Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-115/2025 14.10.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X1, Müdafiəçi Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.2004-cü ildə İraq Respublikasının Ərbil şəhərində anadan olmuş, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, İraq Respublikasının Ərbil şəhərində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsə verilmiş ittihama əsasən o, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda, qəsdən, qanunsuz olaraq keçmişdir. Belə ki, o, öz adına rəsmiləşdirilmiş pasportunu itirdiyi üçün qanuni yol ilə Azərbaycan Respublikasına gələ bilmədiyindən, Azərbaycan Respublikasında yaşamaq və işləmək məqsədilə 22 iyul 2025-ci il tarixdə, saat 10 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Astara rayonu, Zəngüləş kəndində yerləşən 13-cü sərhəd zastavasının 6-cı sahəsindən piyada hərəkət etməklə, İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qəsdən, qanunsuz olaraq keçmiş və həmin gün, saat 14 radələrində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidin ifadəsi, istintaq və məhkəmə hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxx 2004cü il tarixdə İraq Respublikasının Ərbil şəhərində anadan olmuş, Ərbil şəhərində yaşadığı müddət ərzində tikintidə fəhlə işləmişdir. O, 15 iyul 2025-ci il tarixdə İraq Respublikasından qeyri qanuni yolla İran İslam Respublikasına gəlmiş, lakin İran İslam Respublikasında özünə iş tapa bilməmiş, bu məqsədlə də yaşamaq və işləmək məqsədilə Azərbaycan Respublikasına gəlmək qərarına gəlmişdir. Lakin, quru sərhədlərinin bağlı olması, həmçinin adına rəsmiləşdirlmiş pasportunu itirməsi səbəbindən, Azərbaycan Respublikasına qanuni yolla gələ bilməmişdir. Buna görə də o, İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qeyri qanuni yolla gəlmək barədə qərara gəlmişdir. Belə ki, o, 22 iyul 2025-ci il tarixdə “Google maps” tətbiqindən istifadə etməklə, taksi ilə İran İslam Respublikasının Azərbaycan Respublikası ilə sərhəd olan ərazisinə gəlmiş, yenə də, həmin tətbiqdən istifadə edib saat 09:30-da “Astara” çayını keçmiş, daha sonra qarşısına tikanlı çəpərlər çıxmışdır. O, saat 10:00-da həmin çəpərdən Azərbaycan Respublikası istiqamətində tullanaraq keçmiş, təxminən 2-3 saat meşəlik ərazidə hərəkət etdikdən sonra qarşısına adını bilmədiyi bir kənd çıxmış və orada kənd sakinlərinin birinə yaxınlaşıb İran İslam Respublikasından gəldiyini onlara bildirmişdir. Daha sonra o hərbi qulluqçular tərəfindən saxlanılmışdır. Azərbaycan Respublikasında quru sərhədlərinin bağlı olması, həmçinin özünə məxsus ümumvətəndaş pasportunu itirməsi səbəbindən dövlət sərhədini İİR-AR istiqamətində qeyri qanuni yolla keçməyinə heçkim köməklik etməmiş, mobil telefonunda olan “Google Maps” tətbiqindən istifadə edərək qanunsuz yolla İİR-AR istiqamətində dövlət sərhədini keçmişdir. Hazırda əməlindən səmimi peşmanlıq hissi keçirir, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının N nömrəli hərbi hissəsinin 3-cü sərhəd komandanlığının sürücüsü Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Astara rayonu Züngüləş kəndi ərazisində bir nəfər xarici vətəndaşa bənzər şəxsin asvalt yola doğru hərəkət etdiyini görmüş, həmin zaman şübhələnmiş və onun xarici vətəndaş olduğunu düşünmüşdür. Həmin şəxsdən hara getdiyini sual etdikdə onun azərbaycan dilində danışa bilmədiyini və taksitaksi deyərək səsləndiyini görmüşdür. Dərhal şəxsə yaxınlaşıb onu saxlamış və bu barədə N nömrəli hərbi hissənin 3-cü sərhəd komendantlığının əməliyyat-axtarış işi üzrə müavini baş leytenant Şahid2 məlumat vermişdir. Təxminən 10 dəqiqə sonra Şahid2 onların olduğu yerə gəlmiş və İraq Respublikası vətəndaşı Təqsirləndirilən şəxs özü ilə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının N nömrəli hərbi hissəsinin 3-cü sərhəd komendantlığının əməliyyat-axtarış işi üzrə müavini, baş leytenant Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 13:58-də Şahid1 ona zəng vuraraq bir nəfər xarici dildə danışan vətəndaşın Astara rayonu, Züngüləş kəndi ərazisində saxladığı məlumatını vermişdir. O isə N nömrəli hərbi hissənin 3-cü sərhəd komendantlığının əməliyyat müvəkkili kapitan Şahid3 ilə birlikdə Astara rayonu Züngüləş kəndi istiqamətinə doğru hərəkət etmişdir. Onlar İraq Respublikası vətəndaşı Təqsirləndirilən şəxslə filtirasiya tədbirləri aparmaq məqsədi ilə onu götürüb 3-cü sərhəd komendantlığına gətirmişlər. Təqsirləndirilən şəxslə aparılan söhbət zamanı onun xx.xx.2025-ci il tarixdə saat 10:00 da N nömrəli hərbi hissənin 13-cü sərhəd zastavasının 6-cı sahəsindən keçdiyi məlum olmuş, daha sonra onlar onu dövlət sərhədini İİR-AR istiqamətində pozduğu yerə aparmışlar və saxlanılmış şəxs keçdiyi yeri onlara göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının N nömrəli hərbi hissəsinin 3-cü sərhəd komendantlığının əməliyyat müvəkkili, kapitan Şahid3 Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 23 iyul 2025-ci il tarixli qərardan görünür ki, İraq Respublikası vətəndaşı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə cinayət işinin başlanması, cinayət işinin ********* nömrəsi altında qeydiyyata alınması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Qoşunlarının N nömrəli hərbi hissəsinin komandiri, polkovnik Rauf Abdullayevin 22 iyul 2025-ci il tarixli, 3-38/2-16-2697/25 nömrəli məktubundan görünür ki, İraq Respublikası vətəndaşı Təqsirləndirilən şəxs dövlət sərhədini İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qanunsuz yolla keçdiyinə görə 22 iyul 2025-ci il tarixdə, saat 11-12 radələrində Astara rayonu, Zəngüləş kəndində saxlanılaraq sərhəd naryadlarına təhvil verilmişdir. İnzibati qaydada tutma haqqında 22 iyul 2025-ci il tarixli Protokoldan görünür ki, İraq Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 570-ci maddəsində nəzərdə tutulmuş xətani törətdiyindən 22 iyul 2025-ci il tarixdə inzibati qaydada tutulmuşdur. Şəxsi axtarış və fiziki şəxsdə olan əşyaların yoxlanılması, həmçinin əşya və sənədlərin götürülməsi haqqında 22 iyul 2025-ci il tarixli Protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində 1(bir) ədəd qara rəngli çanta, 27 850 000 İran rialı, 102 ABŞ dolları, 1 ədəd adapdır, 2 ədəd ətir, 1 ədəd alışqan, 1 ədəd Samsung markalı telefon, şəxsi geyim dəsti aşkar edilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında 22 iyul 2025-ci il tarixli Protokoldan görünür ki, İraq Respublikası vətəndaşı X2 rayonunun Züngüləş kəndi ərazisində yerləşən 13-cü sərhəd zastavasının 6-cı sahəsinin arxa istiqamətində saxlanıldığı ərazini göstərərək bildirdi ki, dövlət sərhədini pozduğu ərazidir və həmin yeri əl işarələri ilə qeyd etdi. Qeyd olunan yer 138 nömrəli sərhəd nişanından təxminən 2000 metr sola, dövlət sərhəd xəttindən 60 metr aralı, mühəndis texniki çəpərindən 2 metr içəridə yerləşən ərazidir. Ərazi meşəlik və kolluq relyefə malikdir. Hadisə yeri olan 6-cı sahədə aparılmış baxış zamanı dövlət sərhədinən mühəndis texniki çəpərinə gedən yoldakı kolluqlarda az halda əzilmələr aşkar edildi. Həmin vaxtı İraq Respublikası vətəndaşı X6 əzilmələrin həmin ərazidən keçən zaman onun tərəfindən edildiyini etiraf etmişdir. Fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçdiyi yeri əl ilə işarə edir və hərəkət istiqaməti həmin fotoşəkillərdə əks olunur. İş materiallarında olan 23 iyul 2025-ci il tarixli anket məlumatlarının dəqiqləşdirilməsi haqqında qərardan görünür ki, İraq Respublikası vətəndaşının adının “Təqsirləndirilən şəxs” olaraq tanınması və oxunması qərara alınmışdır. İş materiallarında olan 23 iyul 2025-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında Protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 iyul 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirlən şəxs qismində cəlb etmə haqqında 24 iyul 2025-ci il tarixli Qərardan görünür ki, İraq Respublikası vətəndaşı Təqsirləndirilən şəxs təqsirləndirlən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-378/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 22 iyul 2025-ci il tarixdən hesablanmağa başlamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Sübutların qiymətləndirilməi haqqında 28 avqust 2025-ci il tarixli Qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə elan olunmuş ittiham öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq hissi keçirməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 22 iyul 2025-ci il tarixdən tutulmuşdur. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil olunmaqla cəzasının əvvəli 22 iyul 2025-ci il tarixdən hesablanmalı, həmçinin onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 52-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Bu səbəbdən, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs xarici ölkə vətəndaşı olduğundan və iş üzrə onun Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasını istisna edən hallar olmadığından CM-in 58.3-cü maddəsi nəzərə alınmaqla Azərbaycan Respublikası CM-in 52ci maddəsinin tələblərinə uyğun olaraq ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarına əsasən 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözlərinin əlavə edilməsi və həmin hissədə “6 manat” sözlərinin “11 (on bir) manat” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün göstərdiyi 8 (səkkiz) saat hüquqi yardıma görə 88 (səksən səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 22 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdüdlarından kənara məcburi çıxarılsın. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün göstərdiyi 8 (səkkiz) saat hüquqi yardıma görə 88 (səksən səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №1(018)-115/2025
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-115/2025
14.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver