Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-12/2024 18.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxx 1993-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 iyun 2015ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Lənkəran rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 185.1 və 234.1-ci maddələri ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda məhkumluğu ödənilməmiş, Lənkəran şəhər, Məhəmməd ünvan 1 ünvanda yaşamış, barəsində bu cinayət işi üzrə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni -0,911 qram çəkidə narkotik vasitə hesab edilən heroini əldə edib daşımaqla üzərində saxlamış, Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 23 oktyabr 2023-cü il tarixdə saat 18:30-da Astara şəhər Qum küçəsində hərəkətdə olan zaman saxlanılaraq Astara RPŞ-nin inzibati binasına gətirilmiş, saat 19:10-da üzərində aparılan şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi -0,911 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmədə özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Lənkəran şəhər, Məhəmməd ünvan 2 ünvanda yaşayır, subaydır. Əvvəllər məhkum olunmuş, həbsdən çıxdıqdan sonra yenidən narkotik vasitələrdən istifadə etməyə başlamışdır. 23 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Lənkəran şəhərində olarkən “Kiçik bazar” adlanan ərazidə tanımadığı şəxsdən 20 manata bir bükümdə narkotik vasitə heroin almış, həmin narkotik vasitəni üzərində saxlamışdır. Həmin gün saat 18 radələrində Astara şəhəri, Qum küçəsində yaşayan tanışının evinə gedərkən küçədə hərəkətdə olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, üzərində narkotik vasitə olduğundan onlardan qaçaraq uzaqlaşmağa cəhd etsə də, bir neçə şəxs yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib onu Astara rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ona vəkil təqdim olunmuş, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edildikdən sonra üzərinə video çəkilişlə axtarış keçirilməyə başlanılmışdır. İlk əvvəl ona üzərində qanunsuz əşya və maddə varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra əynindəki boz rəngli şalvarın sağ yan cibindən içərisində 1 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroin aşkar edilmiş, kağız zərfdə qablaşdırılmış və möhürlənmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, tərtib olunmuş protokol ucadan oxunmuş və həmin protokol orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Hazırda cinayət törətdiyini dərk edir, əməlindən çox peşman olmuşdur. Qeyd edilənləri nəzərə alıb, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlini özünün etirafı, məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, hazırda Astara Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 23 oktyabr 2023-cü il tarixdə Lənkəran şəhər sakini, hazırda Astara şəhər Qum küçəsində olan Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması barədə icraatına məlumat daxil olmuş və bu məlumat ilə əlaqədar olara tərkibinə onunda daxil olduğu əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu 23 oktyabr 2023-cü il tarixdə, saat 18:30-da şöbənin digər əməkdaşları ilə birlikdə avtomobillə Astara şəhəri, Qum küçəsinə getmişlər və Təqsirləndirilən şəxs Qum küçəsində piyada hərəkətdə olduğunu görmüş və dərhal ona yaxınlaşaraq özlərini təqdim etməklə, onu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməmiş, onu Astara Rayon Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, baş təhqiqatçısı Elnur Məmmədov tərəfindən qəbul edilmiş qərarla o, şübhəli şəxs qismində tutulmuş, daha sonra isə vəkilin iştirakı və videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı baş təhqiqatçı X7 Axundzadəyə üzərində qanunla qadağan edilən hər hansı bir əşya və predmetin olması halında təqdim etməsini təklif etmiş, həmin təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş 1 ədəd bükümü masanın üzərində qoyaraq təqdim etmişdir. Daha sonra təhqiqatçı tərəfindən bir ədəd şəffaf sellofanda olan bükümə baxış keçirdikdə onun içərisində toz şəklində olan narkotik vasitə heroinə bənzər kütləni aşkar edilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı təqdim etdiyi 1 büküm narkotik vasitə olan heroini tutulduğu gün səhər saatlarında Lənkəran şəhərində, kiçik bazar adlanan ərazidə tanımadığı şəxsdən 20 manata aldığını və öz istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Aşkar edilmiş heroin kütləsi elektron tərəzidə çəkilmiş, onun və digər iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmişdir. Bundan sonra baş təhqiqatçı Elnur Məmmədov tərəfindən tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara Rayon Polis Şöbəsinin əməkdaşı Şahid2 Bafəddin oğlu və Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xusasatları bir daha təsdiq etdilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Astara rayon polis şöbəsinin rəis müavini Orxan Novruzovun “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” 23 oktyabr 2023-cü il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədilə əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən,“Şəxsi axtarış və götürmə aparılması haqqında” 23 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, 23 oktyabr 2023-cü il tarixdə Astara RPŞ-nin inzibati binasında videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı onun əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə şəffaf sellofana bükülmüş içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüş, həmin narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkildikdən sonra, təxmini çəkisinin -1,00 qram olması müəyyən edilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq DİN-in zərflər üçün olan 84 nömrəli möhür ilə möhürlənmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 24 oktyabr 2023-cü il tarixli, 19/954 saylı rəyində qeyd olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd bükümdə kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi: -0,911 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Tədqiqat zamanı təqdim edilmiş -0,911 qram narkotik vasitə olan heroinin 0,05 qram hissəsi tədqiqata sərf edilmiş, -0,861 qram hissəsi qalıq qalmışdır. Adı çəkilən Mərkəzin 24 oktyabr 2023-cü il tarixli ekspertiza xərcinə dair bildirişlərindən görünür ki, aparılmış tədqiqatın ümumi dəyəri 60 (altmış) manat təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Lənkəran şəhər X1 məcburi narkoloji tibbi yoxlamanın 26 oktyabr 2023-cü il tarixli, 988 saylı rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan protokoldan götünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş ümumi təmiz çəkisi 0,911 qram olmuş, tədqiqatdan sonra qalan 0,861 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış təmiz çəkisi 0,861 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanılmasından ötrü Astara RPŞ-nin saxlama kamerasına təhvil verilmiş və üzərində şəxsi axtarış aparılarkən videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Təqsirləndirilən şəxs adına tərtib etdiyi 24 noyabr 2023-cü il tarixli tələbnamə-arayışdan və Lənkəran Rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli, 1(049)-273/2019 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 iyun 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Lənkəran Rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli, 1(049)- 273/2019 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 185.1 və 234.1-ci maddələri ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04 noyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş və hazırda hər iki hökm üzrə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-in 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayətin törədilməsində cinayətin residivi təhlükəli sayılır. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, Azərbaycan Respublikası CM-in 83.3.4cü maddəsinə əsasən ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsindəonlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəlki hökmlərlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına görə məhkumluğu ödənilməmişdir. Məhkəmə hesab edir ki, əməlində cinayətlərin residivi təhlükəli olduğuna görə Təqsirləndirilən şəxs cinayətin təhlükəli residivinə görə cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan Astara Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli 23 oktyabr 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs haqqında üç ay müddətinə“həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Lənkəran ŞİH başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu Kakalos kəndində qeydiyyatda olmaqla orada yaşayır. Cinayət işinin materiallarında olan Lənkəran ŞİH başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Təqsirləndirilən şəxs barədə verdiyi xasiyyətnamədə o, müsbət xarakterizə olunmuşdur. Məhkəmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında” xx.xx.2006-cı il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələbinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara vəəşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asilı olmayaraq qanunvericliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10);hesabedilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavılələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olayaraq həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Göstərlənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edlməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Ona elan edilmiş ittiham məhkəmə iclasında araşdırılan sübutlarla öz təsdiqini tapır. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən vəağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır (CM-in 58.3-cü maddəsi). Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edib peşman olmasını və müsbət xasiyyətnamə ilə səciyələnməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı və Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Azərbaycan Respublikası CPM-in tələbləri baxımından Təqsirləndirilən şəxs cəza çəkdiyi vaxtda narkomaniyadan müalicə olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin cinayət işi üzrə maddi sübut olub Astara RPŞ-da saxlanılan tədqiqata sərf olunandan sonra qalıq qalan 0,861 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin məhv edilməsini, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, cəzanın əvvəlinin 23 oktyabr 2023-cü il tarixdən hesablanmasını, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsini, ekspertiza xərclərini təşkil edən 60 (altmış) manat pulun Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə ödənilməsini əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia vəüzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 23 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Astara RPŞ-da saxlanılan tədqiqatlara sərf olunandan sonra qalan təmiz çəkisi qalan 0,861 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd DVD diskinin maddi sübut kimi cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat məhkəmə (ekspertiza) xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən Azərbaycan Respublikası CPM-in 384-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti vermək olar. Hökmdən apellyasiya şikayəti və protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-12/2024
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-12/2024
18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver