il tarixli ərizədən məlum olur ki, Təqsirləndirilən şəxs evdən oğurladığı 4000 manat pul vəsaitini hazırda tam şəkildə Zərərçəkmiş şəxs təhvil vermişdir. Zərərçəkmiş şəxs ona dəymiş ziyanla bağlı şikayət və tələbi yoxdur. İş materiallarında olan (iş vərəqi 92) xx.xx.2025-ci il tarixli qəbzə baxış keçirilməsi protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evindən 4000 manat pul vəsaitini oğurladıqdan sonra bacısı oğlu Şahid5 vasitəsilə həmin pulun 1000 manatını 900 və 100 manat olmaqla göndərməsinə dair qəbzlərə baxış keçirilən zaman X3 rayonu, Suparibağ kəndində yerləşən “Taleh” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə xx.xx.2025-ci il tarixdə saat 12:46:46-da 900 AZN və saat 13:02:02-də 100 AZN pulu X1 məxsus 4169 73******0565 kart hesab nömrəsinə köçürməsi müəyyən edilmişdir. İş materiallarında olan (iş vərəqi 104-111) xx.xx.2025-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 01 ferval 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvədə saxlanımış və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın 4000 manat olması əsas götürülmüşdür. Cinayət işi üzrə hadisənin baş vermə yerinin Astara rayonu. Qapıçıməhəllə kəndi olması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 326.1 -ci maddəsi ilə cinayət təqibindən imtina edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə cinayət təqibindən imtina edilmişdir. Cinayət işinin materiallarına uyğun olmaqla obyektiv olduğundan şahid ifadələri və digər istintaq sənədləri iş üçün mühüm əhəmiyyəti kəsb etdiyindən iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. Digər prosessual sənədlər; İş materiallarında olan (iş vərəqi 18) 29 may 2025-ci tarixli şübhəli şəxsin tutulması barədə protokoldan məlum olur ki, 29 may 2025-ci il tarixdə saat 22:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan (iş vərəqi 48-49) 31 may 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittihamın elan edilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan (iş vərəqi 64-65) 31 may 2025-ci il tarixli vəsatətin təmin edilməməsi və təqsirləndirilən şəxsin azad edilməsi haqqında qərardan məlum olur ki, Astara RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X2 Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi haqqında 31 may 2025-ci il tarixli vəsatəti təmin edilməmiş və O,dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan (iş vərəqi 66-67) 31 may 2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 31 may 2025ci il tarixdə saat 18:00-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və dərhal saxlanıldığı Astara RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan (iş vərəqi 70-71) Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər xx.xx.2012-ci il tarixdə Lənkəran ACM-in hökmü ilə Azərbaycan Respublikası CM-in 206.2, 234.4.3, 66.3, 93.1.4-cü maddələri ilə 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş ,cəzasını çəkmiş və məhkumluğu ödənilmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Baxılan iş üzrə təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ,işə əlavə edilmiş qəbz,qəşə baxış protokolu ,təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokol və hadisə mexanizmini müəyyənləşdirilməsi zamanı çəkilmiş fotolar tam şəkildə təhlil edilib bir biri ilə müqayisəli şəkildə qiymətləndirilmişdir. Toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə , əldə edilməsi hallarında şübhələr yoxdur və mötəbər sübut kimi qəbul ediləndirlər.Sübutların məcmusu yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni zərərçəkmiş şəxsin yaşayı evinə qanunsuz daxil olmaqla gizli olaraq oğurluq etməsi tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Zərərçəkmiş Zərərçəkmiş şəxs çıxışında dəymiş ziyanın tam ödənilməsini və zərərçəkmiş şəxslə razılıq əldə etdiyi üçün təqsirləndirilən şəxsə nisbətən yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir cəza təyin edilərkən zərərçəkmiş şəxsin xahişi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, eləcə də törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, səmimi etirafını nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 -cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini gecə saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-113/2025
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-113/2025
17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver