Məhkəmə qərarları › İş №1(018)-117/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-117/2023

25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-117/2023 25.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 iclas katibliyi və dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakı ilə xx xxxx 1994-cü ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Astara rayon məhkəməsinin 15 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 08 gün müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya məhkəməsinin 14 aprel 2023-cü il tarixli qərarına əsasən cəzasınınçəkilməmiş qalan 04 ay 16 gün hissəsi 02 ay 08 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməklə cəzasını çəkib, qurtarmış, ünvan 1 ünvanında qeydiyyatda olub yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin iyun ayının sonlarında, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə və vaxtda onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsi sayılan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasarı aşmaqla qanunsuz daxil olduqdan sonra evin arxa tərəfindən ümumilikdə 850 manat qiymətində su quyusunun beton divarlarını düzəltmək üçün istifadə olunan, 1 metr 50 sm diametrində, 1 metr 20 sm hündürlüyündə 04 ədəd dəmir qəlibi, 250 manat qiymətində diametri 200 mm, uzunluğu 7 metr olan 01 ədəd dəmir borunu, evin zirzəmisinin qapısına fiziki müdaxilə etməklə zirzəminin içərisinə daxil olaraq oradan 250 manat qiymətində 0,8 metr hündürlüyündə, 0,6 metr diametrində çuqun materialdan hazırlanmış 01 ədəd sobanı, 150 manat qiymətində titan materialdan hazırlanmış 01 ədəd sobanı və 130 manat qiymətində 50 litr həcmli 01 ədəd alüminium qazanı oğurlayıb ümumilikdə Zərərçəkmiş şəxs 1750 (bir min yeddi yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanında olan evdə ailəsi ilə birlikdə yaşayır. Astara və Lənkəran rayonlarının kəndlərində fəhləlik etməklə фшдэыштшт dolanışığını təmin edir, ailədə yeganə qazanc gətirən şəxsdir. Zərərçəkmiş şəxs evi həmin küçədə, onun evi bitişikdir, onların evlərini metal tor çəpər ayırır. Zərərçəkmiş şəxs evində yaşayış olmadığını, onun ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşamasını əvvəldən bilmişdir. Zərərçəkmiş şəxs evindən oğuluq etmək qərarlna gəlmişdir. Evin həyətində, güng düzəltmək üçün nəzərdə tutulmuş 4 ədəd dəmir qəlib olduğunu, evin zirzəmisinin qapısının da kilidlə bağlı olmadığını görmüşdür. 2022-ci ilin iyun ayının sonlarında, təxminən saat 21 radələrində Şahinin evini hasara dırmaşıb, evin həyətinə daxil olmuşdur. Evin arxa tərəfində, qəliblərin yanında, dəmir boru olduğunu görmüşdür. Əvvəl güng hazırlamaq üçün nəzərdə tutulan dəmir qəlibləri evin qarşısına gətirmiş, sonra isə evin arxasında olan dəmir borunu dartıb, evin qarşısına gətirmişdir. Bundan sonra evin zirzəmisindən 1 ədəd xeyir-şərdə istifadə olunan iri həcmli qazan və 2 ədəd sobanı götürüb, qəliblərin yanında qoymuşdur. Sonra qəlibləri, sobaları və qazanı bir-bir götürüb, çəpərə yaxınlaşaraq evinin həyətinə atmışdır. Növbəti gün, təxminən saat 08 radələrində küçədə bir yük avtomobilinin dəmir aldığını görüb, həmin dəmir yığan şəxslə qiymət barədə danışmış, dəmirin kiloqramını 20 qəpiyə olmaqla, 4 ədəd dəmir qəlibi, 1 ədəd qazanı, 2 ədəd sobanı və 1 ədəd borunu dəmir yığan şəxsə 60 manata satmışdır. Sonra etdiyi əməlindən peşman olmuş, Zərərçəkmiş şəxs üzr istəmiş, ona vurduğu ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxs ilə barışmaqla, ona vurduğu ziyanı tamamilə könüllü ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində 1 nəfər azyaşlı uşaq olmasını nəzərə alıb, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun cinayət əməli məhkəmə istintaqında özünün etirafı, şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış materiallar və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Cinayət işi üzrə şahid kimi tanınaraq dindirilmiş Şahid məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Astara RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantıdır. Astara şəhəri Nizami küçəsi ev 156-də yaşayan Zərərçəkmiş şəxs 01 noyabr 2022-ci il tarixdə ərizə ilə Astara RPŞ-yə müraciət edərək, 31 oktyabr 2022-ci il tarixdə Astara şəhəri Nizami küçəsində yerləşən yaşadığı evin həyətində olarkən, evin həyətində saxladığı quyu güngü düzəltmək üçün istifadə olunan 4 ədəd dəmir qəliblərin və evin zirzəmisindən 1 ədəd çuqun sobanın oğurlandığını aşkar etməsini, oğurluq hadisəsində Təqsirləndirilən şəxs şübhələndiyini bildirmişdir. Məlumatla bağlı istintaqəməliyyat qrupu hadisə yerində olmuş, hadisə yerinə baxış keçirib oğurluq faktını təsdiq etmişlər. Faktla bağlı Astara RPŞ-də əməliyyat-axtarış tədbirlərinə başlanılmış və Zərərçəkmiş şəxs baş vermiş oğurluq hadisəsində qonşusu və qohumu Təqsirləndirilən şəxs şübhələndiyindən Astara şəhər sakini Təqsirləndirilən şəxs hərəkətləri nəzarətə götürülmüşdür. Əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayında qonşusu Zərərçəkmiş şəxs evdə olmadığını, ailəsi ilə birlikdə Bakı şəhərində yaşadığını bildiyindən axşam saatlarında çəpərdən Şahinin yaşadığı evin həyətinə keçib, həyətdə olan 1 ədəd dəmir borunu, quyu güngləri düzəltmək üçün nəzərdə tutulmuş 4 ədəd dəmir qəlibləri, evin zirzəmisindən isə 2 ədəd sobanı və 1 ədəd qazanı oğurlayıb yaşadığı evin həyətinə aparmış, daha sonra dəmir yığımı ilə məşğul olan şəxslərə satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 oğlu da əsasən Şahid ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdilər. Cinayət işinin ibtidai istintaqında zərərçəkmiş şəxs kimi tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə baxış iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cinayət işinə Zərərçəkmiş şəxs iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin - Rusiyaya qarşı” işi üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin, “Saidinin-Fransaya qarşı” işi üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Bunlar Konvensiyanın 6-cı bəndinin 1-ci bəndinə və 3-cü bəndinin “d” yarımbəndindəki müddəaların tələbələrinə uyğunsuzluq kimi qəbul edilə bilməz. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu və digər presedentlərinin şərhləri baxımından ibtidai istintaqda dindirilmiş Zərərçəkmiş şəxs ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. Cinayət işinin ibtidai istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında elan edilən ifadəsindən məlum olur ki, Bakı şəhərində kirayədə ailəsi ilə birlikdə yaşayır. ünvan 5 ünvanda yerləşən ev ona məxsusdur, hazırda həmin evdə heç kim yaşamır. 20 oktyabr 2022-ci il tarixdə anasına dəymək məqsədilə Astara şəhərinə gəlmiş, 31 oktyabr 2022-ci il tarixdə axşam saatlarında özünə məxsus Astara şəhəri Nizami küçəsində yerləşən evə baş çəkməyə getmişdir. Evin aşağısında zirzəmi yerləşir, orada müxtəlif ev əşyaları saxlayırlar. Həyətə baxdıqda görmüşdür ki, orada əvvəllər qoyduğu su quyusunun güngünü düzəltmək üçün istifadə olunan, təxminən 1 metr 50 sm diametrində, 1 metr 20 sm hündürlüyündə olan 4 ədəd dəmir qəliblər və 1 ədəd, diametri 200 mm, uzunluğu 7 metr olan dəmir boru yoxdur. Daha sonra evin zirzəmisinə girmiş, oraya baxdıqda görmüşdür ki, 1 ədəd çuqundan hazırlanmış, universal, yəni həm qaz ilə, həm daş kömür ilə, həmçinin odunla işləyən, 0,8 metr hündurluyundə, 0,6 metr diametrində soba, 1 ədəd kustar üsulla titandan hazırlanmış, 0,3 metr hündürlüyündə, dördkünc formada, 0,3X0,6 metr ölçüdə soba və 1 ədəd 50 litr həcmli alüminium qazan qapağı ilə birlikdə yerində yoxdur. Başa düşmüşdür ki, kimsə və ya kimlərsə onun evinin arxasında olan dəmir qəlibləri, borunu, qazanı və sobaları oğurlayıb, çəpərin dağılmış olan hissəsinə dırmanıb aparmışlar. Ona ümumilikdə 1750 (bir min yeddi yüz əlli) manat maddi ziyan dəymişdir. Bu barədə Astara rayon polis şöbəsinə müraciət etmişdir. Sonra məlum olmuşdur ki, onun evindən həmin əşyaları qonşusu Təqsirləndirilən şəxs oğurlamışdır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən məlum olur ki, Təqsirləndirilən şəxs ona vurduğu 1750 (bir min yeddi yüz əlli) manat ziyanı tamamilə ödəməsinə və ondan üzr istəyib, barışmasına görə ondan heç bir şikayəti və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Cinayət işinə əlavə edilən və məhkəmə iclasında elan edilərək araşdırılan 01 noyabr 2022-ci il tarixli “hadisə yerinə baxışın aparılması haqqında” protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs məxsus ünvan 5 ünvanda yerləşən evdir. Baxış zamanı Zərərçəkmiş şəxs yaşadığı evin arxa tərəfini göstərərək naməlum şəxsin və ya şəxslərin oradan su quyusunun güngünü düzəltmək üçün istifadə olunan 4 ədəd dəmir qəliblərin və 1 ədəd, uzunluğu 7 metr olan dəmir borunun oğurlandığını, daha sonra evin qarşısına gəlib, evin zirzəmisini göstərərək oradan 1 ədəd çuqundan hazırlanmış, qaz ilə, daş kömür, həmçinin odunla işləyən sobanın, 1 ədəd kustar üsulla titandan hazırlanmış sobanın və 1 ədəd alüminium qazanın oğurlandığını bildirmişdir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Cinayət işinə əlavə edilən və məhkəmə iclasında elan edilərək araşdırılan 10 dekabr 2022-ci il tarixli 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, faktiki bazar qiymətləri nəzərə alınmaqla, qeyd olunan su quyusunun güngünü düzəltmək üçün istifadə olunan, 1 metr 50 sm diametrində, 1 metr 20 sm hündürlüyündə olan 4 ədəd dəmir qəliblərin hər birinin orta bazar qiyməti 200 manat olmaqla ümumilikdə 800 manat, 1 ədəd, diametri 200 mm, uzunluğu 7 metr olan dəmir borunun orta bazar qiyməti 300 manat, 1 ədəd çuqundan hazırlanmış, universal, yəni həm qaz ilə, həm daş kömür ilə, həmçinin odunla işləyən, 0,8 metr hündurluyundə, 0,6 metr diametrində, qalınlığı 1 sm olan, zavod üsulu ilə hazırlanmış sobanın orta bazar qiyməti 230 manat, 1 ədəd kustar üsulla titandan hazırlanmış, 0,3 metr hündürlüyündə, dördkünc formada, 0,3X0,6 metr ölçüdə sobanın orta bazar qiyməti 120 manat, 1 ədəd 50 litr həcmli alüminium qazanın orta bazar qiyməti 100 manat təşkil edir. Cinayət işinin materiallarında olan Astara rayon İcra Hakimiyyəti Başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verlmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunduğu göstərilmişdir. Cinayət işinin materiallarında olan Astara rayon İcra Hakimiyyəti Başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verlmiş arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla, orada yaşayır, himayəsində 1 nəfər azyaşlı uşaq vardır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi 07 iyun 2023-cü il tarixli tələbnamə-arayışdan, Astara rayon məhkəməsinin 15 dekabr 2021-ci il tarixli hökmündən və Şirvan Apellyasiya Məhkəməsinin 14 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ilə Astara rayon məhkəməsinin 15 dekabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 08 gün müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 14 aprel 2023-cü il tarixli qərarına əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 04 ay 16 gün hissəsi 02 ay 08 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, 22 iyun 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən ciayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs cinayətin residivi nəzərə alınmadan cəza təyin edilməlidir. Bütün bu sübutların məcmusu ilə Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin iyun ayının sonlarında, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə və vaxtda onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsi sayılan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasarı aşmaqla qanunsuz daxil olduqdan sonra evin arxa tərəfindən ümumilikdə 850 manat qiymətində su quyusunun beton divarlarını düzəltmək üçün istifadə olunan, 1 metr 50 sm diametrində, 1 metr 20 sm hündürlüyündə 04 ədəd dəmir qəlibi, 250 manat qiymətində diametri 200 mm, uzunluğu 7 metr olan 01 ədəd dəmir borunu, evin zirzəmisinin qapısına fiziki müdaxilə etməklə zirzəminin içərisinə daxil olaraq oradan 250 manat qiymətində 0,8 metr hündürlüyündə, 0,6 metr diametrində çuqun materialdan hazırlanmış 01 ədəd sobanı, 150 manat qiymətində titan materialdan hazırlanmış 01 ədəd sobanı və 130 manat qiymətində 50 litr həcmli 01 ədəd alüminium qazanı oğurlayıb ümumilikdə Zərərçəkmiş şəxs 1750 (bir min yeddi yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talayıb oğurluq etməsi tam sübuta yetirilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxararkən yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 nəfər azyaşlı uşaq olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri tamamilə ödəməsini,cinayət əməlini etiraf etməklə, peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları – onun cinayət əməlini etiraf etməklə peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, zərərçəkmiş şəxsə dəymiş zərəri tamamilə ödəməsini, himayəsində 1 nəfər azyaşlı uşaq olmasını cəzanı ağırlaşdıran halların olmamasını, habelə ona təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təyin ediləcək cəzanın məqsədlərinə nail olunması, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsiri baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Astara və Lənkəran rayonlarının kəndlərində fəhləlik etməklə dolanışığını təmin edir, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, orada yaşayır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 01 saylı qərarının 7-ci bəndində göstərilir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədi ilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının göstərilmişdir ki, 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cinayət işi üzrə vurulan ziyana görə 1750 (bir min yeddi yüz əlli) manat pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və digər məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən, hökm qanuni qüvvəsini alana kimi öz qüvvəsində saxlanılsın. Cinayət işi üzrə vurulan ziyana görə 1750 (bir min yeddi yüz əlli) manat pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın Hökmün icrası Astara rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar