Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-119/2025 04.11.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, Dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1994-cü il tarixdə Astara rayonu, Siyatük kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Astara rayonu, Siyatük kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Astara Rayon Məhkəməsinə daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və şəraitdə naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni -0,874 qram çəkidə psixotrop maddə hesab edilən metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 19 iyul 2025-ci il tarixdə, saat 23:52-də Astara şəhəri, Səməd Vurğun küçəsində yerləşən köhnə hərbi şəhərciyin ərazisində piyada hərəkətdə olan zaman saxlanılaraq üstünün yoxlanılması zamanı 01 ədəd şəffaf sellofan bükümdə və 01 ədəd gümüşü rəngli kağıza bükülmüş formada olan 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,375 qram və -0,499 qram olmaqla ümumi təmiz çəkisi -0,874 qram olan psixotrop maddə metamfetamin əynində olan qara rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ifadəsi, şahidlərin ifadələri, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertiza rəyləri və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, Astara rayonu, Siyatük kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, evlidir, 3 övladı vardır, rəsmi olaraq heç bir yerdə işləmir, təxminən 1 ay olar ki, psixotrop maddə metamfetamindən istifadə edir, 19 iyul 2025-ci il tarixdə Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl Astara şəhərində yerləşən mərkəzi bazarın yaxınlığında olan zaman yerdən şəffaf sellofana bükülmüş içərisində iki ədəd büküm olan kütlələr tapmış, metamfetamin kütləsi olduğunu görmüş, bu səbəbdən istifadə etmək məqsədilə cibinə qoyaraq üzərində daşımışdır. 19 iyul 2025-ci il tarixdə saat 23 radələrində metamfetamin istifadə etmək üçün Astara şəhərində yerləşən köhnə hərbi şəhərciyin həyətinə getmiş və piyada hərəkətdə olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərini polis əməkdaşı kimi təqdim etmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu ona bildirərək üzərində hər hansı qanunsuz əşya və predmet, o cümlədən narkotik vasitə və psixotrop maddə varsa təqdim etməsini bildirmiş, üzərində pati olduğunu onlara bildirmiş, daha sonra polis əməkdaşları tərəfindən üstü yoxlanılmış, əynində olan qara rəngli cins şalvarın sol yan cibində saxlayaraq üzərində daşıdığı 2 ədəd şəffaf sellofan bükümdə olan metamfetamini aşkar edərək götürmüş, bundan başqa üzərindən bir ədəd Nokia markalı mobil telefon və bir ədəd alışqan aşkar olunaraq götürülmüşdür. Həmin kütləni 19 iyul 2025-ci il tarixdə Astara bazarı adlanan ərazidə yerdən tapmış, həmin metamfetamin kütlələrini istifadə etmək üçün üzərində saxlayaraq daşımışdır. Törətdiyi əməldən səmimi peşmandır və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Azərbaycan Respublikası DİN-in Astara Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir, 19 iyul 2025-ci il tarixdə Astara rayon Siyatük kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması barədə məlumat daxil olmuş və bu məlumat raportla dərhal şöbə rəisinə məruzə edilmiş, ardınca şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və həmin qərarın icrası məqsədilə bu tədbirdə iştirak etmək üçün əməliyyat qrupu yaradılmış, daha sonra 19 iyul 2025-ci il tarixdə yaradılmış əməliyyat-axtarış qrupunun üzvləri birlikdə Təqsirləndirilən şəxs Astara şəhəri, S.Vurğun küçəsində yerləşən hərbi şəhərciyin ərazisində olması barədə məlumat əldə etdiyindən həmin əraziyə getmişlər, Təqsirləndirilən şəxs həmin ərazidə piyada hərəkətdə olduğunu görmüş və dərhal onun yanında avtomobili saxlamış, avtomobildən düşərək ona yaxınlaşıb saat 23:52-də onu saxlamış, özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra ona üzərində qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə saxlamaqda şübhəli olduğunu bildirmişlər, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilən hər hansı bir əşya və predmetin olması halında təqdim etməsini təklif etmiş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən biri şəffaf digəri gümüşü rəngli kağıza bükülmüş vəziyyətdə olmaqla 2 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüş, ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin kütlə psixotrop maddə metamfetamindir, həmin kütləni 19 iyul 2025-ci il tarixdə Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl saat 4-5 də Astara bazarı adlanan ərazidə yerdən tapmış, istifadə etmək məqsədilə üzərində saxlayırmış, heçkəsə satmamış, həmin kütlədən istifadə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Astara RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili, Şahid2, Astara RPŞ-nin PPXB-nin taqım komandiri Şahid3 və Astara RPŞ-nin PPXB-nin manqa komandiri Şahid4 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 20 iyul 2025-ci il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin əlamətləri olduğundan, göstərilən maddə ilə Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılması qərara alınmışdır. «Əməliyyat-axtarış tədbirlərinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında» 20 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Astara rayon Polis Şöbəsinin Cinayət-axtarışı bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 Rufət oğlu, PPXB-nin tağım komandiri polis kapitanı Şahid3, PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid4 iştirakı ilə əməliyyat qrupu yaradılmış, 19 iyul 2025-ci il tarixdə saat 23.52-də başlanmış və videoçəkilişlə qeydə alınmış əməliyyat tədbiri zamanı Tahirov X3 şəhərin S.Vurğun küçəsində yerləşən köhnə hərbi şəhərciyin yaxınlığında piyada hərəkətdə olduğu zaman saxlanılmış, Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə, psixotrop maddə olması ilə bağlı üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan qara cins şalvarın sağ yan cibindən bir ədəd "Nokia markalı mobil telefon, bir ədəd alışqan aşkar edilərək götürülmüş, qara rəngli şalvarın sol yan cibindən şəffaf selefona bükulmüş iki büküm psixotrop maddə metamfetaminə bənzər kutlələr aşkar edilmiş, suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin vasitənin "şüşə kimi tanıdığı psixotrop maddə olmasını, xx.xx.2025-ci il tarixdə Astar şəhər ərazisində yerləşən bazarın arxasından tapdığını bildirmiş, daha sonra sıfırlanmış elektron tərəzi gətirilərək psixotrop madde metamfetaminə bənzər kütlələr tərəziyə qoyularaq çəkilmiş və çəkilərinin hər birinin 0.55 qram olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs psixotrop maddənin çəkisi ilə razı olmaqla yanaşı həmin maddənin ona məxsus olduğunu bildirmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 20 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 19 iyul 2025-ci il tarixdə, saat 23:52-dən tutulmuş hesab olunmuşdur. «Əməliyyat-axtarış tədbirlərin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında» 20 iyul 2025ci il tarixli protokoldan görünür ki, baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs Malikməmməd oğlunun üzərinə şəxsi axtarış keçirilmiş və hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra şübhəli şəxsdən 19 iyul 2025-ci il tarixdə saat 23:52-dən saat 00:00-dək olan müddət ərzində Astara RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtanş tədbirləri nəticəsində əynində olan qara rəngli şalvarın sol yan cibindən şəffaf sellofana 02 ədəd bükümdə hər birisi ayrı-ayrılıqda 0.55 qram ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlənin qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq həmin 02 ədəd şəffaf sellofan bükümdə ağ rəngli, kristal formada psixotrop maddə metamfetaminə bənzər kütlələrə baxış keçirilmiş, həmin kütlələr elektron tərəzidə ölçülərək ayrı-ayrılıqda 0.57 və 0.59 qram olmaqla ümumi çəkisi 1.15 qram olması müəyyən edilmiş, bundan əlavə Təqsirləndirilən şəxs 01 ədəd "Nokia" markalı mobil telefon, 01 ədəd yandıran təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs çox qısa zaman ərzində narkotik vasitə psixotrop maddə metamfetamindən istifadə etdiyini, həmin kütlənin özünə məxsus olduğunu, xx.xx.2025-ci il tarixində Astara "Bazarı" adlanan ərazidə yerdən tapdığını, həmin günü axşam vaxtı istifadə edəcəyini, həmin metamfetamindən istifadə etmədiyini, istifadə etmək üçün getdiyini, öz istifadəsi üçün üzərində saxladığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, əvvəllər məhkumluğu olmadığını, polis əməkdaşları tərəfindən ona fiziki və ya psixi zor tətbiq edilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 20 iyul 2025-ci il tarixli, 19/299 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütlələr.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, digər zərfin içərisində 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,375 qr, -0,499 qram olmaqla ümumi təmiz çəkisi: -0,874 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir, xarici görünüşlərinə və kimiyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidir. Metamfetaminin ümumi təmiz çəkisi -0,874 qram, tədqiqata sərf edildi - 0,1 qram (hər ob-0,05 qr), qalıq qaldı 0,774 qram. “Təqsirləndirlən şəxs qismində cəlb etmə haqqında” 21 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirlən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. “Təqsirləndirlən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 21 iyul 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X6 Yoxlamanın 22 iyul 2025-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və situmulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Mobil telefona baxış keçirilməsi haqqında 21 iyul 2025-ci il tarixli protokoldan görünür ki, ********* sayli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Astara rayon vəkil bürosunun vakili Müdafiəçi Bəli oğlunun iştirakları ilə Təqsirləndirilən şəxs saxlanılıb üstünün yoxlanılması zamanı götürülmüş bir ədəd qara rəngli "Nokia" markalı mobil telefona 25 iyul 2025-ci il tarixdə baxış keçirilmiş və müəyyən edilmişdir ki, mobil telefon qara rənglidir, mobil telefonun içərisində ***-***-**-** saylı mobil nömrə vardır. Mobil telefonun "kontaktlar", "mesajlar", va digər hissələrinə baxış zamanı qeyd olunan yerlərdən cinayət işi üzrə sübut əhəmiyəti kəsb edəcək hər hansı fakt aşkar edilməmişdir. Baxış keçirilərkən Təqsirləndirilən şəxs hər hansı bir şəxslə əlbir olub, cinayət əlaqəsinə girərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasıyla bağlı və yaxud hər hansı bir şəxsə narkotik vasitə salması ilə bağlı hər hansı dəlil aşkar edilməmişdir. Əşyaların təhvil verilməsi haqqında 25 iyul 2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus 01 ədəd Nokia markalı mobil telefonu Astara RPŞ-nin İBnin müstəntiqi Samir Rəsulludan təhvil almışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi tərəfindən verilmiş 30 iyul 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum edilməsinə dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Astara rayon İcra Hakimiyyəti Başçısının Şüvi kənd İnzibati Ərazi Dairəsi üzrə Namayəndəliyindən verilmiş 04 avqust 2025-ci il tarixli 573 saylı Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu Siyatük kəndində yaşayır, himayəsində 3 azyaşlı övladı var. Sübutların qiymətləndirilməsi haqqında 21 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən qüvvədə saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin rədd edilməsi, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini əldə etdiyi mənbə barədə cinayət təqibinin rədd edilməsi və bu barədə materialın ayrıca icraata ayrılaraq rayon prokurorluğuna göndərilməsi, 19 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülməklə ekspertiza tədqiqatından sonra qalıq qalan, ümumi təmiz çəkisi -0,774 qram psixotrop maddə olan metamfetaminin maddi sübut hesab edilməsi və saxlanılması üçün Astara Rayon Polis Şöbəsinin maddi stübutların saxlama kamerasına təhvil verilməsi, iş üzrə Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı və üzərindən aşkar olunmuş predmetə baxış keçirilərkən qeyd alınmış videoçəkilişlər olan 02 ədəd DVD diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, cinayət işinin materiallarına uyğun olmaqla obyektiv rəylər olduğundan "məhkəmə kimyəvi ekspertiza" üzrə 20 iyul 2025-ci il tarixli, 19/299 saylı və "məhkəmə-narkoloji ekspertiza" üzrə 22 iyul 2025-ci il tarixli, 419 saylı rəylər, habelə təqsirləndirilən şəxsin etirafedici ifadələri, şahid ifadələri və digər istintaq hərəkəti protokolları sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd "Nokia" markalı mobil telefonun özünə təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahıya əsasən metamfetamin təmiz çəkisi 0,15 qram və daha artıq olduqda xeyli miqdar, 2 qram və daha artıq olduqda külli miqdar, 400 qram və daha artıq olduqda isə xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Beləliklə, Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları»nda ittiham aktında göstərilən 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,375 qr, -0,499 qram olmaqla ümumi təmiz çəkisi: -0,874 qram olan ağ rəngli kristallardan ibarət olan psixotrop maddə metamfetaminin miqdarı xeyli miqdar kimi müəyyən edilmiş, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırki törədilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi, daşınması və saxlanması kimi müəyyən edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hal olaraq qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 iyul 2025-ci il tarixdən 21 iyul 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasının əvvəli 04 noyabr 2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli, o, məhkəmə iclas zalından həbsə alınmalı və hökm qanuni qüvvəyə minənədək qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası CM-in 93-1.1-ci maddəsinin ruhundan görünür ki, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müəyyən edilmiş Təqsirləndirilən şəxs polinarkomaniya xəstəliyindən əziyyət çəkdiyini, məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Astara RPŞ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,774 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında, əməliyyat axtarış tədbirlərinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında protokollara əlavə edilmiş 02 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 60 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarına əsasən 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözlərinin əlavə edilməsi və həmin hissədə “6 manat” sözlərinin “11 (on bir) manat” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 110 (yüz on) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 iyul 2025-ci il tarixdən 21 iyul 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 04 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin, o, məhkəmə iclas zalından həbsə alınsın və hökm qanuni qüvvəyə minənədək qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalıq qalan və Astara RPŞ-nin maddi sübutların saxlama kamerasına təhvil verilən 0,774 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 60 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün 10 (on) saat hüquqi yardım göstərildiyinə görə 110 (yüz on) manat məbləğində pul dövlət büdcəsindən tutulub Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №1(018)-119/2025
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-119/2025
04.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver