Məhkəmə qərarları › İş №1(018)-116/2024

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-116/2024

02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-116/2024 02.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi X2, müdafiəçi – Astara Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1962-ci il tarixdə İran İslam Respublikasının Meşqinşəhr şəhərində anadan olmuş, İran İslam Respublikası vətəndaşı, ailəli, orta təhsilli, yük nəqliyyat vasitəsi sürücüsü, məhkum olunmamış, İran İslam Respublikası, Ərdəbil şəhəri, Əttari Cunubi ev 67 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 iyul 2024-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən xeyli miqdarda, tərkibindəki təsiredici maddəsinin ümumi miqdarı 0,1 qram təşkil edən, üzərində “M20” yazısı həkk olunmuş 01 (bir) konvalyutda 5 həb metadon narkotik vasitəsini satış məqsədi olmadan qəsdən qanunsuz olaraq əldə etmiş, idarə etdiyi “DAF” markalı, 90AC273/82AA168 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kabinində, ön şüşə ilə tavanın birləşmə hisəsindəki rəfdə olan dərman çantasının içərisində yerləşdirib saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış, 17 iyul 2024-cü il tarixdə, saat 18 radələrində Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonunun inzibati ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsinin idxal gömrük nəzarəti xəttində Azərbaycan Respublikasının gömrük sərhədindən əvvəlcədən gömrük nəzarətinə şifahi, kağız üzərində yazılı və elektron şəkildə qəsdən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirmiş və həmin narkotik vasitə keçirilmiş gömrük yoxlaması nəticəsində aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, İran İslam Respublikası vətəndaşıdır. Ailəlidir, himayəsində dörd uşağı və yaşlı anası vardır. Arvadı və anası ağır xəstəlikdən əziyyət çəkir. Özü də xəstəlikdən əziyyət çəkir və daim müalicədədir. Ailədə yeganə qazanc gətirən şəxsdir. Sürücü işləməklə ailəsinin dolanışığını təmin edir. İdarə etdiyi “DAF” markalı “90AC273/ 82AA168” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə sürücülüklə məşğul olub dolanşığını təmin edir. Təqribən 5 ay öncə Ərdəbil şəhərində yerləşən xəstəxanaların birində sağ gözündən mirvari suyuna görə əməliyyat olunmuş, əməliyyatdan sonra uzun müddət evdə qalmış və bu müddətdə əsasən yataqda uzanıb müalicə almışdır. Həmin vaxt belində də ağrılar əmələ gəlmiş, bunun səbəbi həm də uşaq vaxtı hündür yerdən yıxılması nəticəsində belinin əzməsi olmuuşdur. Uzun müddət evdə uzanaraq yataqda qalmağına görə belinin ağrısını yenidən başlamış, bu səbəbdən Ərdəbil şəhərində yerləşən xəstəxanaya getmiş, orada olan Vahid adlı həkimə ağrıları ilə bağlı müraciət etmiş, həkim də ona bir neçə başqa adda dərmanlar, ağrıkəsici dərmanlar və metadon adlı dərmanı yazmışdır. Ərdəbil şəhərində yerləşən apteklərin birindən reseptdə yazılan dərmanları və 1 konvolyutda 10 həb olmaqla metadon həblərini almış, bu həblərin 5 ədədini gündəlik bir həbin dörddə bir hissəsini qəbul etməklə 20 gün ərzində istifadə etmiş, 20 gün istifadədən sonra belindəki ağrıları kəsilmiş, buna görə də metadonun istifadəsini dayandırmışdır. Metadon tərkibli dərmanın 5 həbini istifadə etmiş, konvalyutda 5 həb qalmış, həmin konvalyutu evində yataq otağındakı dərman çantasının içərisinə qoymuşdur. Uzun müddət metadondan istifadə etməmiş, sonuncu dəfə beynəlxalq yükdaşıma ilə əlaqədar Azərbaycan Respublikasına “aluminium boru” yükü aparmalı olmuş, həyat yoldaşı Fərəhnaz Əlizadəyə geyim əşyalarını və dərman çantasını ona verməyini istəmiş, həmin dərman çantasının içərisində dizi ilə, mədəsi və ürəyi ilə bağlı dərmanlar olmuş, həmin dərmanlardan müntəzəm istifadə etməsə də, ağrıları olanda bu dərmanlardan istifadə etmiş, çantanı və geyim əşyalarını götürüb idarə etdiyi “DAF” markalı “90AC273/82AA168” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində yerləşdirmişdir. Dərman çantasını kabinadakı ön şüşə ilə tavanın birləşmə hissəsində olan əşyaların qoyulması üçün nəzərdə tutulmuş rəfə qoymuşdur. 17 iyul 2024-cü il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikasının Astara gömrük ərazisinə daxil olmuş, bir qədər növbədə gözlədikdən sonra növbəsi çatmış, nəqliyyat vasitəsini yük maşınları üçün nəzərdə tutulmuş yoxlama xəttinə sürmüşdür. Yoxlama xəttində gömrük işçisi onunla şifahi şəkildə sorğu-sual apararaq, üzərində, ona məxsus əşyalarda və yük nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmamasını soruşmuş, o isə öz növbəsində onda qadağan olunmuş, gömrük nəzarətinə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olmadığını bildirmişdir. Daha sonra gömrük işçisi ona idarə etdiyi nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edəcəyini demiş, bu məqsədlə 2 (iki) nəfər hal şahidi dəvət edərək onların iştirakı ilə idarə etdiyi nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlama zamanı gömrük əməkdaşı yük nəqliyyat vasitəsinin kabinasında - ön şüşə ilə tavanın birləşmə hissəsində olan əşyaların qoyulması üçün nəzərdə tutulmuş rəfdə olan dərman qutusunun içərisində 01 (bir) ədəd konvalyutda üzərində “M20” yazısı olan 5 (beş) ədəd metadon adlı həbləri aşkar etmişdir. Onun və şahidlərin iştirakı ilə gömrük işçiləri tərəfindən həmin həblər götürülmüş, Astara gömrüyünün inzibati binasında yerləşən bir otağa gətirilərək araşdırma ilə əlaqədar qablaşdırılaraq möhürlənmiş, tərtib olunmuş sənədləri imzalamışdır. Həmin metadon həbləri ona məxsus olmuş, onu İran İslam Respublikasının Ərdəbil şəhərindən almış, özü istifadə etmişdir. Metadon həbini digər dərmanlarla birlikdə idarə etdiyi “DAF” markalı “90AC273/82AA168” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə özü səhvən qoymuşdur. Həmin metadon həbinin Azərbaycan Respublikasına gətirərsə problem yaşayacağını bilmiş, dərman çantasını nəqliyyat vasitəsinin kabinasına yerləşdirdikdə açıb içindəki dərmanlara baxmamış, apardığı yükün təcili olduğuna görə, tələskənlikdən evə gedib tez hazırlaşmış, buna görə də çantada olan dərmanların hansı növ dərmanlar olduğuna baxa bilməmişdir. Ailədə yeganə qazanc gətirən şəxs olmasının, həyatında ilk dəfə cinayət törətməsinin, himayəsində yaşlı anasının və xəstə arvadının olmasının məhkəmə tərəfindən nəzərə alınıb ona yüngül cəza təyin edilməsini xahiş edir. Hesab edir ki, məhkəmə tərəfindən ona mərhəmət göstərilib azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin ediləcəkdir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlləri məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin araşdırılan digər obyektiv halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, 17 iyul 2024-cü il tarixdə Astara Gömrük idarəsinin qarşısında olan zaman Orxan adlı gömrük əməkdaşı ona və onunla birlikdə orada olan Şahid2 Astara Gömrük İdarəsi idxal yük xəttində yük maşınına yoxlama tətbiq edəcəyini, onların da yoxlamada hal şahidi qismində iştirak üçün dəvət etdiyini bilirmiş, onlar da razılaşaraq yoxlama xəttinə gəlmişlər. Gömrük əməkdaşı onların iştirakı ilə İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı “90AC273/82AA168” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq etmiş, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında - ön şüşə ilə tavanın birləşmə hissəsində olan əşyaların qoyulması üçün nəzərdə tutulmuş rəfdə olan dərman qutusunun içərisində 1 (bir) ədəd konvalyut aşkar edilmişdir. Həmin konvalyuta baxış zaman, 1 (bir) ədəd konvalyutda, üzərində M20 yazısı olan, açıq rəngli, bir xətli 5 (beş) ədəd, yumru formalı həb olduğu məlum olmuşdur. Sonra onların iştirakı ilə İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılmış, həmçinin onun idarə etdiyi nəqliyyat vasitəsi Astara Gömrük İdarəsinin inzibati ərazisində yerləşən “HCVG” markalı stasionar rentgen qurğusundan keçirilmiş, lakin başqa hüquqpozma predmeti aşkar edilməmişdir. Yoxlama tam başa çatdıqdan sonra Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinasında aşkar olunmuş 01 (bir) ədəd konvalyutda, üzərində M20 yazısı olan, açıq rəngli, bir xətli 5 (beş) ədəd, yumru formalı həblər onların və sürücünün iştirakı ilə gömrük inspektoru tərəfindən götürülmüş və qablaşdırılmış, bu barədə müvafiq sənədləşmə aparılmış və onlar da həmin sənədlərlə tanış olub imzalamışlar. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin - Rusiyaya qarşı” işi üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin, “Saidinin-Fransaya qarşı” işi üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Bunlar Konvensiyanın 6-cı bəndinin 1-ci bəndinə və 3-cü bəndinin “d” yarımbəndindəki müddəaların tələbələrinə uyğunsuzluq kimi qəbul edilə bilməz. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu və digər presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində dindirilmiş, məhkəmə istintaqında isə ifadəsi tədqiq edilmiş Şahid1 da ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 2024-cü ildən gömrük orqanlarında xidmətə qəbul olunmuş və hazırda xidmətini Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmənin inspektoru vəzifəsində davam etdirir. 17 iyul 2024-cü il tarixdə iş bölgüsünə müvafiq olaraq Astara Gömrük İdarəsinin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal xəttində gömrük nəzarətini həyata keçirməklə öz xidməti vəzifəsini yerinə yetirirmişdir. Həmin gün, saat təqribən 18 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikası Bakı şəhərinə “102220” saylı CMR-ə əsasən “alüminium boru” yükü gətirən İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı “90AC273/82AA168” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşdur. Əvvəlcə Təqsirləndirilən şəxs ilə şifahi sorğu-sual apararaq onun üzərində, əl yüklərində və idarə etdiyi “DAF” markalı “90AC273/82AA168” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində qanunla dövriyyəsi qadağan olunmuş və ya dövriyyəsinə məhdudiyyət qoyulmuş, eləcə də gömrük nəzarətindən gizlədilmiş, yaxud bəyan olunmamış predmetlərin olub olmamasını soruşmuş, Təqsirləndirilən şəxs isə öz növbəsində onun üzərində, əl yüklərində və idarə etdiyi nəqliyyat vasitəsində qanunla qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və eləcədə gömrük nəzarətinə bəyan olunası heç bir predmetin olmadığını bildirmişdir. Sonra onun idarə etdiyi nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə gömrük yoxlaması həyata keçirmiş, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinəsində - ön şüşə ilə tavanın birləşmə hissəsində olan əşyaların qoyulması üçün nəzərdə tutulmuş rəfdə olan dərman çantasının içərisində 01 (bir) ədəd konvalyut aşkar etmiş, həmin konvalyuta baxış zamanı 1 (bir) ədəd konvalyutda, üzərində “M20” yazısı olan, açıq rəngli, bir xətli 5 (beş) ədəd, yumru formalı həb olduğu məlum olmuşdur. Zərurət yarandığından AR Gömrük Məcəlləsinin 64-cü maddəsinə əsasən İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparmış, həmçinin onun idarə etdiyi nəqliyyat vasitəsi Astara Gömrük İdarəsinin inzibati ərazisində yerləşən “HCVG” markalı stasionar rentgen qurğusundan keçirmiş, lakin hüquqpozma predmeti aşkar etməmiş, yoxlama tam başa çatdıqdan sonra İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinasında aşkar etdiyi 01 (bir) ədəd konvalyutda, üzərində M20 yazısı olan, açıq rəngli, bir xətli 5 (beş) ədəd, yumru formalı həblər hal şahidlərinin və Poorhasanın iştirakı ilə tərəfimdən görürülmüş, Əməliyyat və Təhqiqat şöbəsinin xidməti otağına gətirilərək araşdırma ilə əlaqədar qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir:

1. 17 iyul 2024-cü il tarixli “Malların və nəqliyyat vasitələrinin yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı “90AC273/82AA168” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük nəzarəti qaydasında keçirilmiş yoxlama zamanı kabində, ön şüşə ilə tavanın birləşmə hisəsindəki rəfdə olan dərman çantasının içərisindən 01 (bir) konvalyutda aşkar edilmiş, baxış zamanı üzərində M20 yazısı olan, açıq rəngli, bir xətli 5 (beş) ədəd, yumru formalı həblər olduğu məlum olmuşdur. Daha sonra həmin 1 konvalyutda olan 5 həb qablaşdırılaraq möhürlənmişdir.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 bölməsi tərəfindən verilmiş 18 iyul 2024-cü il tarixli, 19/556 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd polietilen paketdəki 01 (bir) ədəd konvalyutda olan 05 (beş) ədəd açıq qəhvəyi rəngli, dairəvi formalı həblər metadon həblərdir. Həblərin təsiredici maddəsinin ümumi miqdarı 0.1 qramdır. (bir həbdə 0.02qr). Metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in İİ siyahısının İ bəndinə (sıra №6) daxildir. Qeyd: Metadon həblərinin sayı – 5 ədəd həb, tədqiqata sərf edildi – 1 həb, qalıq – 04 (dörd) ədəd metadon həbi qəldı.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 tərəfindən verilmiş 06 avqust 2024-cü il tarixli, 5364 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs sintetik Opioidlərdən istifadə etmə halları olub, lakin müayinə zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. O, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Bundan əlavə, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «metadon» olan narkotik vasitənin 0,02 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 1,6 qramı və ya ondan artıq hissəsi isə «külli miqdar» hesab olunur. Məhkəmə, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrlə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir.

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 29 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.

2. İran İslam Respublikası X4 tərəfindən verilmiş tibbi arayışın və həkim reseptinin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs sümük və oynaq ağrıları xəstəliyindən müalicə olunması üçün qeydiyyatdadır və bununla bağlı müalicə alır. Onun barəsində metadonla müalicə qeydləri var və metadon dərmanını qəbul edə bilər.

3. Xasiyyətnamədən, o cümlədən nikah və doğum haqqında arayışlardan görünür ki, Təqsirləndirilən şəxs ailəli olmaqla, himayəsində 04 (dörd) uşağı var. Anası və arvadı ağır xəstəlikdən əziyyət çəkir. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur, sürücü işləməklə ailədə yeganə qazanc gətirən şəxsdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşimanlıq hissi keçirməsini, ailəli olmaqla himayəsində dörd uşağının, xəstə arvadının və anasının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, özünün xəstə olmaqla daim müalicədə olmasını, həmçinin məhkəməyə təqdim edilmiş sənədlərdə məhz metadon dərmanının tablet şəklində qəbul edə bilməsi ilə bağlı qeydlərin olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsə təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsində göstərilir ki, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Təqsirləndirilən şəxs bir neçə cinayəti törətməkdə təqsirli bilindiyi üçün ona Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 66-cı maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasında fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşimanlıq hissi keçirməsini, ailəli olmaqla himayəsində dörd uşağının, xəstə arvadı və anasının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, özünün xəstə olmaqla daim müalicədə olmasını, həmçinin məhkəməyə təqdim edilmiş sənədlərdə məhz metadon dərmanının tablet şəklində qəbul edə bilməsi ilə bağlı qeydlərin olmasını yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almaqla, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 62-ci maddəsi (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilməklə ona azadlıqdan məhrum etmə növündə, bu maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən az cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətin predmetini ekspertizadan sonra qalıq qalmış 04 (dörd) ədəd metadon həbi təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən narkotik vasitə məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. İş materiallarında olan 17 iyul 2024-cü il tarixli «cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» qərar və protokoldan, qətimkan tədbirinin seçilməsi haqqında 19 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 iyul 2024-cü il tarixdə tutulmuş, 19 iyul 2024-cü il tarixdə isə azad edilərək, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu müddət (17 iyul 2024-cü il tarixdən 19 iyul 2024-cü il tarixədək olan müddət), yəni 02 (iki) gün ona təyin olunan azadlıqdan məhrum etmə müddətindən çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əcnəbilərə, onlar cinayət törətdiklərinə görə təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra, bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla tətbiq edilə bilər. Ona görə də məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasını qanuni və əsaslı hesab edir. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilməlidir. Təqsirləndirilən şəxs haqqında seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində «həbs» qətimkan tədbiri seçilməli və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu müddət (17 iyul 2024-cü il tarixdən 19 iyul 2024-cü il tarixədək olan müddət), yəni 02 (iki) gün ona təyin olunan cəzadan çıxılmaqla üzərində 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 02 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 04 (dörd) ədəd metadon həbi məhv edilsin. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəyə minənədək barəsində «həbs» qətimkan tədbiri seçilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar