Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-118/2023 08.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 2006-cı ildə Astara rayonu Ərçivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmuş və hazırda məhkumluğu ödənməmiş, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs haqqında Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə olan cinayət işinə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 mart 2023-cü il tarixdə, saat 23 radələrində Astara rayonu Ərçivan qəsəbəsində həmkəndlisi Zərərçəkmiş şəxs evinin yaxınlığında küçədə sonuncu ilə aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı onun üz nahiyəsinə yerdən götürdüyü daş ilə 1 dəfə zərbə endirməklə Zərərçəkmiş şəxs bədəni üzərində - burun sümüyünün sınığı, burun, sol qaş nahiyələrində sıyrıqlar, sağ gözqapaqları-gözaltı sol gözaltı nahiyələrində qançırlar ilə müşaiyət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqında yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, valideyinləri ilə birlikdə Astara rayonu Ərçivan qəsəbəsində yaşayır. 02 mart 2023-cü il tarixdə saat 23 radələrində çörək almaq məqsədilə qardaşı Şahid ilə birgə Astara rayonu Ərçivan qəsəbəsində yerləşən marketə getmişlər. Ərçivan qəsəbəsində yerləşən məscidin yaxınlığında həmkəndlisi Zərərçəkmiş şəxs ondan yaxınlıqdan təcili tibbi yardım avtomobilin keçib keçmədiyini soruşmuş, o da Elçini qəsəbə sakinləri arasında hörmətsiz biri kimi tanıdığı üçün acıqlı şəkildə təcili tibbi yardım avtomobilini görmədiyini bildirmişdir. Cavabı Zərərçəkmiş şəxs xoşuna gəlmədiyi üçün onun arxasıyca gedərək “bu necə danışıqdır, mənə normal cavab ver” demişdir. O, Zərərçəkmiş şəxs cavab olaraq “get öz tayınla danış”, “sən qəsəbədə hörmətsiz adamsan” demişdir. Zərərçəkmiş şəxs qəzəblənərək onun üzərinə gəlmiş və onunla mübahisəni davam etdirmiş, o Zərərçəkmiş şəxs ondan uzaqlaşması üçün itələmiş, bu vaxt Zərərçəkmiş şəxs onun əllərindən tutaraq ona mane olmağa çalışmış, onu özündən uzaqlaşdırmaq məqsədilə əyilib yerdən daş götürərək Zərərçəkmiş şəxs üz nahiyəsinə bir dəfə zərbə ilə vurmuşdur. Qardaşı Şahid onu oradan uzaqlaşdırmışdır. Hal-hazırda əməlindən peşman olmuşdur və ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlini özünün etirafı, məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs cinayət işinin məhkəmə istintaqında verdiyi ifadəsində göstərdi ki, o, Astara rayonu Ərçivan qəsəbəsində ailə ilə birlikdə yaşayır. 2 mart 2023-cü il tarixdə saat 23 radələrində Astara rayonu Ərçivan qəsəbəsində yerləşən kənd məscidinin yaxınlığında olan marketdən siqaret almağa getmiş, orada həmkəndlisi Təqsirləndirilən şəxs və qardaşı Şahid görmüşdür. Təqsirləndirilən şəxs təcili tibbi yardım avtomobilinin keçməsini görüb-görmədiyini soruşmuş, Təqsirləndirilən şəxs ona cavab olaraq “mən nə bilim təcili tibbi yardım avtomobili keçib yoxsa yox” deməsini və onu nalayiq ifadə ilə təhqir etməsini eşitmiş, o, geri qayıdıb Təqsirləndirilən şəxs onu nə üçün təhqir etdiyini soruşduqda Məhəmmədəli ona qəzəbli şəkildə “sən qəsəbədə hörmətsiz adam kimi tanınırsan”, “məndən söz soruşmağa haqqın yoxdur” deyərək üzərinə getmiş və onunla mübahisəni daha da artıraraq onu əlləri ilə arxaya doğru itələmiş, sonra əyilib yerdən daş götürərək daşla onun sifətinə bir dəfə zərbə ilə vurmuş, bu vaxt o, huşunu itirib yerə yıxılmış, onun qardaşı Tural Məhəmmədəlini həmin ərazidən uzaqlaşdırmışdır. Halhazırda Təqsirləndirilən şəxs ilə barışmamışdır. Ona görə də Təqsirləndirilən şəxs haqqında qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş edir. Şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə cinayət işinin məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə verməklə, onun göstərdiyi xususatları bir daha da təsdiq etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Cinayət işinin materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin Lənkəran rayonlararası MTE bvə PA Zona Mərkəzi tərəfindən verilmiş 04 mart 2023-cü il tarixli, 75 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “Vət. Zərərçəkmiş şəxs bədəni üzərində - burun sümüyünün sınığı, burun, sol qaş nahiyələrində sıyrıqlar, sağ gözqapaqları-gözaltı sol gözaltı nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin yerləşmə nahiyələrini və ağırlıq dərəcəsini nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarətlər şəxsin özü tərəfindən özünə yetirə bilməsi uyğun və inandırıcı deyildir”. Cinayət işinin materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin 08 may 20223-cü il tarixli tələbnaməsindən Astara Rayon Məhkəməsinin 19 oktyabr 202-ci il tarixli, 1(018)-157/2022 nömrəli hökmünün surətindən məlum olur ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 19 oktyabr 202-ci il tarixli, 1(018)-157/2022 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 221.3cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə həmin cəza 01 (bir) il sınaq müddətinə şərti hesab edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.2-ci maddəsinə əsasən isə yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlərə görə cəza təyin edilərkən məhkumluqlar nəzərə alınmır. Cinayət işinin materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Astara rayon İHB-nın Astara rayonu Ərcivan qəsəbə İƏD üzrə nümayəndəliyində tərtib edilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmamışdır. Cinayət işinin materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Astara rayon İHB-nın Astara rayonu Ərcivan qəsəbə İƏD üzrə nümayəndəliyinin arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Astara rayonu Ərcivan qəsəbəsində yaşayır. Bütün bu sübutların məcmusu ilə Təqsirləndirilən şəxs 02 mart 2023-cü il tarixdə, saat 23 radələrində Astara rayonu Ərçivan qəsəbəsində həmkəndlisi Zərərçəkmiş şəxs evinin yaxınlığında küçədə sonuncu ilə aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı onun üz nahiyəsinə yerdən götürdüyü daş ilə 1 dəfə zərbə endirməklə Zərərçəkmiş şəxs bədəni üzərində - burun sümüyünün sınığı, burun, sol qaş nahiyələrində sıyrıqlar, sağ gözqapaqları-gözaltı sol gözaltı nahiyələrində qançırlar ilə müşaiyət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib qəsdən sağlamlığına yüngül zərər vurması təsdiq olunur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında toplanmış materiallar, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyi ilə kifayət qədər sübuta yetirilmişdir. Beləliklə, göstərilənlərə və Azərbaycan Respublikası CPM-in 144-cü (Sübutların yoxlanılması), 145-ci (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Düzgün olaraq ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır (CM-in 58.3-cü maddəsi). Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edib, peşman olmasını, qeyd edilən cinayət əməlini törədərkən və hal-hazırda yetkinlik yaşına çatmayan şəxs olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı cəzanın təyin edilməsi məsələsini müzakirə edərkən belə qənaətə gəlir ki, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan, islah işləri cəzası təyin edilməlidir. Çünki, Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-cü maddəsinə görə yetkinlik yaşına çatmayanlara islah işləri iki aydan bir ilədək müddətə təyin edilir. Bu zaman məhkumun qazancından məhkəmənin hökmü ilə müəyyən edilmiş miqdarda, beş faizdən iyirmi faizə qədər pul dövlət nəfinə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə görə cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Eyni zamanda, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 3-cü bəndinin ikinci abzasında deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ona görə də, məhkəmə göstərilənləri, Azərbaycan Respublikası CM-in 8-ci (Ədalət prinsipi) və 9-cu (Humanizm prinsipi) maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, qeyd edilən cinayət əməlini törədərkən və hal-hazırda yetkinlik yaşına çatmayan şəxs olmasını olmasını cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs şəxsiyyətinə uyğun hesab edərək onlara azadlıqdan məhrum etmə ilə bağlı olmayan islah işləri cəzasının təyin edilməsini təqsirləndirilən şəxsin islah edilməsi baxımından yetərli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.4-cü maddəsinə görə şərti məhkum edilmiş şəxs sınaq müddətində ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə, şərti məhkum etmənin ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 19 oktyabr 202-ci il tarixli, 1(018)-157/2022 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təyin edilmiş, 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə həmin cəza 01 (bir) il sınaq müddətinə şərti hesab edilməsi, Təqsirləndirilən şəxs əməlindən peşman olmasına, qeyd edilən cinayət əməlini törədərkən və hal-hazırda yetkinlik yaşına çatmayan şəxs olmasına görə ləğv edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Azərbaycan Respublikası CPM-in tələbləri baxımından Təqsirləndirilən şəxs barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alan vaxta kimi dəyişdirilməməsini əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci madəsi ilə təqsirli bilinib, aylıq qazancının 10 (on) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını əsas iş yerində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Astara Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-118/2023
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-118/2023
08.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver